Prezident Kitabxanası (Azərbaycan)
Bu məqalə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası haqqındadır. Digər ölkələrin Prezident Kitabxanalar üçün Prezident Kitabxanası səhifəsinə baxın. |
Prezident Kitabxanası | |
---|---|
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası | |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılıb | 23 yanvar 2003 |
Ünvan |
AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 58 |
Telefon |
(+99412) 493-30-77 (+99412) 596-26-13 |
Sayt | preslib.az |
Tarixi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası 2003-cü ildə respublikanın iki zəngin kitabxanasının bazasında yaradılmışdır. Onlardan biri vaxtilə Azərbaycan KP MK-nın S.M. Kirov adına Siyasi Maarif Evinin Kitabxanası, ikincisi isə Mərkəzi Şəhər Kitabxanası (keçmiş V.İ. Lenin adına Mərkəzi Kitabxana) idi. 1920-ci ildə Bakı Partiya Komitəsinin nəzdində yaradılmış Mərkəzi Partiya Kitabxanası 1934-cü ildə Azərbaycan KP MK S.M. Kirov adına Siyasi Maarif Evinin tərkibinə verildi. O zamandan etibarən ölkənin partiya kitabxanaları şəbəkəsinin əsas kitabxanası olan Siyasi Maarif Evinin Kitabxanası sovet dövrünün sonuna kimi fəaliyyət göstərdi.
Mərkəzi Şəhər Kitabxanası da (keçmiş V.İ.Lenin adına Mərkəzi Kitabxana) Bakının zəngin tarixə malik ictimai kitabxanalarından biri olmuşdur və fəaliyyətə başlaması 1870-ci ilə təsadüf edir. Sovet dövründə bu kitabxana Bakı Xalq Maarif Şöbəsinin dekreti ilə Mərkəzi Kitabxanaya çevrildi. Bu kitabxana göstərdiyi kitabxana-bibioqrafiya xidmətinin yüksək səviyyəsi, kütləvi tədbirlərin keçirilməsi sahəsində fəallığı ilə seçilirdi. Siyasi Maarif Evi Kitabxanasının və Mərkəzi Şəhər Kitabxanasının fondu əsasında yaradılan, həmin kitabxanaların ən yaxşı ənənələrini davam etdirən Prezidentin Kitabxanası az bir zaman ərzində öz tələbatçılarına yüksək keyfiyyətli kitabxana-biblioqrafiya və informasiya xidməti göstərməyə başladı. 2004-cü il dekabr ayının 17-də Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Kitabxanada olmuş, burada görülmüş işlərlə maraqlanmış və əməkdaşlara dəyərli tövsiyələr vermişdir. 2005-ci il dekabr ayının 9-da isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Kitabxanaya İşlər İdarəsinin sektoru statusu verilmişdir. Həmin vaxtdan etibarən Kitabxananın bütün əməkdaşları dövlət qulluqçularıdır. 2006-cı il iyun ayının 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kitabxanaya gələrək onun fəaliyyəti ilə yaxından tanış olmuş, müasir informasiya texnologiyalarının kitabxana işinə tətbiqi ilə maraqlanmış, fondun daha da zənginləşdirilməsi və Kitabxananın maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tapşırıqlar vermişdir. Bu tapşırıqlara müvafiq olaraq Kitabxana müasir fərdi kompyuterlər və digər hesablama qurğuları, şəbəkə texnikası, çap üçün avadanlıq və s. ilə təchiz edilmişdir. 2009-cu il iyul ayının 22-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezident Kitabxanasına Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin şöbəsi statusu verilmişdir.
Missiyası
Prezident Kitabxanasının missiyası ali dövlət orqanlarında və digər icra qurumlarında çalışan dövlət qulluqçularına, eləcə də, informasiya maraqları kitabxananın profilinə uyğun olan digər tələbatçılara kitabxananın fondunda olan sənədlərlə, burada yaradılan müxtəlif ilkin sənəd və biblioqrafik informasiya resursları ilə mükəmməl kitabxana-biblioqrafiya xidməti göstərməkdir.
Strukturu
Yerinə yetirdiyi vəzifələrdən asılı olaraq Prezident Kitabxanasının müvafiq təşkilati-idarəetmə strukturu formalaşmışdır. Bu struktura sırf kitabxana texnologiyaları və prosesləri ilə əlaqədar işləri yerinə yetirən 5 funksional şöbə və onların tərkibində olan 7 bölmə daxildir. Daha bir şöbə Kitabxananın mühəndis-texniki qurğularının istismarı, maddi-texniki təchizat və digər texniki məsələlərlə məşğul olur.
