Nurəli Xəlifə

Nurəli Xəlifə və ya Nurəli Xəlifə Rumlu — XVI əsrdə fəaliyyət göstərmiş Səfəvi dövlətinin türk sərkərdəsi, dövlət xadimi. Türkman tayfasına mənsub olmuşdur. 1511-ci ildən 1515-ci ilə qədər, yəni Şah İsmayılın (1501-1524) hakimiyyəti dövründə Ərzincan canişini olmuşdur.[1][2]

Nurəli Xəlifə
Nurəli Xəlifə Rumlu
bayraq
Ərzincan hakimi
bayraq2
1511 1515
SonrakıOsmanlı işğalı
Şəxsi məlumatlar
Vəfat tarixi XVI əsr
Milliyyəti türkman
Hərbi xidmət
Döyüşlər Anadolu yürüşü (1512),
Çaldıran döyüşü
Rütbəsi general

Elmi-tarixi ədəbiyyatda Osmanlı ərazilərində Səfəvi təriqət təbliğatının fəallarından biri kimi xəlifə Nurun (Nurəli) adı çəkilməkdədir. Onun bu istiqamətdəki fəaliyyəti Sivas, Tokat, AmasyaÇorumda xüsusilə geniş idi. Bəzi məlumatlara görə, onun sayəsində Osmanlı ərazisində Səfəvi təriqət tərəfdarlarının sayı o qədər artmışdı ki, Osmanlı şahzadələri hətta hakimiyyət uğrunda mübarizədə onların dəstəyini qazanmağa da meyl edirdilər.

Həyatı

Nurəli Xəlifə Rumlunun adı dövrün mənbələrində bəzən Nur Əli bəzən münəccimbaşı Nurəddin kimi qarşımıza çıxır. Bir digər tarixçilər isə onun adının Mir Əli olduğu fikrini irəli sürmüşdür. Azərbaycanlı tarixçi Namiq Musalı bildirir ki, əgər Mir Əli adı onun əsl adıdırsa ehtimal ki, o ələvilər arasında olan seyid mənşəli ailələrdən birində anadan olmuşdur. Çünki Səfəvi mühitində seyidlər ərəbcə əmir kəliməsinin qısaldılmış forması olan Mir ünvanı daşıyırdı.[3]

Nurəli Xəlifənin doğum tarixi və yeri haqqında mənbələrdə məlumat verilmir. Onun Ərzincan hakimi olmazdan əvvəlki həyatı haqqında demək olar ki, məlumat yoxdur.

Anonim müəllif tərəfindən qələmə alınan Tarixi Qızılbaşan əsərində Nurəli Xəlifə haqqında Rumlu başlığı altında danışılır. Müəllif yazır:[4]

“Nurəli Xəlifə I Şah İsmayıl vaxtında Ərzincan hakimi idi. Rumlularla (osmanlılarla) mühüm döyüşlər etmiş, Tokat şəhərini yandırmışdı. 922-ci ildə (5.II.1516 – 23.I.1517) Çimişkəzəkdə «Bığlı Çavuş» adı ilə məşhur olan Mustafa paşa ilə vuruşda həlak oldu.”

Yenə anonim müəllif tərəfindən yazılan “Aləmara-yi Şah İsmayıl” və “Aləmara-yi Səfəvi” əsərlərində isə Ərdəbil Təkkəsinə bağlı “pak etiqadlı sufilərdən” olan Nurəlinin atalarının “Şah-ı Mərdan tərəfdarı” olduğu qeyd olunur. Onun Ərzincan hakimi təyin olunmadan əvvəl XorasanTürküstanda özbəklərlə olan döyüşlərdə iştirak etdiyi ehtimal olunur. Çünki Şah İsmayıl ona tiyul verərkən əvvəl Özbək sərhəddində bugünki Əfqanıstanın Bəlx ərazisini vermək istəsə də Nurəli Xəlifə Rum sərhəddində torpaq istəmiş və nəticədə Ərzincana göndərilmişdi. Aləmara-yi Səfəvidə bu hadisə belə şərh olunur:[5]

“Öz adamlarını da götür Ərzincana get. Mən bu sərhəd ərazisini tamamilə sənə verirəm. Bunda başqa kəskin qılıncının zərbəsilə fəth edəcəyin hər yer sənin olacaq!”

