Pazırıq mədəniyyəti

Pazırıq mədəniyyətiDəmir dövrünə aid arxeoloji mədəniyyət.

Tarixi

Atlı adam
Pazırıq xalısı

Altay diyarında e.ə. V-III əsrlərdə dəmir dövrünə aid arxeoloji tapıntılar hesab edilən pazırıq kurqanları əsas etibarı ilə ağacı, dəri, parça, gön, xəz, metalı və insan və at cəsədlərini əhatə edən qiymətli eksponatlardır ki, alimlərin fikrincə bütün bu mədəniyyət nümunələri yalnız uzun minilliklər ərzində buz qatının altında qaldığına görə məhv olmamışdır. Böyük Ulaqan çayının sağ sahilində Pazırıq dərəsində yerləşən bu kurqanlar Balıqtuyul bölgəsində bir neçə kilometr şimala doğru uznaraq 5 əsas böyük kurqanı əhatə edir. Üstü xırda daş, çınqıl və mamırla örtülmüş bu kurqanlar özünün taxta sütunları ilə ziyarətçiıərinin diqqətini cəlb edir. Bu qiymətli və regionda bənzəri olmayan arxeoloji abidə özünü miladdan əvvələ gedib çıxan tarixi ilə tarixsevənləri təəccübləndirdiyi kimi də baxımsız və zaman-zaman coğrafi hadisələr və regionun olduca sərt təbiəti nəticəsində sıradan çıxmağı ilə onları məyus edir.

Pazırıq kurqanları ilk dəfə (Katandin kurqanı və Qazaxıstanda Berel şəhərində Pazırıq mədəniyyətinə aid olan məqbərədə yerləşən kurqan bura daxildir) 1865-ci ıldə öz « donuq » qəbirləri ilə açılmışdır. Elə həmin vaxt ilk dəfə olaraq buzda donaraq dövrümüzə gəlib çıxmış paltarlar da aşkarlanmışdır. Bu kurqandan tapılan tapıntılar içərisində ən qiymətli tapıntı hazırda Moskva dövlət Tarix muzeyində sərgiyə çıxarılmış Katandin qaftanıdır. Həmin muzeydə saxlanılan digər nadir əşya isə samur xəzindən və çin ipəyindən tikilmiş və formasına görə fraka bəzədiyindən elə frak da adlanan bir eksponatdır.

İlk Pazırıq kurqanı 1929-cu ildə akademik S.İ.Rudenko tərəfindən, digər dördü isə 1947-1949-cu illərdə akademik S.İ.Rudenko və M.P.Qryaznov tərəfindən aşkarlanmışdır. Altay Skif dövrünün nadir tapıntısı olan bu kurqanlara pazırıq adı eyni adlı coğrafi əraziyə müvafiq olaraq verilmişdir. Kəşf olunmuş ilk pazırıq kurqanı skif dövrünün abidəsi olaraq 52 kv. m ərazini əhatə edir. Hündürlüyü isə 4 metrdən ibarətdir. Daş örtüyün altında olan quyu ikiqat divar, döşəmə, tavan və altı enli sütündan ibarətdir. İçərisində xırda kameralar olan bu kurqanın arakəsmələri daxildən enli lövhələr, xaricdən isə arakəsmələri xırdalanmış kiçik daşlardan ibarət olan bəndlərdən ibarətdir. Kurqanın daxili isə 300 belə orta ölçülü sütunlardan ibarətdir. Bu sütunların diametri isə təqribən 47 metrə çatır. Hündürlüyü isə 2,2 metrdir. Alimlərin fikrincə tarix boyu bu kurqanlar işğalçılar tərəfindən talan olunmuş və qiymətli metal, bəzək əşyaları dövrümüzə gəlib çıxmamışdır. Mütəxəsislərin rəyincə bu kurqanlardan dövrümüzə gəlib çatan zaman-zaman məhv olmuş üzvi əşyalar-gön dəri məmulatları , yun, taxta, sümük və parçalardan ibarət məmulatlardır. Qeyri münasib coğrafi şərait bu kurqanlara öz mənfi təsirini göstərmişdir. Belə ki, Payızda bu kurqanların daxilinə dolan çirkab suları hopmağa vaxt tapmamış, qışda o vəziyyətdə də donmuş, yayda isə tam əriməyərək, yenidən payızda yağıntı suları bura əlavə olunmuş və nəticədə dözülməz şərait yaratmışdır.

