Onixoforlar
Onixoforlar (lat. Onychophora; yun.. onychos — caynaq, phoros — daşıyıcı) — quruda yaşayan rütubətsevən onurğasız heyvan tipi.
Onixoforlar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Ranqsız: Tipüstü: Ranqsız: Tip: Onixoforlar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Onixoforlar bir çox əlamətlərinə görə qurdlarla buğumayaqlılar arasında aralıq mövqe tuturlar. Onixoforlar cənub yarımkürəsinin tropik və subtropik meşələrində yayılmışlar. Əvvəllər onlar buğumayaqlılar (lat. Artropoda) tipinin traxeyalılar (lat. Tracheata) yarımtipinə aid edilirdi. Daha sonralar müəyyən olunmuşdur ki, onixoforları traxeyalılarla yaxınlaşdıran ancaq onları quru mühitdə yaşamağa uyğunlaşdıran konvergent oxşarlıqdır. Onixoforların selomik heyvanların sərbəst tipini təşkil etməsini sübut edən bir sıra əlamətlər vardır. Bunlar aşağıdakılardır:
- Onixoforların bədəni çox çətin seçilən başdan və gövdədən ibarətdir. Başda 3 cüt çıxıntı vardır, gövdə isə çoxlu buğumlanmamış cüt ətraflara malikdir;
- Dəri — əzələ kisəsi yaxşı inkişaf etmişdir;
- Onixoforlar qarışıq bədən boşluğuna malikdir. Selomun qalıqları cinsi vəzilərin ətrafında qalmışdır;
- Qan – damar sistemi açıqdır, ürək metamer yerləşən ostiyə malikdir;
- Tənəffüsü traxeyalar vasitəsilədir;
- Sinir sistemi pilləkənvaridir, sinir düyünləri formalaşmamışdır;
- Ayrıcinslidirlər, spermatoforla çoxalırlar. İnkişafları düzənidir.
Onixoforlar tipinə bir sinif — İlktraxeyalılar (Prototracheata), bir dəstə, iki fəsilə və təxminən 70-ə qədər növ daxildir. Müasir onixoforlar sırf quruda yaşayan onurğasızlardır. Onlara Amerika, Afrika, Avstraliya meşələrində, daşların altında, mamırlıqda, nadir hallarda mağaralarda rast gəlinir. Onixorforlar içərisində peripatuslar nisbətən daha yaxşı öyrənilmişdir.
Görünüşü
Onixoforların bədəni 4–5 sm, daha iri növlərdə isə 15 sm -ə qədərdir. Onların qurdvarı bədənlərində baş gövdədən aydın seçilmişdir. Başda olan buğumsuz bığcıqlar ilbizin hiss çıxıntılarına oxşardır. Gövdə şaqren kutikula ilə örtülmüşdür, buğumlanmamışdır. Cüt ətraflar metamer təkrarlanır və kəpənək tırtıllarının yalançı ayaqlarını xatırladır.
Baş — akrondan və 3 buğumdan ibarətdir. Başın dorsal hissəsində bir cüt sadə gözcüklər yerləşir. Hiss çıxıntıları akronda yerləşir. Birinci baş buğumu interkalyar olub, çıxıntısı yoxdur. İkinci baş buğumunda ağızın yanlarında skleritləşmiş çənələr, üçüncü buğumda isə müdafiəyə xidmət edən, selikli maye ifraz edən vəzili törəmələr yerləşmişdir. Bu maye vasitəsilə peripatuslar öz şikarını yapışdırır və onu hərəkətsizləşdirir. İlktraxeyalılar gövdəsi 14–40 cüt ayaqlara malikdir. Ayaqlar bədənin qarın divarından əmələ gəlmişdir və cüt skleritləşmiş caynağa malikdir. Onixoforlar çox yavaş hərəkət edirlər. Dəri — əzələ kisəsi peripatusların torpağı qazmasında böyük rol oynayır. İlktraxeyalıların bədəni birqatlı epiteli ilə örtülüdür. Epiteli nazik kitukulanı əmələ gətirir. Kutikulanın tərkibində xitin də vardır. Həlqəvi qurdlarda olduğu kimi epitelinin altında dəri -əzələ kisəsini əmələ gətirən həlqəvi və uzununa əzələlər yerləşmişdir. Əzələlər hamardır.
Həzm sistemi
3 şöbədən ibarətdir. Ağız boşluğuna tüpürcək vəzilərinin cüt axarları açılır. Bu vəzilər selomoduktların şəkildəyişməsindən əmələ gəlmişdir.
Qan-damar sistemi
Metamer yerləşən şəklidəyişmiş cüt selomoduktlardan ibarətdir.
İfrazat orqanları
Gövdədə olan ayaqların əsasında metamer yerləşir. Hər bir ifrazat orqanının bir ucu ilgəkşəkilli kanalla selom kisəsinə açılan qıfdan, digər ucu sidik kisəsinə açılan kanaldan təşkil olunmuşdur. Sidik kisəsi ifrazat dəliyi ilə nəhayətlənir.
Tənəffüs orqanı
Traxeyalardır. Bədənin üstündə çoxlu sayda nəfəsgahlar – stiqmalar vardır. Bu stiqmalar traxeyalara açılır . Traxeyalar dəri vəzilərindən əmələ gələn buğumlanmamış orqandır.
Sinir sitemi
Pilləkənvari tipdir. Baş beyin 3 şöbədən ibarətdir və gözləri, bığcıqları sinirləndirir. Beyindən çıxan udlaqətrafı konnektivlər iki yan sinir sütunlarını əmələ gətirir. Bu sinir sütunları bədənin dal ucunda birləşirlər. Sinir sütunları arasında çoxlu kommisurlar vardır. Onixoforların sinir sitemi yastı qurdların sinir sisteminə oxşardır. Belə ki, onixoforlarda sinir düyünləri formalaşmamışdır, sinir hüceyrələri sütun üzərində bərabər paylanmışdır.
Hiss orqanları
Zəif inkişaf etmişdir. Gözcük və bığcıqlardan əlavə, dərinin üzərində çoxlu lamisə sensillaları vardır.
Çoxalması
Onixoforlar ayrıcinslidirlər. Qonadaları cütdür. Erkək cinsi orqanlar cüt toxumluqdan, toxum borusundan və toxum kisəsindən ibarətdir. Toxum boruları birləşərək tək toxumxaricedici kanalı əmələ gətirir. Dişi cinsi orqanları yumurtalıqlardan, cüt yumurta borularından və balalıqdan ibarətdir. Balalıq — balalıq yoluna açılır. Onixoforlarda cinsi dəlik sonuncu iki cüt ayaqların arasında yerləşmişdir. Spermatafor vasitəsilə çoxalırlar, mayalanma daxilidir. Bir neçə onixofor müstəsna olmaqla, demək olar ki, bütün onixoforlar diri bala doğurlar, az hallarda yumurta qoyurlar. İnkişafları düzənidir. Doğulmuş balalar nisbətən iri olur.[3]
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2006.
- ZQ Z., Mayer G., Oliveira I. d. S. Phylum Onychophora Grube, 1853 (ing.). // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness (Addenda 2013) / Z. Zhang 2013. Vol. 3703, Iss. 1. P. 15–16. doi:10.11646/ZOOTAXA.3703.1.5 PMID:26146682
- Dogel, Onurğasızlar zoologiyası, Bakı-2007, səh.233