Nurəli eyni zamanda Sultan Murada kömək etməli idi və bu zaman rəhbərliyi altında olan qoşun dəstəsi ilə nə qədər ərazini ələ keçirsəydi, həmin ərazilər də onun hakimliyi altına verilməli idi. Amma Şah İsmayıl onu da tapşırdı ki, sürətlə hərəkət etsin və tezliklə Sultan Muradın köməyinə çatsın. [6]

Ərzincan hakimi kimi

Elmi-tarixi ədəbiyyatda Nurəlinin şəxsiyyəti ilə bağlı müxtəlif fərqli məlumatlarla rastlaşmaq mümkündür. Bəzi məlumatlarda Nurəli Ərzincan hakimi kimi göstərilmişdir və 1512-ci ildə, Sultan Səlimin hakimiyyətə gəlişindən əvvəl onun Anadoluda qarışıqlıq yaratmaq barəsində Şah İsmayıldan göstəriş aldığı bildirilir. Bir araşdırmada bildirilir ki, Sultan Bəyazidin dünyasını dəyişməsindən sonra yaranmış vəziyyətdən Şah İsmayıl Osmanlı ərazilərinin işğalı üçün yararlanmağa çalışdı və ona görə də sərdarlarından biri olan xəlifə Nurəli Rumlunu Osmanlı ərazisinə göndərdi. Başqa bir məlumata görə isə, Sultan Səlimin Səfəvi dövlətinə qarşı təcavüzkarlığının səngidilməsi üçün Şah İsmayıl Nurəlini Anadoluya göndərdi ki, orada üsyan qaldırsın.[7]

Sultan Səlim taxta çıxdığı zaman şahzadələr arasındakı hakimiyyət uğrunda gedən mübarizələr Səfəvilərin Anadoluya müdaxiləsini asanlaşdırmışdı. Bu zaman şahzadə Murad tərəfindən Anadolunun AmasyaÇorum bölgələrində başladılan hərəkat da Səfəvilərin diqqət mərkəzində idi. Beləliklə şahın əmri ilə Ərzincan hakimi təyin olunan Nurəli xəlifə yenə şahın əmri ilə Osmanlı torpaqlarına daxil oldu. Mənbələrdə mövcud olan məlumatlara görə, Nurəli Anadoluda Şah İsmayılın xəlifəsi kimi sevinclə qarşılandı və burada onun başlamaq istədiyi hərəkata yaxından dəstək verildi. Bu məqam mənbələrdə belə təsvir edilmişdir: "Nurəli xəlifənin Ruma getməsi xəbəri sufilərə çatdıqda 10 minə qədər sufi onun başına cəm oldu. Nurəli xəlifə hökmdarın başmağını sufilərin yanına aparmışdı və onlar o başmağı öpüb gözlərinin üstünə qoyub dedilər ki, xoş olsun sizin halınıza ki, hər gün mürşidi-kamilin didarını görürsünüz. Məktubu açdıqda çoxlu ehsanlar tökdülər, az qaldı ki, öz canlarını ehsan etsinlər və daha sonra o məktub oxunduqda hamısı birdən yerlərindən qalxdılar, bəziləri xəlifənin ayağını öpürdü və bəziləri onun əlini öpürdü və deyirdilər ki, əmr mürşidi-kamilin əmridir ki, biz sənə xidmət edib başımızı sənin yolunda qoyaq".[7]

