Nurəli Xəlifə üsyanı

Nurəli Xəlifə üsyanı — XVI əsrdə fəaliyyət göstərmiş Səfəvi dövlətinin türk sərkərdəsi, dövlət xadimi Nurəli Xəlifə tərəfindən Şah İsmayılın əmri ilə Anadoluda başladılan üsyan. Nurəli Xəlifə rəhbərliyində üsyançılar Malatya yaxınlığında Faiq bəy qoşununu, Qoyluhisarda isə Sinan paşa ordusunu məğlub etsə də, üsyan Nurəli Xəlifə tərəfindən dayandırıldı. Səfəvi tarixçiləri bu üsyanı Səfəvilərin Anadoludakı fəaliyyətlərinin zirvə nöqtəsi adlandırır.

Nurəli Xəlifə üsyanı
Səfəvilər dövləti
Tarix 1512-ci il
Yeri Qarahisar, Amasya, Tokat, Sivas, Ərzincan
Səbəbi

Osmanlı torpaqlarında yaşayan sufiləri öz ətrafında birləşdirmək Osmanlı hakimiyyətini sarsmaq

Osmanlı daxilində hakimiyyətə qarşı baş verən narazılıqlar
Nəticəsi Nurəli Xəlifə tərəfindən üsyan dayandırılır.
Komandan(lar)

Nurəli Xəlifə, Sultan Murad

Faiq bəy, Sinan paşa

    Arxaplan

    Anonim müəllif tərəfindən qələmə alınan "Tarixi Qızılbaşan" əsərində üsyanın rəhbəri Nurəli Xəlifənin kimliyi haqqında Rumlu başlığı altında danışılır. Müəllif yazır:[1]

    "Nurəli Xəlifə I Şah İsmayıl vaxtında Ərzincan hakimi idi. Rumlularla (osmanlılarla) mühüm döyüşlər etmiş, Tokat şəhərini yandırmışdı. 922-ci ildə (5. II.1516 – 23. I.1517) Çimişkəzəkdə "Bığlı Çavuş" adı ilə məşhur olan Mustafa paşa ilə vuruşda həlak oldu."

    Anonim müəllif tərəfindən yazılan "Aləmara-yi Şah İsmayıl" və "Aləmara-yi Səfəvi" əsərlərində qeyd olunur ki, Şah İsmayıl Ərdəbil Təkkəsinə bağlı "pak etiqadlı sufilərdən" olan Nurəlini Ərzincana hakim seçmişdi.[2][3]

    Nurəlinin üsyanının başlanması üçün də əslində, Anadoluda bir ictimaisiyasi zəmin mövcud idi. Bir tərəfdən burada çoxlu sayda Səfəvi sufiləri var idi və onların Səfəvi dəyərlərinə dərin etiqadı var idi. Bu insanlar sufi dəyərləri ətrafında birləşməyə və əməli işlər görməyə hazır idilər. "Aləmara-yi Şah İsmayıl" əsərində verilən onun Nurəli Xəlifə vasitəsilə Anadoluda yaşayan tərəfdaşlarına göndərdiyi məktubun mətni belədir.[4]

    "Yüksəkdən yüksək bu xanədanın Rum ölkəsində yaşayan pak etiqadlı sufilərinə bunu elan edirik ki, bu zaman biz cümləsi məsum olan həzrətlərinin buyruğu ilə Məhəmməd küsunu və Əliyyən Vəliyyullah davulunun nəvziş ilə səsləndirərək meydana çıxmışıq və 12 imam əleyhüməssələmin məzhəbinə rəvac verərək istər sünni istərsə kafir olan əksər padşahları və inadkarları həlak torpağı üstünə sərmişik. Haq məzhəbin yolunda çalışmışıq və çalışırıq. İndi ataları nəsildən nəsilə Şahı-Mərdan tərəfdarı olan Nurəli Xəlifəni öz hökmdar şəxsimin naibi kimi o tərəfə göndərirəm. Gərəkdir ki, bu yüksək xanədanın təmiz düşüncəli sufiləri onu özlərinin xəlifəsi kimi tanısınlar və ona itaət etsinlər. Əgər aranızdan kimsə ona itaət etməzsə, bu o şəxsin bizim hökmdar şəxsimizə tabe olmaqdan imtina etməsi deməkdir. "[4]

