Püstəxanım Əzizbəyova
Püstəxanım Əzizbəyova (29 dekabr 1929 – 8 yanvar 1998) — Sovet tarixçisi, alim, akademik, tarix elmləri doktoru (1961), kino məsləhətçisi və Azərbaycan Tarix Muzeyinin keçmiş direktoru. O, maarif adamı, mühəndis və peşəkər solçu inqilabçı Məşədi Əzizbəyovun nəvəsidir və babası haqqında bir neçə əsər də yazmışdır.
Püstəxanım Əzizbəyova | |
---|---|
Püstə Əzizağa qızı Əzizbəyova | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Əzizağa Əzizbəyov |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adları | professor, akademik |
İş yeri | |
Təhsili | |
Mükafatları |
|
Həyatı
Püstəxanım Əzizağa qızı Əzizbəyova 1928-ci il dekabrın 29-da Bakıda doğulmuşdur. Püstə Əzizbəyova 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirəndən sonra bir müddət Məşədi Əzizbəyovun ev-muzeyinin direktoru işləmişdir. 1954-cü ildə “Azərbaycan neft sənayesinin bərpasında rus xalqının köməyi (1921-1923-cü illər)” mövzusunda dissertasiya müdafiə etmişdir. Azərbaycanda sosialist quruculuğu problemlərini araşdıran P.Əzizbəyova 1961-ci ildə “Azərbaycandakı sosialist dəyişikliklərində (1921-1923) Leninin rolu” mövzusunda dissertasiya müdafiə edərək ilk azərbaycanlı qadın tarix elmləri doktoru olmuşdur.
Fəaliyyəti
P.Əzizbəyova 1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir.
P.Əzizbəyova pedaqoji fəaliyyətlə də məşğul olmuş və Bakının müxtəlif ali məktəblərində dərs demiş, 1955-ci ildə dosent, 1962-ci ildə isə professor adını almışdır.
O hələ tələbə ikən 1948-ci ildə Mərkəzi Lenin Muzeyində ekskursiyaçı işləməyə başlamış, sonra isə onun filialının direktoru və bölmə müdiri olmuşdur. 1955-ci ildə o, Azərbaycan Tarixi Muzeyinin Ən yeni tarix şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir. 1961-ci ildə muzeyin direktoru təyin olunan P.Əzizbəyova ömrünün sonunadək (1998) bu vəzifədə işləmişdir. Onun böyük təşkilatçılıq qabiliyyəti, muzeyşünaslığa dərindən bələd olması muzey əməkdaşlarının işini elə qurmağa imkan vermişdir ki, bu mədəniyyət ocağı ölkənin aparıcı muzeylərindən birinə, çoxsaylı ümumittifaq və xarici sərgilərin iştirakçısına, Elmlər Akademiyasının geniş ekspozisiya və ciddi araşdırma işinin görüldüyü mühüm elmi tədqiqat müəssisəsinə çevrilmişdir.
P.Əzizbəyova bir çox monoqrafiya və müxtəlif həcmli nəşrlərin, o cümlədən 300-ə yaxın məqalənin müəllifidir.
O, uzun müddət Ümumittifaq “Bilik” Cəmiyyətinin Bakı bölməsinə başçılıq etmişdir.
Mükafatları
P.Əzizbəyova “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri, “Rəşadətli əməyə görə” medalı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin iki Fəxri Fərmanı ilə təltif olunmuşdur. 1982-ci ildə isə Azərbaycan SSR Əməkdar elm xadimi adına layiq görülmüşdür.[1]
Filmoqrafiya
Əzizbəyova bir neçə kino filminde kino məsləhətçisi və ya ssenarist kimi çıxış etmişdir. Bunlar:
- İlk hücum (film, 1985)
- Qızıl uçurum (film, 1980)
- Bakı Komissarı Məşədi Əzizbəyov (film, 1975)
- İliçin döyünən qəlbi (film, 1967)