Panamerikanizm
Panamerikanizm – Amerika dövlətləri arasında müxtəlif sahələrdə əməkdaşlıq, Yeni dünya ölkələrinin iqtisadi, mədəni, dinc və sülh şəraitində inkişafı məqsədini güdən ortaq bir tarixi bağlantı ideyasını təbliğ edən siyasi inteqrasiya hərəkatı[1].
Panamerikanizmin əsasının qoyulması
Panamerikanizmin yaradılmasında və təbliğində ilk sənədləşdirilmiş addımlar XIX əsrin 20-ci illərində həyata keçirilmişdir. 1823-cü il dekabrın 2-də ABŞ Prezidenti Ceyms Monro Konqresə etdiyi illik müraciətində "Monro Doktrinası" (ing. Monroe Doctrines) - "Amerika Amerikalılar üçündür"(ing. America for Americans) şüarına əsaslanan xarici siyasət prinsiplərinin bəyannaməsini elan etdi. Lakin X. Martinin fikrincə əslində bu şüar "Amerika Şimali Amerikalılar üçündü" kimi başa düşülməlidir. Üstəlik, Monronun müraciətində Avropa monipolistlərinə xəbərdarlıq edilirdi ki, keçmiş Amerika müstəmləkələrinin işlərinə qarışmaq cəhdləriv və yaxud hər hansı bir müdaxilə ABŞ-nin həyati mənafelərinin pozulması kimi qiymətləndiriləcəkdir. Yəni bu dünyanı Avropa idarəetmə sisteminə və ABŞ idarəetmə sisteminə bölmək prinsipi demək idi. Avropalılara özünəməxsus cavab S. Bolivarın təklifi ilə 1826-cı il iyunun 22-dən iyulun 15-dək Latın Amerikasının yenid dövlətlərinin "Panama Konqresi"nin keçirilməsi oldu. Onun keçirilməsində əsas məqsəd Amerika respublikalarının vahid liqasını yaratmaq cəhdi güdülürdü. Keçmiş müstəmləkəçi İspaniyaya qarşı ümumi siyasət hazırlamaq qarşılıqlı müdafiə və ümumrespublika parlament məclisi haqqında saziş hazırlamaqda konqresin planlarına daxil idi. O vaxtdan bəri, bu iki cərəyan paralel olaraq müxtəlif uğurlarla inkişaf etmişdir [2]. Eyni zamanda, ABŞ Panamerikanizm ideyası ətrafında öz maraqları üçün fəal şəkildə spekulyasiya edirdi. Belə ki, 1840-cı illərdə "Monro doktrinası" və ümumqitə həmrəyliyinə çağırışlar 1846-48-ci illər müharibəsi nəticəsində Meksika ərazisinin yarısından çoxunu onun əlindən alaraq ABŞ-yə qatmaq üçün bəhanə rolunu oynadı (Texas, Kaliforniya, Arizona, Nevada, Yuta, Nyu Meksiko, Kolorado, Vayominqin bir hissəsi) [3].
Sonrakı illər isə bir sıra Amerika ölkələri arasındakı hərbi qarşıdurmalarla yadda qaldı. Lakin Panamerikanizm ideyası bir sıra Amerika olkələri konfranslarında aktuallığını qorudu, məsələn: Lima (1847), Santyaqo (1856), Lima (1864). Bu görüşlərin əsas mövzusu həmişə ümumi təhlükəsizliyi qorumaq olmuşdur.
Müasir mərhələ
1889-cu il oktyabrın 2-dən 1890-cı il aprelin 19-dək Vaşinqtonda Panamerikan Konfransı keçirildi. Bu konfrans demək olar ki, bütün Amerika dövlətlərinin sözün həqiqi mənasında ilk dəfə bir yerə toplaşması olmuşdur. Yeganə istisna Paraqvay və Haitinin yoxluğu idi. Burada qonşuluq siyasəti, ümimi tədbirlər görülməsi, daimi arbitraj məhkəməsinin, gömrük ittifaqının yaradılması, ümumi ölçü və çəki sisteminin tətbiqi və pul vahidləri və s. müzakirə olunmuşdur. Ancaq yeganə əməli nəticə, ABŞ-nin Amerikan dövlətlərinə münasibətdə gömrük güzəştlərini tətbiq etməsi haqda razılaşma idi. Amma ABŞ-də bunu onların qarşılıqlı addımları atması halında etməyə razılıq vermişdi. Buna baxmayaraq bu konfrans Panamerikanizm ideyasının tətbiqində kardinal dönüş olmuşdur [4]. Xüsusilə görüşün nəticəsi 1890-cı il aprelin 14-də Amerika dövlətlərinin birliyi əsasında Beynəlxalq Amerika Respublikaları İttifaqının yaradılması oldu (ing. International Union of American Republics). Təşkilatın rəsmi məqsədi iqtisadi məlumatların mübadiləsi idi. İttifaqın tərkibində əslində ABŞ dövlət katibinə tabe olan amerika ölkələrinin daimi Ticarət Bürosu (ing. Commercial Bureau of the American Republics) təsis edilmişdir. 1910-cu ildə bu təşkilat Panamerika İttifaqı Birliyi adlandırılır[5].