Beləliklə Şahqulu baba üsyanından 1 il keçməmiş Anadolu yeni bir hərəkat vüsət aldı. 1511-1512-ci ildə şah əmr etmişdi ki, Mərkəzi Anadoludaki Müridlərini toplayaraq Səfəvi ərazisinə köçürsün. Xəlifə Qarahisara çatanda Rum sufilərindən və buranın müridlərindən təqribən üç-dörd min nəfər süvari öz ailələri və köçləri ilə birlikdə ona qoşuldular.[8] Bu zaman Malatya hakimi Faiq bəy onu Osmanlı torpaqlarından çıxarmaq üçün hərəkətə keçdi. Lakin Tokat şəhərində baş verən döyüşdə məğlub edilərək öldürüldü. Nurəli Xəlifə Tokatda Şah İsmayıl adına xütbə oxutdurub ərazinin Səfəvilərə aid olduğunu elan etdi. Nurəlinin ətrafına toplaya bildiyi qoşun dəstəsinin böyük bir hissəsini Varsaq, Əfşar, Qaramanlı, Turqudlu, Bozuklu, Təkəli, Həmidli soylarından olan sufilər təşkil edirdilər.[9]

Eyni zamanda Çorum Amasyada İsa Xəlifə rəhbərliyində də üsyan baş qaldırmışdı. Nurəli Xəlifə Ərzincana doğru hərəkət edərkən Qaz Çayırı adlanan yerdə şahzadə Murad və yanındakı 10 minlik qoşunu da onlara qoşuldu. Onlar bir yerdə Tokata gəldilər.[10]

Tokatda şahzadə Murad onlardan ayrılıb Səfəvi torpaqlarına üz tutdu. Bu zaman Sultan Səlim daha böyük bir dəstəni bu üsyanın yatırılmasına cəlb etdi. Üsyançılar üzərinə göndərilən bu qoşun dəstəsinə Sinan paşa rəhbərlik edirdi. Sinan paşa ilə Nurəli arasında qarşılaşma Qoyluhisar yaxınlığında baş verdi. Gərgin döyüş zamanı Osmanlı qoşun dəstəsindən 1500 nəfərin öldürüldüyü və onların başları kəsilərək Səfəvi sarayına göndərildiyi bildirilirdi. Sinan paşa dəstəsi üzərindəki qələbədən sonra Nurəli Ərzincana və oradan da Səfəvi hüdudlarına çəkildi.

Tokat hücumundan sonra Nurəli Xəlifə Çəmişgəzək üzərinə hücuma keçib buranı itaət altında saxlamaq üçün mübarizə apardı. XV əsrin sonu, XVI əsrin əvvəllərində bu ərazi Məlkişi soyundan olan Hacı Rüstəm tərəfindən idarə olunurdu. Namiq Musalı yazır ki, Məlkişi soyu Kürd mənşəli bilinsə də, əslində Türk mənşəli Saltukoğullarının davamçıları idilər. Lakin XV əsrin sonu XVI əsrin əvvəllərində bu ailə artıq kürdləşmişdi. Hacı Rüstəm Səfəvilərə itaətini bildirsə də, Qızılbaş ordusu Ağqoyunlulara qalib gəlib Maraş və Diyarbəkir üzərinə yeridiyi zaman gizli şəkildə Sultan II Bəyazidə məktublar göndərmişdi. Bu məktublarda o II Bəyazidi qızılbaşların fəaliyyətləri haqqında məlumatlandırmış və Şah İsmayılı pisləmişdi. Nurəli Xəlifənin Çəmişgəzəyə gəldiyini eşidən zaman Hacı Rüstəm döyüşmədən şəhəri ona təslim edib şahın hüzuruna getməyə qərar verdi. Nurəli Xəlifə hakimiyyəti gücləndirmək məqsədilə Çəmişgəzəkdəki tayfalara təzyiq göstərdi və Məlkişi əmirlərindən bir neçəsini öldürtdü. Səfəvi dövrü sənədlərində 1509-1510-cu illərdə Çəmişgəzək Hacı Rüstəmin tiyulu kimi göstərilsə də, 1511-1512-ci ildə Həsən bəy Təkəlinin tiyulu olduğu qeyd olunur.[11]

