Noman Çələbi Cihan
Noman Çələbi Cihan (1885, Çirki[d], Tavriya quberniyası[d], Rusiya imperiyası – 23 fevral 1918, Sevastopol, Rusiya) — Krım Tatar əsilli xadim.
Noman Çələbi Cihan | |
---|---|
krımtat. Noman Çelebicihan | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1885 |
Doğum yeri |
|
Vəfat tarixi | 23 fevral 1918 |
Vəfat yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, yazıçı, şair |
Dini | sünnilik |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Noman 1885-ci ildə Krımın quzeyində, Canköy yaxınlığındakı Büyük Sunak kəndində yaşayan İbrahim Çələbinin ailəsində doğulub. Onu kənd məktəbinə göndəriblər, lakin məktəb hökumət tərəfindən qapadıldığından o təhsilini bölgədəki Akçokra mədrəsəsində, sonra isə Ağməsciddəki, yəni indiki Simferopoldakı Rüştiyyə və Bağçasaraydakı məşhur Zincirli mədrəsədə davam etdirib. Onun dünyagörüşünün formalaşmasında Mustafa Əfəndinin rolu böyük olub. Təhsil illərində İsmayıl bəy Qaspıralının "Tərcüman", Rəşid Mediyevin "Vətən xadimi" qəzetlərini və İstanbuldan gələn kitabları diqqətlə oxuyan, rus dili öyrənən və bu dil vasitəsilə inqilabçıların əsərlərini oxuyan, onların mitinqlərdəki çıxışlarını dinləyən Noman üsyankar bir ruhda böyüyüb. 1905-ci il inqilabı, inqilab nəticəsində bəzi islahatların həyata keçirilməsi, çarın xalqın xeyrinə bəzi güzəştlərə getməsi gənc Nomanı daha da ruhlandırıb. İmperya güclərindən xalqını qurtarmaq, haqsızlı-ğa, qanunsuzluğa son qoymaq üçün yollar axtarıb. Yeniyetməykən Krımda və İstanbulda nəşr olunan qəzetlərə məqalələr yazan Noman qohumları Əbdülhalim Çələbi və Əbubəkir Çələbinin maddi yardımıyla 1906-cı ildə təhsilini davam etdirmək üçün İstanbula gedir. Orada Mər-can İdadisində oxuyaraq dini biliklərini dərinləşdirir. Sonra universitetin hüquq fakültəsində təhsilini davam etdirir. Cəfər Seydəhməd Kırımər ilə tanış olur. Tanışlıq dostluğa cevrilir və ömrünün axırınadək davam edir. İstanbuldakı krımlı gənclərlə birlikdə "Vətən" adlı gizli bir təşkilat yaradır. Onlar vətəni azad etmək, milləti oyatmaq ümidiylə hekayə-lər, şeirlər, məqalələr, xalqa müraciətlər yazaraq gizli çap etdirib yayırlar.
1908-ci il dekabrın 30-da Noman Çələbi Cihan Cəfər Seydahməd, Alim Seyt Cəmil, Abdülhakim Hilmi və Əbdürrəhim Sükuti ilə birlikdə Krım Tələbə Cəmiyyəti adlı bir təşkilat yaradırlar. Təşkilata Noman Çələbi Cihan rəhbər seçilir. Proqram və nizamnamədəki mübahisə doğuracaq fikirlər onların yollarını ayırdığından təşkilatın ömrü o qədər də uzun olmayıb. 1909-cu il sonlarında Noman Çələbi Cihan, Cəfər Seydəhməd, Yaqup Kerçi, Əhməd Şükrü "Vətən" cəmiyyətini yaradırlar. Təşkilatın üzvləri milləti oyatmaq, Krımı azad etmək ümidiylə hekayələr, şeirlər, məqalələr, xalqa müraciətlər yazaraq gizli çap etdirib, Krıma göndərərək yaymaqla yanaşı, Rusiyanın əsarəti altındaki digər Türk xalqlarının milli azadlıq mübarizəsini diqqətlə izləyib, onların ziyalılarıyla sıx əlaqə qururlar.