Arxoloqları hazırda narahat edən əsas məsələ bu qədim mədəniyyətin əsas hissəsini təşkil edən maddi mədəiyyətdir. Belə ki, bu cür üzvi materiallardan təşkil olunmuş eksponatlar izsiz soraqsız itib batmaqdadır. Əbədi olaraq itirilmiş nümunələr içərisində insanın « II cildi adlanan » onun qeydlərini təşkil edən parça məmulatlarıdır. Buna görə də möcüzə nəticəsində məhv olmayaraq tapılmış bu kostuymlar arxeoloji tapıntılar içərisində ən qiymətlisi hesab olunur. Miladdan əvvəl IV-III minillik tarixə malik qədim mədəniyyətə xas Dağlıq Altay zonasında aşkarlanmış (ötən əsrin 20,30-cu illəri ərzində Uluqan rayonunun Pazırıq dərəsində tapılan kurqanların adı ilə adlanan bu mədəniyyət qalıqları bu coğrafi rayonun adı ilə eyniyyət təşkil edir) «donuq » qəbirlər silsiləsi bu cür mədəniyyət nümunələridir.

XX əsrin 60-cı illərində Dağlıq Altay zonasında Pazırıq, Başadar, Tuektin ərazilərində böyük «çar kurqanları» adlanan qazıntı geyim baxımından ən kasad mədəniyyət sayılsa da ən qiymətlisi hesab olunur. Bu geyimlərin böyük bir hissəsi ya elə öz dövürlərində təcvüzə məruz qalmış ya da arxeoloji qazıntılar aparılarkən zədələndiyinə görə müasir atributasiyaya yaralı deyildirlər. Lakin hər halda salamat qalmış eksponatlardan kifayət qədər araşdırılaraq belə qənaətə gəlmək olar ki, qədim pazırıq insanı (Altay vilayətinin şimal dağlıq hissəsi) heyvandarlıqla məşğul olmuşdur.

Nəhayət, 1990-1995-ci illərdə Ukok bəndində (Altay Respulikasının Koş-Aqaçsk rayonu) tarixdə ilk dəfə olaraq 130 illik araşdırmaların nəticəsində zadəgan Pazırıq nəslindən olan və əsirlərlə buz altında qalmış qiymətli kurqanlar aşkarlanmışdır.

Tədqiqatlar nəticəsində belə məlum olmuşdur ki, qədim Pazırıq insanları yalnız iribuynuzlu mal-qara, qoyun və keçi bəsləyən insanlar olmayıb həm də mahir əkinçilər olmuşdurlar. Arxeoloji qazıntılar nəticəsində əkinçilik mədəniyyətinə xas inventarların tapılması bunu söyləməyə əsas verir. Məqbərə içərisindən tapılmış ağac gövdəsindən oyulmuş taxta məmulataları da onların oturaq həyata keçmələrindən xəbər verir. Ukok dərəsində aşkarlanmış bütün arxeoloji tapıntılar bir daha sübut etmişdır ki, üç qədim mədəniyyət bölgəsi olan Mərkəzi Asiya, Altay-Sayan, Orta Asiya mədəniyyətlərinin qovşağında yerləşən qədim Pazırıq insanı bu üç mühüm avroasiya etnogenezi mərkəzindən çox səmərəli şəkildə yararlanmışdır. Ancaq özləri də yeni mədəniyyətin formalaşmasında iştirak etmişdilər. Son arxeoloji qazıntılar həm də onu sübut etmişdir ki, qədim Pazırıq mədəniyyəti arealının episentri hazırda sərhədləri Qazaxıstan, Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonu, Rusiyanın Tuva rayonu və Monqolustanın qərbini əhatə edən coğrafi periferiya zonası hesab edilən Altay bölgəsidir. Müasir antropoloji bərpa işlərinin nəticəsindən sonra belə məlum olmuşdur ki, qədim Pazırıq insanı hündür boylu, enli boğazlı, iri alınlı, çox enli olmayan amma iti burunlu və enli kürək olmuşdular. Özündə müxtəlif etnik əlamətləri birləşdirən qədim Pazırıq adamı Asiyalı avropoid irqinə məxsusdur. Kişilər çiyinlərinə tökülən saç, qadınlar isə enli uzun hörüklərə malik idilər. Arxeoloji qazıntılar nəticəsində tapılmış Ukok şahzadəsinin tapıntısı onu deməyə əsas verir ki, Pazırıq qadını pariklərdən və kosmetik vasitələrdən istifadə etmişdir.

