Nurlan Növrəsli
Nurlan Növrəs oğlu Növrəsli (16 iyul 1984, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar Artisti (2016).
Nurlan Növrəsli | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri |
Bakı Azərbaycan SSR |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni |
Janrlar | Estrada, caz, vokal, muğam, pop |
Mükafatları | Əməkdar Artist (2016) |
Həyatı
Nurlan Növrəsli 16 iyul 1984-cü ildə Bakı şəhərində anadan olub. Dahi azərbaycan şairi Mirzə Ələsgər Növrəsin nəticəsidir. 1993–2002-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin kaman və xanəndəlik sinfində təhsil alıb. 2006-cı ildə Bakı Musiqi Akademiyasının "solo oxuma" fakültəsini, professor Elmira Quliyevanın sinfini bitirib. Musiqi məktəbləri arasında keçirilən VII Respublika müsabiqəsinin laureatı olmuşdur.
Nurlan Növrəslinin 3 qardaşı var. Şahin Növrəsli cazmen, bəstəkar və pianoçu kimi fəaliyyət göstərir. O, Azərbaycan Respuklikasının Əməkdar Artistidir. O biri qardaşı Arslan Növrəsli tar ifaçısı və Milli Konservatoriyanın müəllimidir. O tarda ilk dəfə dünyəvi musiqilər ifa etmişdir. Nurlanın digər bir qardaşı olan Tərlan Növrəsli isə Azərbaycan Turizm Universitetinin baş müəllimi, professorudur.
Fəaliyyəti
Nurlan ilk olaraq Space telekanalının təqdim etdiyi "Azəri Star–2004" musiqi-televiziya müsabiqəsində iştirak etdiyi dövrdə geniş tamaşaçı kütləsi tərəfindən tanınmışdır. O bu müsabiqədə İlhamə Quliyeva və Faiq Sücəddinov kimi tanınmış sənətkarların xüsusi rəğbətini qazanmış və yarışmanın finalçısı olmuşdur.
Növrəsli 2006-cı ildə Qazaxıstanda keçirilən "CAHAN DALA" IX Populyar musiqi və mahnı müsabiqəsinin laureatı, I yerin qalibidir.
O, lk klipini "Sən ki" adlı mahnısına 2006-cı ildə çəkdirmişdir. Mahnının musiqisi qardaşı Şahin Növrəsliyə, sözləri Ziya Fazilə aiddir. Klipin rejissoru Samir Fərzəlibəyovdur.
Mütamadi olaraq Azərbaycan Dövlət Televiziyasının önəmli rəsmi gecələrində və tədbirlərində iştirak edir. O həmçinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Mədəniyyəti günlərində Azərbaycanı təmsil etmişdir.
Nurlan istedadlı müğənni olmasıyla bərabər, həm də gözəl kaman və skripka ustasıdır.[1]
Mükafatları
19 sentyabr 2016-cı ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyev Tərəfindən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.[2]
İstinadlar
- News.atv.az. "Nurlan Növrəsli müğənnilikdən əvvəl nə ilə məşğul olub?" (az.). News.atv.az. 10.12.2015. İstifadə tarixi: 2017-10-6.
- President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 19.09.2016. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-23.