Oktoberfest
Oktoberfest — Almaniyanın Bavariya vilayətinin Münhen şəhərində hər il ənənəvi formada keçirilən pivə festivalı. Oktoberfest bayramı sentyabr ayının sonlarına yaxın oktyabr ayının ilk həftəsində təşkil edilir və 16 gün davam edir. Turistlərlə birlikdə bayramda hər il 6 milyondan çox şəxs iştirak etməkdədir. Yerli əhali tərəfindən Theresienwiese olaraq adlandırılan bayramın qısaldılmış adı Wiesn formasındadır. Oktoberfest Bavariya mədəniyyətinin ayrılmaz tərkib hissələrindən biri kimi böyük məşhurluq əldə edərək 1810-cu ildən bəri ənənəvi formada təşkil edilən festivaldır.
Dünyanın müxtəlif şəhərlərində Münhendə keçirilən Oktoberfestdən ilhamlanaraq bənzər pivə festivalları keçirilməkdədir. Münhen şəhərində keçirilən Oktoberfest 16 gün davam edir və oktyabr ayının ilk bazar günündən etibarən başlayır. 1994-cü ildə Almaniya Demokratik Respublikası ilə Almaniya Federativ Respublikasının birləşməsi nəticəsində Oktoberfestin başlanma tarixi dəyişdirilmişdir. Birləşmədən sonra festival oktyabrın biri və ya ikisi, ən geci isə ayın üçü başlayır. Festivalın ilk günü bazar gününə düşdüyündən, adətən, 18 gün davam edir. Oktoberfestin lokal adı (alm. Theresienwiese) formasındadır. Münhenin mərkəzi hissələrində isə adın qısaldılmış forması olan Wiesndən istifadə olunur. (alm. Theresienwiese) sözü iki ifadənin birləşməsindən əmələ gəlmişdir.
İfadənin ilk hissəsində olan Therese Bavariya vilayətindən olan Sakson-Hildburghausen knyazlığının kraliçası Kraliça Terezanın şərəfinədir. (alm. Wiese) isə alman dilindən tərcümədə çəmənlik deməkdir. Oktoberfest zamanı bir necə milyon litr pivə içilməkdədir. 2007-ci ildə keçirilən festival zamanı 16 gün ərzində 7 milyon litrdən çox pivə içilmişdir. Festival zamanı bir neçə növ və marka pivələrlə yanaşı, gələn turistlərə müxtəlif əyləncələr də təklif edilir. Luna parklar, əyləncə mərkəzləri və Bavariya milli mətbəxi ilə bağlı keçirilən yarmarka və pikniklər bunlara misal göstərilə bilər.
Tarixi
Vəliəhd şahzadə və eyni zamanda gələcəkdə Bavariyanın kralı olacaq I Lüdviq 1810-cu ilin 12 oktyabr tarixində Sakson-Hildburghausen knyazlığının kraliçası Kraliça Tereza ilə evlənir. Cütlüyün evlənməsi münasibətilə şəhər sakinləri kral ailəsi tərəfindən kral sarayının yaxınlığında təşkil ediləcək ictimai tədbirlərə dəvət edilirlər. Həmin yığıncaqlar gələcəkdə Oktoberfest bayramının yaranmasına səbəb olur. Keçirilən yığıncaqlar 17 oktyabr tarixinə qədər davam edirdi və burada müxtəlif növ içkilərin içilməsi ilə yanaşı, kral ailəsi tərəfindən kralın şərəfinə şəhər sakinləri üçün at yarışları da təşkil edilməkdə idi. Tədbirin təşkili ilə bağlı ilkin ideyanın Andreas Mişel Dalarmiyə məxsus olduğu ehtimal edilir. Bir digər versiya isə Milli Qvardiyanın serjantı olan Frans Baumqartner ilə bağlıdır. Baumqartnerin at yarışları və pivə şənlikləri ilə bağlı bir sıra fikirləri mövcud olmuşdur. Bu gün belə Oktoberfestin ilk dəfə konkret kim tərəfindən irəli sürüldüyü mübahisəli məqam olaraq qalır.