Azərbaycandan Əli bəy Hüseynzadənin redaktoru olduğu "Füyuzat" jurnalına, "Həyat", "İrşad" qəzetlərinə xüsusi maraq göstərməklə yanaşı satirik "Molla Nəsrəddin" jurnalı-nı da oxuyur və yayırlar. 1909-cu ildə İstanbula gələn İsmayıl bəy Qaspıralının qarşılanmasında və onun çıxışlarının dinlənməsində Noman və dostları xüsusi fəallıq göstərirlər. Noman həmyerlisi, gənc şair, gələcəyin böyük Türkoloqu Bəkir Çobanzadə ilə İstanbulda tanış olur və hər ikisi şeirlərini bir yerə toplayıb 1911-ci ildə kitab kimi çap etdirirlər.
1912-ci ildə İstanbuldan vətənə dönən Noman sanki Krıma sığmır. Mübarizə, fəaliyyət üçün daha geniş meydan ax-tarır. Peterburqa gedərək orada Psixonervoloji İnstituta qəbul olunur. Yaşamını təmin etmək ücün ən ağır işlər görməkdən belə çəkinmir. Orada yazdığı "Tatar xəstə" əsərini dostu Cəfər Seydəhmədə göndərir. Yazı uzun illər aktuallığını itirmədiyindən 1917-ci ildə "Tərcuman" qəzetində çap olunur. Bir il sonra isə, yəni 1913-cü ilin iyulunda əqidə və məslək dostu Cəfər Seydəhmədlə görüşmək üçün yenidən İstanbula dönür. İstanbuldan geri dönərkən Krımda Seyid Abdi Hacının qız ilə evlənir. Əqidə dostları 1914-cü ildə "Vətən" Cəmiyyətinin şöbəsini qururlar. Həmin ilin payızında Gözləvdə Cəfər Seydəhmədlə görüşdükdən sonra cəmiyyətin üzvlərilə Vəl İbrahimin Ağməsciddəki çayxanasında gizli bir toplantı keçirir və gələcəkdə görəcəkləri işləri planlaşdırırlar. 1914-cü il sentyarın 11-də Baxçasaraya, "Tərcüman" qəzetinin redaktorunun yasına gələn nümayəndələr qarşısında İsmayıl bəy Qaspıralının fikirlərinin ruhunu açıqlayan Noman inqilabın yaxınlaşdığını və yaranacaq vəziyyətdən istifadə edərək Krımı işğaldan azad etməyin vacibliyini vurğulayır. Birinci Dünya savaşında Rusiya uduzmaqda olduğunu görərək universitet tələbələrini hərbi kurslara cəlb edir. Moskvada hərbi kursu bitirən Cəfər Seydəhməd Bessarabiya cəbhəsinə, Gözləvdə hərbi kursu bitirən Noman Çələbi Cihan da Ağməscidə göndərilir. Hərbi xidmətə yola düşmə zamanı çılğın təbiətli Noman onu yola salan dostları və qohumları qarşısında qəflətən sol biləyinin damarını kəsərək qanı ilə divara yazır:
Sağlıqnan qal, tatarlıq!
