Osaka qəsri

Osaka qəsri (大坂城, Osaka-co)Yaponiyanın Osaka şəhərinin Çuo rayonunda yerləşən qəsr. Yaponiyanın tanınmış tarixi abidələrindən biridir və XVI əsrdə Yaponiyanın birləşdirilməsi zamanı vacib rol oynamışdır.

Osaka qəsri
大坂城
Osaka  (Yaponiya Yaponiya)
Osaka qəsri (Yaponiya)
Osaka qəsri
TipiAzuçi-Momoyama qəsri
Yer haqqında informasiya
Vəziyyətibərpa olunub
Saythttp://www.osakacastle.net
Tikinti yerinin tarixi
Tikilib1583-1597
İnşaatçıToyotomi Hideyoşi
İstifadə illəri1597-1845
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Qəsrin tikintisinə 1583-cü ildə Toyotomi Hideyoşi tərəfindən bir məbəd ərazisində başladılmışdır.[1] Qəsrin planı üçün Oda Nobunaqanın qərargahı olan Azuçi qəsrinin modeli əsas götürülmüşdür. Hideyoşi Nobunaqanın qəsrini yamsılamaq istəmişdi, lakin qəsrinə yeni xüsusiyyətlər əlavə etmişdi: beşmərtəbəli tenşu, 3 yeraltı mərtəbə, ziyarətçiləri təsirləndirmək üçün qülləyə tətbiq olunmuş qızıl vərəqlər. 1585-ci ildə daxili donjon tamamlanmışdır. Hideyoşi qəsrini böyütməyə davam etmiş və hücum edənlər üçün alınmaz qəsrə çevirmişdir. Qəsr 1597-ci ildə tamamlansa da, növbəti il Hideyoşi ölmüş və qəsr oğlu Toyotomi Hideyoriyə keçmişdir.

1600-cü ildə Tokuqava İeyasu Sekiqahara döyüşündə qalib gələrək öz şoqunluğunu qurmuşdur. 1614-cü ildə isə Hideyoriyə hücum edərək Osaka mühasirəsini başlatmışdır.[2] Toyotominin qüvvələri sayca 2 dəfə az olsa da, Tokuqavanın ordusuna müqavimət göstərib xarici divarları qoruya bilmişdilər. 1615-ci ilin yayında İeyasu Hideyorini məğlub etmiş və Osaka qəsrini ələ keçirmişdir. Məğlubiyyətdən sonra Hideyori intihar edərək qəsri yandırmışdır.[1]

1620-ci ildə Tokuqava Hidetada qəsri yenidən tikdirməyə və silahlandırmaya başlamışdır. O, yeni tenşu və divarlar tikdirmişdir. 1620-ci ildə tikdirdiyi divarlar hələ də salamatdır. Divarların tikintisi zamanı istifadə olunmuş daşlar Daxili Yapon dənizinin yaxınlığından gətirilib və üzərində gətirilməsində iştirak etmiş müxtəlif ailələrin emblemləri var.

Beşmərtəbli tenşunun tikintisi 1628-ci ildə başlamış və 2 il sonra başa çatmışdır. 1630-cu ildə qəsrin rekonsturksiyası tamamlanmış və orijinal Toyotomi strukturuna malik olmuşdur. 1660-cı ildə barıt anbarına düşən ildırım qəsrdə partlayışa və yanğına səbəb olmuşdur. 1665-ci ildə isə ildırım tenşunun yanması ilə nəticələnmişdir.[1]

1843-cü ildə bakufunun topladığı pullarla qəsrin bir neçə qülləsi bərpa olunmuşdur. 1868-ci ildə Meyci islahatına qarşı olanlar tərəfindən başladılan sivil konfliktlər zamanı qəsrin böyük qismi yanğında məhv olmuşdur. Meyci dövründə Osaka qəsri Osaka Ordu Sursatxanasının bir hissəsi olmuşdur. Burada silahlar, mərmilər, partlayıcı maddələr istehsal olunmuşdur.[3]

1931-ci ildə dəmir betondan tenşu tikilmişdir.[1] İkinci dünya müharibəsi zamanı bu qəsrdə 60.000 işçi silah istehsalı ilə məşğul olmuşdur. ABŞ-nin Osaka qəsrinə atdığı bombalar nəticəsində qəsrin böyük hissəsi məhv olmuşdur. 14 avqust 1945-ci ildə sursatxananın 90%-i məhv olmuş və 382 işçi ölmüşdür.[3]

1995–97-ci illərdə Osaka hökumətinin dəstəyi ilə qəsrdə bərpa işləri aparılmışdır. Bərpa işlərindən sonra müasir görkəm alan interyer muzey kimi də fəaliyyət göstərir.

Struktur

Qəsrin əsas qülləsi iki platforma üzərində tikilib. Sahəsi 61 m2 təşkil edir.[4] Qəsrin 13 strukturu Yaponiya hökuməti tərəfindən əhəmiyyətli mədəni mülk elan olunub: Ote darvazası, Sakura darvazası, İçiban yaqurası, İnui yaqurası, Rokuban yaqurası, Senqan yaqurası, Tamon yaqurası, Kinmeisui quyusu, Kinzo anbarı, Enşoqura barıt anbarı, Ote darvazası ətrafındakı 3 qəsr bölməsi və Osminoq daşı daxil olmaqla meqalitlər.[5]

Qalereya

İstinadlar

  1. Hinago, Motoo. Japanese Castles. Kodansha International Ltd. and Shibundo. 1986. səh. 153. ISBN 0870117661.
  2. Meek, Miki. "The Siege of Osaka Castle". National Geographic Magazine. 2017-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-01-22.
  3. "Osaka Army Arsenal". Ndl.go.jp. 2013-02-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-15.
  4. "Osaka / Osaka Castle". Japanese National Tourist Organization. 2008-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-01-22.
  5. "Osaka Castle". GoJapanGo. 2017-06-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-08.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.