Nizami Sadıqov (futbolçu)

Nizami Vəli oğlu Sadıqov (15 noyabr 1964, Əlibəyli, Tovuz rayonu) – keçmiş azərbaycanlı futbol qapıçısı və məşqçisi.[1] Onun oğlu İlkin Sadıqov da peşəkar futbolçu olmuşdur.[2]

Nizami Sadıqov
Ümumi məlumatlar
Doğum tarixi 15 noyabr 1964(1964-11-15) (59 yaş)
Doğum yeri
Vətəndaşlığı

İlk illəri

Nizami Sadıqov 15 noyabr 1964-cü ildə Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuşdur. O, Bozalqanlı kənd orta məktəbində orta təhsil almışdır. "Cəfər" ləqəbi ilə tanınmışdır. Bu ləqəbi uşaq yaşlarında qazanmışdır.[3]

Futbol karyerası

Puşkin adına orta məktəbin komandasında futbol oynamağa başlamışdır. Onun futboldakı ilk mövqeyi hücumçu olsa da, məktəb komandasının iki qapıçısı da xəstələndiyi üçün qapıçı mövqeyinə keçmişdir. 1980-ci ildə Tovuzun "Məhsul" klubuna cəlb olunmuşdur. Klubdakı ilk oyunu Qazaxın "Damcılı" klubuna qarşı olmuşdur. Komandaya keçdikdən 6 ay sonra Azərbaycan çempionatında oynamağa başlamış, 16 yaşlılardan ibarət Azərbaycan yığma komandasına cəlb edilmişdir.[3]

1983-cü ildə hərbi xidmətə görə Komsomolsk-na-Amure şəhərinə göndərilmişdir. Hərbi xidmətdən öncə "Tərəqqi" klubunda bir neçə oyunda çıxış etmişdir. Hərbi xidmət müddətində də futbolla məşğul olmağa davam etmiş, qəsəbə komandalarının oyunlarında iştirak etmişdir. Hərbi xidməti başa vurduqdan sonra 1985-ci ildə yenidən "Məhsul"a qayıtmışdır. 1986-cı ildə ali təhsil almaq məqsədilə getdiyi Ukraynada "Novator" klubuna keçmişdir.[3]

Sadıqov futbolçu karyerası ərzində azarkeşlərin sevimli futbolçularından biri olmuşdur.[4] Fultbolçu karyerasını bitirdikdən sonra Tovuz futbolunun əfsanələrindən biri hesab olunmuşdur.[5] O, futbol üzrə Azərbaycan çempionatında ən uzun müddət qapısını toxunulmaz saxlayan qapıçı rekordunu əldə etmişdir (1106 dəqiqə). O, həmçinin Azərbaycan futbolu tarixində ən çox qol vuran qapıçı rekorduni əlində saxlayır: karyerası ərzindəki 21 qolun 20-sini penalti zərbəsindən vurmuşdur.[6] Onun iddiasına əsasən o, 21 yox, 24 qol vurmuşdur. O, ümumilikdə Azərbaycan çempionatında 222 oyuna çıxmış və qapıçı kimi 8 qol vurmuşdur.[7] Qapıçılıqdan əlavə, 26 oyunda meydança oyunçusu kimi çıxış etmiş və 13 qol vurmuşdur.[6]

Nizami Sadıqov futbolçu karyerasını bitirdikdən sonra futbol məşqçisi olmuş və bir neçə dəfə "Turan" klubunun baş məşqçisi təyin olunmuş, oyun alqı-satqısı ilə məşğul olmaqla ittiham olunmuşdur.[8] Daha sonra "Turan" klubunun gənclərdən ibarət komandasının məşqçisi təyin olunmuşdur.[5]

Milli karyerası

Nizami Sadıqov Azərbaycan milli futbol komandasının üzvü olmuşdur. 1996-cı ildə Fransaya qarşı baş tutmuş və 0:10 hesabı ilə başa çatan oyunda da iştirak etmişdir. Oyun tarixə Oser faciəsi adı ilə düşmüşdür.[9]

İstinadlar

  1. "Футбол из суровых 90-х: Из Товуза игроки Нефтчи вернулись невредимыми лишь ценой добровольной сдачи матча". azerifootball.com. 2023-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-03.
  2. "Nizami Sadıqov: "Bizim adımıza biabırçılıqdır"". sportinfo.az. 2023-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-03.
  3. ""CƏFƏR" LƏQƏBLİ VETERAN FUTBOLÇU İLƏ KEÇMİŞƏ SƏYAHƏT". sportline.az. 2023-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-03.
  4. "Nizami Sadıqov – bombardir qapıçı". kepeztv.az. 2023-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-03.
  5. "Nizami Sadıqov: "Bizim dövrün futbolçularının ustalığı daha yüksək idi"". rekord.az. 2023-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-03.
  6. "Müasir futbolun ata-oğulları: Azərbaycandan kimlər var?". report.az. 2023-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-03.
  7. "Qapıçı Nizami Sadıqov: "Mən 21 yox, 24 qol vurmuşam"". qol.az. 2023-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-03.
  8. "Nizami Sadıqov: "Quzu kəsim, şey eləməyin..." - MÜSAHİBƏ". sportnet.az (Archived). Archived from the original on 2023-03-23. İstifadə tarixi: 2023-09-12.
  9. "Nizami Sadıqov: "O oyundan sonra gözümüzə yuxu getmədi"". sportal.az. 2023-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-03.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.