Dağlıq Altay ərazisinin kurqanları iri daş töküntüləridən ibarət olub, onların altında, dərin çöçəklikdə doğranmış ağac tirlərdən ibarət ikiqat qəbir kamerası tikilidir. Kameranın içərisi ( birincisi ) geniş olub, heç də böyüklüyü etbarilə yaşayış evindən geri qalmırdı. İkinci kamera nisbətən kiçik olurdu. Bu kameralar arasında xüsusi boşluq vardır. Kurqanların arasında daimi soyuqluq sahəsi yaradılmış və nəticədə kurqan altında əmələ gələn nəmişlik donur, bunun nəticəsində isə oraya qoyulmuş əşyalar başqa yerdəkilərinə nisbətən daha yaxşı qalırdı. Məhz bunun nəticəsidir ki, kurqan altı kameralarda bütün ağac qurğuları, qiymətli parçalar xalılar, yundan, tükdən və dəridən düzəldilmiş mallar, balzamlanaraq ( mumiyalanaraq ) qəbirə qoyulmuş meyit və s. olduğu kimi qalmışdır.

Məlum olmuşdur ki, bu əhali (Pazırıq kurqanlarının sahibləri) yüksək ictimai və iqtisadi inkişafa malik maldarlardan ibarət olmuş və öz mədəniyətləri, həmşinin ictimai inkişaf səviyyəsi etibari ilə qonşu sak tayfalarına daha yaxın olmuşlar.

Dağlıq Altay kuqanlarından zəngin cəvahirat, o cümlədən yad ölkələrdən gətirilmiş cah-calal qalıqları aşkar edilmişdir. Misal üçün, bu kurqanlardan Əhəməni dövrünə aid üzərində kahin təsvir edilmiş iran parçası, Hindistan sahillərindən gətirilmiş və bəbir dərisindən hazırlanmış əşyalar, bitki toxumu, balıqqulağı və s. aşkar edilmişdir.Kurqanların dəbdəbəli düzəldilməsi və onların iri ölçülü olması, həm də zənginliyi burda basdırılmış adamın mövqeyini müəyyən etməyə imkan verir. Çox güman ki, Pazırıq vadisində əsasən tayfa ittifaqlarının başçıları dəfn edilmişdir.Bu baxımdan ikinci Pazırıq kurqanı olduca maraqlıdır. Burada dəfn olunmuş adamın uzun, həm də qara boya ilə rənglənmiş saçları vardır. Onun bədəni zəngin təsvirlərlə tatuirovka edilmişdir. Onu döş hissəsinə bədəni heyvan, başı isə quş olan fantastik təsvir çəkilmişdir. Sağ əlində fantastik, qanadlı heyvan, dağ keçisi, sifətinin sonu quş dimdiyinə oxşadılmış maral, iri dişli yırtıcı və nəhayət yalı qırxılmış maral şəkli döyülmüşdür. Sibir-skif dünyasının başqa mədəniyyətlərlə əlaqəsini öyrənmək üçün Pazırıq kurqanlarında aşkar edilmiş incəsənət materiallarının böyük əhəmiyyəti vardır. Bu materiallar içərisində heyvan və quş təsvirləri mərkəzi yer tutur.

Dağlıq Altay kurqanlarının birində dörd təkərli araba tapılmışdır. Güman edirlər ki, belə arabalarda meyid aparmışlar.

Qədim Akalakın və Pazırıq kurqanları tapıntılarına görə demək olar ki, həm kişilər həm qadınların bədənləri dünyanın üç qat quruluşa malik olması haqqında rəsmlər, balıq və digər heyvanların əksi, Yer kürəsi, yırtıcını məhv etmək səhnələri, dırnaqlı heyvana hücum sujetləri, qartal, əl və barmaq təsvirləri olan döymələrlə örtülmüşdür.

Taxta sakrofaqdan olan mumlaşdırılmış qadın və kişi cəsədləri yalnız kurqanın dibində olduğundan və daim buzlaq altında qaldığına görə dövrümüzə gəlib çatmışdır. Mütəxəsislərin rəyincə bu kişi məşhur hərbçi həm də qəbilə başçısı. Qadın isə çox güman ki, onun həyat yoldaşı olmuşdur. Onların hər ikisinin kəllələrində beynlərini çıxarmaq üçün olan iri deşiklər aydın görünür. Onların bütün daxili orqanları və əzələləri də çıxarılmış və dərilərinin içi bərk sıxılmış quru otlarla doldurulmuşdur. Bu cəsədlərin sonda hamar at tükü ilə tikilməsi bu tapıntıların dövrümüzə gəlib çıxmasını şərtləndirən əsas amillərdəndir. Bu sakrofaqlardan cəngavərin işlətdiyi hərbi əşyalar, alçaq boylu monqol atlarının qalıqları da tapılmışdır.