    Mənbələrdə mövcud olan məlumatlara görə, Nurəli Anadoluda Şah İsmayılın xəlifəsi kimi sevinclə qarşılandı və burada onun başlamaq istədiyi hərəkata yaxından dəstək verildi. Bu məqam mənbələrdə belə təsvir edilmişdir: [5]

    "Nurəli xəlifənin Ruma getməsi xəbəri sufilərə çatdıqda 10 minə qədər sufi onun başına cəm oldu. Nurəli xəlifə hökmdarın başmağını sufilərin yanına aparmışdı və onlar o başmağı öpüb gözlərinin üstünə qoyub dedilər ki, xoş olsun sizin halınıza ki, hər gün mürşidi-kamilin didarını görürsünüz. Məktubu açdıqda çoxlu ehsanlar tökdülər, az qaldı ki, öz canlarını ehsan etsinlər və daha sonra o məktub oxunduqda hamısı birdən yerlərindən qalxdılar, bəziləri xəlifənin ayağını öpürdü və bəziləri onun əlini öpürdü və deyirdilər ki, əmr mürşidi-kamilin əmridir ki, biz sənə xidmət edib başımızı sənin yolunda qoyaq".[5]

    Nurəli Osmanlı daxilinə həm də taxt-tac uğrunda çəkişmələr gərginləşdiyi bir vaxtda gəlmişdi. Sultan Səlim taxta çıxdığı dövrdə şahzadələr arasındakı hakimiyyət uğrunda gedən mübarizələr Səfəvilərin Anadoluya müdaxiləsini asanlaşdırmışdı. Digər tərəfdən də həyat şəraitinin dözülməzliyi, ölkə daxilində şahzadələr arasında davam edən çəkişmələr və bunun xalqa gətirdiyi bəlalar Anadolu şiələri arasında bütün ümidlərin Şah İsmayıla bağlanmasına yol açırdı. Bu zaman şahzadə Murad tərəfindən Anadolunun AmasyaÇorum bölgələrində başladılan hərəkat da Səfəvilərin diqqət mərkəzində idi. Şahqulu üsyanını dəstəkləmədiyi halda Şah İsmayılın Nurəli üsyanını dəstəkləməsi heç şübhəsiz ki, Osmanlı daxilində cərəyan edən proseslərlə, Osmanlı-Səfəvi münasibətlərində baş verən və gözlənilən dəyişikliklərlə bağlı idi.[6][7]

    Beləliklə Nurəli Xəlifə üsyanı haqqında onu demək olar ki, bu üsyan Osmanlı dövlətinə qarşı sadə bir xarici müdaxilə olmayıb, sosial böhranlar səbəbindən ölkə daxilində baş verən və dəstək görən böyük bir ayaqlanma idi.[8]

    Mövcud şəraitdən istifadə etməklə Nurəli ətrafına xeyli sayda sufi toplaya bildi və bununla da qaldırmaq istədiyi üsyan üçün özünün canlı qüvvəsini təmin etdi. Üsyançıların sayı ilə bağlı mənbələrdə müxtəlif məlumatlar mövcuddur. Osmanlı tarixçiləri təxminən 20-30 minə yaxın şəxsin üsyana qoşulduğundan xəbər verir. Məsələn Baki Öz Qazovada Nurəli Xəlifə ilə şahzadə Muradın qoşunlarının birləşdiyi zaman Muradın tabeliyində 10 min, Nurəli Xəlifə tabeliyində isə 20 min şəxsin olduğunu bildirsə də, anonim Səfəvi mənbələri bu rəqəmləri 5 min və 10 min kimi göstərir.

