Siqaret

Siqaret (fr. cigarette – kiçik siqar) — içərisində xırdalanmış tütün olan kağız silindr. Siqaretlərin əksəriyyəti eyni ölçüdə — uzunluğu 84 mm, diametri 7–8 mm olmaqla hazırlanır və ziyanverici qatranı tutmaq üçün xüsusi filtrə malik olur. Hər biri 20 ədəd olmaqla kiçik qutularda buraxılır. 10–25 və s. sayda xüsusi siqaretlər qutusu da ola bilər.

Külqabıda siqaret
Bir qutu siqaret

Siqaret kağızının əksəriyyəti kətandan hazırlanır. Onun tərkibinin 20–30%-ni ağardıcı effekt verən kalsium-karbonat təşkil edir.

Tarixi

İlk dəfə siqaretin oxşarı Amerika hinduları tərəfindən düzəldilib. Siqaret Avropada Krım müharibəsindən (1853–1856) sonra yayılmağa başlayıb. Türk və rus əsgərləri siqareti barıtın kağız gilizinə büküb çəkirdilər. Daha sonra bu adət ingilis və fransız əsgərləri arasında yayıldı. Avropada ilk siqaret fabriki Londonda inşa olunub.

1880-ci illərdə ABŞ-də siqaret istehsalı üçün nəzərdə tutulan ilk cihazlar yaradıldı. Siqaretlerin istehsalında yeni növ tütünlərdən (məsələn, "Ağ Berli") istifadə olunurdu. Bu siqaretlər filtirsiz istehsal olunub və papirosu xatırladıb.

İlk dəfə asbest filtirli siqaretlər tanınmış "Kent" markası tərəfindən İngiltərədə istehsal olunub. Daha sonra təkmilləşərək müasir filtir növləri yaradılıb. Yeni filtirlərə mentol da əlavə edilərək mentollu siqaretlərin istehsalına başlanılıb.

1847-ci ildə əllə bükülmüş türk siqaretlərinin satışı ilə məşğul olan məşhur Philip Morris şirkətinin əsası qoyuldu. 1902-ci ildə Nyu-Yorkda nümayəndəliyini yaratdıqdan sonra marketinqlə məşğul olmuş və Marlboro siqaretlərinin istehsalına başlamışdı. Siqaretlər əksəriyyət tərəfindən istifadə olunmağa başlanılır və 1913-cü ildə R. J. Reynolds şirkəti "Camel" siqaretlərinin istehsalına başlayır.

1920-ci ildən başlayaraq təkcə kişilər deyil, qadınlar da siqaret çəkməyə başladılar. 1939-cu ildə American Tobacco Company yeni marka — Pall Mall siqaretləri buraxır (bundan sonra ABŞ-nin ən böyük tütün şirkətinə çevrilir). Reynolds Winston filtirli yeni marka siqaretlərinin istehsalına başlayır.

1940–1950-ci illər siqaret təsərrüfatının "qızıl" illəri hesab olunur.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.