Polad Siracov
Polad Sabir oğlu Siracov — Quantanamo həbs düşərgəsində cəza çəkmiş yeganə Azərbaycan vətəndaşı. Yerli Azərbaycan mətbuatı tərəfindən Üsamə bin Ladenin şəxsi türkcə-ərəbcə tərcüməçisi olduğu bildirilən şəxs.[1]
Polad Siracov | |
---|---|
| |
Digər adları |
Abdullah əl-Qafqazi, Abd əl Zaher |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
1975-ci ildə Bakı şəhərində anadan olan Polad Sabir oğlu Siracov 1992-ci ildə Türkiyənin Kayseri şəhərində yerləşən Ərciyəs Universitetinin iqtisadiyyat fakültəsinə daxil olmuş, lakin iki il təhsil aldıqdan sonra universiteti yarımçıq tərk etmişdir.
Universiteti yarımçıq buraxdıqdan bir müddət sonra təxminən 10 gün müddətində Türk tikinti şirkətlərinin birində tərcüməçi kimi işləyən Siracov daha sonra Rusiyaya gedərək 1994-1996-ci illər aralığında Moskva şəhərində tərcüməçilik, dülgərlik, paltar alveri ilə məşğul olmuşdur.
Daha sonra Bakıya qayıdan Polad Siracov 1997-ci ildə İntersun zavodunda bir müddət işlədikdən sonra 1998-ci ildə hərbi xidmətə yola düşmüş 2000-ci ildə isə hərbi xidmətini (Qarabağ ətrafında) başa vurmuşdur.
Əfqanıstan səfəri
2001-ci ilin fevral ayında evdən çıxaraq İran yoluyla Əfqanıstanın Herat şəhərinə yollanan Siracov Heratda Taliban rəsmisinin yönləndirməsiylə Qəndəhar şəhərində Abdul Kərim adlı şəxsin evində bir müddət qonaq qalmışdır.
Qısa bir müddət sonra isə Xocaəhərdə yerli Taliban üzvləriylə görüşən Siracov 500-1000 etnik pakistanlı, eyni zamanda əfqan, özbəklərin də üstünlük təşkil etdiyi Əyyub Sultanın komandanlığı altında olan dəstəyə qoşulmuşdur. Bundan sonra isə Siracova AKM-7.62 avtomatı verilmişdir.
Həbs edilməsi
2001-ci ilin sentyabr ayında NATO artirelliya qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində yaralanan Siracov döyüş bölgəsini Künduz şəhərinə doğru dəyişmiş, 2001-ci ilin noyabr ayında isə Məzari-Şərif yaxınlığında NATO qüvvələrinin mühasirəsinə düşmüş və ələ keçirilmişdir.
Ələ keçirildikdən sonra Siracov Məzari-Şərifdəki Qala-i Cəngi həbsxanasına gətirilmiş, gətirildiyi günün sabahısı (25 noyabr 2001-ci il) baş vermiş üsyandan sağçıxanlar arasında olmuşdur. Sağqalanlar arasında olan Polad Siracov növbəti günlər ərzində Şəbərgan həbsxanasına, daha sonra isə oradan Qəndəhar şəhərində yerləşən ABŞ həbsxanasına göndərilmişdir. Yanvar ayına kimi Qəndəhardakı həbsxanada saxlanılan Polad Siracov 14 yanvar 2002-ci il tarixində Quantanamo həbs düşərgəsinə ekstradisiya olunmuşdur.
2002-ci ilin yanvar ayında isə ailəsinə onun talibançılarla birlikdə həbs olunaraq, Quantanamo həbs düşərgəsinə aparıldığı barədə məlumat verilmişdi.[2]
Həbsdən sonra
2009-cu ildə ABŞ prezidenti Barak Obamanın Quantanamo həbsxanasının bağlanması haqda sərəncamından sonra məhbusların sonrakı taleyi gündəmə gəlmiş, onların ölkələrinə qayıdıb-qayıtmamaları müzakirə olunmuşdur. Yenidən həbs və təqib olunma [3] təhlükəsinə görə öz ölkəsinə qayıtmaqdan imtina edən Siracov Slovakiya hökumətindən digər 3 Quantanamo məhbusu ilə yanaşı siyasi sığınacaq almış və 2010-cu ilin yanvar ayından etibarən orada yaşamaqdadır.[4]
İstinadlar
- "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-06.
- "Quantanamoda saxlanılan azərbaycanlı azadlığa buraxılacaq". 2010-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-09-29.
Həmçinin bax
Linklər
- The Guantánamo Files: Website Extras (1) – The Qala-i-Janghi Massacre
- Three Neglected Ex-Guantánamo Prisoners in Slovakia Embark on a Hunger Strike
- Polad Siracovun rəsmi dosyesi