Pirəli bəy Baharlı
Pirəli bəy Baharlı (XV əsr – 1480) — Qaraqoyunlu əmiri. Əlişəkər bəy Baharlının oğlu.
Pirəli bəy Baharlı | |
---|---|
Pirəli bəy Əlişəkər bəy oğlu Baharlı | |
Doğum tarixi | XV əsr |
Vəfat tarixi | |
Vəfat səbəbi | qətlə yetirilmişdir |
Uşaqları | Canəli bəy və Əsəd bəy |
Atası | Əlişəkər bəy Baharlı |
Fəaliyyəti | XV əsr |
Fəaliyyət illəri | XV əsr |
Həyatı
Pirəli bəy Baharlı Qaraqoyunlu hökmdarı Cahanşahın əmiri olmuş, onun hərbi səfərlərində iştirak etmişdir. O, Cahanşahın ordusunda Ağqoyunlu Uzun Həsənə qarşı döyüşmüş, müxtəlif illərdə (1457; 1467) iki dəfə Uzun Həsənə əsir düşmüşdür.
Pirəli bəy Baharlı Qaraqoyunlu şahzadələri Həsənəli bəyin, Pirbudaq bəyin qiyamlarının yatırılmasında iştirak etmişdir. O, Cahanşahın öldürülməsindən sonra 1467 ildə Muş düzündə baş vermiş döyüşdə Uzun Həsənə əsir düşsə də azad ola bilmişdir.
Pirəli bəy Baharlı Cahanşahdan sonra onun kor edilmiş oğlu Yusif Mirzəni taxta çıxarmış, bir neçə döyüşə rəhbərlik etmişdir. Lur-i kuçek hakiminə qələbə çalmış, lakin Uzun Həsənin oğlu Uğurlu Məhəmməd tərəfindən məğlub edilmişdir. Qaraqoyunlu dövlətinin süqutundan sonra atası Əlişəkər bəy Baharlının başçılığı altında Pirəli bəy qardaşları, həmtayfaları ilə birlikdə Mavəraünnəhr hakimi Sultan Əbu Səidin yanına getmişdir. Sultan Əbu Səidin Uzun Həsənlə döyüşdə məğlubiyyətindən və öldürülməsindən sonra da Pirəli bəy qardaşları ilə teymurilərin yanında qalmış, Sultan Mahmud Mirzənin, Əbu Bəkr Mirzənin, Hüseyn Baykaranın müttəfiq olmuşdular. Xorasanda teymurilər arasındakı daxili çəkişmələrdən istifadə etmiş Pirəli bəy və qardaşları Baharlı tayfasının möhkəmlənməsinə çalışmışdılar. Uzun Həsən baharlıların qüvvətlənməsindən ehtiyat etdiyi üçün Xorasan hakimi Hüseyn Baykaradan Pirəli bəyin və onun qardaşlarının ona verilməsini tələb etmiş, lakin rədd cavabı almışdır. Uzun Həsənin vəfatından sonra Qaraqoyunlu dövlətini bərpa etmək istəmiş baharlılar Teymuri Əbubəkr Mirzə ilə birlikdə 1479 ildə Sistan və Bəm yolu ilə Ağqoyunluların hakimiyyəti altında olmuş Kirmanı tutmuşdular. Bu yürüşdə Pirəli bəyin bacısı Paşa bəyimin oğlu İbrahim bəy də iştirak etmişdir. Müttəfiqlər Farsı tutmaq istəsələr də Ağqoyunlu Sultan Yaqub tərəfindən məğlub edilmişdilər. Bu uğursuz döyüşdən sonra müttəfiqlər Cürcana hücum etmiş, nəticədə Pirəli bəy, qardaşı Bayram bəy, İbrahim bəy, Əbubəkr Mirzə ilə birlikdə Hüseyn Baykaraya əsir düşmüşlər. Hüseyn Baykara onun gözlərini çıxartmışdır.
Ailəsi
Pirəli bəy Qaraqoyunlu hökmdarı Qara İsgəndərin qızı ilə evlənmiş, Canəli bəy və Əsəd bəy adlı iki oğlu olmuşdur.
AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov Pirəli bəyin oğlu Canəli bəyin nəslindəndir.
Mənbə
- Orxan Zakiroğlu (Baharlı). Əlişəkər bəy Baharlı və onun nəslinin görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 11–17 iyul 2012-ci il
- Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(I kitab. Bakı, 2013)
- Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(Ensiklopedik məlumat kitabı) (II kitab. Bakı, 2013)
- Orxan Zakiroğlu (Baharlı). Əlişəkər bəy nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015
- Orxan Zakiroğlu (Baharlı). Xanlar xanı Bayram xan (sələfləri, xələfləri). Bakı, 2015
- Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy ocağı (sələfləri, xələfləri). Bakı, 2015
- Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy və onun nəslinin tanınmış övladları. "Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri" (Doqquzuncu buraxılış). Bakı, 2014
Həmçinin bax
- Baharlı oymağı
- Vəliyevlər
- Əlişəkər bəy Baharlı
- Məhəmməd bəy Baharlı
- Bayram xan Baharlı
- Əbdürrəhim xan Baharlı
- Bayramxan bəy Baharlı
- Mirzə Vəli bəy Baharlı
- Mirzə Haşım bəy Baharlı
- İbrahim bəy Baharlı
- Mirzə İsmayıl bəy İbrahim bəy oğlu Vəliyev (Baharlı)
- Cabbar bəy Vəlibəyov
- Zakir Məmmədov (Baharlı)
- I Baharlı kəndi
- Cabbar bəy Vəlibəyov adına I Baharlı kənd tam orta məktəbi
- Zəngilan rayonunun Baharlı kəndi