Çaldıran döyüşü ərəfəsində

Nurəli Xəlifə üsyanı vasitəsilə Osmanlı ərazilərinin Osmanlı sarayının nəzarəti altından çıxarılması halları Osmanlı sarayı tərəfindən ərazilərin işğalı kimi qiymətləndirilirdi və həmin ərazilərin yenidən nəzarət altına gətirilməsi üçün kifayət qədər böyük itkilər verilmiş və dağıntılar yaradılmışdı. Sultan Səlim hakimiyyət başına gələndən sonra yeniçəri qüvvələrinin rəhbərləri və sərkərdələrini toplayaraq onların qarşısında Osmanlı ərazilərinə göz dikən, Osmanlı işlərinə müdaxilə edən səfəviləri, konkret olaraq Şah İsmayılı Osmanlı dövləti üçün böyük təhlükə adlandırdı və bu təhlükənin aradan qaldırılması üçün heç bir vəchlə süstlük göstərməyəcəyini bəyan etdi.[12]

Osmanlı mənbələri yazır ki, 13 iyul 1514-cü ildə Sultan Səlim Osmanlı-Səfəvi sərhəddində yerləşən Suşəhri çayına enir və buradan Ərzincan üzərinə hərəkət edir. 14 iyulda Ərzincanın Göysəki kəndinə çatan sultanın hüzuruna Ərzincan kəndxudası gələrək aman diləyir. Sultan Osmanlı qoşununu zirehlə təmin etmək müqabilində şəhər əhalisinə toxunmayacağını bildirir. Bu zaman Nurəli Xəlifə Şah İsmayılın əmri ilə Ərzincan şəhərini tərk edərək şah ordusuna qoşulmaq üçün yola çıxmışdı. Nəticədə 14 iyul 1514-cü ildə Ərzincan şəhərində Səfəvi hakimiyyətinə son verildi və Osmanlı hakimiyyəti başladı. Nurəli xəlifə Azərbaycana doğru hərəkət edərkən yol boyu yolları və körpüləri dağıdaraq geridə iaşə və taxıl qoymamağa diqqət edirdi. O Varsaq oymağı tərəfindən qorunan Kemax qalasının Osmanlıya qarşı müqavimətini gücləndirmək məqsədilə möhkəmləndirdi. Nurəli Xəlifə tabeliyində olan bəzi əmirlər hələ də Osmanlıya qarşı mübarizəni davam etdirirdi.[13]

Şah İsmayıl Çaldırana gəldikdən sonra ordu başçıları ilə qurultay təşkil edərək müharibəni müzakirə edir. Səfəvi mənbələrinin yazdığına görə Nurəli Xəlifə Rumlu, Məhəmməd xan Ustaclı və bir sıra əmirlər Osmanlı qoşunlarının döyüş təcrübəsinə yaxşı bələd olduğu üçün təklif etdilər ki, Çaldıran düzünə yetişmiş olan qoşunlar dərhal Osmanlı qüvvələri üzərinə hücum etsinlər.[14]Onların fikrincə, Osmanlı qüvvələri Çaldıran düzünə yenicə yetişmişdilər, qoşunların düşərgə saldığı ərazinin təhlükəsizliyini, qoşunların mühafizəsini lazımınca təmin etməmişdilər. Belə bir anda qəfil hücum Osmanlı qüvvələrini çaş-baş sala bilərdi və nəticədə hərbi təşəbbüsü də ələ almaq mümkün olardı. Amma Məhəmməd xan Ustaclının və Nurəli Rumlunun bu təklifi də qəbul olunmadı.[15]Nurəli Xəlifə Rumlunun bu qurultaydakı çıxışı Səfəvi tarixçisi Bicənin "Tarixi-Şah İsmayıl Səfəvi" salnaməsində qısaca belə verilib

