Orest
Orest (q.yun. Ὀρέστης, "dağlı"; lat. Orestes) — Troya müharibəsində vuruşan Mikena kralı Aqamemnon və Klitemnestranın oğlu. Onun dəliliyi və təmizlənməsi bir çox Qədim Yunan oyunu və əfsanəsinin mövzusu olmuşdur.
Adın mənşəyi
Orestes yunanca "oreibates" ("ορειβάτης") sözündən gəlir. Mənası alpinistdir. Metaforik olaraq, dağları fəth edə bilən biri kimi istifadə olunur.
Homerin hekayəsi
Homer hekayəsində Orest Tantal və Niobe ilə birbaşa əlaqəli olan Atreyin lənətlənmiş evinin üzvüdür. Troya müharibəsinə gedən yolda yaxşı bir külək üçün tanrıça Artemisə dua edən Aqamemnon, ilahənin işarəsi ilə qızı İfiqeniyanı qurban vermək istəyir, amma arvadı buna qarşıdır. Buna baxmayaraq, qərarından vaz keçməyən Aqamemnon qızını qurban verərkən ilahə tərəfindən xilas edilir, bunun əvəzinə bir dişi maral qurban edilir. Ancaq Klitemnestra bu vəziyyətə çox qəzəblənir. Aqamemnon Troya müharibəsində olarkən, həyat yoldaşı Klitemnestra, Aqememnonun əmisi oğlu Aegisthus ilə eşq yaşayır. Padşah müharibədən 12 il sonra qayıtdıqda, arvadı onu öldürmək planını artıq hazırlamışdı. Çox isti qarşıladığı əri hamamda olarkən onu balta ilə öldürür.
Bu vaxt 12 yaşlı Orest anasından və sevgilisindən qaçaraq Parnassus dağındakı Phanoteyə və kral Strophiusa sığınır. Onun 8 il sonra öldüyü barədə şayiələr yayılır, ancaq Orestin ölümü barədə xəbər verən şəxs əslində Orestin özüdür. Anasını və sevgilisini öldürən Orest dostu Strophiusun oğlu Pylades ilə birlikdə şəhəri tərk edir, ancaq ana qatili olduğu üçün qisas ruhları olan erinlər tərəfindən təqib edilir. Afinaya çatan Orest bu şəhərdə Apollon və Afina tərəfindən mühakimə olunur və bəraət alır. Bundan sonra ona Tavriyaya getmək və bacısı İfiqeniyanı tapmaq əmr edilir. Orest nəhayət bacısını Tavriyadan xilas edir.
Məşhur mədəniyyətdə
Amerikalı sərt (hard) rok qrupu A Perfect Circle "Orest" adlı mahnı bəstələmiş və bu mahnıda Orestin içindəki dəlilikdən bəhs etmişdir.