Oman tarixi

Oman tarixi — Hazırda Oman Sultanlığı adlanan ərazinin tarixi.

Oman

Qədim dövrlər

Omanın ərazisi ən qədim dövrlərdən məskunlaşmışdır.[1] Eramızdan əvvəl IV–III minilliklərdə Omanın dəniz sahilləri Cənub-Qərbi Asiya ilə Cənubi Asiya ölkələri arasında gedən ticarətdə mühüm rol oynayırdı.[2][3] E.ə. I minilliyin əvvəllərində Omanda yəməni ərəb tayfa birliklərinin hakim mövqe tutması onun Cənub-Qərbi Ərəbistan ilə əlaqələrinin möhkəmlənməsinə, dövlətin formalaşmasına və iqtisadiyyatının inkişafına təsir göstərdi, lakin VI əsrdə Sasanilərin basqınları, qonşu bədəvi tayfaların dağıdıcı hücumları Omanın tənəzzülünü sürətləndirdi.

Orta əsrlər

VII əsrdə Ərəb xilafətinin tərkibinə daxil edilən Oman feodal münasibətləri inkişaf edən bir dövlətə çevrildi. VIII əsrin ortalarında isə Oman (ibadilik məzhəbinin rəhbərliyi altında) müstəqillik əldə etmişdi.[4] İbadilərin əsas fərqləndirici xüsusiyyəti hakimlərin ümumi razılıq əsasında seçilməsi idi.[5] İbadilər silahlı çıxış və üsyandan imtina edir, dini təbliğat vasitəsilə xəlifə canişinləri ilə yaxşı münasibət saxlamağa çalışırdılar. Bu hərəkat sonradan şərqi Afrikaya da yayıldı. İbadilər Omanda öz imamlığını yaratdılar. İbadi imamları həm dini, həm də siyasi hakimiyyətə malik idilər.

Konstantinopolun (İstanbul) 1453-cü ildə türklər tərəfindən zəbt edilməsi Avropa ölkələrini şərqə doğru yeni dəniz yolları axtarmağa vadar etdi. 1507-ci ildə Portuqaliya admiralı Alfonso Albukerkin gəmiləri dənizdən Məsqət şəhərini atəşə tutduqdan sonra sahil şəhərlərini talan etdilər. Sonralar Omanın dəniz sahilləri Hollandiya, Fransa, XVII əsrdə İngiltərəNəcd ərəbləri arasında mübarizə meydanına çevrilir. Omanın müasir sərhədləri daxilində əvvəllər Məsqət sultanlığı və Oman imamlığı adlanan inzibati vahidlər mövcud olub. Hələ XIX əsrin əvvəllərində coğrafi və hərbi-strateji baxımdan əlverişli mövqeyi olan Oman və Məsqət İngiltərənin nəzarəti altında idarə olunurdu. Məsqət sultanlığı ilə İngiltərə arasında isə "Xüsusi müqavilələr" imzalanmışdı.

Yeni dövr

1913-cü ildə Oman imamlığı Məsqət sultanlığının tərkibindən ayrılaraq özünü müstəqil dövlət elan edir. İngiltərə tərəfindən silahlandırılan Məsqət sultanlığı Oman imamlığını özünə tabe etdirmək üçün onunla 7 il müharibə aparmışdı. Bu müddətdə imamlığı özünə tabe etdirə bilmədiyindən 1920-ci ildə bağlanmış Sib müqaviləsinin şərtlərinə əsasən Oman imamlığı Məsqət sultanlığından ayrılaraq müstəqil elan olunur.

35 ildən sonra yenə də rəsmi Londonun yaxından iştirakı ilə Məsqət sultanının qoşunları imamlığın ərazisini zəbt edir və İngiltərə onu Məsqət sultanlığının bir bölgəsi elan edir. 1958-ci ildən etibarən Oman-Məsqət münaqişəsi BMT-nin Baş Məclisinin sessiyalarında dəfələrlə müzakirə olunsa da rəsmi London Oman imamlığının müstəqilliyi barədə beynəlxalq səviyyələrdə qəbul olunan qərarları, verilən qətnamələri "qulaqardına" vurur.

