Oqtay Seyidbəyov

Oqtay Sadıx oğlu Seyidbəyov — Tanınmış təbabət alimi, Azərbaycan SSR Əməkdar həkimi, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor.Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının sədri (2007-2022).

Oqtay Seyidbəyov
Doğum tarixi
Doğum yeri Bakı,Azərbaycan SSR
Vəfat tarixi (81 yaşında)
Vəfat yeri Bakı,Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elmi dərəcəsi tibb elmləri doktoru
Elmi adı professor
Tanınmış yetirmələri 21 tibb elmləri üzrə fəlsəfə doktoru, 4 tibb elmləri doktoru
Mükafatları "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı  — 1987"Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı  — 2000

Həyatı

Oqtay Sadıx oğlu Seyidbəyov 1940-cı ildə ppBakı şəhəri]]ndə ziyalı ailəsində anadan olub.

Bakıdakı 1 saylı orta məktəbi və N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Stomatologiya fakültəsini bitirdikdən sonra əmək fəaliyyətinə Semaşko adına Şəhər Klinik Xəstəxanasında ordinator kimi başlayıb, sonra Sankt-Peterburq Hərbi-Tibbi Akademiyasında və Moskva şəhəri Mərkəzi Elmi Tədqiqat Stomatologiya İnstitutunda kliniki ordinator kimi çalışıb.

Təhsilini Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun klinikasında aspiranturada davam etdirən Oqtay Seyidbəyov aspiranturanı bitirdikdən sonra fəaliyyətini Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) ilə bağlayıb. Burada əvvəlcə institutun Stomatologiya kafedrasında assistent, dosent, Cərrahi stomatologiya kursunun müdiri, sonra isə ömrünün sonunadək Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri vəzifəsində işləyib. 1995-1999-cu illərdə ADHTİ-nin tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb.

1970-ci ildə “Üzün orta zona sümüklərinin sınıqlarında üst çənə sinuslarının zədələnmələri” mövzusu üzrə tibb elmləri namizədliyi, 1991-ci ildə “Üz-çənə sahəsinin kəskin iltihabi xəstəliklərində qalxanvari, paratiroid, mədəaltı vəzilərin və böyrəküstü vəzi qabığının funksional vəziyyəti” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

Professor Oqtay Seyidbəyovun bütün həkimlik fəaliyyəti tibb elminin son nailiyyətlərindən, təcrübə və texnikasından istifadə olunmaqla cərrahi stomatologiyanın inkişaf etdirilməsi ilə bağlı olub. 1973-cü ildə onun təşəbbüsü ilə Bakı şəhərində Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Üz-çənə cərrahiyyəsi şöbəsi yaradılıb.

Təbabət elmi qarşısında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Oqtay Seyidbəyov professor elmi adına, Əməkdar həkim və Əməkdar elm xadimi fəxri adlarına layiq görülüb.

Oqtay Seyidbəyov öz elmi nüfuzu sayəsində öz sahəsi üzrə ölkəmizin yüksək elmi-tibbi qurumlarında təmsil olunub. O, 1999-cu ildən 2004-cü ilədək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb üzrə ekspert şurasının üzvü, 2010-cu ildən isə sədr müavini kimi fəaliyyət göstərib. 2007-ci ildən 2022-ci ilə kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının sədri olub. O, həmçini 1991-ci ildən ömrünün son günlərinə kimi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasına rəhbərlik edib.

O.Seyidbəyovun geniş elmi tədqiqatları üz-çənə nahiyyəsi xəstəliklərinin klinikasına, diaqnostikasına, müalicəsinə, bərpaedici plastik cərrahiyyəyə, əsas stomatoloji xəstəliklərin profilaktikasına, stomatologiyanın təşkilinə və s. həsr edilib. Orijinallığı və qoyulan məsələlərin yeniliyi ilə fərqlənən bu tədqiqatlar Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafına dəyərli töhfələr verib.

Üç yüzdən çox elmi əsərin, o cümlədən 13 monoqrafiya, 15 səmərələşdirici təklif, 17 metodik tövsiyə, 10 dərs vəsaitinin müəllifi olan alimin rəhbərliyi altında 21 tibb elmləri üzrə fəlsəfə doktoru, 4 tibb elmləri doktoru dissertasiyası müdafiə olunub.

Oqtay Sadıx oğlu Seyidbəyov 18 Oktyabr 2022-ci ildə 82 yaşında vəfat edib.

Mükafatları

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.