Növbəti il at yarışlarının keçirilməsi barədə razılığın əldə olunması Oktoberfestin davamlı olması ilə nəticələndi. Bayram şənlikləri bir qayda olaraq şəhərkənarı ərazilərdə təşkil edilirdi. Təbiət qoynunda at yarışlarının keçirilməsi şəhərə nisbətən daha əlverişli sayılırdı. Sendlinger dağında at yarışlarının rahat izlənməsi üçün 40.000 nəfərlik tribuna quraşdırılmışdı. Dağın və yarış meydançasının yaxınlığında yerləşən təpədə yarışı tribunada izləyən azarkeşlər üçün Bavariya mətbəxinə xas olan şərablar, pivələr və yeməklər hazırlanırdı. Kral, adətən, yarışları əraziyə quraşdırılmış köşkündən izləyirdi. Yarış başlamamışdan əvvəl Bavariyanın doqquz əsas bölgəsindən gəlmiş kəndlilər kral ailəsinin qarşısında öz milli geyimləri ilə çıxış edir və öz bölgələrini yarış iştirakçılarına və qonaqlarına tanıdırdılar. 3270 metr uzunluğunda olan hipodromda 30 yarış atı qalib adı uğrunda yarışırdı. Keçirilən ilk yarışın qalibi olan Dövlət Naziri Maksimilian Qraf von Montgelasa qızıl medal Frans Baumqartner tərəfindən təqdim olunmuşdur.[1]
XIX əsr
1811-ci ildə Bavariyanın kənd təsərrüfatı inkişaf etməkdə idi. 1813-cü ildə Oktoberfest VI Koalisiya müharibəsi səbəbindən təxirə salınır. Bu ildən sonrakı Oktoberfestlərin məşhurluğu və iştirakçı sayı ildən-ilə artan templə yüksəlməyə başladı. At yarışları artıq bayramın əsas əyləncə növlərindən sayılmırdı. At yarışları ilə yanaşı, ağaca dırmanma, boulinq və milli folklorda olan bir necə oyun bayram iştirakçıları arasında məşhurluq qazanmışdı. 1818-ci ildən keçirilən yarışların qaliblərinə qızıl, gümüş və qiymətli qablar verilirdi. 1819-cu ildə Münhen şəhər şurasının nümayəndələri Oktoberfestin illik şəkildə təşkil edilməsinə qərar verdilər. Festivalın keçirilməsi ilə bağlı məsələləri sözügedən şura həll etməli idi. Əvvəlcə festivalın yay aylarında keçirilməsi planlaşdırılmışdı.
Yay günlərinin uzun və isti olması səbəbindən Oktoberfest üçün ən münasib zaman sentyabr ayının sonları və oktyabr ayının əvvəlləri idi. Oktoberfest şənlikləri zamanı at yarışlarının təşkil edilməsi 1960-cı ilə qədər davam etmişdir. Hal-hazırda Bavariyanın cənub ərazilərində hər dörd ildən bir festival münasibətilə simvolik at yarışları təşkil edilməkdədir. 1810-cu ildə Bavariya kralı I Lüdviq ilə Sakson-Hildburghausen knyazlığının kraliçası Kraliça Terezanın evlənməsi münasibətilə ilk dəfə təşkil edilən şənliklər XIX əsrin ortalarına yaxın bütün Bavariyada məşhurlaşmış və ənənəvi hal almışdır. XIX əsrin ortalarında keçirilən Oktoberfestlər zamanı səkkiz-on min insan Bavariya milli geyimləri ilə Münhen şəhərinin mərkəzində yerləşən Maksimilian küçəsi ilə hərəkət edir və öz bölgələrini festival iştirakçılarına tanıdırdılar.
Yürüş Münhen kindl adı verilən rəngli kostyumlar geyinmiş uşaqlar tərəfindən idarə olunurdu. 1850-ci ildən etibarən isə Bavariya heykəlinin ətrafı festival iştirakçılarının əsas keçid nöqtələrindən biri oldu. Şəhərin mərkəzi hissəsində yerləşən görməli yerlər Almaniyanın müxtəlif bölgələrindən gəlmiş Oktoberfest iştirakçıları üçün maraq kəsb edirdi və bu səbəbdən həmin yerlər tədbirlərdən bir necə həftə əvvəl bayram əhvalı ilə hazırlanırdı. 1853-cü ildə Bavariyanın mərkəzi tikililərindən biri olan Ruhmeşhal tamamlanır. 1854-cü ildə Bavariya və ətraf ərazilərdə baş verən vəba epidemiyası 3.000 insanın ölümünə səbəb olur və bu səbəbdən festival həmin il keçirilmir. Növbəti bir təxirə salma 1866-cı ildə baş verir. Avstriya-Prusiya müharibəsinin başlanması festivalın həmin il keçirilməməsi ilə nəticələnir. 1870-ci ildə baş vermiş Fransa–Prussiya müharibəsi səbəbindən də festival təxirə salınır.
