Onlayn bankçılıq
Onlayn bankçılıq, və ya internet bankçılığı, virtual bankçılıq, veb-bankçılıq — bankın və ya digər maliyyə institutunun müştərilərinə maliyyə institutunun veb-saytı və ya mobil proqramı vasitəsilə bir sıra maliyyə əməliyyatlarını həyata keçirməyə imkan verən sistem. Bu, 2000-ci illərin əvvəlindən müştərilərin bank hesablarına daxil olmalarının ən geniş yayılmış yolu olmuşdur.
Onlayn bankçılıq sistemi adətən bank xidmətlərinə çıxışı təmin etmək üçün bank tərəfindən idarə olunan əsas bank sisteminə qoşulur və ya onun bir hissəsi olur. Onlayn bankçılıq filial şəbəkəsindən asılılığı azaldaraq bankların əməliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldır və bəzi müştərilərə filiala getmə ehtiyacını azaldaraq, hətta filiallar bağlı olduqda belə bank əməliyyatlarını həyata keçirmək imkanı verir.
İnternet bankçılığı elektron ödənişlərin edilməsi, hesab qalıqlarına baxmaq, çıxarışların alınması, son əməliyyatların yoxlanılması və hesablar arasında pul köçürməsi kimi funksiyaları təklif edən fərdi və korporativ bankçılıq xidmətləri təqdim edir.
Bəzi banklar tamamilə internet və ya internet və telefon vasitəsilə fəaliyyət göstərirlər, heç bir fiziki filialı olmadan öz onlayn bankçılıq imkanlarına tam etibar edirlər. Bu banklara "birbaşa bank" və ya "neobank" deyilir.
Tarixi
Prekursorlar
Müasir onlayn bankçılıq xidmətlərinin prekursoru 1980-ci illərin əvvəllərindən elektron formada və telefon vasitəsilə fəaliyyət göstərən distant bankçılıq olmuşdur. "Onlayn" termini 1980-ci illərin sonlarında populyarlaşdı və telefon xətti ilə bank sisteminə daxil olmaq üçün terminal, klaviatura və televizor və ya monitordan istifadəni nəzərdə tuturdu. "Ev bankçılığı" həmçinin, banka təlimatlarla telefon xəttinə səs tonları göndərmək üçün rəqəmsal klaviaturadan istifadəyə də aid ola bilər.
Kompüter bankçılığının ortaya çıxması
İlk ev bankçılıq xidməti 1980-ci ilin dekabrında baş ofisi Tennessi ştatının Noksvill şəhərində yerləşən icma bankı olan "United American Bank" tərəfindən istehlakçılara təklif edilmişdir. "United American" TRS-80 kompüteri üçün bank müştərilərinə hesab məlumatlarına təhlükəsiz şəkildə daxil olmaq imkanı verən təhlükəsiz fərdi modem istehsal etmək üçün Radio Shack ilə əməkdaşlıq edirdi. İlk illərində mövcud olan xidmətlərə hesabın ödənilməsi, hesab balansının yoxlanılması və kredit müraciətləri, həmçinin oyuna giriş, büdcə və vergi kalkulyatorları və gündəlik qəzetlər daxil idi. Minlərlə müştəri xidmət üçün ayda 25–30 dollar ödəyirdi.[1]
"United American" ilə paralel fəaliyyət göstərən bir çox böyük bank, 1981-ci ildə Nyu-Yorkun dörd böyük bankı (Citibank, Chase Manhattan, Chemical Bank və Manufacturers Hanover) videoteks sistemindən istifadə edərək ev bankçılığı xidmətləri təklif etməyə başladı.[2][3] Videoteksin kommersiya uğursuzluğuna görə, bu bank xidmətləri Prestel sisteminin istifadə edildiyi Fransa və Böyük Britaniyadan başqa heç yerdə populyarlaşa bilmədi.
Fransada ilk videomətn bankçılıq xidməti 20 dekabr 1983-cü ildə CCF Bank (hazırda HSBC-nin bir hissəsi) tərəfindən istifadəyə verilmişdir. Videomətn onlayn bank xidmətləri 1991-ci ilə qədər bazar payının 19%-ə çatmışdı.[4]
"United American Bank"ın bazara çıxan ilk kompüter bankçılıq sisteminin tərtibatçıları onu milli səviyyədə lisenziyalaşdırmağı məqsəd qoydular, lakin 1978-ci ildə Tennessi ştatında bank sahibi Ceyk Butçer tərəfindən edilən kredit fırıldaqçılığı nəticəsində "United American" 1983-cü ildə iflas etdikdə rəqibləri onları geridə qoydular. İflas etmiş bankı satın alan First Tennessee Bank, kompüter bankçılıq platformasını inkişaf etdirməyə və ya kommersiyalaşdırmağa cəhd etmədi.[1]
İstinadlar
- Sparks, Evan. "Nine Young Bankers Who Changed America: Thomas Sudman". ABA Banking Journal. 26 June 2017. 21 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2019.
- Cronin, Mary J. (1997). Banking and Finance on the Internet, John Wiley and Sons. ISBN 0-471-29219-2 page 41 from Cronin, Mary J. Banking and Finance on the Internet. John Wiley & Sons. 1998. ISBN 978-0-471-29219-7. 2021-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-07-10.
- "The Home Banking Dilemma". 2014-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-07-10.
- "Shopping and banking on a computer network in the 1980s (Minitel)". Philip Greenspun’s Weblog. March 30, 2018. August 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 27, 2021.
Əlavə ədəbiyyat
- Gandy, T. (1995): "Banking in e-space", The banker, 145 (838), pp. 74–76.
- Tan, M.; Teo, T. S. (2000): "Factors influencing the adoption of Internet banking", Journal of the Association for Information Systems, 1 (5), pp. 1–42.