Şöbələr:
- Prezident, dövlət idarəçiliyi və ölkəşünaslığa dair ədəbiyyatın biblioqrafiyası şöbəsi;
- Kitabxana fondu şöbəsi;
- İnformasiya-biblioqrafiya və kitabxana xidməti şöbəsi
- Komplektləşdirmə, kitabişləmə və elektron kataloq şöbəsi
- Kitabxana işinin avtomatlaşdırılması və elektron resurslar şöbəsi
Bölmələr:
- Elektron informasiya nəşrləri bölməsi
- Nadir ədəbiyyat fondu bölməsi
- İncəsənət ədəbiyyatı fondu bölməsi
- Dövri mətbuat fondu bölməsi
- Elektron nəşrlərin tərcüməsi bölməsi
- İnformasiya-biblioqrafiya xidməti bölməsi
- Abonement bölməsi
Yeni texnologiyaların tətbiqi
Prezident Kitabxanasında yeni texnologiyaların tətbiqi, xüsusilə də, yeni informasiya daşıyıcılarına əsaslanan resursların yaradılaraq inkişaf etdirilməsi, kitabxana fondlarının ən yeni sənəd növü olan elektron sənədlərlə komplektləşdirilməsi kimi məsələlərə xüsusi önəm verilir. Kitabxanada ИРБИС 64 Kitabxanaların Avtomatlaşdırılması Sisteminin proqram-texniki imkanları, demək olar ki, mənimsənilmişdir. Hal-hazırda ИРБИС 64 KAS-ın bütün istifadəçiləri sırasında modullarının funksiyalarını, texniki imkanlarını tam şəkildə tətbiq edən kitabxanalardan biri də Prezident Kitabxanasıdır.
Biblioqrafik-informasiya fəaliyyəti
Kitabxananın soraq-biblioqrafik aparatına (SBA) soraq və biblioqrafik nəşrlər fondu, müxtəlif kataloqlar və kartotekalar, o cümlədən elektron kataloq daxildir. Elektron kataloqun verilənlər bazasında kitab, kompakt disk, xəritə, not nəşri, dissertasiya avtoreferatı və digər sənədlərin biblioqrafik yazısı öz əksini tapmışdır. Prezident Kitabxanasının soraq-biblioqrafiya aparatının özəl xüsusiyyəti ondan ibarətdir ki, respublikamızda ilk dəfə olaraq məhz burada profilə uyğun faktoqrafik sorğuları ödəməyə imkan verən böyük həcmli soraq-informasiya resursları yaradılır.
Əməkdaşlıq
Kitabxananın başqa ölkələrin prezident, parlament və hökumət kitabxanaları, beynəlxalq kitabxana və informasiya təşkilatları ilə əlaqələri ildən-ilə genişlənir. Prezident Kitabxanası respublikanın aparıcı kitabxanalarının iştirakı ilə keçirilən bütün tədbirlərdə və layihələrdə iştirak edir. Kitabxana 2004-cü ilin may ayından “Elektron kitabxana və yeni informasiya texnologiyaları yaradıcılarının Beynəlxalq Assosiasiyası”nın (EBNİT) üzvüdür. Həmin ildən başlayaraq illik Beynəlxalq “Krım” (Ukrayna) Konfransının və LİBCOM (Rusiya) konfransının daimi iştirakçısıdır. Prezident Kitabxanası dünyada kitabxana işi sahəsində ən nüfuzlu təşkilat olan İFLA ilə intensiv əlaqələrə malikdir. Kitabxananın nümayəndələri İFLA-nın Böyük Britaniyada (Qlazqo), İtaliyada (Milan), İsveçdə (Qeteborq) və Finlandiyada (Helsinki) keçirilmiş illik Şura və Konfranslarında iştirak etmişlər. Kitabxana İFLA-ya 2009-cu ildən üzv olub, qurumun rəhbər orqanlarına seçkilərdə iştirak edir. İFLA-nın prezidenti xanım Ellen Tise 2008-ci ilin noyabrın 25-də Prezident Kitabxanasında olmuşdur. 2013-cü ildə kitabxana İFLA-nın Hökumət Məlumatları və Rəsmi Nəşrlər üzrə daimi komissiyasının üzvü seçilmişdir. Prezident Kitabxanasının nümayəndələri 2011-ci ildə İsveçrədə Azərbaycan və İsveçrə kitabxanaçılarının birgə konfransında, 2012-ci ildə Ankarada keçirilmiş Avrasiya Kitabxanalar Birliyinin təsis Konfransında, yenə həmin ildə ABŞ Dövlət Departamentinin dəstəyi ilə Vaşinqtonda təşkil edilmiş “Amerika kitabxanaları və mədəni irsin qorunması” adlı proqram çərçivəsində keçirilmiş tədbirlərdə iştirak etmişlər. Belarus Prezident Kitabxanası ilə mütəmadi olaraq rəsmi qəzetlərin və jurnalların mübadiləsi aparılır. Rusiya Prezident Administrasiyasının Kitabxanası, B. Yeltsin adına Prezident Kitabxanası, Rusiya Parlament Kitabxanası, Qazaxıstan Prezidenti Administrasiyasının Kitabxanası və Rusiya Dövlət Ümumi Elmi-Texniki Kitabxanası ilə də sıx əlaqələr mövcuddur. BMT-nin Azərbaycan nümayəndəliyi ilə sıx əlaqələrin qurulması nəticəsində kitabxana hazırda bu təşkilatın əksər nəşrləri ilə təmin olunur.