1873-cü ildə ərazidə görülən ikinci vəba dalğası yenə festivalın təxirə salınması ilə nəticələnir. Elektrik lampasının kəşf edilməsinin ardından 1880-cı ildən etibarən keçirilən festivallar zamanı səyyar çadırlar və meyxanalar quraşdırılmağa başlanır. Həmin il festival iştirakçıları üçün 400 dən çox belə çadır və meyxana quraşdırılmışdır. 1881-ci ildə ilk dəfə festival iştirakçılarına kolbasa və sosiska məmulatları satılır. Oktoberfest zamanı pivənin bakallara süzülərək satılması 1892-ci ildə baş verir. XIX əsrin sonlarında texnikanın inkişafı ilə tətbiq edilən yeni qaydalar daha da müasirləşdirilir və festivalın məzmunu bununla da zənginləşmiş olur. Oktoberfest ictimai bir hadisə olaraq qəbul edilirdi və bu səbəbdən XIX əsrin sonlarına yaxın hər təbəqədən və peşədən olan şəxslər üçün ayrı-ayrı pivə çadırları qurulmağa başlamışdır.
XX əsr
1910-cu ildə Oktoberfestin 100 illiyi təntənəli şəkildə qeyd edilir. Həmin yubiley münasibətilə festival iştirakçıları tərəfindən 120 min litr pivə içilir. 1913-cü ildə Brasurosl şirkəti həmin ilə qədər qurulmuş pivə çadırlarının ən böyüyünü qurur. Şirkət tərəfindən qurulan çadırarda toplamda 12.000 şəxsə xidmət göstərilmişdir. Birinci Dünya Müharibəsini əhatə edən 1914-1918-ci illər festivalın təxirə salınması ilə nəticələnir. Müharibədən sonrakı iki ildə (1919 və 1920) festivalın əvəzinə daha az iştirakçı ilə Payız Festivalı adlı bayram keçirilir. 1923 və 1924-cü illərdə Oktoberfest infilyasiya səbəbindən keçirilə bilmir.
Üçüncü Reyxin mövcudluğu dönəmində Oktoberfest nasist təbliğatının bir parçası kimi istifadə edilir. 1933-cü ildə bir bakal pivənin qiyməti 99 pveninq həddində müəyyənləşdirilir. Alman Nasional Sosialist Fəhlə Partiyasının hakimiyyətə gəlməsi ilə Oktoberfest festivalında yəhudilərin işləməsi və iştirakı qadağan edilir. 1935-ci ildə Oktoberfestin 125 illik yubileyi Üçüncü Reyx tərəfindən təntənəli şəkildə qeyd edilir. Qürurlu şəhər - şən ölkə şüarı altında keçirilən tədbirlər əslində NSDAP-ın öz gücünü qonşu dövlətlərə nümayiş etdirməsi üçün bir fürsət olur. 1938-ci ildə Anşlüs adı altında Avstriyanın Almaniyaya birləşdirilməsi və Münhen müqaviləsi ilə Sudetin ilhaqı kimi uğurlar səbəbindən Oktoberfestin adı Böyük Alman Folklor Festivalı formasında dəyişdirilir. Nasistlər həmin illərdə festivalda iştirak edə bilmələri üçün Sudet ərazisində yaşayan almanları qatarlarla festival meydançalarına gətizdirirlər.[2]
İkinci dünya müharibəsinin əhatə olunduğu 1939-1945-ci illərdə heç bir Oktoberfest keçirilməmişdir. 1946 və 1948-ci illərdə Münhendə sadəcə Payız festivalı adı altında kiçik həcmli şənliklər keçirilir. 1950-ci ildən bu günə qədər Oktoberfest davamlı şəkildə təşkil edilməyə başlanır. 12 silahlı əsgərin salamlama atəşindən sonra Münhen şəhərinin meri festival iştirakçılarını salamlayır və bununla da festival açıq elan olunurdu. Oktoberfestin açılış mərasimi, adətən, saat 12:00 da gerçəkləşdirilməkdə idi. Həmin ildən etibarən bir qayda olaraq festivalın ilk bakal pivəsi Bavariya əyalətinin hökumət başçısına təqdim edilir. İlk pivə bakalını qəbul edən rəsmi şəxs 1948-1960-cı illərdə Münhen şəhərində mer vəzifəsini icra etmiş Tomas Vimmer olmuşdur.