Kurqanların birinin içərisindən isə ümumi sayı 10 olan və ağızlarına böyük məharətlə maska tikilmiş 4 at qalıqları diqqəti cəlb edir. Sonuncu V Pazırıq kurqanında isə arxeoloqlar çox yaxşı vəziyyətdə dövrümüzə qədər gəlib çımış fars xalçası aşkarlamışdır. Qonşu kurqanda isə yerli istehsal olduğu güman olunan və üzərində at belində atlı təsvir ounmuş nəfis xalça da tapılmışdır. Bütün bu məmulatlar onu bir daha sübut edir ki, mədəniyyətinin yüksək zirvəyə çatdığı skif dövlətinə xas pazırıq adamının nəyinki yaxın Çin dövləti hətta uzaq Persiya və başqa dövlətlərlə ticari əlaqələri olmuşdur. Təxminən hər bir kurqanın içərisindən bir zamanlar Fars körfəzi üçün xarakterik edilən müxtəlif ədviyyat otlarının və balıqqulağından ibarət bəzək, zinət əşyalarının tapılması ticari münasibətlərdə sıx əlaqə olduğunu göstərir.

Pazırıq kurqanında ən dəyərli hesab edilən və salamat aşkarlanan bəzi eksponatlar hal-hazırda Sankt-Peterburqun Ermitaj muzeyində skif-sarmat mədəniyyəti nümunələri nümayiş olunan 7 əsas zalda təqdim olunur. Bu zallarda qonşu bölgələrdən olan ümumsibir mədəniyyəti abidələrindən hesb edilən Şimali Priçernomoriya, Minusin və digər mədəniyyət nümunələri də nümayiş olunur. Bütün bu qonşu bölgələrin vahid mənəvi yaradıcı xüsüsiyyətləri onların eyni mənşəli milliyyətə mənsub olmalarından xəbər verir. Eyni mənşəli və eyni dövrə mənsub tapıntılar Biysk və Dağlıq Altayın diyarşünaslıq muzeyində böyük əksəriyyət təşkil edir.

Alimlər böyük təəssüf hissi ilə qeyd edirlər ki, qışda temperaturun çox aşağı olduğu bu bölgələrdə yıtıcı heyvanlardan olan canavar, tülkü və s. sığınacaq mənbəyi kimi kurqanlarda daldalanmış, bəzi üzvi məmulatları zədələmiş, insanlar isə taxta sütunlardan yanacaq mənbəyi kimi istifadə edərək, bənzəri olmayan və gələcəkdə unikal eksponat hesab olunacaq bir çox tapıntıları əbədi olaraq məhv etmişlər.

Bu yaxınlarda isə Skif kurqanlarının daha maraqlı bir cəhəti aşkar olunmuşdur. Belə ki, Pazırıq əyalətində yaşayan Altaylılar mənəvi rahatlıq tapmaq üçün buranı ziyarət etdikdən sonra mənən saflaşdıqlarını, ibadət etmiş olduqlarını güman edirdilər. Altaylıların çoxusu belə hesab edir ki, ibadəti pıçıltı və heç bir səs eşidilmədən etmək lazımdır. Belə ki, əcdadların ruhu narahat ola və oyana bilərdi.

Pazırıq özü coğrafi mövqe baxımından dəniz səviyyəsindən 1600 m hündürlükdə yerləşir. Ənənəvi kurqanlara Sırdərya mərkəzi Qazaxıstan boyunca eləcə də Tyan-Şan və Altay yüksəkliklərində, Minosin aşırımında rast gəlmək mümkündür. Arxeoloqların fikrincə bütün bu abidələr vahid bir mədəniyyətin izləridir.

Eyni coğrafi məkanda yerləşən Pazırıq, Tuektin, Başadarsk abidələrinin içərisində nəyə görə Pazırıq abidələri daha üstün hesab edilir? Digər iki abidəyə nisbətən Pazırıq daha şimalda yerləşdiyindən, öncə qeyd olunduğu kimi bura daxil olan çirkab axıntı suları vaxtaşırı donaraq buzlar yaratmış və beləliklə də maddi irsi qoruyub saxlamağa müvəffəq olmuşdur. Nə qədər maraqlı olsa da burada araşdırma apararkən arxeoloqların əsas « silahı » bel və digər qazma alətləri deyil, əksinə qaynar sularla dolu vedrələr olmuşdur. Digər qonşu iki abidəyə gəlincə isə burada daim suyun altında qalan maddi mədəniyyət nümunələri elmə çox cuzi töhfə verərək zaman-zaman məhv olub itmişlər.

