Plener
Plener (fr. plein air – açıq hava) — boyakarlıqda günəş işığı və atmosferin təsiri ilə əmələ gələn rəng dəyişikliklərinin tabloda verilməsini ifadə edən termin.
Plener boyakarlığı naturanı bilavasitə öyrənmək və onun real simasını daha tam əks etdirmək məqsədilə rəssamların emalatxanadan kənarda, açıq havada işləmələri ilə əlaqədar meydana gəlmişdir.
Renessans dövrü rəssamları gümüşü-boz rəng çalarlarından istifadə edərək tablolarında işıq-hava mühitini ustalıqla vermişlər. Ancaq plener prinsiplərinin geniş yayılması XIX əsrin 1-ci yarısına təsadüf edir. Plener prinsipləri XIX əsrin ortalarında Barbizon məktəbinə mənsub rəssamların, eləcə də K. Koronun, əsrin 2-ci yarısında isə impressionizm nümayəndələri K. Mone, K. Pissarro, O. Renuar və başqalarının yaradıcılığında əksini tapmışdır.
Rusiyada İlya Repin, Surikov, Levitan, Azərbaycanda isə Səttar Bəhlulzadə və başqaları bir sıra əsərlərini plenerdə yaratmışlar.