Ordubad maili düzənliyi
Ordubad maili düzənliyi — Zəngəzur silsiləsinin cənub-qərb ətəklərindən Əylis, Ordubad və Gənzə çayları vasitəsi ilə gətirilən allüvial- prollüvial çöküntülərdən əmələ gəlmiş və sonda mürəkkəbləşərək Arazboyu sahəni əhatə edərək, Əylis və Ordubad maili düzənlikləri yaranmışdır. Düzənliyin səthi daşlı, çınqıllı olub allüvial çöküntülərlə örtülmüşdür. Ordubad maili düzənliyi Əylis, Ordubad, Gənzə çaylarının, Dəstə maili düzənliyi isə Vənəndçayın və Düylünçayın gətirmə konuslarından təşkil olunmuşdur. Çayların gətirdikləri sel çöküntüləri şərq hissədə Araz çayına qədər gəlib çatır. Əylis çayının gətirdiyi çöküntülər digər çayların gətirdiyi çöküntülərə nisbətən daha çox və iri daşlıdır. Qeyd etmək lazımdır ki, Arazboyu düzənlik geoloji dövr ərzində çökmə süxurlardan yaranmış, sonrakı dövrlərdə onun səthi bu düzənliyə çıxışı olan çayların gətirdiyi allüvial-prollüvial çöküntülərlə mürəkkəbləşmişdir.[1]
Burada müşahidə edilən sel çöküntülərinin içərisindəki iri daşların sayı və həcmi Əylis çayına nisbətən azdır. Adları çəkilən çaylardan keçən sellər maili düzənliklərdə yerləşən yaşayış məntəqələrinə, kənd təsərrüfatına, şose və dəmiryollarına ciddi zərər vurur. Dəstə və Ordubad maili düzənliklərinin əsas bitkiləri gəvənlərdən, yovşandan, gəngizdən və s. ibarətdir. Ordubad düzünün şimal hissəsində, Ordubad şəhəri ətrafında, həmçinin Yuxarı Əylisdən cənuba doğru becəriiən dağ qəhvəyi torpaqlar, şərq hissəsində dar zolaq şəklində isə dağ açıq şabalıdı torpaqlar yayılmışdır.
İstinadlar
- Feyruz Bağırov. Naxçıvanın təbii sərvətləri. Naxçıvan: 2008, səh.13.