Əbədi buzlaq məskəni olan Pazırıq ətrafı kəndlərdə silsilə təşkil edən kurqanların hər birinin içində qəbirlərin cəsur üzvləri və onları döyüş meydanında müşayət edən hazırkı Axaltekin atlarını xatırladan atları olduğu kimi saxlamağa müvəffəq olmuşdur.

Müasir Ermitaj muzeyində Pazırıqdan gətirilmiş saysız eksponatlar içərisində misli bərabəri olmayan gözəl bir xalça xüsusi yer tutur. Hündürlüyü muzeyin döşəməsindən tavanına qədər uzanan bu gözəl xalçanın üzərində gözəl bir ilhənin qarşısında oturmuş məşhur bir atlı təsvir olunub. Xalça al-əlvan rənglərdən toxunulmuş və gözəl aplikasiyalarla bəzədilmişdir. Mütəxəssisllərin fikrincə bu personajlar bu gün bizim dövrümüzə gəlib çıxmamış, qədim Pazırıq eposunun əsas qəhrəmanlarıdır.

Ağac oduncağından yonulmuş təxminən 12 sm hündürlüyündə maral fiquru da diqqəti gəlb edir. Maralın buynuzları çox nəfis şəkildə hazılanmışdır. Alimlərin fikrincə Pazırıq adamının bu fiquru işləyib hazırlamaq üçün mükəmməl əmək alətləri olmuşdur. Maral, Qrifon və s. kimi heyvanların başını xatırladan maskalar da diqqətdən yayınmır.İnsanlar bu maskaları dini ayinləri həyata keçirmək üçün istifadə etmişdilər. Taxta, dəri, keçədən hazırlanmış gözəl bayram və maskarat paltarları da əsl sənət nümunələridir. Burada əsas diqqəti çəkən məsələ kostyumların üzərinə dəri, at tükü, qiymətli hevan buynuzları, quş lələkləri vurulan oplikasiyalardır.

Üzərində sığına hücum edən vəhşi pələng təsvir olunmuş və olduqca əlvan rənglərdən işlənmiş at yəhərinin malik olduğu dərin kompazisiya çalarları bunu hazırlayan Pazırıq adamının böyük yaradıcı drammatik hisslərə malik olduğundan xəbər verir.

Nəfis keçədən qu-quşu fiqurları da nəcib və incə bir sənətin məhsuludur. Belə hesab edilir ki, qədim pazırıq adamı vəhşi ibtidai insan olmayıb, əksinə dövrünün mahir hekəltəraşı, rəssamı, toxucusu, xəttatı olmuşdur.

Təxminən 3000 il və daha artıq illər bundan əvvəl vəfat etmiş qadın və kişi cəsədləri üzərindəki nəcib naxışlı döymələr nümunələri hər bir mütəxəssisdə böyük maraq yaradır. Bir çox alimlərin fikrincə isə Pazırıq mədəniyyəti qədim Skif mədəniyyətinin bir tərkib hissəsi olaraq qədim dünyanın dekorativ mədəniyyətinin ən parlaq nümunələridir.

Görkəmli akademik S.İ.Rudenko 1947-ci ildə e.ə. V-VI minilliklərə gedib çıxan II Pazırıq kurqanını açdı. Əvvəlki kurqandan fərqli olaraq burada saysız hesabsız bəzək nümunələri, kişi və qadın baş örtükləri tapılmışdır. Təəssüf ki, bu sənət numunələri özündə qiymətli metal və pulları ihtila etdiyindən müharibələr zamanı hərbi qənimət kimi talan olunarkən zədələnərək papaqlar yarasız hala salınmışdır. Təbiidir ki, əsrlərlə buzlaq altında qalmış bu maddi materiallar da çürümüş və məhv olmuşdur. Bu maddi mədəniyyət nümunələrini təmamilə restavrasiya etmək müşkül məsələdir.

Üç il ərzində aparılmış arxoloji qazıntılar təxminən 1950-ci ildə yekunlaşmış və əşyaların üzərində uzun illər təmir, bərpa işləri aparılmış və nəhayət işlər 2002-ci ildə bitrək, əşyalar muzey üçün tam yararlı hala salınır. Mütəxəssislər təmir, bərpa işlərini müvafiq eskiz və dublikalara əsasən aparılmışdır. Restavrasiya zamanı alternativ saplar və müvafiq rəng və boyalardan istifadə olunurdu. Görkəmli tarixçi alim N.V.Posmak təmir, bərpa işçi qrupuna rəhbərlik etmişdir. Orijinal kişi və qadın papaqları üzərində aparılan bərpa işləri ağır zəhmət tələb etmişdir və bu işin öhdəsindən muzeyin elmi-texniki ekspertiza şöbəsinin müdüri S.A.Çexova kimi mütəxəssislər böyük məharətlə gəlmişlər.