1960-cı illərdən etibarən festivalın başlamasından əvvəl pivə markalarının nümayəndələri, fəal festival iştirakçıları və çadır klublarının üzvlərindən ibarət şəxslərin fəxri keçidi təşkil olunmağa başlayır. Parad adətən 9.45 dən 10.50 qədər davam edirdi.[3] 1960-cı ildə at yarışları festivalın proqramından çıxarılır. Bu illərdən etibarən Oktoberfestin məşhurluğu təkcə Almaniya ilə yekunlaşmırdı. Avropa və Şimali Amerikada dirndl geyinmiş Bavariya vilayətindən olan qızlar və pivə şənliklərindən iştirak edən insan kütlələri barədə müxtəlif söhbətlər yaranmağa başlanır.
Oktoberfest festivalında iştirak edən şəxslər üçün xüsusi geyim forması mövcuddur. Qadınlar Bavariya əyalətinin milli geyimi olan dirndl geyimindən istifadə edirlər. Kişilər üçün isə əsasən, baş geyimləri nəzərdə tutulub. Bavariyanın milli başlıq geyimi olan (alm. Tirolerhüte) papaqları və, adətən, bayram günlərində istifadə edilən qamsbart Oktoberfest zamanı kişilər üçün əsas atributlardan sayılır. Festival ərəfəsində Münhen şəhərində yaradılan səyyar dükkanlardan bu geyimləri əldə etmək mümkündür. 1980-cı illərdən etibarən festivala turistlərin böyük maraq göstərməsi səbəbindən festival müddətində tibbi sağlamlıq məsələlərini Alman Qırmızı Xaç təşkilatı həll etməkdədir. Təşkilatın 100 nəfərdən ibarət personalı şənliklər boyu ərazidə xidmət göstərirlər.[4] Təcili tibbi yardım personalı ilə yanaşı, Münhen polisi festival müddətində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, şəhərin xüsusi əhəmiyyətli binalarının təhlükəsizliyi gücləndirilir. Almaniyada fəaliyyət göstərən LGBT təşkilatlarının tələbi ilə 1970-ci ildən etibarən Oktoberfest çadırlarından biri homoseksuallar üçün ayrılmışdır.
Oktoberfest terror hücumu
Oktoberfest ilə bağlı baş vermiş ən dəhşətli terror hücumu 1980-cı ilin 26 sentyabr tarixində törədilmişdir. Gundolf Köhler adlı 21 yaşlı radikal-sağ meyilli alman tələbə tərəfindən festival iştirakçılarının toplaşdığı giriş qapısı yaxınlığında partlayıcının partlaması nəticəsində 13 nəfər həlak olmuş və 211 nəfər isə yaralanmışdır. Oktoberfest terror hücumu Qərbi Almaniyada yaşanmış ən genişmiqyaslı terror aktlarından biri hesab olunur. Hadisənin törətməkdə günahlandarılan Gundolf Köhler adlı 21 yaşlı alman tələbə hadisə yerində baş verən partlayış zamanı həlak olmuşdur. Köhlerin tək başınamı, yoxsa qrup şəklində hərəkət etdiyi bu günə qədər müəyyənləşdirilə bilməyib.
Günümüz
XXI əsrin əvvəllərində Oktoberfest ilə bağlı olan ənənələrdə ciddi dəyişikliklər yaşanmadı. Münhen şəhərinin simvollarından biri halına gələn bayram təkcə Avropadan yox, digər qitələrdən olan pivə və karnaval həvəskarların da hər ötən gün özünə cəlb etməkdədir. 2005-ci ildən etibarən festival iştirakçıları arasında fərdi çadır anlayışı yaranmağa başlandı. Ailə və dost mühitləri üçün hesablanmış 7-8 nəfərlik pivə çadırlarının qurulması ilə tədbirin daha sakit formada keçirilməsinə nail olundu. Şəhər sakinlərinin narahat edilməməsi üçün festival çərçivəsində musiqinin aşağı səslə verilməsinə xüsusi diqqət göstərilir. Saat 18:00 qədər musiqilərin aşağı tonda səsləndirilməsi şərtdir. Bununla yanaşı səsləndirilən musiqilərin səs desibelinin 85-dən yuxarı olmaması tələb olunur.