E-Layihələr
Prezident Kitabxanasında yaradılan və müxtəlif prioritet mövzuları əhatə edən iri həcmli elektron layihələr:
- Heydər Əliyev. Elektron sənədlər toplusu -- geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulan informasiya resursu, sənədlərin rəqəmsal formatda toplanması və qorunması baxımından kompleks informasiya sistemidir. Müxtəlif oxucu qruplarının, o cümlədən tədqiqatçıların ümummilli liderin zəngin irsini öyrənməyə çox böyük marağını nəzərə alaraq, internet resursda Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdəki nitqlərinin, çıxışlarının, məruzələrinin, bəyanatlarının, müsahibələrinin elektron versiyaları hazırlanmış və illər üzrə qruplaşdırılmışdır. İlk dəfə olaraq Heydər Əliyevin həyat və fəaliyyətinin xronologiyası (1923-2003) tam şəkildə işlənmişdir. Kitabxananın elektron kataloquna daxil edilmiş "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin 46 cildinin elektron variantı da bu sənədlər toplusuna daxil edilmişdir. http://heydaraliyev.preslib.az/
- Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət fəaliyyəti -- dörd fəsildən ibarət olan bu elektron nəşrin birinci fəsli "Xarici siyasət fəaliyyətinin xronikası", ikinci fəsli "Xarici siyasətə dair nitqlər, çıxışlar, bəyanatlar, müsahibələr", üçüncü fəsli "Xarici siyasətlə bağlı qanun, fərman və sərəncamların xronikası", dördüncü fəsli isə "Xarici ölkələrə səfərlərin fotoxronikası" adlanır. Elektron nəşrdə əsasını Heydər Əliyevin qoyduğu və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasət kursunun prioritetləri, həyata keçirilən balanslaşdırılmış siyasi xəttin bütün məqamları əhatə olunmuşdur. Beynəlxalq icmalçılar, politoloqlar, tədqiqatçılar, dövlət orqanlarının əməkdaşları, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş elektron nəşr rəsmi mətbuat materialları əsasında mütəmadi olaraq yenilənir. http://foreignpol.preslib.az/
- Odlar yurdu Azərbaycan --ən qədim zamanlardan başlayaraq xalqımızın tarixinə, iqtisadiyyatına, mədəniyyətinə, görkəmli şəxsiyyətlərinə dair materiallardan ibarət olan bu toplu kitabxananın fonduna daxil olan kitablar və dövri mətbuat materialları, həmçinin bəzi rəsmi saytlar əsasında hazırlanmışdır. Ölkəşünaslıq və diyarşünaslıq mövzusunda hazırlanmış bu toplunun məqsədi ensiklopedik xarakterli sənədlərin elektron daşıyıcılara köçürülmə yolu ilə saxlanılması və onların daha çox istifadəçi kütləsinə təqdim edilməsindən ibarətdir. Elektron toplunun əhəmiyyəti nəzərə alınaraq, xüsusi veb-sayt www.odlaryurdu.az yaradılmışdır. http://www.odlaryurdu.az/ Arxivləşdirilib 2015-02-16 at the Wayback Machine
- XX əsrin faciəsi - Xocalı soyqırımı -- 1992-ci il fevral ayının 26-na keçən gecə erməni silahlı birləşmələrinin rus ordusunun 366-cı motoatıcı alayının köməyi ilə həyata keçirdikləri Xocalı soyqırımı barədə Azərbaycan, ingilis və rus dillərində hazırlanmış tammətnli elektron nəşrə daxil olan materiallar altı bölmədə qruplaşdırılmışdır. Bu bölmələrdə Dağlıq Qarabağ münaqişəsinin qısa tarixçəsi, Xocalı soyqırımının miqyası, istintaq materialları, zərərçəkənlərin ifadələri, tibbi ekspertiza rəyləri, Xocalı şəhidlərinin siyahısı və s. materiallar yerləşdirilmişdir. Burada, həmçinin Xocalı soyqırımının tanıdılması istiqamətində dövlət səviyyəsində görülən işlər, qəbul edilən qərarlar, beynəlxalq təşkilatlara edilən müraciətlər, faciənin beynəlxalq hüquq normaları baxımından soyqırım kimi tövsif olunmasını özündə əks etdirən sənədlər toplanmışdır. http://khojaly.preslib.az
- Azərbaycan. Dövlət rəmzləri və atributları - adlı Elektron nəşrində müstəqil Azərbaycanın dövlət rəmzlərinin (bayraq, gerb, himn) yaranmasının tarixçəsi sistem halında izlənilir və milli rəmzlərin bərpası istiqamətində atılan addımlar ardıcıllıqla sadalanır. Elektron nəşrdə (Azərbaycan, ingilis və rus dillərində) dövlət rəmzləri və atributları haqqında Azərbaycan Xalq Cümhuriyyəti dövründən indiyədək qəbul edilmiş qərarlar, qanunlar, fərmanlar və sərəncamlar toplanaraq xronoloji ardıcıllıqla əks etdirilmişdir. Elektron nəşrdə, həmçinin Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan Azərbaycanın xanlıqlar dövrünün bayraqları, çar Rusiyası dövründə Azərbaycanda mövcud olmuş quberniyaların və şəhərlərin gerbləri, sovet hakimiyyəti illərində Azərbaycan SSR-in dövlət rəmzləri və atributları haqqında materiallar toplanmışdır. http://symbols.preslib.az/
