Perro kolonnadası
Perro kolonnadası (fr. Colonnade du Louvre) — Luvr sarayının ən şərqdə yerləşən fasadıdır. İnşası tamamlandığı dövrdən etibarən tikili fransız memarlıq klassisizminin mühüm şah əsəri kimi qiymətləndirilmişdir. Klassik barokko manerasında inşa edilmiş tikilidə Klod Perro tərəfindən əsərləri fransız dilinə tərcümə edilmiş Qədim Roma memarı Vitruvinin qaydalarına tam əməl edilmişdir. Memar Lui Levo və rəssam Şarl Lebren də Perronun ideyalarının reallaşdırılmasında iştirak etmişlər.
Perro kolonnadası | |
---|---|
fr. Colonnade du Louvre | |
48°51′36″ şm. e. 2°20′22″ ş. u. | |
Ölkə | Fransa |
Şəhər | Paris |
Aidiyyatı | Luvr muzeyi |
Memar | Klod Perro |
Sifarişçi | XIV Lüdovik |
Tikilmə tarixi | 1667–1670 |
Fransa tarixi abidələri | |
İstinad nöm. | PA00085992 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
XIV Lüdovikin hakimiyyəti dövründə Luvr sarayının şərq fasadının işlənməsi üçün müsabiqə elan edilir. Müsabiqədə bir çox tanınmış memarlar, o cümlədən, sırf bu layihə üçün İtaliyadan Parisə gəlmiş Covanni Lorenso Bernini iştirak edir. Buna baxmayaraq fransız memar Klod Perro qalib gəlir və inşaata başlayır. 1665-1680-ci illərdə həyata keçirilən inşaat işləri Perronun peşəkar memar kimi nüfuzunun artmasına səbəb olur. Luvr meydanına baxan dəqiq layihələndirilmiş kollonadanın inşası üçün ətrafda yerləşən çoxlu tarixi binalar, o cümlədən, Burbonlar ailəsinə məxsus məşhur Hotel-dü-Petit-Burbon sökülür.
1964-cü ildə Fransa Mədəniyyət Naziri Andre Malro Perro kolonnadası qarşısında quru xəndək qazılmasına göstəriş verir. Klassik fransız memarlığının xarakterik xüsusiyyətləri fasadın bütün erkən eskizlərində əksini tapmış, qazıntılar zamanı isə tikilinin kürsü hissəsi üzə çıxarılmışdır. Ehtimal ki, xəndək 1674-cü ildə inşaatın yüngülləşdirilməsi üçün doldurulmuş, XIV Lüdovikin fikrini Versal sarayı üzərində cəmləşdirməsindən sonra isə, onun bərpasına vəsait çatmamışdır. Lakin, 1981-ci ildə Jermen Bazin qeyd edir ki, xəndəyin bərpası səhv addım idi və estetik səbəblərə görə XIV Lüdovik heç vaxt onun bərpasına razılaşmazdı.[1]
Memarlıq xüsusiyyətləri
Barokko dövründə inşa edilməsinə baxmayaraq, binanın memarlığında çox az elementləri barokko memarlığına aid etmək olar. Perro barokko dövründə klassisizmin şah əsərlərindən birini yaratmağa müvəffəq olmuşdur. Fasadın beş hissəyə bölünməsi fransız klassiszmi üçün tipik xüsusiyyətlərdən biridir. Tikilinin sadə fasadlı birinci mərtəbəsi, sərt şəkildə Vitruvi planı üzrə modelləşdirilmiş qoşa korinf sütunları qarşısında seçilir. Yüksək podium üzərində yerləşdirilmiş qoşa sütunların kökü Bramantenin yaradıcılığına gedib çıxır.[2] Bu ritmik sütunlar zəfər tağını xatırladan frontonlu kolonnada formalaşdırır. İtalyan balüstradası fransız memarlığına yad olan düz damla tamamlanır və bu, Fransa memarlığında novator yanaşma hesab edilir.
Təsirləri
Yüzilliklər boyunca Perro kolonnadası Avropa və Amerikada bir çox tikililər üçün nümunə model rolunu oynamışdır:
- ABŞ Kapitolisinin (1792-1811) şərq və qərb tərəflərinin mərkəzi hissəsi[3], Vaşinqton
- Raçinski kitabxanası (1822–28), Poznan
- Metropoliten muzeyi (1874), Nyu-York
- Pensilvaniya stansiyası (1910), Nyu-York
- Hərbi Momerial Opera Teatrı (1932), San-Fransisko
İstinadlar
- Berger 1993, p. 63. Berger cites Whiteley & Braham 1969 and Bazin 1981.
- John Summerson (1963), The Classical Language of Architecture, London and New York: Thames & Hudson, pg 84.
- "William Thornton (1759–1828)". Library of Congress. 2012-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2019.
Ədəbiyyat
- Bazin, Germain (1981). "L'erreur du fossé du Louvre". Le Monde, 20 August 1981, p. 2.
- Berger, Robert W. (1993). The Palace of the Sun: The Louvre of Louis XIV. University Park: The Pennsylvania State University Press. ISBN 9780271008479.
- Whiteley, Mary; Braham, Allan (1969). "Les soubassements de l'aile orientale du Louvre". Revue de l'art, vol. 1, no. 4, pp. 30–43.