Oktoberfest üçün musiqi ilə bağlı gətirilən məhdudiyyətlərin səbəbi ənənəvi pivə festival mühitinin qorunması olmuşdur. Gurultulu musiqinin bir pivə festivalından daha çox rok festivalı təəssüratı yaradacağı fikri festival iştirakçılarının musiqi ilə bağlı belə qərarlar alması ilə nəticələnmişdir. 2008-ci ildə Bavariya əyalət şurası tərəfindən qəbul edilən qərar ilə Oktoberfestin keçildiyi ictimai məkanlarda siqaret istifadəsi qadağan edilmişdir. Qərarın siqaret çəkməyən festival iştirakçılarının tələbi ilə qəbul edildiyi iddia edilsə də Bavariya əyalətində tütün məmulatları ilə bağlı bir qanun layihəsinin olmaması siqaret çəkən kəsim tərəfindən etirazla qarşılanmışdır.
Festival zamanı siqaretdən istifadəyə qadağa qoyulması bir çoxları tərəfindən etirazla qarşılanmışdır. Yaşanan etirazlar nəticəsində Almaniya hökuməti siqaretdən istifadəni yalnız festival meydançalarında yaradılan xüsusi kiçik barlarda leqallaşdırmışdır. Təşkilatçıların əsas hədəflərindən biri böyük çadırlarda siqaretdən istifadə üçün icazənin alınması ilə bağlıdır.[5] Oktoberfest zamanı siqaretdən istifadə məsələsi bu gün belə öz aktuallığını qorumaqdadır. 2010-cu ildə Oktoberfestin 200 illik yubileyi xüsusi təntənə ilə qeyd edilmişdir. İlk illərdə keçirilən festivallarda olduğu kimi 200 illik münasibətilə keçirilən festival zamanı da at yarışı təşkil edilmişdir. 2013-cü ildə 6.4 milyon ziyarətçinin axını ilə nəticələnən festival zamanı iştirakçılar tərəfindən 6.7 milyon litr pivə içilmişdir.[6]
Pivələr
Oktoberfest festivalında iştirak edən pivələrin (alm. Reinheitsgebot) olaraq adlandırılan Alman Təmiz Pivə Qanunu normalarına cavab verməsi və Münhen şəhərinin sərhədləri daxilində hazırlanmış olması tələb olunur. Bu kriteriyalara cavab verən pivələr şərti olaraq Oktoberfest pivələri adlanır.[7] Alman Təmiz Pivə Qanunu tərəfindən qoyulan standartlara cavab verməyən və Münhen şəhərinin sərhədləri daxilində hazırlanmamış pivələrin festivalda iştirak etməsi qadağandır.
Kriteriyalara cavab verən və festivalda iştirak etmək hüququ olan markalar[8]
- Augustiner Bräu
- Hacker-Pschorr
- Löwenbräu
- Paulaner
- Spaten-Franziskaner-Bräu
- Hofbräuhaus
Yuxarıda göstərilən altı pivə markasının yaratdığı Münhen Pivə Klubu tərəfindən hər il Oktoberfest pivələrinin növləri müəyyənləşdirilir.[7]
Statistika
Oktoberfest Bavariya əyaləti üçün mühüm bir hadisədir. Festival bir digər adı ilə Xalqların yığıncağı olaraq adlandırılır.[9] 1999-cu ildə 6 milyondan çox insanın iştirakı ilə festival bir daha region üçün öz əhəmiyyətini göstərmişdir.[10] Həmin il 42 hektar ərazi üzərində yaradılan festivala qatılan insanların 72% Bavariya əyalətindən gələn şəxslər olmuşdur.[11] 15% iştirakçı digər Avropa ölkələrindən və ABŞ, Kanada, Avstraliya kimi yerlərdən gəlmişdilər.[12] Oktoberfest ilə yanaşı, Bavariya əyalətində təşkil edilən bir digər mühüm festival da Munich Frühlingsfest bayramıdır.