“Bəndələriniz Rumilərin döyüş taktikasından xəbərdarıq. Xan Məhəmmədin ərz etdiklərində yalan şaibə yoxdur. Beləcə müxaliflər öz ətraflarını araba zəncirləri ilə çevrələmədən və yeniçərilər özlərini müdafiə etmədən əvvəl Çaldıranın yuxarı tərəflərindən onlara hücum etməliyik. O əskiklərin işlərini bitirmək dövlətimizin mənafeyinə uyğun olacaqdır. ”[16]

Nurəli Xəlifə bu döyüşdə sağ qanadda yerləşən əmirlərin yanında onlarla birgə mübarizə apardı. Sultan Səlim bildirdi ki, bu qoşun dəstəsi ilə Səfəvi sərhədlərində Döyüşün sonlarına doğru ətrafı mühasirə olunsa da öz dəstəsi ilə birlikdə mübarizə apararaq mühasirədən xilas olmağa nail oldu və şahla Təbrizə doğru yola düşdü.[17]

Nurəli Xəlifənin ölümü

1514-cü ilin qışında Şah İsmayıl Anadoludakı Səfəvi torpaqlarını osmanlılardan və onlarla birgə hərəkət edən Kürd bəylərindən təmizləmək üçün Ərzincan hakimi Nurəli Xəlifəni Təbrizdən Şərqi Anadoluya göndərdi. Bu illərdə Ərzincanda qızılbaşlar Osmanlı əsgərləri üzərinə hücumlar edirdi. Qış fəslində baş verən bu döyüşlərdə 2 dəfə qızılbaşlar qalib gəlmişdi. Buna baxmayaraq 26 yanvar 1515-ci ildə Osmanlı qoşunu Ərzincan ətrafındakı Qızılbaş ordusuna hücum edib, onları ağır itgiyə məruz qoydu.[18]

Şahın əmri ilə Məhəmməd bəy Ayqutoğlu Nurəli Xəlifəyə kömək üçün göndərilmişdi. Onların əsas vəzifəsi Ərzincandan Sivasa qədər əraziləri talan etmək və bu bölgədə Osmanlı ordusuna aman verməmək idi. Nurəli Xəlifə bu məqsədlə bir neçə hücumlar həyata keçirmişdi. Bu hücumların birində o, Osmanlı qoşununun ərzaq ehtiyyatını yağmalayaraq Azərbaycana göndərmişdi. Qarşılığında isə “şahlara layiq xələt” almışdı.[18]

1515-ci il may ayının 19-da Ərzincanda Osmanlıya qarşı mübarizənin ən mühüm nöqtələrindən biri olan Kemax qalası Sultan Səlimin öz iştirakı və Bığlı Çavuş kimi tanınan Mustafa paşanın rəhbərliyindəki qüvvələr tərəfindən ələ keçirildi. Kemax qalasının fəthi ilə Mustafa paşa Ərzincan üzərinə ordu göndərdi. Bu xəbəri eşidən Nurəli Xəlifə və Məhəmməd bəy Ayqutoğlu onları qarşılamaq üçün yola çıxdı.[19]Çəmişgəzək yaxınlığında Nurəli Xəlifənin 800 əsgəri ilə Bığlı Mustafa paşanın 10 min nəfərlik ordusu qarşı-qarşıya gəldi. Osmanlı qoşununun qalib gəldiyi döyüşdə Nurəli Xəlifə öldürüldü. Məhəmməd bəy Ayqutoğlu isə yerdə qalanlar ilə birlikdə Azərbaycana doğru yola düşdü.[19]

Döyüş haqqında ətraflı məlumata Bicən tərəfindən yazılan "Tarixi-Şah İsmayıl Səfəvi" əsərində rast gəlmək mümkündür. Bicən yazır:[20]