Mən getməm cəngkə, Hamının başı aylandı axirət bətkə. Sənin üçün yaşadım, sənsiz ölsəm, Bilməm nasıl girərəm boş cənnətə…
1917-ci ilin fevralında ölkədə yaranmış qarışıqlıqdan qurtarmaq, Rusiyanı xilas etmək üçün çar II Nikolay könüllü olaraq hakimiyyətdən əl çəkir. Kereniskinin başçılığı ilə ke-çid hökuməti yaradılır. Krımlı vətənsevərlər xilas yolları arayırdı. Gizli fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin üzvləri Nomanın xəstə-ləndiyini bəhanə gətirərək onu Odessadakı hərbi hospitala göndərirlər. Bessarabiya cəbhəsində olan Cəfər Seydəhməd və əqidə yoldaşları Xəlil Çapçakçı, Əhməd Özanbaşlı da onun yanına gəlirlər. Uzun müzakirədən sonra Krımda fəaliyyət göstərən gizli təşkilatları birləşdirmək və xalqı azadlıq mübarizəsinə qaldırmaq qərarına gəlirlər. Krımla sıx xəbərləşmə və təşkilati əlaqə yarada bilirlər. 1917-ci il martın 25-də Krımın şəhər, qəsəbə və kəndlərindən gəlmiş 1500 nümayəndənin iştirakı ilə qurultay keçirilir. Qurultay Krım Müsəlmanları Mərkəzi İcra Komitəsi yaradır və komitəyə 45 üzv seçir. Komitə üzvlərinin əksəriyyəti gizli təşkilatdan seçilir. Bu Komitə mə-dəni müxtariyyat funksiyasını yerinə yetirməli olduğu halda Krımın azadlıq mübarizəsinin rəhbərinə və yeni müstəqil dövlətin qurulmasının yolgöstərəninə çevrilir. 1917-ci il martın 26-da Krım Xalq Cümhuriyyəti elan edilir. Krım Müsəlmanları Mərkəzi İcra Komitəsi Noman Çələbi Cihanı Krım Müftiliyinə, Cəfər Seydəhmədi isə Vəqf İşləri Müdirliyinə seçir. Beləliklə Çələbi Cihan yalnız Krımın deyil, eyni zamanda Batı Müsəlmanlarının, yəni Polşa və Litva müsəlmanlarının da müftisi olur. Yeni yaranmış Rusiya hökuməti bu vəzifələri təsdiqləyir. Odessada hadisələrin gedişini diqqətlə izləyən və onu idarə edən Noman Çələbi Cihan və Cəfər Seydəhməd Krıma gəlirlər. Noman vəzifə başına kecən kimi sərt tədbirlərə əl atır. 1917-ci inin aprelində Noman Çələbi Cihan, Seyitcəlil Hattat, Ahmet Özanbaşlı və Cafər Seydəhməd tərəfindən bir nizamnamə hazırlanır. Qısa bir zamanda savadsız, cəsarətsiz, Rusiya yönlü, milli düşüncədən uzaq olan müftiləri, qazıları işdən çıxarır, yerlərinə gənc vətənsevərləri təyin edir. Milli məktəblərin sayını artırır. Həmin il may ayında Ağməsciddə keçirilən müəllimlər konqresi açıq-aydın ruslaşdırma siyasətinə qarşı durur, Rusiya hökumətinin işğal etdiyi ərazilərdə özünə kiçik məmurlar hazırlamaq üçün açdığı Rus tatar məktəblərini milli kadrlar hazırlayan məktəblərə çevirir. Bu islahatların həyata keçirilməsində, məktəblər üçün metodik vəsait və proqramlar hazırlanmasında Həsən Səbri Ayvazov kimi təcrübəli pedaqoq və yazıçının təşkilatçılıq bacarığından istifadə edilir.
Krımda ana dilində çıxan qəzet və jurnalların sayı artrılır. Həsən Səbri Ayvazov Krım Müsəlmanları Mərkəzi İcra Komitəsinin orqanı kimi "Millət" qəzetini (1918–19-cu illərdə qəzet Bakıda nəşr edilmişdır. Qəzetin Bakıda 187 sayı çap olunsa da təəssüf ki, Azərbaycan kitabxanalarında qəzetin cəmi 106 sayı saxlanılır. – Ə. Ç.), Halit Çapçakçı və Ali Badaninski "Qolos Krım", "Tatar Sədası" qəzetlərini çap etdirirlər. Onların ardınca "Gökbayrak", "İşçi Halk" və "Albayrak" qəzetləri də nəşrə başlayır. Həyata keçirilən islahatlar yarmadadakı müstəmləkəçilik düşüncəsindən ayrıla bilməyən rusları və Rusiya yönlü qeyri-rusları belə bərk narahat edir. Rusdilli mətbuatda, həyata keçirlən tədbirlərin əleyihinə kəskin məqalələr çap olunur.