    Üsyanın məqsədi

    Alman tarixçi, Səfəvişünas Villem Floor Nurəli Xəlifənin Ərzincana göndərilməsində məqsəd kimi Anadoludakı Səfəvi müridlərini toplayıb Təbrizə, Azərbaycana aparmaq olduğu fikrini irəli sürür.[9]Bir digər tarixçilər isə Şah İsmayılın Nurəli Xəlifəni Anadoluda şiəliyi yaymaq və Səfəvi dövlətinin gücünü göstərmək məqsədilə Osmanlı torpaqlarına göndərdiyi fikrini müdafiə edirlər. Tarixçi Namiq Musalı qeyd edir ki, mənbələrdə hər iki fikri dəstəkləyəcək məlumatlara — nə müridləri Anadoludan Azərbaycana köçürmək nə də, Anadoluda güc göstərmək kimi əmirlərə dair məlumatara rast gəlinmir. N. Musalı üsyanın məqsədlərini aşağıdakı kimi sıralıyır:[10]

    1. Anadoludaki Səfəvi tərəfdaşlarını toplamaq və onları Osmanlıya qarşı hərəkətə keçirmək.
    2. Şahzadə Muradın hərəkatı ilə başlayan çaxnaşmanı və qarğaşanı dəstəkləmək. Bununla da Osmanlının diqqətini öz daxili məsələlərinə cəlb edib, Səfəvilər üzərinə baş verəcək hücumlardan yayındırmaq.
    3. Bu üsyanlar nəticəsində fürsət ələ keçirib Anadoluda yeni torpaqlar tutmaq. Əslində bu hərəkat Şah İsmayılın 1513-cü ilin yaz aylarında başlayacaq hərbi yürüşlərinin başlanğıcı olmalı idi. Lakin 1512-ci ildə özbəklərlə sərhəddə baş verən hadisələr nəticəsində şah diqqətini şərq cəbhəsinə yönəltməli olduğu üçün 1513-cü ilin yazında Anadoluya deyil Xorasana doğru yola düşmüşdü.

    Tokat şəhərinin ələ keçirilməsi

    1512-ci ildə Şah İsmayılın əmri ilə Nurəli Xəlifə Ərzincandan Tokata doğru hərəkətə başladı. Xəlifə Qarahisara çatanda Osmanlı ərazisində yaşayan sufilərdən təxminən 3-4 min nəfər süvari öz ailəsi ilə birlikdə ona qoşuldu.[8] Qarahisarın ələ keçirilməsi və orada Şah İsmayıl adına xütbə oxunması Səfəvi təriqətinə bağlı olan digər soylar arasında da bir coşqunluq yaratmışdı və bunun nəticəsi idi ki, Sivas, Amasiya və Tokat ətrafından əlavə olaraq 20 min nəfər toplanaraq Nurəlinin qoşunlarına qatılmışdılar. Osmanlı ərazisində yaşayan kürd və türkman soylarından xeyli sayda könüllünün Nurəlinin hərəkatına qoşulması haqqında məlumatlar mövcuddur.[6]

    Xəlifə baş verənlərdən cəsarətlənib bu dəfə Malatyaya doğru hərəkət etdi. Nurəlinin geniş bir ərazidə üsyan qaldırması hakimiyyət uğrunda mübarizəsini gücləndirmiş Sultan Səlim tərəfindən də həyəcanla qarşılandı və əvvəlcə Malatya valisi Faiq paşanın rəhbərliyi altında üsyançılara qarşı qoşun dəstəsi göndərdi. Həsən bəy RumluƏhsən ət-Təvarix” əsərində bu döyüş haqqında məlumat verir:[11]

    “Sultan Səlim tərəfindən o diyarın hakimi olan Faiq bəy bu hadisədən xəbər alan kimi üç min süvari ilə ona qarşı döyüşə tələsdi. Toqat mövqeyində hər iki qoşun bir-biri ilə qarşılaşıb döyüşə başladılar. Nəticədə, xəlifə qalib gəldi. Rumilər döyüş meydanından qaçış vadisinə tələsdilər. Qazilərin və sufilərin əlinə çoxlu mallar keçdi. Şəhər əhlindən bəziləri xəlifənin hüzuruna gələrək şərəfləndilər və şəhərdə İsgəndər şanlı xaqanın adına xütbə oxudular. Ona görə də xəlifə onlara zərər verməyib Adinə-bazarına yönəldi və oradan keçib Qaz-çayırında dayandı.”[11]

    Nurəli Xəlifə Tokatda olan zaman şahzadə Sultan Murad da qoşunu ilə birgə ona qoşuldu. “Aləmara-yi Səfəvi”də bu görüş haqqında bildirilir ki, Nurəli Xəlifə ilk əvvəl əyilib şahzadənin əlini öpmək istədikdə Sultan Murad buna icazə vermədi və Xəlifənin alnından öpdü. İki tərəfdə səmimi bir şəkildə salamlaşıb qucaqlaşdılar.