Alinlər xüsusi ilə bir ənənəvi cəngavər papağını hazırlamağa müvəffəq olmuşlar ki, onun da atı xatırladan ümumi hündürlüyü 102 sm, keçəsinin qalınlığı 4–5 mm , qəhvəyi rəngli, ucu şiş, dairəsinin uzunluğu 46 sm olmuşdur. Mütəxəssislərin fikrincə orijinalın rəngi qırmızı çalarla zəngin olmuşdur. Onun zaman keçdikcə qəhvəyi rəng almasının elmi izahını, elmi-texniki ekspertiziya şöbəsinin müdüri L.S.Qavrilenko belə izah edir ki, restavrasiya zamanı nazik cisimli xromotoqrafiya metodlarından olumuşdur ki, bu da mikroskopik və mikroximik analizləri əhatə edir. Habelə, mənşəyi nadir palıd ağacından götürülmüş kermes turşusu da istifadə olunmaqla qırmızı rəng ilkin əhəmiyyətini itirir və zaman-zaman qəhvəyi rəngə çevrilir. Eləcə də kermes turşusu antraximon sinfindən olan heyvan mənşəli üzvi maddə olduğundan arxeoloji bərpa,təmir işlərində çox geniş istifadə olunur və digər üzvi maddələrlə təmasa girdikdən sonra yalnız qəhvəyi rəng olur. Qismən kiçik papaq nümunələri isə (84 sm) Ukok dərəsindəki Ak-Alak məqbərəsi yaxılığındakı kurqandan tapılmışdır. Ümumiyyətlə Ak-Alak mədəniyyətlərini birləşdirən bir sira ümumi cəhətlər vardır ki, bunlar da qadına məxsus bəzək, zinət əşyaları, həmin adı çəkilmiş papaqlardır. Hündürlüyünə görə üçüncü yeri tutan papaq (60 sm) Subaşı vilayətindəki kurqandan tapılmışdır.

V.D.Kubarev düşünür ki, ümumiyyətlə Şərqi Altay kuqanları bələ hündür papaqlar toxumağı xoşlamış və ona xüsusi əhəmiyyət vermişdilər. Daha hündürlərini qəbilənin adlı sanlı nümayəndələri taxmış, adi üzvləri isə ümumi hündürlüyü 50 sm-dən az olmayan papaqlardan istifadə etmişlər. Bu papaqların şax durmasını təmin edən əsas şərt, onların toxunması zamanı 2,3 və daha artıq perpendikulyar çubuqların karkas şəklində papağın astarına daxil edilməsi olmuşdur.

Analoji baş örtüklərindən qəbilə qadınları da istifadə etmişlər. Qadın baş geyimləri daha bəzəkli və rəngli vasitələrdən toxunmuşdur. Kənarda konusu xatırladan bu baş geyimi qızlara ilk dəfə ailə qurarkən bağışlanılır və həmin bu papaqla da vəfat etmiş qadıları basdırırdılar. Müasir qazaxların həmin bu baş örtüyünü xatırladan « saukele » adlı baş örtüyü mövcuddur. Üzərinə adətən muncuq, borxat, biser düzülmüş bu baş geyimi hündürlüyü 70 sm-ə çatan konusvari karkasdan ibarətdir. Bu baş geyimi gündəlik olaraq istifadə olunmayıb, toy və şənliklərdə geyinilirdi. Gəlinin saçlarını iki paralel hörük hörür və toy günü başına saukele ilə taxılır. Saukele irsi olub, anadan qızına hədiyyə olunurdu. Mütəxəssislərin rəyincə bu ənənə XIX əsrin əvvəlindən məişətdən yavaş-yavaş silinmişdir. Qədim pazırıqda skif dövrü baş örtüklərinə aşağıdakıları göstərmək olar.

