Oman iqtisadiyyatı
Oman iqtisadiyyatının əsas xüsusiyyətləri
Neft və qazçıxarma sənayesi istisna olmaqla Oman iqtisadiyyatı o qədər də güclü inkişaf edə bilməmişdir. Ötən əsrin 90-cı illərinin əvvəllərindən isə Omanda güclü iqtisadi inkişaf hiss olunmaqdadır. İqtisadi inkişafa təkan verən amil isə neft çıxarmaqdır, lakin neftin ehtiyatı o qədər də böyük deyil. Buna görə neft satışından əldə olunan gəlir ilk növbədə ölkənin iqtisadi mexanizminin yaradılmasına, təsərrüfatın digər sahələrinin inkişafına yönəldilir.[1]
Sənaye sahələrinin yaradılması sahəsində əvvəlcə sement, ərzaq, gübrə və mal-qara üçün yem istehsal edən kiçik və orta həcmli müəssisələrin tikintisinə "yaşıl işıq" yandırıldı. Yeni yaradılan müəssisələrə hökumət tərəfindən müəyyən güzəştlər edilirdi. Məsələn, ölkə rəhbəri yerli omanlıların iştirakı olmadan xaricilərin biznes sahəsində fəaliyyətinə icazə vermir. Dövlət milli mütəxəssislərin hazırlanmasına da xüsusi diqqət yetirir və bütün bu proses "omanlaşdırma" adlanır.
İran körfəzinin neft çıxaran digər ərəb ölkələrindən (Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı) fərqli olaraq Oman rəhbərliyi öz vətəndaşları üçün "parnik şəraiti" yaratmır, yəni ancaq omanlı olduqlarına görə onlara pul güzəştləri edilmir. Oman rəhbərliyi yaxşı başa düşür ki, 40–50 ildən sonra ölkədə neft ehtiyatları tükənəcək. Ona görə də bu sahədən əldə edilən vəsait ilk növbədə ölkənin iqtisadi inkişafına təkan verə biləcək obyektlərin tikintisinə qoyulur.
2004-cü ildə ölkənin ümumdaxili məhsulunun dəyəri 22 mlrd. dollar olmuşdur.[2] Əhalinin hər nəfərinə təqribən 8000 dollar düşür. Ötən əsrin 70-ci illərinin ortalarından neft sektoru iqtisadiyyatın dayağı və əsas gəlir mənbəyinə çevrilmişdir. Ölkə iqtisadiyyatı beşillik planlar üzrə inkişaf edir. Hazırda 2006–2010 illəri əhatə edən yeddinci beşillik həyata keçirilir. Çoxsahəli iqtisadiyyatın inkişafı, əcnəbi işçi qüvvəsini yerli sakinlərlə əvəzləmək üçün milli kadrların ixtisaslarının artırılması əsas vəzifələrdir.[3] Ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi cox əhəmiyyətli sayılır. İqtisadiyyatın sahələr üzrə strukturuna nəzər saldıqda ümumdaxili məhsulun 3 faizi kənd təsərrüfatından, 40 faizi sənayedən, 57 faizi xidmət sahələrindən əldə olunur. İqtisadiyyatın orta illik artım tempi 4 faizdir.