    Tokatın işğalı və Şah İsmayıl adına xütbə oxutdurulması xəbəri ilə qısa müddətdə Amasya və Çorum qızılbaşları da Osmanlı imperiyasına qarşı olan üsyana qoşuldular. Belə ki, Qara İsgəndər, İsa Xəlifə oğlu və Seyid Əli Xəlifə adlı Səfəvi tərəfdaşları Çorum və Amasyadaki qızılbaşları üsyana təşviq etmişdilər.[8]Mövcud olan məlumatlardan aydın olur ki, Tokat şəhərinin əhalisi Nurəli hərəkatına heç də rəğbətlə yanaşmırdı. Görünür ona görədir ki, əhali üsyançıların şəhərə daxil olmaması şərti ilə Şah İsmayılın adına xütbə oxunmasına razı olmuşdu. Sonradan Sultan Muradın dəstəsi ilə birləşən Nurəli yenidən Tokat şəhəri üzərinə yeridi. Şəhər əhalisi üsyançıları bu dəfə də şəhərə buraxmaq istəməsələr də, Nurəli qoşunlarının qarşısında uzun müddət davam gətirə bilmədi. Nurəli üsyançı qoşunlarla Tokata daxil ola bildi.[6]Qızılbaşlar buradan Niksara doğru hərəkət etdilər. Nurəli Xəlifə öz əsgərlərinin bir qismini itaətsizlik göstərən Şeyx Həsənlü oymağı üzərinə göndərdi. Onlar bu hücumdan çoxlu qənimət əldə edib geri döndülər.[12]

    Nurəli Xəlifə Niksardan Ərzincana qayıtma qərarına gəldi. Nurəli üsyanının nəzarət altından çıxmasına imkan verməmək üçün Sultan Səlim daha böyük bir dəstəni bu üsyanın yatırılmasına cəlb etdi. Üsyançılar üzərinə göndərilən bu qoşun dəstəsinə Sinan paşa, Hüseyn bəy və Tacəddin bəy rəhbərlik edirdi. Sinan paşa ilə Nurəli arasında qarşılaşma Qoyluhisar yaxınlığında, Eyüyazi adlanan yerdə baş verdi. Bu qarşıdurma da Nurəli Xəlifənin qalibiyyəti ilə nəticələndi. Sinan paşa isə bu döyüşdə həlak oldu. Məğlub edilən Osmanlı qüvvələri qaçmağa üz tutduqda onlardan 1500-ə yaxın şəxs öldürüldü. Həsən bəy Rumlu bu qarşıdurmanı belə təsvir edir:[11]

    “Qızılbaş qoşununun hərəkətlərindəki igidlik əlamətlərini görən Sinan paşanı qorxu bürüdü və o, günəşin batdığı vaxtda ürəyi atəşlə və gözü yaşla dolu bir halda qaçış yolunu tutdu. Qazilərin hər biri əlində can odlayan nizə və barmağında qan tökən ox tutmuş halda qaçanların ardınca düşdü. Onlar Sinan paşanı min beş yüz nəfərlə birlikdə qətlə yetirdilər. Rumilərin bədbəxtliklərindən biri də o oldu ki, o gecə qaçış əsnasında qurumuş bir çaya çatdılar və elə həmin an böyük bir təpə onların başına aşdı. Belə ki, min beş yüz nəfər onun altında qaldı. O qələbədən sonra Nurəli xəlifə etibarlı adamlar vasitəsilə rumilərin başlarını bol-bol qənimətlərlə birlikdə İsgəndər şanlı xaqanın dərgahına göndərdi, özü isə ona tiyul olaraq verilmiş Ərzincanda qaldı”.[11]

    Bu döyüşdən sonra Nurəli Xəlifə üsyanı dayandırmaq qərarına gəldi. Nurəli Xəlifə Ərzincana gəlib, qışı Kemaxda keçirdi. Şahzadə Murad isə bəzi mənbələrdə Niksarda bir digər mənbələrdə isə Kemaxda Xəlifədən ayrılıb Şah İsmayılın sarayına üz tutdu.[13]