  • 1 - Ak-Alakdan tapılmış qadın keçə papağı-1 saylı kurqan.
  • 2 - Bərpa olunmuş qadın papaq-pariki. ( Ak-Alak-1 saylı kurqan )
  • 3 - Qızıl suyuna salınmış və tarixçi M.P.Qryaznovun rəhbərliyi altında bərpa olunmuş « ağac altında atlı ilə qadın » fiquru.
  • 4 - M.P.Qryazovun rəhbərliyi altında bərpa olunmuş qadın baş geyimi, Pazırıq 5 saylı kurqan.
  • 5 - Persopol relyefli sak döyüşçüsü
  • 6 – Sakların hərbi sərkərdəsi – Skunxa

Bütün yuxarıdakılara nəzər saldıqdan sonra bu nəticəyə gəlmək olar ki, əldə olunmuş baş geyimləri yalnız qadınlara məxsus örtüklərdir. Lakin qaynaqlar onu deməyə əsas verir ki, adətən Orta Asiya sakları və Avropa skifləri içərisində bu cür hündür, ucu şiş baş geyimlərini, yalnız kişilər istifadə ediblər. Pazırıq kurqanlarından arxeoloji tapıntı kimi muzeylərdə təqdim olunan bu eksponatların ziddinə daha bir neçə misal gətirmək olar. Məsələn, Behistun qayaları üzərində, dağlıq Persopol ərazisində (3 və 5 saylı illüstrasiyalar) təsvir olunmuşdur. Qayaüstü rəsmlərin qədim sak mənşəli olduğu sübuta yetirilib. Bu təsvirlərə saklar, başlarında, onların başının arxasını və boynunu təmamilə örtən hündürlüyü isə təxminən 70 sm-ə çatan hündür, ucuşiş, konusa bənzər papaqlarda təsvir olunur.Bu qayaların birinin üzərində yazılır. Bu sak Skunxadır. Yeri gəlmişkən qeyd edək ki, bu papaq növünün görünüşü Rusiyada vətəndaş müharibəsi zamanı məşhur « budyonovka » papak növünü xatırladır. Öz növbəsində Herodot da öz «Tarix» ində bu barədə açıq deyir ki, « saklarskiflər başlarında ucu iynə kimi şiş, çox hündür papaq gəzdirirlər » (Heredot VII kitab səh.64). Bu faktı sübuta yetirən digər bir mənbə, fars mixi yazıları haqqında qaynaqlardır. Bu mənbələrin birində qeyd olunur ki, sak ailəsi qrupunu hətta sak – tiqraxanda deyə adlandırıblar ki, bu da tərcümədə başında ucu şiş papaq gəzdirən saklar deməkdir.

1969-1970 – ci illərdə Qazaxıstan ərazisində İssık kurqanında yenə bu tapıntıları xatırladan daha bir arxeoloji tapıntı tapılmışdır. Bu papaq da mütəxəssislərə görə sak – tiqraxanda mənsub olmuş zadəgana məxsus olmuşdur. Bu papaq ənənəvi papaqlardan bir qədər qısadır ( 60-65 sm ). Və yeganə fərqi ondan ibarətdir ki, onun ətəyində hər iki tərəfdən qulaq ölçüsündə çıxıntılar vardır. Bu papaq növü – kulax ənənəvi pazırıq papaqlarından baş ətrafı hissəsində dairəvi qızıl lövhələrlə bəzədilməsi ilə də fərqlənir. Ümumiyyətlə, bu bir tarixi fakdır ki, qədim sak, skiflər adları, ölçüləri fərqli olsa da təxminən eyni formalı, konusvari və keçədən olan papaqlardan istifadə etmişlər.

Ümumiyyətlə, şərqli kişilərin belə papaqlardan istifadə etməyi yenilik deyildir.Məsələn, hələ bürünc dövrünə aid tapıntılar olan e.ə. XI-IX əsrlərə aid, hündürlüyü 74,5 sm olan və hazırda Berlin muzeyində saxlanılan və təmamilə qızıla bəzədilmiş papaq bu qəbildən olan ən parlaq nümunədir.

Mütəxəssislər bu papaqları və onlardan istifadə edən kişi və qadınları müxtəlif əsaslarla izah edirlər. Məsələn qədim skif və saklar içində yalnız hərbi sərkərdələr belə hündülükdə papaqlar taxırdılar. Bu da onların qeyrət simvolu hesab olunurdu. Uzaq Sibir və Orta Asiya qadınlarına gəlincə isə onlarda bu qeyrət simvolu deyil, təmizlik və bakirəlik simvolu daşımışdır. Belə ki, subay qızlar belə papaqlardan istifadə etmirdilər. Bu cür papaqlar qızlara toy günü taxılır və onu ömürlərinin axırlarına qədər saxlayırdılar.