Sənayenin aparıcı sahələri
Ötən əsrin 70-ci illərinin əvvəllərindən ölkədə hasilat sənayesinin inkişafında tərəqqi baş verir. Ölkədə neft axtarışı ilə məşğul olmağa 1967-ci ildən sonra başlamışlar. İlk dəfə 1956-cı ildə "Petroleum konseşinz ltd" şirkəti Fəhud rayonunda neft quyusu qazmışdı. Ölkə üzrə neftin kəşf edilmiş ehtiyatları 735 mln. ton (2003), təbii qaz ehtiyatı 815 mlrd kub metrdir. Bu iki sərvət ölkə sənayesinin aparıcı sahələridir. İllik hasilat müvafiq olaraq 45 mln. ton və 10.5 mlrd kub metrdir.[4][5][6]
Omanın kontinental şelfində neft axrarışı işləri ilə məşğul olan mütəxəssislərin fikrincə dəniz dibində böyük ehtiyatı olan yataqlar mövcud ola bilər. Ölkədən çıxarılan neftin bir qismi "Eşlend kompani" şirkətinin 1982-ci ildə tikdirdiyi neftayırma zavodunda emal olunur. Bu müəssisənin məhsulları ölkə tələbatını ödəyir, çıxarılan neftin əksər hissəsi isə ixrac olunur. Yaponiya, Fransa və Hollandiya Oman neftinin əsas alıcılarıdır. Ölkənin büdcə gəlirlərinin əsas mənbəyini neft satışından əldə olunan gəlir təşkil edir. Neft istehsalı və ixracı ölkədə möhkəm valyutanın yaranmaasına səbəb olmuşdur.
Neftin kəşfiyyatı və çıxarılması illə "Petroleum Divelopment of Oman" şirkəti məşğul olur. Şirkət kapitalının 60 faizi Oman dövlətinə məxsusdur. Ölkədə təbii qaza olan tələbatı ödəmək və dünya bazarına təbii qaz ixrac etmək məqsədilə 80-ci illərin əvvəllərində tədbirlər hazırlanmışdır. 1989-cu ildə dövlət bölməsinin kapitalı əsasında İbal-Məsqət qaz kəməri istifadəyə verilmişdir. Bu magistral qaz kəmərindən ölkənin şimalında yerləşmiş Rusayal sənaye mərkəzinə qollar ayrılır.
Təbii qazdan kibrə istehsalına başlanmışdır. 2000-ci ildən istehsal gücü 6,2 mln ton olan maye qaz zavodu fəaliyyət göstərir. Dünya bazarında neftin qiymətinin dəyişməsindən asılı olaraq ölkə neftdən bir ildə 8–10 mlrd. ABŞ dolları həcmində gəlir əldə edir. Neft və təbii qazdan başqa Omanda mis, xromit, daş kömür, qızıl, qurğuşun və s. çıxarılır. Çıxarılan mis filizi Səudiyyə Ərəbistanı kapitalının köməyilə tikilmiş misəritmə zavodunda emal olunur.
Emaledici sənaye inkişaf etdirilir. Bu sahənin müəssisələrində sement, plastik kütlə məmulatları, soyuducu, un istehsal edilir, meyvə konservləri, Şərq şirniyyatı hazırlanır, xurma qablaşdırılır, balıq qurudulur. İqtisadiyyatın daha sürətli inkişafına maneçilik törədən amil energetika bazasının zəifliyidir. Ölkədə mazut və qazla işləyən bir neçə istilik elektrik stansiyası fəaliyyət göstərir.
Kənd təsərrüfatının aparıcı sahələri
Oman tarixən maldarlıq və əkinçilik ölkəsi kimi tanınırdı. İndinin özündə də vahə əkinçiliyi və köçəri maldarlıq öz əhəmiyyətini saxlaya bilmişdir. Omanın lap qədimdən şöhrət tapdığı arıçılıq heyvandarlıqda xüsusi yer tutur. Ərazinin cəmi 7 faizi əkinçiliyə yararlıdır. Əl-Bəttin vadisi və sahil düzənliyi ölkənin mühüm əkinçilik rayonlarıdır. Omanda suvarma məqsədilə yaradılmış yeraltı kanallardan-fələclərdən istifadə geniş yayılmışdır. Əkin sahələrinin 95 faizi suvarılır. Əkinçilikdə xurma becərilməsi üstünlük təşkil edir. Ən böyük xurma plantasiyaları Əl-Bətindədir. Hər il orta hesabla 150–160 min ton xurma toplanır. Xurma plantasiyalarında xurma ilə yanaşı subtropik və tropik meyvələr-limon, manqo, banan, nar, üzüm və s. yetişdirilir. Limon yetişdirilməsi xüsusilə əhəmiyyətlidir. Yığılan limonun xeyli hissəsi ixrac olunur. Dənli bitkilərdən suya və münbit torpağa çox tələbkar olmayan durra əkinləri üstunlük təşkil edir.
