Püsyan mahalı
Püsyan mahalı — Qarabağ xanlığının 25 mahalından biridir.
Qısa bilgi
- Sahəsi -
- Əhalisi — püsyanlar
- Yaranması — 1747-ci il
- Mərkəzi— Bəxtiyarlı obası
- Sərhədləri —Qərbdən Çulundur mahalı, şimaldan Əcənan mahalı, şərqdən Bərgüşad mahalı, cənubdan Çulundur mahalı.
Püsyan mahalının tarixi
Qarabağ xanlığının mahallarından biri də Püsyandır. Əvvəlcə mahalın adı haqqında. Mahal öz adını Püsyan elindən alıb. Elin adını, mənşəyini, yayılmasını, yerdəyişməsini dəqiqləşdirək. Eradan əvvəl Azərbaycanda mövcüd olan etnoslardan biri Pasian adlanır ki, bu haqda görkəmli etnoqraf Qiyasəddin Qeybullayev məlumat verir[1]. Həmin etnos müəllifin məlumatına görə indiki Ermənistanın Türkiyə ilə həmsərhəd zonalarda yaşamışdır. Q. Qeybullayev Pasian haqqında e.ə. yunan müəllifi Ksefontun[2] məlumat verdiyini də göstərir (yenə orada). Erməni müəllifi M. Xorenski isə e.ə II əsrdə Basian (Pasian) adlı əyalət olduğunu yazaraq, oraya Şimali Qafqazdan bulqarların köçüb gəldiyini göstərir.
Püsyan mahalı 1840-cı ildə ləğv edilib Şuşa qəzasının Zəngəzur sahəsinin tərkibinə qatıldı.
Əhalisi
Məhəmməd Hüseyn bəyin idarəsində olan Püsyan mahalı 29 kənd və oymaqdan ibarət idi və burada 612 ailə yaşayırdı. Mahal əhalisi əsasən azərbaycanlılardan, yalnız 6 erməni ailəsindən ibarət idi. Əslən qarabağlı olan 20 oymağın əhalisi bir müddət əvvəl Qacarlar dövlətinə qaçmış və rus məmurları tərəfindən siyahıyaalınma keçirilən zamandan cəmi bir neçə ay əvvəl geri döndüklərindən ailələr vergilərdən azad olunmuşdular. Digər 9 kənd və oymaq isə müxtəlif şəxslərə məxsus idi və əhalisinin bir hissəsi Qacarlar dövlətinə köçüb, sonra geri qayıtmışdılar və bu ailələrin əksəriyyəti Qacarlar dövlətindən Məhəmməd Hüseyn sultanla birgə dönmüşdülər. Xanlıq ləğv olunan ərəfədə Çovundur mahalının Qapan çayının sol sahilindəki hissəsi də Püsyan mahalı ilə birgə idarə olunurdu. Bu hissəyə 6 kənd və oymaq daxil idi. Həmin kənd və oymaqlarda cəmi 269 ailə məskunlaşmışdı. Vergi ödəməyənlərin sayının çox olması ailələrin əksəriyyətinin vaxtilə Qacarlar dövlətinə köçməsi və siyahıyaalınma aparılarkən yenicə qayıtması ilə bağlı idi [3][4][5]
Püsyan mahalının naibləri
Titul | Adı | Başlanığıcı | Sonu |
---|---|---|---|
Naib | Hacı Məhəmməd sultan Püsyan | 1747 | 1751 |
Naib | İbrahim sultan Püsyan | 1751 | 1777 |
Naib | Pənah sultan Püsyan | 1777 | 1794 |
Naib | Məhəmmədhüseyn sultan Püsyan | 1794 | 1824 |
Naib | Nəsir sultan Püsyan | 1824 | 1840 |
İstinadlar
- Q. Qeybullayev, Qədim türklər və Ermənistan, ADP, Bakı- 1992. səh. 102
- Anabasis. IV. 18.
- Hacıyeva Z, Qarabağ xanlığı: sosial-iqtisadi münasibətlər və dövlət quruluşu. В., 2007.s.187
- Описание Карабагской провинции (составленное в 1823 году по распоряжению главноуправляющего в Грузии Ермолова, действительным статским советником Могилевским и полковником Ермоловым 2-м), Тифлис, 1866. s. 146–151
- . Qarabağ Azadlıq Təşkilatı "QARABAĞ DÜNƏN, BU GÜN VƏ SABAH" 8-ci elmi-əməli konfransının. MATERİALLARI. (Qarabağ General-Qubernatorluğunun 90 illiyinə həsr olunur). Bakı — 2009
Mənbə
- Ənvər Çingizoğlu, Püsyan eli, Bakı:Mütərcim, 2013, 156 səh. ISBN 978-9952-28-121-7