- Naxçıvan Muxtar Respublikası -- Naxçıvanın 90 illik yubileyi ilə əlaqədar hazırlanmış bu resurs internet istifadəçilərinə Muxtar Respublika haqqında dolğun və operativ məlumat vermək məqsədi daşıyır. Resursda qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik, çətin, mürəkkəb və eyni zamanda parlaq inkişaf yolu keçərək, Azərbaycanın elmi-mədəni mərkəzlərindən biri kimi şöhrət tapan Naxçıvan diyarının neçə-neçə görkəmli alim, sənətkar və tarixi şəxsiyyət yetirməsi haqqında məlumat da yer almışdır. Resursda Naxçıvanın qədim tarixi haqqında, Muxtar Respublikanın yaradılmasına gətirib çıxaran hadisələr barədə, eləcə də onun müasir dövrünə dair sənədlər toplanmışdır. http://nakhchivan.preslib.az/
- Təcavüz. 20 Yanvar. Bakı 1990 -- beş fəsildən ibarət olan bu Elektron resursda 20 Yanvar faciəsinin baş verməsinin səbəbləri, onun miqyası haqqında aparılmış tədqiqatlar, məqalə və kitablardan seçmə materiallar toplanmışdır. Elektron resursda 1990-cı ilin yanvarında törədilən qanlı aksiya zamanı 147 nəfərin şəhid olduğu, 744 nəfərin yaralandığı, 841 nəfərin qanunsuz həbs edildiyi, bunun xalqımıza qarşı sovet hakimiyyəti illərində həyata keçirilən qətliamların sonuncu mərhələsi olduğu vurğulanır. Elektron nəşrin Azərbaycan, ingilis və rus dillərində təqdim edilməsi xalqımızın başına gətirilən faciənin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. http://aggression.preslib.az/
- Azərbaycan ekologiyası -- əhalinin ekoloji maarifləndirilməsi və ekoloji mədəniyyətin formalaşdırılması məqsədi ilə hazırlanmış beş fəsildən ibarət olan sənəd-informasiya resursuna Azərbaycanda həyata keçirilən ekoloji siyasətin əsas istiqamətlərini təhlil edən və Azərbaycanda biomüxtəlifliyin qorunması vəziyyətini araşdıran materiallar toplanmışdır. Eyni zamanda, burada ölkəmizin dövlət müstəqilliyini əldə etməsindən sonra ekologiya və ətraf mühitə dair qəbul edilmiş rəsmi sənədlər və Azərbaycan Respublikasının qoşulduğu bütün Beynəlxalq Konvensiyalar öz əksini tapmışdır. Resurs üç dildə - Azərbaycan, ingilis və rus dillərində tərtib edilmişdir. http://eco.preslib.az/
- Azərbaycan Respublikası – 20 -- dövlət müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunmuş 9 fəsildən ibarət İnternet layihə - elektron resursdakı materiallar 9 tematik hissədə, onların daxilində 29 bölmədə və altbölmələrdə toplanmışdır. Layihənin yaradılmasında mövzu ilə bağlı kitablardan, məqalələrdən və internetdəki informasiya resurslarından istifadə edilmişdir. Layihə müxtəlif ölkələrdə yaşayan, müxtəlif dillərdən istifadə edən auditoriya üçün nəzərdə tutulmuşdur və buna görə də, onun Azərbaycan, ingilis və rus versiyaları yaradılmışdır. Layihədə dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində görülən işlər, hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilən islahatlar, həmçinin müstəqil Azərbaycanın ötən 20 il ərzində dünya birliyinə inteqrasiyası, beynəlxalq qurumlarla qarşılıqlı münasibətləri haqqında materiallar toplanmışdır. http://republic.preslib.az/
- İrəvan şəhəri -- İrəvanın tarixinə qədim dövrlərdən bu günümüzə qədər işıq salan elektron layihə şəhərin aborigen əhalisinin kimlərdən ibarət olduğunu, ermənilərin həmin əraziyə nə vaxt və haradan gəldiklərini, şəhərin azərbaycanlı əhalisinin dəfələrlə kütləvi qırğınlara və deportasiyalara məruz qoyulduğunu, azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin erməni vandalları tərəfindən yer üzündən necə silindiyini mənbələr, salnaməçilərin verdikləri məlumatlar, arxiv sənədləri və ayrı-ayrı tədqiqat materialları əsasında üzə çıxarır. http://www.iravan.info/
- Azərbaycan Xalq Cümhuriyyəti -- "Virtual Azərbaycan tarixi" layihəsi çərçivəsində, Azərbaycan, rus və ingilis dillərində tərtib edilən bu resurs müsəlman Şərqində ilk dünyəvi və demokratik dövlət olan, dövlətçilik tariximizə parlaq səhifələr yazan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsini öyrənənlər üçün dəyərli bir mənbədir. Elektron resurs “Yaranması və fəaliyyəti”, “Sənədlər”, “Resurslar”, “E-kitablar” adlı 4 əsas və 20 yarım bölmədən ibarətdir. Xalq Cümhuriyyətinin yaranması ərəfəsində və mövcud olduğu 23 aylıq dövrdə baş vermiş mühüm tarixi hadisələr bu elektron resursda müfəssəl şəkildə əks etdirilmişdir. http://axc.preslib.az/
- Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri—Azərbaycan və ingilis dillərində hazırlanan elektron layihənin məqsədi erməni vandalları tərəfindən işğal edilmiş ərazilərimizdəki maddi və mədəni sərvətimizin - çoxsaylı tarixi abidələrin necə dağıdıldığı, məhv edildiyi, əksiyyətinin isə erməniləşdirildiyi barədə materialları, fotoşəkilləri internet vasitəsilə dünya ictimaiyyətinə çatdırmaqdır. Elektron layihədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal altında qalan ərazilərimizdəki 800-dək abidənin 200-dən çoxunun işğaldan əvvəlki və işğaldan sonrakı durumunu əks etdirən fotoşəkillər, eləcə də həmin abidələrin xarakteristikası hazırlanmışdır. Bu abidələr ölkə əhəmiyyətli və yerli əhəmiyyətli kateqoriyalar üzrə - memarlıq abidələri, arxeoloji abidələr, tarix-memarlıq qoruqları, monumental və xatirə abidələri kimi təsnifləşdirilmişdir. http://vandalism.preslib.az/%5B%5D
E-Resurslar
Elektron sənəd-informasiya resurslarının yaradılması Prezident Kitabxanasının fəaliyyətinin əsas istiqamətlərindən biridir. Aktual mövzulara dair bu tammətnli elektron resurslar istifadəçilərin (oxucuların) tələbatını daha dolğun ödəmək məqsədi daşıyır.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri, bəyanatları --resursda 2003-cü ilin oktyabr ayının 31-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməsi ilə əlaqədar andiçmə mərasimində etdiyi nitqindən başlayaraq bu günə qədər bütün nitqlərinin, çıxışlarının, müsahibələrinin, bəyanatlarının tam mətni toplanır.
- İlham Əliyev və Azərbaycanın neft diplomatiyası –resurs İlham Əliyevin 1994-cü ildən - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti işlədiyi vaxtdan bu günədək Azərbaycanın neft strategiyası, sənayesi, iqtisadiyyatı və nəqli ilə bağlı respublika mətbuatında dərc edilmiş məruzələrinin, çıxışlarının, nitqlərinin, müsahibələrinin və digər məlumatların tam mətnini əhatə edir.
- Əsrin müqaviləsi -- bu resurs Heydər Əliyevin təşəbbüsü ilə dünyanın aparıcı neft şirkətlərinin Azərbaycanın zəngin karbohidrogen yataqlarının istismarı üzrə layihələrə cəlb edilməsi sahəsində işlərlə əlaqədar 1994-cü ildən indiyə qədər dövri mətbuatda dərc edilmiş materialları və eləcə də bütün qanunvericilik sənədləri özündə əks etdirir.
- Azərbaycanda Olimpiya hərəkatı -- bu tammətnli elektron resursa Azərbaycanda idmanın tarixi, bədən tərbiyəsi və idmana dövlət qayğısı, Milli Olimpiya Komitəsinin fəaliyyəti, ölkəmizin dünya Olimpiya hərəkatında iştirakı mövzusunda materiallar toplanır.
- Xoşməramlı səfir -- 2004-cü ilin avqust ayından oxucuların istifadəsinə verilmiş resursda ölkəmizin birinci xanımının Azərbaycan Mədəniyyətinin Dostları Fondunda, Azərbaycan Gimnastika Federasiyasında, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri və millət vəkili kimi fəaliyyətinə dair dövri nəşrlərdə dərc edilmiş materiallar toplanır.
- Azərbaycan diasporu -- 2005-ci ilin dekabr ayında istifadəyə verilmiş bu elektron resursda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 16 dekabr 1991-ci ildə Naxçıvanda Dünya Azərbaycanlılarının Həmrəylik gününün rəsmi olaraq qəbul edilməsindən başlayaraq indiyədək Azərbaycan diasporu mövzusuna dair dərc edilmiş materiallar toplanmışdır.
- Bələdiyyə hakimiyyəti (sənədlər toplusu) -- Azərbaycan Respublikasında Yerli özünüidarəetmə qurumu olan bələdiyyələrin yarandığı vaxtdan, 1999-cu ildən başlayaraq Azərbaycan Respublikasının Konstitusiyasındakı bələdiyyələr haqqında bölmə də daxil olmaqla bütün qanunvericilik sənədləri – qanun, fərman və sərəncamların mətni, bələdiyyə seçkiləri haqqında məlumatlar bu elektron sənədlər toplusunda öz əksini tapmışdır.
- Dağlıq Qarabağ münaqişəsi -- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş torpaqlarımız, Azərbaycanın öz əzəli torpaqlarını sülh yolu ilə azad etməsi sahəsində səyləri, bu münaqişə ilə əlaqədar beynəlxalq təşkilatların fəaliyyəti, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə materiallar bu tammətinli elektron resursda toplanmışdır.
- Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı (2004 - 2008) -- bu tammətnli elektron resurs 2007-ci ilin fevral ayında istifadəyə verilmişdir. Resursda Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının hazırlanması və həyata keçirilməsi ilə əlaqədar rəsmi sənədlər, dövlət tədbirlərini və Azərbaycan Prezidenti İlham Əliyevin regionlara səfərlərini əks etdirən materiallar toplanmışdır.
- Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı (2009 - 2013) -- 2009-cü ilin oktyabr ayında istifadəyə verilmiş bu elektron resursda Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə 2009-2013-ci illəri əhatə edən yeni Dövlət Proqramının hazırlanması və həyata keçirilməsi ilə əlaqədar rəsmi sənədlər, dövlət tədbirlərini və Azərbaycan Prezidenti İlham Əliyevin regionlara səfərlərini əks etdirən materiallar toplanmışdır.
- Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı (2014 - 2018) -- 2014-cü ilin iyul ayında istifadəyə verilmiş bu elektron resursda Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramının hazırlanması və həyata keçirilməsi ilə əlaqədar rəsmi sənədlər, dövlət tədbirlərini və Azərbaycan Prezidenti İlham Əliyevin regionlara səfərlərini əks etdirən materiallar toplanmışdır.
- Dövlət qulluğu (sənədlər toplusu) -- bu elektron sənədlər toplusunda Azərbaycan dövlətçiliyi üçün mühüm əhəmiyyət daşıyan "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu, bu qanunla əlaqədar Azərbaycan Prezidentinin imzaladığı sərəncam və fərmanları, Nazirlər Kabinetinin qərarlarının tam mətnləri toplanmışdır.
- Azərbaycanlıların soyqırımı və deportasiyası -- 2010-cu ilin fevral ayında istifadəçilərin (oxucuların) ixtiyarına verilmiş bu elektron resurs XIX əsrdə çar hökuməti tərəfindən ermənilərin əzəli Azərbaycan torpaqlarına köçürülməsi, XX əsrin əvvəllərində, sovet dövründə və ondan sonrakı illərdə azərbaycanlıların soyqırımı və deportasiyası, ermənilərin ölkəmizə əsassız ərazi iddiaları və hərbi təcavüz barədə materiallar toplanmışdır.
Məlumat bülletenləri
Kitabxana-informasiya xidmətinin müasir formalarından biri olan məlumat bülletenləri ən aktual mövzular üzrə yeni biblioqrafik informasiyanı tələbatçılara operativ şəkildə çatdırmaq məqsədilə tərtib olunur. Məlumat bülletenləri Prezident Kitabxanasının elektron kataloquna daxil edilmiş dövri mətbuat materialları əsasında hazırlanır. Bülletenlərin hər bir bölməsində materiallar xronoloji ardıcıllıqla və dillər üzrə (Azərbaycan, rus və ingilis) qruplaşdırılmışdır.
- İqtidar. Müxalifət. Xalq -- 2005-ci ildən rüblük tərtib edilən bu məlumat bülleteni icra hakimiyyəti, parlament, məhkəmə hakimiyyəti, bələdiyyələr, vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları və KİV-ə dair biblioqrafik məlumatı özündə əks etdirir.
- Tarix. Mədəniyyət. Elm -- Bu məlumat bülleteni 2005-ci ildən rüblük tərtib olunur. Bülletendə Azərbaycan tarixinə, elminə, mədəniyyətinə, ədəbiyyatına, dair biblioqrafik materiallardan əlavə diaspor, Dağlıq Qarabağ münaqişəsi və soyqırıma dair materiallar da daxil edilmişdir.
- Azərbaycan iqtisadiyyatı -- Məlumat bülletenində iqtisadiyyatın müxtəlif sahələrinə: sənaye, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, maliyyə və bank sistemi, sığorta və vergi siyasəti, regionların sosial-iqtisadi inkişafına dair biblioqrafik materiallar toplanır.
- Azərbaycan Respublikasında seçkilər -- Azərbaycan Respublikasında Prezident, Parlament və bələdiyyə seçkiləri, eləcə də referendum zamanı MSK-nın fəaliyyəti, seçkiqabağı təbliğat və hazırlıq işi, müşahidəçilər və beynəlxalq təcrübəyə dair biblioqrafik materialları əhatə edən bülleten 2005-ci ildən rüblük tərtib olunur.
- Xarici siyasət və beynəlxalq münasibətlər -- Xarici siyasət və beynəlxalq münasibətlərə dair məlumat bülleteni 2008-ci ildən rüblük tərtib olunur. Bülletendə biblioqrafik materiallar aşağıdakı mövzular üzrə verilmişdir: beynəlxalq əlaqələr, diplomatik missiyalar, xarici iqtisadi fəaliyyət, beynəlxalq hüquq və standartlar, beynəlxalq təşkilatlar.
- Neft və qaz -- Azərbaycan Respublikasının neft strategiyasına dair məlumat bülleteni 2009-cu ildən rüblük tərtib olunur. Burada neft-qaz hasilatı və sənayesi, ixracı və nəqli, beynəlxalq əlaqələr və enerji təhlükəsizliyi, Neft Fondu adlı bölmələrdə biblioqrafik materiallar verilmişdir.
- İnsan haqları -- İnsan hüquqlarına dair məlumat bülleteni 2009-cu ildən rüblük tərtib olunur. Məlumat bülletenindəki biblioqrafik materiallar - Ombudsman, gender problemi, penitensiar sistem və beynəlxalq hüquqda insan haqları adlı bölmələrdə qruplaşdırılmışdır.