Baharın gəlişi münasibətilə keçirilən və bahar bayramı olaraq adlandırılan festival lokal xarakter daşıyır və hər il 600 mindən çox şəxs tərəfindən ziyarət edilir. Oktoberfestdən sonra Almaniyada ən çox insan axınan səbəb olan festival Ştutqart şəhərində keçirilən Cannstatter Volksfest bayramıdır. Festival formatında keçirilən bayrama hər il 4.5 milyon şəxs qatılır. Növbəti yeri də əyləncə festivalı olaraq keçirilən Cranger Kirmes festivalı tutur. Sözügedən festivala isə 2014-cü ildə 4.4 milyon şəxs qatılmışdır. Hannover şəhərində keçirilən və Schützenfest Hannover adlanan festivala hər il 1 milyon nəfər qatılmaqdadır.
Təqvim
İl | Təqvim | Qeyd |
---|---|---|
2000 | Sent 16 – Okt 3 | 18 gün davam edib. |
2001 | Sent 22 – Okt 7 | |
2002 | Sent 21 – Okt 6 | |
2003 | Sent 20 – Okt 5 | |
2004 | Sent 18 – Okt 3 | |
2005 | Sent 17 – Okt 3 | 17 gün davam edib. |
2006 | Sent 16 – Okt 3 | 18 gün davam edib. |
2007 | Sent 22 – Okt 7 | |
2008 | Sent 20 – Okt 5 | 175 illik yubiley |
2009 | Sent 19 – Okt 4 | |
2010 | Sent 18 – Okt 4 | 200 illik yubiley |
2011 | Sent 17 – Okt 3 | 17 gün davam edib |
2012 | Sent 22 – Okt 7 | |
2013 | Sent 21 – Okt 6 | |
2014 | Sent 20 – Okt 5 | |
2015 | Sent 19 - Okt 4 |
Tualet təminatı
Hər il festival sonrası ərazidən min tondan yuxarı tullantı toplanılır. Münhen şəhər şurası zibil tullantılarının yığışdırılması və festival meydançalarının təmiz saxlanılması üçün bayram müddətincə ərazidə gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Zibillərin toplanması ilə sponsor şirkətlər və Münhen şəhər şurası məşğul olur. Oktoberfest zamanı ziyarətçilərin ən çox ehtiyac duyduğu məsələlərdən biri də səyyar tualetlərlə bağlıdır. 2004-cü ildə tualetlərin azlığı ilə bağlı yaşanan problemlər festival meydançaları ətrafında antisanitar vəziyyətin yaşanması ilə nəticələnmişdir. Problemin aradan qaldırılması məqsədi ilə Münhen şəhər şurası növbəti il səyyar tualetlərin sayını 20% artırdı. 2005-ci ildə 1.800 səyyar tualet festival iştirakçılarının xidmətinə verilmişdir. 2014-cü ildə ərazidə iki mindən çox səyyar tualet quraşdırılmışdır.
Pivə çadırları
Pivə çadırları Oktoberfest üçün mühüm əhəmiyyətə malikdir. Müxtəlif tutuma malik olan çadırlar əsasən pivə markaları, özəl şirkət və fərdi şəxslər tərəfindən icarəyə götürülür. Ailə və dost mühitləri üçün nəzərdə tutulmuş kiçik çadırlarla yanaşı, daxilində bir necə min adamın eyni anda pivə içə biləcəyi böyük çadırlar da mövcuddur. Çadırların tutumu, adətən, daxili və xarici oturacaqlar ilə birlikdə hesablanır.[13]
- Hippodrom - Oktoberfestin ən böyük pivə çadırlarından biri. Hippodrom çadırı ilk dəfə XIX əsrdə qurulmuşdur və festival çərçivəsində təşkil edilən at yarışlarının yaxınlığında yerləşməkdə idi. Müasir dövrdə çadırın daxilində 3.200, xaricində isə 1.000 oturacaq yerləşməkdədir. Oktoberfest festivallarında çıxış edən Münchner Zwietracht qrupu da öz mahnılarını bu çadırda ifa edir.[14]
- Armbrustschützenzelt - Çadırın adı alman dilindən Krossbo qadınlarının çadırı formasında tərcümə edilir. İlk dəfə 1895-ci ildə qurulmuşdur. Adətən Paulaner markasının pivələri təqdim edilir. Daxili tutumu 5.839, xarici tutumu isə 1.600 nəfərdir.