“Xaqan qış günlərini rahatlıqla Təbrizdə keçirdi. Yaz başlayanda Hünkarın hansı tərəfə yönələcəyi bilinəndə şahın uca maiyyəti də Təbrizdən çıxıb, hərəkətə keçəcəkdi. Bu zaman Ərzincan hakimi Nurəli Xəlifə Rumlunun şəhid olması xəbəri gəldi. Bu hadisənin qısa məğzi belə idi. Nurəli Xəlifə Kayseri ölkəsinə etdiyi ardıcıl hücumlardan sonra Sultan Səlim bunun intiqamını almaq istəyirdi. Nəhayət bəhs edildiyi şəkildə Kemax qalasını alanda Sultan Səlim Əlaüddövləni dəf etməyə yönəldi və Trabzon hakimi Mustafa paşa Bığlı Çavuş da öz iqtasına getmək üçün Kayseridən icazə aldı. Buraya çatdıqda Hünkar Rumilərdən böyük bir ordu toplayıb Ərzincana tərəf yola düşdü. Rumilərin gəliş xəbəri buranın hakimi Nurəli Xəlifə Rumluya çatanda o, namlı əmir kiçik ordusu ilə Rumilərə qarşı dəfələrlə döyüşdüyü və hər zaman qalib gəldiyi Bığlı Çavuş ilə döyüşmək qərarına gəldi. O, Məhəmməd bəy Ayqutoğlu ilə birgə təcili şəkildə düşmənləri qarşılamaq üçün yola çıxdı. Müzəffər əsgərlər Çəmişgəzək ətrafına çatanda Bığlı Mustafa Paşa dəniz kimi coşub-daşan ordusu ilə onların qarşısına çıxdı və döyüş mövqelərinə yerləşməyə başladı. On mindən çox piyada və süvari ilə hərb meydanında yerini alıb, qüvvət və iqtidar bayrağını dalğalandırdı. Nurəli Xəlifə və Məhəmməd bəy Ayqutoğlu isə 800 süvaridən daha çox gücə malik olmasalarda müxaliflərin çoxluğundan qorxmayıb ayaqlarının tozu ilə bədxah müxaliflərin ordusunun qəlbinə həmlə etdilər, can alan nizələrinin ucu ilə bir qrup ruminin vücudunun naxşını varlıq səhifəsi üzərindən silib məhv etdilər. Kəskin qılıncları ilə osmanlıların sağ və sol cinahlarının Bənatün naş kimi dağıdıb viran etdilər... Bu əsnada tüfəng atəşi ilə Nurəli Xəlifə atı ilə birgə döyüş meydanına düşdü. Rumilər onun üzərinə hücum çəkib, başını bədənindən ayırdılar. O qazi əmirin öldüyündən agah olduqda və ətrafının müxaliflərlə dolduğunu gördükdə Məhəmməd bəy Ayqutoğlu və fədakar qazilər bir yerə yığışıb bu girdabdan çıxmağa çalışdılar. Əcəli hələ gəlməyən Ayqutoğlu və digərləri sağ-salamat oranı tərk etdilər. ”[20]

Döyüş haqqında Bığlı Mustafa paşanın hesabatında da ətraflı məlumat var. Bu hesabat ilə Bicənin verdiyi məlumtlar arasında hadisələrin gedişatı demək olar ki eynidir. Sadəcə Səfəvi mənbəsində Nurəli Xəlifənin qoşununun sayı 800 nəfər göstərilsə də, Mustafa paşanın hesabatında bu rəqəm 1500 nəfərdir. Digər tərəfdən bu hesabata görə Nurəli Xəlifə Çəmişgəzək hakimi Pir Hüseyni itaətsizlik etdiyi üçün cəzalandırmaq məqsədilə buraya gəlmiş amma qarşısında osmanlı qoşununu gördükdə cəsur şəkildə döyüşmüşdü.[21]