İçi samanla doldurulmuş və V Pazırıq kurqanından tapılmış qadın cəsədini başında maraqlı bir papaq vardı. Papaq digərlərindən o cəhəti ilə fərqlənir ki, o, çox nazik taxtadan düzəldilmiş, hündürlüyü 6,8 sm-dir. Bu papağı qadının öz saçından hörülmüş iki hörük sağ və sol tərəfdən. Arxa tərəfdən isə at saçından hörülmüş süni saç əlavə olunmuşdur. Tarixçi Rudenkonun fikrincə, bənzəri olmayan bu papaq numunəsində hər bir hörüyün uzunluğu yarım metrdir.

Ak-Alak kurqanında tapılan digər bir qadın pariki də maraq kəsb edir. Mütəxəssislərin fikrincə bu parik yalnız keçəl başa qoyulmalı idi. Böyük həcmli bu parikin əsası keçədir. Ətrafında çox sıx şəkildə at saçları yapışdırılmışdır və bu saçlar yuxarı doğru daranaraq orada gül dəstəsi şəklində sıxılır və aşağıya doğru buraxılırdı.

Altay bölgəsində tarixçilər, Kubarev, Rolosmak və s. kimi alimlərin gəldiyi qənaət budur ki, Altay qadınları saçlarını əvvəlcə yuxarıdan yığır, sonra ondan daha artıq hörük hörmək vərdişlərinə malik idi. Bu cür saç düzümünə yalnız ucu şiş papaqlar yaraya bilərdi.

II Pazırıq kurqanlarının açılması ilə elmə yeni faktlar daxil oldu. Belə ki, papaq, Pazərəq qadınının müqəddəslik atributudur. Bu onun həyatda yeni status alması ilə bərabər verilirdi.

Ayrı coğrafi rayonlarda və təxminən eyni mərhələni əhatə etdiyindən Minusin çöçəkliyində tapılan arxeoloji tapıntılar bəzi hallarda Pazırıq kurqanındakı tapıntılarla səsləşir. Minusin ərazisi sözun əsl mənasında tarixi zəngin bir diyardır. Bu torpaqlarda paliolit dövrüü insanın izləri vardır. Bu ərazidə yaşayan müxtəlif tayfalar – afanasilər, okunevlər, andronovlar, karasukslar, taqarlar, taştuklar və s. kimi icmaların hər birini özünə məxsus mədəniyyəti olmuşdur. Bu icmaların mədəniyyətləri e.ə. III minillikdən başlayaraq bizim eranın I minilliyinə kimi olan bir tarixi mərhələni əhatə edir. Təqribən 300 ildir k, dünya tarixçiləri burada (Minusində) aşkarlamış yeraltı suvarma sistemləri, qala qalıqları, qaya və daş üstü rəsmlər, qaya və daş üstü oymalar və s. kimi məsələləri açıqlamağa cəhd göstəriblər.

Məhz Pazırıq kurqanlarında tapılan insan cəsədlərinin üzərində olduğu kimi , hazırda Sibirdə Abakan yaxınlığında yerləşən ərazidəki tapıntılar içində də üzərində heyvan və onların bəzi əlmətləri, üç gözlü mifik heyvanlar və s. döymələrinin təsvir olunduğu insan cəsədləri vardır. Qayaüstü rəsmlərdən belə məlum olur ki, qədim Minusin adamı başına hündür papaqlar qoyurdu. Minusin adamının xarakterik xüsusiyyətləri ondan ibarətdir ki, burada insan şifahi xalq ədəbiyyatında Şirin baba adlandırılan insan, Şərq qüvvə qismində olan, yırtıcı heyvana qələbə qazanan ilahi bir qüvvə kimi təqdim olunur.

Minusinlilər də pazırıqlılar kimi hevandarlıq, ovçuluq, balıqçılıqla məşğul olmuş, dəmirçilik, dəmirtökmə, mis və bürüncdən soyuq silahlar hazırlamaqla məharət qazanmışlar.

Rusiya tarixşünaslığında görkəmli Minusinşünas A.P.Okladnikov hesab olunur. Məşhur Sovet arxeoloqu M.P.Qryaznov qeyd edir ki, Orta Yenisey boyunca elə bir olmaz ki, ora kurqansız olsun. Abakandan Xakasiyanın şimalına doğru hərəkət etdikcə yolun sağında və solunda o qədər kurqan vardır ki, insan onların sayını itirir. Ən böyük kurqanlar isə taqarların dövründə əsası qoyulmuş taqar kurqanlarıdır. Bütün Cənubi Sibir ərazisinin ən böyük kurqanı 11-metrlik hündürlüyə malik, tarixi III əsrə gedib çıxan Böyük salbık məhz Xakasiyadadır.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.