Provanslı Marqarita (Fransa kraliçası)
Provanslı Marqarita (fr. Marguerite de Provence; 1221[1][2][…] – 20 dekabr 1295[3], Paris) — Fransa kralı IX Lüdovikin xanımı, Fransa kraliçası.[4]
Provanslı Marqarita | |
---|---|
27 may 1234 – 25 avqust 1270 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1221[1][2][…] |
Vəfat tarixi | 20 dekabr 1295[3] |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşı | IX Lüdovik |
Uşaqları |
Fransalı İzabella III Filipp Fransalı Blanş Fransalı Robert Fransalı Aqnessa |
Dini | xristianlıq |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Marqarita 1221-ci ilin baharında dünyaya gəlib. O, Provans qrafı IV Ramonun və Savoyyalı Beatrisin dörd qızından ən böyüyü idi. Digər bacıları İngiltərə kraliçası Elyanora, Almaniya kraliçası Sanşa və Siciliya kraliçası Beatrisdir.
Uşaqlıq illəriylə bağlı yetərli məlumat yoxdur. 1233-cü ildə dul Fransa kraliçası Kastiliyalı Blanş cəngavərlərindən birini Provansa göndərdi. Burada məqsəd həm Provans qrafını öz tərəfinə çəkmək, həm də onun gözəlliyi ilə məşhurlaşan qızı Marqaritayla maraqlanmaq idi. Qraf qonağı yaxşı qarşıladı və aparılan danışıqların ardından kiçik qızı Marqaritanın Fransa kralı IX Lüdoviklə evliliyinə razılıq verdi. 27 may 1234-cü ildə cütlüyün toy mərasimi baş tutdu və ertəsi gün keçirilən tacqoyma mərasimiylə Marqarita Fransa kraliçası oldu.
Evlilik ilk başda olduqca çətin idi. Belə ki, qaynanası Kastiliyalı Blanş saray və oğlu üzərində güclü nüfuza malik idi. Buna ilk nümunə isə toy mərasiminin ardından Marqaritanın onunla birlikdə Fransaya gələn dayılarını və xidmətçilərini saraydan uzaqlaşdırmaq oldu.
Yeddinci Səlib yürüşünə çıxan əri IX Lüdovikin heyətində iştirak edən Marqarita bu səfərə bacısı Beatrisayla qatıldı. Başda qazanılan hərbi nailiyyətlərə baxmayaraq, bu səfər Fransa üçün olduqca ağır nəticələndi. Belə ki, öncə kralın qardaşı həlak oldu. Ardından kral IX Lüdovik özü əsir düşdü. Əsirlikdə olan ərini xilas etmək məqsədilə aparılan danışıqları və veriləcək xəracın toplanmasını idarə edən Provanslı Marqarita, bu səbəblə qısa müddətlik də olsa, səlib yürüşünü idarə edən yeganə qadın oldu. Bu danışıqlar davam etdiyi müddətdə, Marqarita üçüncü oğlu Con Tristanı dünyaya gətirdi.
Səlib yürüşündəki uğurlu idarəçiliyi Marqaritaya beynəlxalq nüfuz qazandırdı. İngiltərə kraliçası olan bacısı Elyanoranın da köməyilə, iki krallıq arasında sülhü təmin etdi. 1254-cü ildə İngiltərə kralı III Henri və xanımını Miladı qeyd etmək məqsədilə Parisə dəvət etdi. Beləcə, iki krallıq arasında diplomatik əlaqələr qurulmağa başlandı. Ancaq zaman keçdikcə IX Lüdovik xanımının bu siyasi nüfuzundan çəkinməyə başladı. 1260-cı ildə böyük oğlu Lüdovikin ölümünün ardından, Marqarita vəliəhd olan ikinci oğlu Filippin taxta çıxması halında 30 il boyunca naibə olmağı tələb etdi. Üstəlik bu məqsədlə keçirilən mərasimdə oğluna xüsusi olaraq and içdirdi. Ancaq çox keçmədən Filipp Roma papasına məktub yazaraq bu andından döndüyünü və bağışlanmaq istədiyini bildirdi.
1270-ci ildə əri IX Lüdovik çıxdığı səlib yürüşü əsnasında həlak oldu. O əsnada Fransada olan Marqarita, Provansa geri döndü. Burada mərhum bacısı Beatrisin əri, üstəlik öz qaynı olan Anjulu Çarlza qarşı mübarizə apardı. Ömrünün son illərini din işləriylə məşğul olan Marqarita 1295-ci ildə Parisdə vəfat etdi. Cənazəsi Sen-Deni Bazilikasında dəfn olunsa da, məzar yeri bilinmir.
Mənbə
- Richardson, Douglas (2011). Plantagenet Ancestry: A Study In Colonial And Medieval Families (2 ed.). ISBN 978-1-461-04513-7
- Shadis, Miriam (2010). Berenguela of Castile (1180–1246) and Political Women in the High Middle Ages. Palgrave Macmillan. ISBN 978-0-312-23473-7
- Joinville; Villehardouin (2008). Smith, Caroline (ed.). Chronicles of the Crusades. Penguin Classics
İstinadlar
- Pas L. v. Marguerite de Provence // Genealogics (ing.). 2003.
- Queen, consort of Louis IX, King of France Marguerite // Faceted Application of Subject Terminology.
- Lundy D. R. Marguerite de Provence // The Peerage (ing.).
- Emmerson, Richard K. (2013). Key Figures in Medieval Europe: An Encyclopedia. Routledge. ISBN 978-1-136-77519-2