    Çəmişgəzəkin fəthi

    Tokat hücumundan sonra Nurəli Xəlifə Çəmişgəzək üzərinə hücuma keçib buranı itaət altında saxlamaq üçün mübarizə apardı. XV əsrin sonu, XVI əsrin əvvəllərində bu ərazi Məlkişi soyundan olan Hacı Rüstəm tərəfindən idarə olunurdu. Namiq Musalı yazır ki, Məlkişi soyu Kürd mənşəli bilinsə də, əslində Türk mənşəli Saltukoğullarının davamçıları idilər. Lakin XV əsrin sonu XVI əsrin əvvəllərində bu ailə artıq kürdləşmişdi. Hacı Rüstəm Səfəvilərə itaətini bildirsə də, Qızılbaş ordusu Ağqoyunlulara qalib gəlib Maraş və Diyarbəkir üzərinə yerdiyi zaman gizli şəkildə Sultan II Bəyazidə məktublar göndərmişdi. Bu məktublarda o II Bəyazidi qızılbaşların fəaliyyətləri haqqında məlumatlandırmış və Şah İsmayılı pisləmişdi. Nurəli Xəlifənin Çəmişgəzəyə gəldiyini eşidən zaman Hacı Rüstəm döyüşmədən şəhəri ona təslim edib şahın hüzuruna getməyə qərar verdi. Nurəli Xəlifə hakimiyyəti gücləndirmək məqsədilə Çəmişgəzəkdəki tayfalara təzyiq göstərdi və Məlkişi əmirlərindən bir neçəsini öldürtdü. Səfəvi dövrü sənədlərində 1509-1510-cu illərdə Çəmişgəzək Hacı Rüstəmin tiyulu kimi göstərilsə də, 1511-1512-ci ildə Həsən bəy Təkəlinin tiyulu olduğu qeyd olunur.[13]

    Üsyanın nəticələri

    Səfəvişünas R.Savori “Some Reflections on Totalitarian Tendencies in the Safavid State” adlı məqaləsində Nurəli Xəlifə tərəfindən başladılan bu üsyanı Səfəvilərin Anadoludakı fəaliyyətlərinin zirvə nöqtəsi adlandırır.[14] Üsyan Şəbinqarahisar ilə İskilip arasında təqribən 400 km qədər geniş ərazidə iğtişaş və qarşıdurmaların baş verməsinə səbəb olmuş, bölgədəki Osmanlı hakimiyyətini sarsıtmışdı. Üsyan Məkrəzi Qaradəniz və Mərkəzi Anadolu bölgələrinin bir qismində Osmanlı iqtidarını keçici olaraq sonlandırmış, hətta bu ərazilərdə Şah İsmayıl adına xütbə də oxunmuşdu. Buna baxmayaraq üsyanın nəticələri gözlənilən kimi olmamışdı. Əvvəla Şahzadə Murad Amasya və Çorum əyalətlərindən istədiyi dəstəyi toplaya bilməmişdi. Bundan başqa Qızılbaş ordusu Tokat və Sivası ələ keçirsə də bu şəhərlərdə möhkəmlənə bilməmişdi. Bunun səbəbi üsyanda iştirak edən qüvvələrin dağınıq halda, qruplar şəklində olması və tək bir hədəfə doğru irəliləyə bilməməsi idi. Məsələn Sivas ətrafında Atuğaq adlanan yerdə üsyançı qruplar bir biriləri ilə münaqişə yaşamış nəticə də baş verən qarşıdurmada bir çox üsyançı həlak olmuşdu.[15]

    Nurəli Xəlifə rəhbərliyindəki ordunun da sayca az olması üsyanı uğursuz edən səbəblərdən biri idi. Şahzadə Muradın Səfəvi dövlətinə üz tutması ilə əsgər sayısının azalması nəticəsində Nurəli Xəlifə tutduğu şəhərlərdə möhkəmlənə bilməmiş, Ərzincana qayıtmalı olmuşdu.[15]