Yeni yaradılmış Tatar İrade-i Milliyyə təşkilatı Krımı muxtar respublika kimi idarə etməyə başlayır. Kerenski hökumətinin Tavrıdakı əyalət komissarı Boqdanov bundan bərk narahat olaraq təşkilatı bağladır və 1917-ci il iyulun 20-də Noman Çələbi Cihanı həbs etdirib Aksaraya (Simfropol) göndərtdirir. Nomanın həbs edilməsi yalnız Krımda deyil, Rusiyanın bütün müsəlman Türk təşkilatlarında etirazla qarşılanır. Mitinq və nümayişlər ara verməyir. Üç gün sonra Çələbi Cihan həbsdən azad edilir, Boqdanov və müavini Biyanski işdən cıxarılır. Tavrıda Əyaləti İnqilab Komitəsinin sədri Novitskiy rəsmən Noman Çələbi Cihandan üzr istəyir. Bu hadisə Krımda xalqın mübarizəyə ina-mını artırır və əhval-ruhiyyəsini yüksəldir.
1917-ci il mayın 1–11-də Moskvada Rusiya müsəlmanlarının qurultayı keçirilir. Orada əsarət altına alınmış Türkmüsəlmanların təhlükəsizliyini, milli-mənəvi və siyasi hüquqlarını qorumaq məqsədiylə "Hərbi qurumlar haqqında" qətnamə qəbul edilir. 1917-ci il iyulun 21–31-də Kazanda keçirilən növbəti qurultayda qətnamədə irəli sürülən vəzifələrin reallaşması üçün Əsgəri Şura yaradılması qərara alınır. Azərbaycan Türkü Əsədullayevin də daxil olduğu Əsgəri Şura tezliklə yalnız müsəlman əsgər və zabitlərdən ibarət hərbi birləşmələrin formalaşdırılması istiqamətində əməli fəaliyyətə başlayır. Qurultayın qərarı ilə bu mühüm vəzifənin icrası ümumtürk və ümummüsəlman məsələlərində fəal mövqeyi ilə seçilən general Masey Sulkeviçə həvalə olunur. Masey Sulkeviçsə soydaşlarından fərqli olmadığını göstərmək üçün İslam dinini və Məhəmməd adını qəbul edir.
Birinci Rumıniya cəbhəsində döyüşən, QafqazVolqaboyu müsəlmanlarının çoxluq təşkil etdiyi əsgəri birlikdən "Müsəlman korpusunu" formalaşdırmaq qərara alınır. Müsəlman döyüşçülərdən ibarət üç diviziyanın yaradılması və təcili şəkildə silah-sursatla təmin edilməsi haqqında general Sulkeviçin Memorandumu 1917-ci il noyabrın 10-da Ümumrusiya Müsəlman Şurasının "Xəbərlər"ində dərc olunur. Memorandumda göstərilir ki, "müsəlman ordusunun" əsas vəzifəsi keçmiş Rusiya imperiyasındakı Türk-tatarları birləşdirən dövləti yaratmaqdı. "Müsəlman korpusu" 1917-ci ilin payızında indiki Moldova ərazisində – Tiraspolda təşkil edilməyə başlayır. Rusiyada yaranmış qarışıqlıq nəticəsində Krımda da milli, dini, əqidə müxtəlifliyi ilə bir-birindən fərqlənən komitələr yaradılır. Rusiyanın paytaxtı Peterburuqda bolşeviklər çevrilişlə hakimiyyəti ələ alırlar. Vəziyyətin getdikcə gərginləşdiyini görən Cəfər Seydəhməd Krımın müdafiəsini təşkil etmək üçün 1917-ci il oktyabrın 30-da Krım Erkani Harbiyesi (Müdafiə Nazirliyi) yaradır və vaxt itirmədən Kiyevə yola düşür ki, danışıqlar apararaq Ukrayna cəbhəsindəki Krım Tatar Süvari dəstələrini vətənə gətirsin. Yaranmış qarışıqlıq, beynəlxalq vəziyyətin gərginliyi, dəmir və şose yollarının normal işləməməsi Cəfər Seyidəhmədə planlarını həyata keçirməyə imkan vermir.