Hal-hazırda panamerikanizm ideyasını yaşadan 1948-ci il aprelin 30-da yaradılan Amerika Dövlətləri Təşkilatıdı (ADT). 1970-ci ilin fevral ayından Baş Katiblik adını alan Panamerika İttifaqı onun daimi mərkəzi orqanı oldu.
Bəzi dövlətlər arasında bəzən baş verən qarşıdurmalara: 2008-ci il martın 1-də Kolumbiyanın Ekvador ərazisinə müdaxiləsi kimi münaqişələrə baxmayaraq, panamerikalizm ideyası inkişaf etməyə davam edir. Əvvəlki illərdə olduğu kimi bu təşkilat daxilində rəqabət yumuşaq formada olsa da qalır. Belə ki, ABŞ-nin burada iqtisadi və siyasi dominant rolunu ələ almaq istəyi hələdə aktuallığını saxlayır. Bununla belə ziddiyyətlər müasir Kuba və Venesuela kimi iştirakçıların meydana çıxması, Braziliya, Argentina, Çili iqtisadiyyatının böyüməsi fonunda görsənir. Həmçinin Panamerikanizm tarixin gedişatına görə getdikcə mahiyyət etibarilə qloballaşmanın təsiri ilə dəyişir[6]. İndi kontinental inteqrasiya konsepsiyası ABŞ və Kanada istisna olmaqla Latın Amerikası ölkələri və xalqlarının birlik ideyaları prizmasından getdikcə daha çox qavranılır (bu prinsipə Latın Amerikası və Karib dənizi ölkələrinin icması əsaslanır).
Panamerikanizmin tənqidi
- 2008-ci ilin noyabr ayında ABŞ siyasətini xarakterizə edən Uqo Çaves, sözünü belə ifadə etmişdir: "Monro doktrinası ləğv edilməlidir. Demək olar ki, biz 200 il onunun əsiri olmuşuq".
- SSRİ-də Panamerikanizm ideyası "ABŞ imperialistləri tərəfindən Latın Amerikası ölkələrini əsarət altına almaq üçün istifadə olunan mürtəce bir siyasi doktrina" olaraq qəbul edilirdi [8]. Belə hesab edilirdi ki, bu ideya Amerika qitəsindəki ölkələrin tarixi, coğrafi, mənəvi və mədəni birliyinin yanlış izahına söykənirdi. Bunun yeganə həqiqi məqsədi ABŞ imperialistlərinin bu dövlətlərə qarşı ekspansiya siyasətlərini maskalamaq istəyi idi [7]:
ABŞ-nin Karib və Mərkəzi Amerika ölkələrinə hərbi müdaxilələrinin siyahısı:
- Nikaraqua: 1833, 1855-57, 1867, 1894, 1896, 1909-25, 1926-33, 1981-90
- Meksika: 1845-48, 1914, 1916-17
- Honduras: 1863, 1896, 1903, 1905, 1907, 1911-13, 1917, 1919, 1924-29
- Kuba: 1898, 1901-03, 1906-09, 1912, 1917-19, 1921-23, 1933, 1961, 1962
- Panama: 1901, 1902, 1903, 1908, 1912-14, 1917-18, 1921, 1964, 1989-90
- Dominikan Respublikası: 1869-70, 1903-05, 1907, 1914, 1916-24, 1965-66
- Haiti Respublikası: 1914, 1915-35, 1944, 1994-95, 2004, 2010
- Kosta Rika: 1919
- Qvatemala: 1920, 1954
- Qranada: 1983
- Puerto-Riko: 1898
İstinadlar
- Lawrence E. Harrison The Pan-AmericanDream. — Boulder: Westview Press, 1998. ISBN 0-8133-3470-5
- "Пятаков А. Альтерглобалистское движение в Латинской Америке (1994—2007) // Журнал Скепсис № 5 (2008)". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-03.
- Энциклопедический словарь экономики и права. 2005.
- Водовозов В. Brokhauz və Efronun ensiklopedik lüğəti, Панамериканский конгресс
- Mark T. Gilderhus Pan-AmericanVisions: Woodrow Wilson in the Western Hemisphere, 1913—1921. Tucson, Ariz. 1986. ISBN 0-8165-0936-0.
- "Неоглобализм и панамериканизм // Вельяминов Г. М. Международное экономическое право и процесс. (Академический курс) / Учебник. — М.: Волтерс Клувер, 2004, 496 стр". 2016-01-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-03.
- Антясов М. В. Современный панамериканизм: происхождение и сущность доктрин панамериканской «солидарности». — М. : Издательство института международных отношений, 1960. 328 с.