    İlk baxışdan Sinan paşa üzərində Nurəli üsyanının ən böyük qələbəsi bu hərəkatın daha da genişlənməsinə təkan verə bilərdi. Amma Nurəli üsyanı genişləndirməyib Osmanlı ərazilərini tərk etməsinə səbəb güman ki, hərəkatı rəhbələrinin bu hərəkatın gələcəyinin olmadığını görməsi və ona görə də üsyanın davam etdirilməsini məqsədəuyğun saymaması idi. Çünki hakimiyyəti yenicə əlinə keçirmiş Sultan Səlim də kifayət qədər möhkəmlənməkdə idi və onun tərəfindən bu üsyanın genişlənməsinə imkan veriləcəyi inandırıcı deyildi.[16]

    Üsyanın ciddi müqavimətlə rastlaşmadan dayandırılması Şah İsmayıl tərəfindən ona dəstək verilməməsi ilə də bağlı ola bilərdi. Şahqulu üsyanının təcrübəsi də göstərdi ki, Osmanlı daxilindəki şiə-sufi elementlərinin hələ Osmanlı dövlətini çökdürəcək qədər qüdrəti yox idi və ona görə də Nurəli üsyanı dayandırılmalı oldu. Sultan Səlim isə Osmanlı ərazisində baş verən üsyanlardan ciddi nəticə çıxardı. Bu üsyanlar Osmanlı dövləti daxilində vəziyyətin heç də sabit olmadığını və Osmanlı dövləti daxilində Səfəvi dövlətinə rəğbətli olan bir ictimai toplumun mövcud olduğunu nümayiş etdirdi.[16]

    İstinadlar

    1. Məhəmmədi, 1993. səh. 18
    2. Rumlu, 2017. səh. 416
    3. Münşi, 2009. səh. 31
    4. Musalı, 2019. səh. 728
    5. Süleymanov, 2018. səh. 386
    6. Süleymanov, 2018. səh. 387
    7. Cavanşir, 2007. səh. 418
    8. Musalı, 2019. səh. 734
    9. Floor, 2003. səh. 53
    10. Musalı, 2019. səh. 731
    11. Rumlu, 2017. səh. 417
    12. Rumlu, 2017. səh. 418
    13. Musalı, 2019. səh. 736
    14. Savory, 1976. səh. 235
    15. Musalı, 2019. səh. 737
    16. Süleymanov, 2018. səh. 388

    Mənbə

    • Namiq Musalı. SAFEVÎLERİN ERZİNCAN VALİSİ NUR ALİ HALİFE RUMLU VE ANADOLU’DAKİ FAALİYETLERİ. Erzincan. Uluslararası Erzincan Tarihi Sempozyumu. 2019. 718–749.
    • Babək Cavanşir. İRAN’DAKİ TÜRK BOYLARI ve BOY MENSUBU KİŞİLER (SAFEVÎ DÖNEMİ – I. ŞAH TAHMASB HÂKİMİYETİNİN SONUNA KADAR / 1576). İstanbul: T.C. Mimar Sinan Güzel Sanatlar Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı Ortaçağ Tarihi Programı. 2007. səh. 896.
    • M.Ə.Məhəmmədi. TARİX-İ QEZELBAŞAN. Bakı: Azərbaycan nəşriyyatı. 1993. səh. 48.
    • Həsən bəy Rumlu. Əhsənüt-təvarix. Kastamonu: Uzanlar. Namiq Musalı, Oqtay Əfəndiyev. 2017. 661. ISBN 978-605-030-641-5.
    • İsgəndər bəy Münşi Türkman. Tarix-i Aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi) (PDF). I. Bakı: Təhsil. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu. 2009. səh. 792.
    • Willem Floor. The Khalifeh al-Kholofa of Safavid Sufi Order. Berlin. Zeitschrift der Deutschen Morgenländischen Gesellschaft. 2003.
    • Roger Savory. Some Reflections on Totalitarian Tendencies in the Safavid State. Berlin. Der İslam. 1976.
    • Mehman Süleymanov. Şah İsmayıl Səfəvi. Bakı: Elm və təhsil. 2018. ISBN 978-9952-8176-9-0.

    Əlavə ədəbiyyat

    • Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. ISBN 978-1933823232.
    • Savory, Roger. Iran Under the Safavids. Cambridge: Cambridge University Press. 2007. ISBN 978-0521042512.

    Həmçinin bax

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.