Krımı muxtar bir qurum kimi idarə edən yeni qurulmuş hökumət yalnız müdafiə məsələlərini düşünmür. Qaspıralı adına darülfun (pedaqoji texnikum), Sənət və Sənaye Məktəbi, Bağçasaraydakı Xansarayında Milli Müzey açılır. Krımın hər yerində göy rəngli milli bayraq dalğalanmağa başlayır. Krımda idarəetmənin respublika forması secilir. Buna ciddi hazırlıqlar da görülür. 1917-ci il noyabrın 1-də Krım Tatarlarının Komitə lərindən seçilən nümayəndələr Ağməsciddə qurultaya toplaşırlar. Qurultay Krımda yaşayan xalqların dininə və dilinə, adət-ənənəsinə sayğı göstərəcək, onların dini, milli və siyasi haqlarını qoruyacaq Krım Xalq Cümhu riyyəti qurulduğunu elan edir. Yeni qurulan hökuməti qorumaq üçün I Dünya savaşına cəlb edilmiş krımlı əs gər və zabitləri vətənə gətirmək qərara alınır. 1917-ci il noyabrın 17-də Krımda ilk dəfə qadınların da tam hüquqlu vətəndaş kimi iştirak etdiyi bir seçki keçililir. Deputatlar noyabrın 26-da Baxçasaraya gəlirlər. Xan ca-midə namaz qıldıqdan sonra nümayəndələr Divan-i Ali Odasına doğru irəliləyəndə onları komandirlərin əmrilə əsgərlər hərbi qaydada salamlayır, "Hürriyyət" marşı çalınır, bu günləri görmək arzusuyla yaşayan xalq kütlələri, tələbələr onları alqışlayırlar. Saat 2.00-da keçirilən iclasda Krım Müsəlmanları İcra Komitəsi adından Noman Çələbi Cihan onları salamlayır və toplantını açıq elan edir. Toplantının ilk iclasına yaşda hamıdan böyük olan Hacı Əli əfəndi sədirlik edir. Qurultayın rəyasət heyətinə Noman Çələbi Cihan, Cəfər Seydəhməd, Abdülhakim Hilmi, Hacı Bədrəttin və Şəfiqə Qaspıralı seçilir. Aralarında qadınlar da olan (İsmayil bəy Qaspıralının qızı Şəfiqə xanim da deputatlar arasındaydı – Ə. Ş.) 76 de-putat çiddi müzakirələrlə qanunvericilik aktları hazırlayırlar. Qurultayda Krım Xalq Cümhuriyyətinin Anayasasını hazırlamaq üçün komissiya yaradılır. Bu komissiyaya Noman Çələbi Cihan, Cəfər Seyidəhməd, Cəfər Ablay, Həsən Səbri Ayvazov üzv seçilir. Onların hazırladığı Anayasa geniş müzakirədən sonra qurultay iştirakçıları tərəfindən dekabrın 13-də qəbul olunur. Qəbul edilən Anayasanın 3-cü maddəsinin 1-ci bəndinə dayanaraq qurultayı parlamentə çevrirlər. Qurultay Krımda bütün həyatı idarə etmək üçün ciddi addımlar atır. Yeni qurulan Milli hökumətin təşkili Noman Çələbi Cihana həvalə edilir. Dekabrin 26-da ax-şam Noman Çələbi Cihan yeni hökumətin tərkibini elan edir: Noman Çələbi Cihan – Hökumət Rəisi və Ədliyə Müdiri, Cəfər Seydəhməd – Hərbiyə və Xariciyə Müdiri, Əhməd Şükrü — Din İşləri Müdiri, İbrahim Özənbaşlı – Maarif Müdiri, Seyidcəlil Hattat – Maliyə və Maarif Müdiri. Bolşeviklər bundan bərk narahat olur. Akyardakı (Sevastapol) Hərbi İnqilab Komitəsi Qara Dəniz Donanmasının gəmilərini yarımadanın liman şəhərlərinə hərbi əməliyyata göndərir. Sülhdən, xalqların hüquq bərabər-liyindən, sosial ədalətdən dəm vuran bolşeviklər özlərinə düşmən saydıqları, açıq döyüşlər