Ötən əsrin 60-cı illərinin ortalarında Omanda mühüm hadisələr baş verir. 1967-ci ilin avqustunda ilk neft quyusu fontan vurur. Əgər bu hadisəyə qədər Oman, əsasən qonşu ölkələrə kənd təsərrüfatı məhsulları satıb, bir ildə 1 mln. funt sterlinq dəyərində gəlir əldə edirdisə, 1967-ci ildə bu rəqəm 13, 1970-ci ildə isə 73 mln. funt sterlinqə bərabər oldu.

1970-ci ilə qədər Omanda cəmi iki məktəb və bir şəhər xəstəxanası mövcud idi. Məktəblər ancaq oğlanlar üçün idi. Sultan sarayından təyyarə meydanına qədər çəkilmiş yeganə asfalt yolun uzunluğu 12 km-dən çox deyildi. Böyük Britaniyanın köməyi ilə 1970-ci ilin 23 iyulunda Omanda saray çevrilişi təşkil olunur və Sultan Səid ben Teymurun oğlu Kabus ben Səid ben Teymur atasının taxttacına sahib olur və Omanı müstəqil dövlət elan edir. 1970-ci ilin avqustunda isə paytaxtı Məsqət şəhəri olan dövlət Oman Sultanlığı adını qəbul edir. Omanın tərkibinə islahatçı sultan kimi daxil olmuş Kabus ben Səid Səidilər səlaləsindən 14-cü sultandır. O ölkədə modernləşdirmə işlərinə başladı. Yol tikintisi işlərini alman, tibb işlərini isveç, arxeologiya işlərini italyan, memarlıq işlərini kiprli, parksalma işlərini filippin mütəxəssislərinə tapşırdı. 1970-ci ildə Oman radiosu, beş ildən sonra isə televiziyası ilk verilişlərinə başladı. 1973-cü ildə ölkənin ilk beynəlxalq təyyarə meydanı, bir ildən sonra isə dəniz portu fəaliyyət göstərməyə başladı.

Modernləşdirmə proqramının əsas istiqamətlərindən biri də təhsil sahəsində baş verdi. 1972-ci ildə oğlanlar və qızlar üçün pulsuz məktəblər açılır. 1986-cı ildə isə Sultan Kabus adına ölkənin ilk universiteti fəaliyyətə başlayır. Ötən əsrin 70-ci illərinin ortalarından sultanın fərmanı ilə Milli inkişaf şurası yaradılır və 1976–1980-ci illəri əhatə edən ilk beşillik plan qəbul edilir. Sonradan iqtisadi və sosial inkişafın digər beşillik planları da qəbul edilir.

İstinadlar

  1. Rose, JI; Usik, VI; Marks, AE; Hilbert, YH; Galletti, CS; Parton, A; Geiling, JM; Cerný, V; Morley, MW; Roberts, RG. "The Nubian Complex of Dhofar, Oman: an African middle stone age industry in Southern Arabia". PLoS ONE. 6. 2011: e28239. doi:10.1371/journal.pone.0028239. PMC 3227647. PMID 22140561.
  2. Armitage, S. J. et al. 2011
  3. The southern route ‘out of Africa’: evidence for an early expansion of modern humans into Arabia. Science, v. 331, p.p. 453–456)
  4. "Oman". November 1, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 1, 2008. (#invalid_param_val)Fourth line down from the top of the history section: "In 751 Ibadi Muslims, a moderate branch of the Kharijites, established an imamate in Oman. Despite interruptions, the Ibadi imamate survived until the mid-20th century". 2009–10-31.
  5. Donald Hawley, Oman, pg. 201. Jubilee edition. Kensington: Stacey International, 1995. ISBN 0905743636
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.