Buğda və arpa suvarılan torpaqlarda, tütün və şəkər qamışı isə ölkənin cənubunda yetişdirilir.
Nəqliyyatı və xarici siyasəti
Omanda nəqliyyat sistemi zəif inkişaf etmişdir. Ölkədə dəmir yol xətti yoxdur. Daxili bölgələr ilə əlaqələrdə avtomobil yolları ilə bərabər karvan yolları da öz əhəmiyyətini saxlamışdır. Son illərdə xarici mütəxəssislərin köməyilə Oman körfəzi sahilboyu Məsqət-Əs Suhar istiqamətində 790 km uzunluğunda müasir tələbatlara cavab verən şose yolu çəkilmiş, Məsqət yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı, Mina Kabusda isə iri dəniz portu salınmışdır. Soxar şəhərində ən müasir gəmilərə xidmət edən dərinsulu port salınır.
Xarici ticarət
Oman iqtisadiyyatı üçün xarici tacarətin əhəmiyyəti ölçüyəgəlməzdir. Ölkədən neft, neft məhsulları, balıq, meyvə, tərəvəz və s. ixrac edilir. Çox işlənən mallar, maşın və avadanlıq, nəqliyyat vasitələri, çatışmayan ərzaq və s. idxal olunur. Əsas etibarilə Böyük Britaniya, Yaponiya, Hollandiya, ABŞ, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Səudiyyə Ərəbistanı ilə ticarət edir. Milli pul vahidi Oman rialıdır. Bir rial təqribən 3 ABŞ dollarına bərabər tutulur.
Oman xarici iqtisadi əlaqələrində İran körfəzi ölkələrinin əməkdaşlıq Şurasına daxil olan ölkələrlə qarşılıqlı sərfəli əlaqələrin möhkəmləndirilməsinə üstünlük verir. Omanın telekommunikasiya sistemi İran körfəzi zonasında qabaqcıl sayılır. Omana hər il 400–500 min nəfər əcnəbi turist gəlir.[7][8][9][10]
Mənbə
- Francis Owtram. A Modern History of Oman: Formation of the State Since 1920. London, I. B. Tauris, 2004.
- Густерин П.В. Города Арабского Востока|2007.
- Д. Осипов. Путеводитель по Оману. — (Серия "Иди за мной!") — М.: ИОИ, В. Секачёв, 2006.
- Mandana E. Limbert. In the Time of Oil: Piety, Memory, and Social Life in an Omani Town. Palo Alto, Stanford UP, 2010.
Istinadlar
- "Arabia Tourism". 29 April 2011 tarixində arxivləşdirilib.
- "Metkore Alloys to invest $80 m in Oman plant". 11 June 2012. 4 April 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 November 2015.
- Chemical & Engineering News, 5 January 2009, "U. S.-Oman pact expands Free Trade", p. 18
- "Oman: proven oil reserves". Indexmundi.com. 25 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 April 2010.
- "Oman: Energy data". EIA. 2 March 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2009.
- cite web|title=Home|url=http://www.mog.gov.om/english/tabid/54/Default.aspx%7Cpublisher=Ministry Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine of Oil and Gas
- Kharusi, N. S.; Salman, A. "The English Transliteration of Place Names in Oman". Journal of Academic and Applied Studies. 1 (3). September 2011: 1–27. 2022-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30.
- Thomas, Babu. "Culture in Oman, Tourism". Omanet.om. Archived from the original on 25 June 2013. İstifadə tarixi: 9 June 2013.
- I'Anson, Richard. "Lonely Planet's Best in Travel: top 10 cities for 2012 - travel tips and articles". Lonely Planet. 7 June 2012. 2 November 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 June 2013.
- Postings of opinions published in the Gulf and international newspapers Arxivləşdirilib 2014-12-30 at the Wayback Machine. gulfinthemedia.com