- Ekologiya -- Ekologiyaya dair məlumat bülleteni 2010-cu ildən rüblük tərtib olunur. Ekoloji maarifçilik, neft və ekologiya, ətraf mühit, iqlim dəyişmələri və biomüxtəliflik bu məlumat bülleteninin əsas bölmələridir.
- İnformasiya texnologiyaları -- 2013-cü ildən rüblük tərtib olunan bu məlumat bülletenində informasiya texnologiyalarına dair biblioqrafik materiallar - İKT sektoru, innovasiya və yeni texnologiyalar, telekommunikasiya və rabitə, elektron hökumət, Azərkosmos adlı bölmələrdə qruplaşdırılmışdır.
- Miltikulturalizm -- Məlumat bülleteni rüblük tərtib olunur. Bülletenə əsasən, milli-mədəni müxtəliflik, etnik-dini dözümlülük, tolerantlıq, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq, multikulaturalizm və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinə dair qəzet və jurnal məqalələrinin biblioqrqafiyası toplanır.
Biblioqrafik göstəricilər
Prezident Kitabxanasının biblioqrafik informasiya fəaliyyətinin mühüm istiqamətlərindən biri olan biblioqrafik göstəricilər müxtəlif mövzuları əhatə etməklə istifadəçilərin (oxucuların) informasiya tələbatının ödənilməsi məqsədilə yaradılır.
- Azərbaycan Respublikasının Prezidenti: gündəlik fəaliyyətin xronikası
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasət fəaliyyətinin xronikası
- Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları
- Azərbaycan Respublikasının qanunları
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları
- İlham Əliyev. Azərbaycanın neft diplomatiyası
- Azərbaycanı dünyaya tanıdan lider
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə nəşr olunmuş kitablar
- Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)
- Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013)
- Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2014-2018)
- Mir Cəlal Paşayev
- Yeni kitablar
Binanın memarlıq xususiyyətləri
Prezident Kitabxanasının yerləşdiyi bina maraqlı memarlıq üslubuna malikdir və XIX əsr kapitalist Bakısından qalma bənzəri olmayan ictimai təyinatlı binalardan biridir. Binanın XIX əsrin 70-80-ci illərində tikilməsi ehtimalı böyükdür. Binanın memarlıq üslubunun təhlilini aparan mütəxəssislər onun müəllifinin XIX əsrin axırlarında Bakıda çalışmış milliyyətcə alman olan memar Karl Qippiusun qardaşı Otto Qippius olduğunu ehtimal edirlər. Bu qardaşlar həm də Rusiya İmperiyasının digər şəhərlərində, xüsusən, Baltikyanı şəhərlərdə və Sankt-Peterburqda tikilmiş bir çox əzəmətli binaların müəllifləridir. Karl Qippius isə Bakı şəhərinin memarlığı, eləcə də abadlığı üçün çox işlər görmüş tanınmış bir memar olmuşdur. Belə ki, o, Bakının küçə və meydanlarını qaydaya salmış, sahil zolağını daşdan tikdirmiş, çoxlu sayda mülki binaların, fərdi evlərin layihələrinin müəllifi olmuşdur. Onun Bakıya ən böyük töhfəsi ondan ibarət olmuşdur ki, burada fəaliyyət göstərdiyi dövrdə Şirvanşahlar sarayının bir abidə kimi toxunulmazlığını qoruyub saxlamış və bu binanın dustaqxanaya çevrilməsi barədə qərarın qarşısını ala bilmişdir. K. Qippius eyni zamanda XIX əsrin son rübündə Bakı Quberniyasının və şəhərin memarı vəzifəsində çalışmışdır. Binanın memarlığında tətbiq edilmiş bəzi detallar onu layihələndirənlərin arasında azərbaycanlı memarın da iştirak etməsi barədə fikir söyləməyə əsas verir. Sonuncu ehtimalla əlaqədar bir cəhəti də qeyd etmək yerinə düşər ki, kitabxananın giriş qapılarının kompozisiyası tamamilə İçəri Şəhərdəki Şirvanşahlar sarayı Divanxanasının böyük portalını xatırladır. Üslub baxımından bina eklektikdir. Yəni, binada müxtəlif dövrlərə, memarlıq məktəblərinə məxsus elementlər yaradıcılıqla uzlaşdırılsa da, burada roman (latıncadan romanus - Romaya məxsus) üslubunun xüsusiyyətləri üstünlük təşkil edir. Belə ki, tikilinin perimetr boyu (birinci və ikinci mərtəbələrdə) pəncərə, sütun və pilonlarla dövri növbələnməsi, yarımdairəvi, sivri tağlar, qaba sütunlar, sütunların nisbət baxımından enli olması, dairəvi pəncərələr və onların dairəvi elementi və s. roman üslubundan daha çox istifadə edilməsindən xəbər verir. Maraqlı cəhət birinci mərtəbə pəncərələrinin əksəriyyətinin və binaya giriş qapılarının