Ailəsi

Nurəli Xəlifənin ailəsi haqqında mənbələrdə hərhansı bir məlumata rast gəlinmir. “Aləmara-yi Şah İsmayıl”da yazdığına görə Nurəli xəlifə öz ölümü ərəfəsində qızını Sufiyan xəlifə Rumluya ərə verərək, onu öz naibi və canişini (varisi) təyin etmiş və demişdi: “Mənim canişinim sənsən. Qızımı da sənə ərə verirəm. Şahdan rüxsət alarsan və başçı olarsan. Mənim yerimi mərdliklə qoruyarsan.” Bu, onu göstərir ki, xəlifənin öz varisini təyin etmək hüququ var idi.[22]

Həmçinin bax

İstinadlar

  1. Floor, 2008. səh. 149
  2. Savory, Karamustafa, 1998. səh. 628-636
  3. Musalı, 2019. səh. 727
  4. Məmmədi, 1993. səh. 18
  5. Musalı, 2019. səh. 728
  6. Süleymanov, 2018. səh. 382
  7. Süleymanov, 2018. səh. 386
  8. Rumlu, 2017. səh. 417
  9. Süleymanov, 2018. səh. 387
  10. Cavanşir, 2007. səh. 419
  11. Musalı, 2019. səh. 736
  12. Süleymanov, 2018. səh. 391
  13. Cavanşir, 2007. səh. 420
  14. Rumlu, 2017. səh. 423
  15. Süleymanov, 2018. səh. 435
  16. Musalı, 2019. səh. 739
  17. Musalı, 2011. səh. 253
  18. Musalı, 2011. səh. 264
  19. Rumlu, 2017. səh. 429
  20. Musalı, 2019. səh. 741
  21. Musalı, 2019. səh. 742
  22. Musalı, 2011. səh. 321

Ədəbiyyat

  • Babək Cavanşir. İRAN’DAKİ TÜRK BOYLARI ve BOY MENSUBU KİŞİLER (SAFEVÎ DÖNEMİ – I. ŞAH TAHMASB HÂKİMİYETİNİN SONUNA KADAR / 1576). İstanbul: T.C. Mimar Sinan Güzel Sanatlar Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı Ortaçağ Tarihi Programı. 2007. səh. 896.
  • M.Ə.Məhəmmədi. TARİX-İ QEZELBAŞAN. Bakı: Azərbaycan nəşriyyatı. 1993. səh. 48.
  • Həsən bəy Rumlu. Əhsənüt-təvarix. Kastamonu: Uzanlar. Namiq Musalı, Oqtay Əfəndiyev. 2017. 661. ISBN 978-605-030-641-5.
  • İsgəndər bəy Münşi Türkman. Tarix-i Aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi) (PDF). I. Bakı: Təhsil. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu. 2009. səh. 792.
  • Namiq Musalı. SAFEVÎLERİN ERZİNCAN VALİSİ NUR ALİ HALİFE RUMLU VE ANADOLU’DAKİ FAALİYETLERİ. Erzincan. Uluslararası Erzincan Tarihi Sempozyumu. 2019. 718–749.
  • Namiq Musalı. I ŞAH İSMAYILIN HAKİMİYYƏTİ (“TARİX-İ ALƏMARA-Yİ ŞAH İSMAYIL” ƏSƏRİ ƏSASINDA). Bakı: Nurlan. AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU. 2011. səh. 481.
  • .Encyclopaedia Iranica. Čālderān. Michael J. McCaffrey.
  • Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. ISBN 978-1933823232.
  • Savory, Roger. Iran Under the Safavids. Cambridge: Cambridge University Press. 2007. ISBN 978-0521042512.
  • Mehman Süleymanov. Şah İsmayıl Səfəvi. Bakı: Elm və təhsil. 2018. ISBN 978-9952-8176-9-0.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.