Pərviz Axundbəyli
Axundbəyli Pərviz Mirzə Xosrov oğlu (1938)-pedaqoq, iqtisad elmləri namizədi, dosent
Pərviz Axundbəyli | |
---|---|
Axundbəyli Pərviz Mirzə Xosrov oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa |
Təhsili |
Həyatı
Pərviz Mirzə Xosrov oğlu 1938-ci ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1958-ci ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstituna daxil olmuş və 1963-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.
Universitet təhsilini başa çatdırdıqdan sonra Bakı şəhəri Oktyabr rayonu Ərzaq Malları Ticarət Təşkilatında, 1 saylı Bakı Şərabçılıq zavodunda və Dövlət Şərabçılıq və Üzümçülük Komitəsində iqtisadçı vəzifəsində işləmişdir.
1966-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu yenidən bərpa olunduqdan sonra instituta mütəxəssis kadrların cəlb olunmasına başlanmış və buna görə də 1967-ci ildən etibarən Pərviz Axundbəyli də "Ticarətin iqtisadiyyatı və təşkili" kafedrasına dəvət olunmuşdur.
1967-ci ildən indiyə kimi Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. Bu illər ərzində o, baş laborant, assistent, müəllim, baş müəllim və dosent vəzifəsinə kimi yüksəlmişdir.
İşlədiyi dövrdə P.Axundbəyli institutun ictimai və təşkilati işlərində də fəal iştirak etmişdir.
Eyni zamanda Respublika "Bilik" Cəmiyyətinin xətti ilə 1972-1976-cı illərdə müxtəlif şəhər və rayonlarda keçirilən elmi-nəzəri konfranslarda iqtisadi mövzularda məruzələr etmişdir.
P.Axundbəyli 1972-1976-cı illərdə qiyabi aspirantura təhsili almış, 1980-ci ildə Ukraynanın Kiyev şəhərində "Azərbaycanda kolxoz ticarəti və onun təkmilləşdirilməsi yolları" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1992-ci ildən etibarən Universitetin "Ticarət" kafedrasının dosentidir.
Fəaliyyəti
1989-cu ildə P.Axundbəyli "Yeni təsərrüfatçılıq şəraitində kolxoz-bazar ticarətinin təkmilləşdirilməsi yolları" mövzusunda doktorluq dissertasiyasını işləyib hazırlamışdır. Həmin mövzuda onun 8 çap vərəqi həcmində əsəri nəşr olunmaq məqsədilə Azərnəşr tərəfindən tematik plana daxil edilmişdir.
P.Axundbəyli "Ərzaq malları bazarının inkişaf problemləri" mövzusunda doktorluq hazırlayır. Belə ki, o müasir şəraitdə bazar ticarətinin təkmilləşdirilməsini günün vacib məsələlərindən biri hesab edir. P.Axundbəyli bu məsələ ilə əlaqədar dəfələrlə dövrü mətbuatda elmi məqalələrlə çıxış etmiş və bir sıra təkliflər irəli sürmüşdür.
P.Axundbəyli kafedranın tədris-metodiki materiallarının işlənilməsində yaxından iştirak etmişdir. Belə ki, onun müəllifliyi ilə "Ticarət avadanlıqları", "Ticarət müəssisələrinin avadanlıqları" proqramlarını, "Ticarətin texnikası və əməyin mühafizəsi" fənninə aid metodik göstərişləri, "Ticarətdə reklama" "Elmin müasir problemləri", "Reklam fəaliyyətinin təşkili və idarə edilməsi" fənlərinin proqramları tərtib edilmişdir. 2004-cü ildə ali məktəb tələbələri üçün "Əməyin mühafizəsi" dərs vəsaiti çapdan çıxmışdır. Bir publisist kimi Azərbaycanın pedaqoji fikir tarixində görkəmli yer tutan pedaqoqların həyat və fəaliyyətini uzun müddətdir ki, tədqiq edir. Bunun nəticəsidir ki, indiyədək Pərviz müəllimin iqtisadiyyata dair 70-ə, publisistikaya dair 60-a yaxın məqaləsi, 1976-cı ildə onun "Mənalı həyat" monoqrafiyası çapdan çıxmışdır. 1992-ci ildə nəşr olunan "Ömürdən səhifələr" və 2000-ci ildə "Pedaqoji mülahizə və təcrübələrim" əsərlərinin tərtibçisidir. 2005-ci ildə "Şuşa həsrəti" adlı ədəbi-publisist məqalələr toplusu çapdan çıxmışdır.
P.Axundbəyli tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik etmiş və elmi konfranslarda onların yüksək yer tutmasına nail olmuşdur. 1997-ci ildən Azərbaycan Reklamçılar İttifaqının üzvüdür.
1971-ci ildə D.Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunun nəzdindəki Xalq Mədəniyyəti Universitetinin Ədəbiyyat və incəsənət fakültəsini bitirmişdir. Yaradıcılıq fəaliyyəti həmçinin muzeyşünaslıq sahəsi ilə əlaqədardır. Belə ki, o, pedaqoji fəaliyyətlə yanaşı, 25 ilə yaxındır ki, Universitetin "Tarix muzeyi"nin direktoru vəzifəsində çalışır.
1969-cu ildən etibarən eksponatların toplanması ilə əlaqədar olaraq respublikanın 13 dövlət muzeyinə elmi-metodiki köməklik göstərmişdir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri fərmanı"na layiq görülmüşdür. 1986-cı ildə P.Axundbəylinin rəhbərlik etdiyi "Tarix muzeyi" SSRİ Ali və Orta İxtisas Təhsil Nazirliyinin "Fəxri fərmanı"na layiq görülmüşdür.
1987-ci ildə P.Axundbəylinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ali və Orta İxtisas Təhsil Nazirliyinin aparat tərkibində 16 ali məktəbin muzeylərinə mərkəzləşdirilmiş vahid rəhbərlik məqsədilə "Elmi-metodiki bölmə" təşkil olunmuş və o, həmin bölmənin ictimai əsaslarla sədri vəzifəsinə seçilmişdir.
Mükafatları
1989-cu ildə P.Axundbəyli SSRİ Mədəniyyət Nazirliyinin III dərəcəli "Diplomu"na layiq görülmüşdür.
Həmin ildən Respublika Ali məktəb muzeylərinin Məhəlli Elmi-Metodiki Şurasının ictimai əsaslarla sədri vəzifəsinə təyin olunmuşdur.
1989-cu ildə ümumittifaq ali məktəb muzeylərinin işinin təşkilindən nailiyyətlərinə görə "Fəxri fərmana" layiq görülmüşdür. Xalq Təhsili Məktəbləri muzeylərinin Respublika Elmi Təcrübi konfranslarının təşəbbüsçüsü olmuşdur.
Pərviz müəllim dəfələrlə Rusiyanın Moskva, Sevastopol, Sıktıkvar, Petrozovodski şəhərlərində, Ukraynanın Çernovsi və digər şəhərlərində keçirilən ali məktəb muzeylərinin Elmi-praktiki konfranslarında, simpoziumlarında elmi məruzələrlə çıxış etmişdir.
1997-ci ildə P.Axundbəyli Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təşəkkürü"nü almışdır.
2000-2005-ci illərdə P.Axundbəyli Respublika Mədəniyyət Fondu idarə heyətinin, onun "Qayıdış" şurasının və Respublika Mədəniyyət Nazirliyinin Muzey işi üzrə İdarələrarası Şurasının üzvü seçilmişdir.
1999 -2006-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Fəxri fərman"larına layiq görülmüşdür.