portal formasında sivri tağlarla tikilməsidir. Özü də bu sivri tağlar Şirvanşahlar sarayı Divanxana binasının tağ cərgələrinin formasından stilizə edilərək işlənmişdir. Digər maraqlı cəhət bu tağların yarımdairəvi roman üslublu tağlar ilə vəhdətdə işlənməsidir. Binanın quruluşu və təyinatı onun əvvəldən ictimai bina, dəqiq desək, qiraətxana binası kimi layihələndirildiyini deməyə əsas verir. Binanın şimal hissəsi, yəni “Nizami” küçəsinə tərəf olan hissəsi üçmərtəbəlidir. Məhz həmin hissədə binanın daxilində ikinci və üçüncü mərtəbələri əhatə edən ikiyaruslu kafedrası olan hündür tavanlı iki zal vardır (Böyükoxu zalı və Elektron resurslar zalı). Bu cür daxili çoxyaruslu quruluş Avropa memarlığında orta əsrlərdən başlayaraq kitabxana binaları üçün xarakterikdir. Çünki həmin dövrlərdə formalaşmış memarlıq ənənələrinə görə, ictimai binaların tavanı xeyli hündür olurdu. Kitab rəfləri döşəmədə düzülürdü, onların hündürlüyü kitabxanaçının əli çatan səviyyədə olurdu və biryaruslu düzülüş zamanı zalın kitab tutumu xeyli az olduğundan əksər hallarda daxili perimetr boyu çoxyaruslu kafedra tikilirdi ki, bu da həmin yerdə əlavə kitab rəfləri yerləşdirməklə zalın fond tutumunu artırırdı. Kafedralar da daxil olmaqla, bina interyerinin memarlıq həllinin xüsusiyyətləri, məsələn, ikinci yarus döşəməsinin üçkünc tir dayağı, Elektron resurslar zalının ikin-ci yarusunun və bina pilləkəninin metal məhəccərlərinin üslubu və s. göstərir ki, binanın memarlığında eksteryerdə olduğu kimi, interyerdə də eyniliklə roman üslubu gözlənilmişdir. 2003-cü ildə binanın əsaslı təmiri zamanı interyerdə roman üslubu ilə yanaşı, ustalıqla intibah memarlığı üslubundan da istifadə edilmişdir. Belə ki, tavan konstruksiyası və yapma detalları, divarlarda işlənən dekorativ yarımsütunlar, Böyük oxu zalında kafedralara verilmiş dekorativ sütunlu dayaqlar və digər elementlər intibah memarlığı üslubundan xəbər verir. Oxu zallarında çoxlu sayda geniş pəncərələrin qoyulması, otaqların və oxu zallarının kifayət qədər işıqlı olması bina interyerinin layihələndirilməsi zamanı otaqların təyinatı üzrə təbii şəkildə işıqlandırılmasının nəzər-də tutulduğunu göstərir ki, bu da mütaliə üçün əsas şərtlərdən biridir. Kitabxananın indiki Konfrans zalı da xeyli maraqlı quruluşa malikdir. Zalın kifayət qədər hündür olması, onun iki divarının kontrfors kimi bina çərçivəsindən bayıra çıxması, divarlarda iki ədəd çox maraqlı simmetrik üçlü pəncərənin olması və bu üçlü pəncərələrin üst hissəsinin yarım-dairəvi tağla bitməsi zalı xeyli işıqlı edir, ona möhtəşəmlik gətirir. Yuxarıda qeyd edilənlər deməyə əsas verir ki, bina Qədim Roma, Bizans və Yaxın Şərqin İslam memarlığını özündə ehtiva etməklə roman üslubunda tikilmişdir. (Memar Məmmədov S.Ş.)
Həmçinin bax
İstinadlar
Mənbə
- Xələfov, Abuzər. Ölkəmizdə ilk fundamental elektron kitabxana // Xalq qəzeti. -2006. -18 fevral. -N 36. -S.6.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezidentin İşlər İdarəsinin Kitabxanasında olmuşdur // Xalq qəzeti. -2006. -28 iyun. -N 141. -S.2.
- Əhmədov, Mayıl. Müasir tipli kitabxana informasiya cəmiyyətinin atributudur // Azərbaycan. – 2006. – 20 avqust. – N186. – S.3.
- Fuad, Esmira. Prezident Kitabxanası müasir mədəniyyət və informasiya mərkəzidir (Kitabxananın direktoru Mayıl Əhmədovun müsahibəsi) // Respublika. -2006. -2 dekabr. -N 270. -S.3-4.
- Əhmədov, Mayıl. Kitabxanalarımızda informasiya texnologiyalarının tətbiqi onları keyfiyyətcə yeni təsisata çevirəcəkdir // Xalq qəzeti. -2007. -14 mart. -N 55. -S. 4.
- “Heydər Əliyev. Elektron sənədlər toplusu”. Ümummilli lider Heydər Əliyevə həsr olunmuş elektron sənədlər toplusu ilə bağlı Prezident Kitabxanasının direktoru Mayıl Əhmədovun AzərTAc-a müsahibəsi // “AzərTAc”.-2014.- 6 may.
- “Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət fəaliyyəti”: Prezident Kitabxanasında Elektron nəşr hazırlanmışdır // AzərTAc.-2009.-23 iyun.
- Prezident Kitabxanası Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinə Azərbaycan haqqında 153 kitab və elektron məlumat bazaları hədiyyə etmişdir // AzərTAc.-2011.-8 fevral.