Oğuz–Qəbələ–Bakı su kəməri
Oğuz–Qəbələ–Bakı su kəməri — Abşeron yarımadasının içməli su təchizatı sahəsində həyata keçirilən sonuncu və ən iri layihədir. Oğuz rayonu ərazisindən təmiz suyun boru xətti vasitəsilə Bakıya gətirilməsini nəzərdə tutan bu layihə Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev 2002-ci ilin dekabrında keçirilən müşavirədə Bakı şəhərinə yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirmiş və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə ilə bağlı müvafiq göstəriş vermişdi.
Oğuz-Qəbələ-Bakı su kəməri | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | su kəməri |
Başlayır | Oğuz |
Bitir | Bakı |
Tikilmə tarixi | 2005 ci il |
İstismara verilib | 2010 cu il |
Operatoru | Azərsu ASC |
Sahibi | Azərsu |
Uzunluğu | 262,5 km |
Diametri | 2000 mm |
Məhsuldarlığı | 70-130 L/san |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayonlar | Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Abşeron |
|
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 25 avqust 2005-ci il tarixli 972 saylı sərəncamı ilə Oğuz–Qəbələ–Bakı su kəməri layihəsinin icrasına başlanmışdır. Həmin sərəncamla təsdiqlənmiş Tədbirlər Planında Nazirlər Kabinetinə və “Azərsu” ASC-yə Oğuz rayonu ərazisindən Bakı şəhərinə yeni su kəmərinin çəkilməsinə dair təkliflər hazırlamaq tapşırılır. 2005-ci il sentyabrın 1-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə layihənin parametrləri müzakirə edilir və 2 il sonra - 2007-ci ilin martında tikinti işlərinə start verilir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşən Oğuz–Qəbələ–Bakı su kəmərinin rəsmi açılış mərasimi 2010-cu il dekabrin 28-də keçirilmişdir.
Oğuz–Qəbələ–Bakı su kəmərinin uzunluğu 262,5 kilometr, diametri 2000 millimetr, suburaxma qabiliyyəti saniyədə 5 kubmetr olmaqla özaxımlıdır və şüşəlifli (GRP) borulardan çəkilmişdir. Kəmərin təzyiqi 20 atmosferdən yuxarı olan, çay və yol keçidləri də daxil olmaqla 55 kilometrlik hissəsi polad borulardan tikilmişdir.
Kəməri su ilə təmin etmək üçün Oğuz rayonu ərazisində 78 istismar, 20 müşahidə quyusu qazılmışdır. Layihədə quyuların məhsuldarlığı saniyədə 70 litr proqnozlaşdırılsa da, hazırda quyuların bir qisminin məhsuldarlığı saniyədə 130 litrə qədərdir. Həmçinin müşahidə quyularında aparılan monitorinqlər quyularda iş dinamikasının layihədə nəzərdə tutulduğundan daha yüksək olduğunu göstərir.
Quyulardan çıxan su şəbəkə vasitəsilə magistral su kəmərinin başlanğıcında tikilmiş suqəbuledici kameraya daxil olur və xlorlanaraq hər birinin həcmi 10 min kubmetr olan 2 su anbarına, oradan isə magistral kəmərə ötürülür. Magistral kəmər boyu 3 yerdə təzyiq nizamlayıcı kameralar (Oğuz qurğular kompleksində, 153-cü km-də və Abşeron qurğular kompleksində), 2 yerdə isə təzyiq qırıcı kameralar (31-ci və 158-ci km-də) quraşdırılmışdır. Ümumiyyətlə kəmərin iş rejiminə SCADA sistemi ilə nəzarət olunur. Su kəməri 8 rayonun ərazisindən keçir.
Oğuz-Qəbələ-Bakı kəməri ilə Bakıya verilən suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğundur. Hazırda kəmərlə Bakı şəhərinə kəmərin layihə gücü həcmində, yəni saniyədə 5 kubmetr su verilir.
Oğuz-Qəbələ-Bakı kəməri ilə Bakı şəhərinə özüaxımlı rejimdə verilən su paytaxtın Yasamal və Nəsimi rayonlarını bütövlükdə, Səbail, Nərimanov və Binəqədi rayonlarının əksər hissəsini, Nizami, Xətai və Sabunçu rayonlarının bir hissəsini təmin edir.
Oğuz–Qəbələ–Bakı su kəməri layihəsi üzrə Azərbaycan Respublikası Dövlət Neft Fondundan ümumilikdə 779,6 mln. manat vəsait ayrılmış və layihənin maliyyələşdirilməsi başa çatmışdır.