- Hofbräu-Festzelt - Amerikalı, Yeni-Zelandiyalı və Avstraliyalı turistlərin toplaşdığı çadır. Çadır Avropalı olmayan şəxslərin ən böyük çadırı hesab olunur. Daxili tutumu 6.896, xarici tutumu isə 3.622 nəfərdir.
- Hacker-Festzelt - Festivalın ən böyük çadırlarından biri. Hacker-Festzelt çadırında əsasən rok qrupları çıxış edir. Çadırın digər bir adı (alm. Himmel der Bayern) Bavariyanın cənnəti dir. Daxili tutumu 6.900, xarici tutumu isə 2.400 nəfərdir.
- Schottenhamel - Oktoberfestin ən mühüm çadırlarından biri hesab olunur. Bunun səbəbi isə festivalın rəsmən bu çadırdan açıq elan edilməsidir. Münhen şəhərinin meri ilk pivə bakalını bu çadırda içir.[15] Çadırın daxili tutumu 6.000, xarici tutumu isə 4.000 nəfərdir.
Qalereya
Ədəbiyyat
- Maria von Welser (Text) & Wolfgang Rattay (Fotos): Münchner Oktoberfest. Bummel-Verlag, München 1982, ISBN 3-88781-004-X
- Landeshauptstadt München : 175 Jahre Oktoberfest. 1810–1985. Zusammengestellt von Richard Bauer & Fritz Fenzl. Bruckmann, München 1985, ISBN 3-7654-2027-1
- Reiner Stolte: Die Geschichte vom Münchner Oktoberfest – The History of the Munich Oktoberfest. Herbert-Utz-Verlag, München 2004, ISBN 3-8316-1168-8 (Comic)
- Brigitte Veiz: Das Oktoberfest, Masse, Rausch und Ritual. Sozialpsychologische Betrachtungen eines Phänomens. Psychosozial-Verlag 2006, ISBN 3-89806-484-0
- Ulrich Chaussy: Oktoberfest. Ein Attentat. Luchterhand, Darmstadt/Neuwied 1985, ISBN 3-472-88022-8
- Florian Nagy u. a.: Oktoberfest. Zwischen Tradition und Moderne. MünchenVerlag, München 2007, ISBN 978-3-937090-20-7.
- Florian Dering, Ursula Eymold: Das Oktoberfest 1810–2010: Wegen Überfüllung geschlossen, Süddeutsche Zeitung/Bibliothek, 2010, ISBN 978-3-86615-780-4.
İstinadlar
- "Das erste Oktoberfest". wiesnkini.de (German). 26 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 January 2015.
- Tobias Lill. "Wie Hitler das Oktoberfest stahl". wiesnkini.de (German). 25 September 2008. 22 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 January 2015.
- "Parade of the landlords". oktoberfestlederhosen.com. 2020-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-27.
- "Herzlich Willkommen beim Münchner Roten Kreuz". Bayerisches Rotes Kreuz. 20 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 November 2010.
- "Up in Smoke: Bavarian Politicians Want to Relax Smoking Ban". Spiegel Online International. 6 March 2008. 29 January 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 November 2010.
- "A History". oktoberfestbeerfestivals.com. 12 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2015.
- "Oktoberfest". Spaten. 8 October 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 December 2013.
- "Arxivlənmiş surət". 2015-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-01.
- "How to enjoy Oktoberfest like a local". USA Today. September 5, 2007. July 2, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 20, 2010.
- "Realbeer.com: Beer News: Oktoberfest visitors set records". realbeer.com. 2018-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-01.
- "Informationen zum Oktoberfest" (German). muenchen.de. 2009-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-01.
- "Oktoberfest Economics". muenchen.de. 2009-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-01.
- "Beer Tents". The Oktoberfest Website. 2019-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-01.
- "The Hippodrom". Die Systementwickler. 3 March 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 December 2013.
- "Anzapfen, the opening ritual of Oktoberfest" (German). Wiesnkini. 13 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 January 2014.