Nuri Saryal

Həyatı

1929-cu ilin 2 sentyabrında Bakı şəhərində anadan olmuşdur. Atası Azərbaycanın tanınmış mühəndislərindən və cümhuriyyət tələbələrindən olan Mir İsmayıl Seyidzadədir. Anası isə alman Elena Hoffmanndır. Anası Elena 1935-ci ildə İslamı qəbul edərək adını Leyla olaraq dəyişdirmişdir. Ailə 1931-ci ildə Türkiyə Respublikası vətəndaşlığına keçərkən Saryal soyadını qəbul etmişdir.[2]

Təhsili

Nuri Saryal, 1941-ci ildə Ankara Türk Maarif Cəmiyyətinin ibtidai məktəbini bitirmişdir. Bundan sonra 1947-ci ildə Ankara Atatürk Liseyini bitirmişdir. 1947–1948-ci illərdə Robert Kollecində ingilis dili təhsili almışdır. 1948–1952-ci illərdə Robert Kollecinin Mühəndislik Məktəbini əla qiymətlərlə bitirmiş və maşınqayırma mühəndisi diplomunu almışdır. 1952–1953-cü illərdə İndiana Universitetində magistr təhsili almışdır. 1953-cı ildən etibarən Berlin Texniki Universitetində doktarantura pilləsi üzrə təhsil almış və 1956-cı ildə elmi işini müdafiə etmişdir. Onun doktarantura işinin beynəlxalq patentini ona təqaüd vermiş AEG firması almışdır.[2]

Hərbi xidməti

1956–1957-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini ehtiyat zabit kimi yerinə yetirmişdir. Bu müddət zamanı Türkiyə Baş Qərərgah Rəisliyi nəzdindəki Elmi Araşdırma-İnkişaf İdarəsində xidmət etmiş və sonda təqdirnamə almışdır.

Fəaliyyəti

Hərbi xidmətdən gəldikdən sonta öz şirkətini quraraq patentini aldığı istehsalat sahəsində çalışmışdır. NATO — hava limanı işlərində layihənin alınmasından bütün işlərin təhvil verildiyi vaxta qədər orada baş mühəndis olaraq çalışmışdır.[2]

Elmi fəaliyyəti

1962-ci ildən Ankara ODTU-nun Maşınqayırma mühəndisliyi kafedrasına dosent köməkçisi kimi işləməyə başlamışdır. 1963-cü ildə həmin kafedranın müdiri seçilmiş (1965-ci ilə qədər), 1964-cü ildə isə ODTU-nun rektor köməkçiliyi vəzifəsinə gətirilmişdir. 1969-cu ilə qədər bu vəzifədə çalışmışdır. 1966-cı ildə dosentliyə yüksəldilmişdir. Araşdırma mövzusu isə "Termal gərginliklərin elektrik analogiyası ilə müəyyən edilməsi" olmuşdur. 1970–1972-ci illərdə A. fon Humboldt Vəqfi təqaüdçüsü olaraq Münhen Texniki Universitetində "İstilik transferi və termal gərginlik problemlərinin elektrik analogiyası ilə həlli" mövzusundan dərs demişdir. Həmçinin burada dərslik kitabı nəşr edilmişdir.

1975-ci ildə ODTU maşınqayırma mühəndisliyi kafedrasında professorluq heyətinə yüksəldilmişdir. 1977-ci ildə Türkiyənin ən güclü və ən məşhur universitetlərindən hesab edilən ODTU-nun rektoru olmuşdur. 1979-cu ildə öz istəyi ilə rektorluqdan ayrılmış və Almaniyanın Ştutqart Texniki Universitetində 3 aylıq müqavilə ilə seminar vermişdir. 1979–1980-ci illərdə Münhen Texniki Universitetinə dəvət edilmiş və iki smestr dərs demiş və araşdırma aparmışdır. Həmçinin də, 1980-ci ildən 1996-cı ilə qədər ODTU-dakı professorluq işini də davam etdirmişdir.[2]

İctimai fəaliyyəti

1952-ci ildən etibarən Maşınqayırma mühəndisləri Otağının üzvüdür. 1965-ci ildə qurduğu Türk istilik elmi və texniki dərnəyinin üzvüdür.1962-ci ildən 2004-cü ilə qədər Türk-Alman Mədəni Müzakirə Qurumunun idarə heyətinin üzvüdür. Bu qurumun 1998-ci ildən 2003-cü ilə qədər rəhbəri olmuşdur. 1981-ci ildən 1993-cü ilə qədər Türk İstilik Elmi və Texniki Dərnəyinin rəhbəri olmuşdur. 1982-ci ildən etibarən Ankara Humboldt Təqaüdçüləri Dərnəyinin qurucu üzvüdür. 1982-ci ildən etibarən Dünya Enerji Şurasının Türk Milli Komitəsinin üzvüdürş Bu qurumda idarə heyəti üzvü, baş katib vəzifələrində çalışmışdır və hal-hazırda Ali Məsləhət Şurası üzvüdür. 1992-ci ildən Almaniyada magistr təhsili almışlar dərnəyinin üzvüdür. DAAD (Alman elm adamları mübadilə dərnəyinin) fəxri üzvüdür. 2001-ci ildən 2009-cu ilə qədər Ankara Humboldt Təqaüdçüləri Dərnəyinin idarə heyəti rəhbəridir.[2]

Azərbaycanla əlaqəsi

Atası Mir İsmayıl Seyidzadə Sovet hakimiyyəti Azərbaycanda qurulduqdan sonra Türkiyəyə mühacirət etməyə məcbur qalmışdır. Türkiyədə yaşayarkən türkcə Bakı rüzgarı adlı kitab da yazmışdır. Oğlu Nuri Saryal isə uzun müddət Türkiyədəki Azərbaycan Kültür Dərnəyinin fəallarından olmuşdur.

1979-cu ilin may ayında, Azərbaycan SSR Elmlər Akademiyasının rəhbəri Həsən Abdullayevin dəvəti ilə Azərbaycanda olmuş, bir sıra elmi mərkəzlərlə yaxından tanış edilmişdir.[4] Hal-hazırda Ankaradakı evinin önündə 12 metrlik Azərbaycan bayrağı dalğalanır.

Həyat yoldaşı Nəriman xanımla evlənməsində Məhəmməd Əmin Rəsulzadə və həyat yoldaşı Leyla xanımın çox böyük rolu olmuşdur.

Mükafatları

1992-ci ildə Almaniya Federativ Respublikası prezidenti tərəfindən birinci dərəcəli Yüksək Ləyaqət Nişanı ilə təltif edilmişdir.[2]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.