apardıqları, ağ qvardiyaçı adlandırdıqları Rusiyanın silahlı dəstələrinə rəhbərlik edən generallarla da ittifaqa girirdilər ki, keçmiş Rusiyanın əsarət altına aldığı xalqlar müstəqillik əldə etməsinlər. Ancaq əksəriyyəti ruslardan ibarət olan müxalif menşevik partiyasının yerli təşkilatı yeni qurulan hökuməti dəstəkləyirdi. Dinc yolla yeni yaranmış hökuməti özlərinə tabe edə bilməyəcəklərini gördükdə bolşeviklər hərbi müdaxiləyə əl atırlar. Buna bəhanə kimi də Gözləvdəki iki vaqon si-lahın Ağməscidə (Simferopola) gətirilməsi olur. Yarımadanın müxtəlif yerlərində -Gözləv, Yalta, Kefe, Kerç və b. sahilyanı şəhərlərdə toqquşmalar başladı. Bolşeviklərin Akyardakı 10 minə yaxın əsgəri birliyi Ağ-məscid üzərinə hücuma keçdi. Belbek stansiyası yaxınlığındakı döyüşdə bolşeviklər mövqelərini buraxıb geri çəkilməli oldular. Milli hökumətin əsgəri birlikləri silah və hərbi sursat çatışmazlığından, nizamintizam zəifliyindən döyüşü sonadək davam etdirərək Akyarı ala bilmədi.
Döyüşlərin şiddətli vaxtında Ağməsciddəki Narodnıy Dom (Xalq evi) binasını milli quvvələr tutdu. Bu, yarımadadakı rusların böyük əksəriyyətinin qəzəbinə səbəb oldu. Hər yerdən mülki və silahlı ruslar Ağməscidə axışmağa başladılar. Gərginliyi aradan qaldırmaq üçün Milli hökumətin Nazirlər Şurası Narodnıy Dom (Xalq evi) binasından geri çəkilməyi qərara aldı. Bununla razılaşmayan Noman Çələbi Cihan istefa verdi. Vəziyyəti müzakirə etmək üçün parlament üzvləri Ağməscidə dəvət edilərkən bolşeviklər şəhəri tutdular və Noman Çələbi Cihanı Akyara apardılar. Ordusunu və idarəetmə orqanlarını yeni formalaşdırmaqda olan gənc Krım hökumətini bolşeviklər qan içində boğdular. Noman Çələbi Cihana həbsxanada ağır işgəncələr verdikdən sonra 1918-ci il fevralın 23-də öldürərək cəsədini dənizə atdılar, lakin bolşeviklər yarımadanı əldə saxlaya bilmədilər. Əldən-ələ keçdkdən, müvəqqəti hökumətlər bir-birini əvəz etdikdən sonra 1920-ci ilin noyabrında Sovet Rusiyası Krımı yenidən işğal etsə də burada Krım MSSR qurmaq məcburiyyətində qaldı. Demək Noman Çələbi Cihan və onun məsləkdaşları silahlı mübarizədə məğlub olsalar da ideyaları qalıb gəldi. Hətta onlara düşmən olan bolşeviklər belə muxtar respublika idarəçilik formasını qəbul etməli oldular. Noman Çələbi Cihanın "And etkemen" şeiri isə dillər əzbərinə çevrildi. O, yazırdı:
Ant etkenmen, tatarlarnıñ yarasını sarmağa,
Nasıl bolsun bu zavallı qardaşlarım çürüsin?
Onlar içün ökünmesem, qayğurmasam, yaşasam,
Yüregimde qara qanlar qaynamasın, qurusın!
Ant etkenmen, şu qaranğı yurtqa şavle serpmege,
Nasıl bolsun iki qardaş bir-birini körmesin?
Bunı körip buvsanmasam, muğaymasam, yanmasam,
Közlerimden aqqan yaşlar derya-deñiz qan bolsun!
Ant etkenmen, söz bergenmen millet içün ölmege,
Bilip, körip milletimniñ közyaşını silmege.
Bilmiy, körmiy biñ yaşasam, Qurultaylı han bolsam,
Yine bir kün mezarcılar kelir meni kömmege.