Nizami Cəfərov
Nizami Qulu oğlu Cəfərov (21 sentyabr 1959, Zəlimxan, Ağstafa rayonu) — Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru (1991), professor (1993), əməkdar elm xadimi (2000), AMEA-nın həqiqi üzvü (2017)[2], Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Alpaqut Federasiyasının Prezidenti (2015–2022) 2019-cu ildən BDU-nun Ümumi dilçilik kafedrasının müdiridir. 2022-ci ildən "ADA" Universitetində "Azərbaycançılıq" kursunu tədris edir. [3]
Nizami Cəfərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 sentyabr 1959 (64 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi, filoloq, ədəbiyyatşünas, universitet müəllimi[d] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Azərbaycan dili[1], Azərbaycan ədəbiyyatı[1], türkologiya[1] |
Elmi dərəcəsi | |
Elmi adı | |
|
|
Təltifləri |
|
Həyatı
Nizami Cəfərov 1959-cu 21 sentyabrda Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olmuşdur. 1987-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı(1994–2001) vəzifələrində çalışmışdır. Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri (2001–2015)olub. 2019-cu ildən yenidən Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiridir. 2022-ci ildən ADA Universitetində "Azərbaycançılıq" kursunu tədris edir. Nizami Cəfərov Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Azərbaycan dili və ədəbiyyatı" bölməsinin üzvü kimi orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili proqramlarının, dərsliklərinin hazırlanmasında iştirak etmişdir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmişdir.
1995–1996-cı illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komisiyasının (AAK) filologiya elmləri üzrə Ekspert Şurasının üzvü, 1997-ci ildə isə AAK Dilçilik üzrə ixtisaslaşmış Doktorluq Şurasının üzvü olmuşdur. Elə bu il Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Azərbaycan dili və ədəbiyyatı" bölməsinin sədri təyin olunmuşdur.
1998-ci ildə AAK Dilçilik üzrə ixtisaslaşmış Doktorluq Şurasının sədri seçilmişdir.
Nizami Cəfərov 1999-cu ildə Filologiya fakültəsində "Dədə Qorqud" elmi-tədqiqat laborotoriyasını yaradaraq onun müdiri təyin olunmuşdur.
2003-cü ildə AAK-ın filologiya elmləri üzrə Ekspert Şurasının sədri təyin edilmişdir.
2004-cü ildə Azərbaycan "Bilik" Maarifçilik Cəmiyyətinin qərarı ilə "Yusif Məmmədəliyev adına medal"la təltif edilmişdir.
Cəfərov Nizami Qulu oğlu elmi nəticələrinə və təhsil quruculuğuna görə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.[4].
20 sentyabr 2019-cu ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə ölkə başçısı tərəfindən "Şöhrət" ordeni ilə təltif edilib.[5]
O, 1993-cü ilədək Müsavat Partiyasının üzvü olmuşdur, hakimiyyət dəyişikliyindən sonra isə Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur.[6]
Azərbaycan Respublikası (II (2000-ci il), III (2005-ci il), IV çağırış (2010-cu il), V çağırış (2015-ci il) və VI çağırış (2020-ci il) Milli Məclisinin deputatıdır. Parlamentin Mədəniyyət Komitəsinin sədri (2005–2015)olub. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olub. Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan, Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var.
Yaradıcılığı
Tədqiqatları Azərbaycan dili tarixi, ümumi türkologiya, Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan türkcəsinin milliləşməsi və Azərbaycanşünaslığın əsasları və inkişafı tarixinə, qədim türk və türk xalqları ədəbiyyatı tarixi və müasir ədəbi proseslə bağlı problemlərə həsr olunmuşdur.
Akademik Nizami Cəfərov üçün türkologiya geniş anlayış olub, yalnız dilçilik sahəsi ilə məhdudlaşmayaraq, eyni dərəcədə də ümumtürk ədəbiyyatı və mədəniyyəti anlayışlarını da özündə cəmləşdirir. Nizami Cəfərovun simasında dilçi-türkoloqla ədəbiyyatçı-türkoloq və kulturoloq vahid bir sistemdə birləşir. Nizami Cəfərovun hazırlayıb çap etdirdiyi dördcildlik "Türk xalqları ədəbiyyatı" geniş mənada türkologiya elminə sanballı xidmətdir. O, ilk dəfə olaraq Azərbaycanda türk xalqları ədəbiyyatının çoxcildlik elmi salnaməsini yaratmışdır.
Ümumi dilçilik istiqamətində Nizami Cəfərov yeni bir masştab müəyyənləşdirir. İlk növbədə klassik ümumi dilçilik modeli N. Cəfərov tərəfindən modernləşdirilir. Onun "Ümumi dilçilik" dərsliyində (Bakı, 2020,"Təhsil"nəş., səh. 144 ;ikinci nəşr, Bakı, 2023,"Təhsil nəş., səh. 216)bilavasitə ilk mənbələr-dilçilik klassiklərinin əsərləri əsasında dil haqqındakı elmin predmeti, tarixi, tədqiqat metodları, dilin mahiyyəti, eləcə də daxili, yaxud sinxron, xarici, yaxud diaxron və multidissiplinar dilçilik məsələləri şərh olunur. "Multidissiplinar dilçilik" dərs vəsaitində isə multidissiplinar dilçiliyin ən populyar sahə və ya istiqamətlərindən bəhs edən beş oçerk (etnolinqvistika, sosiolinqvistika, psixolinqvistika, praqmalinqvistika, linqvokulturologiya) verilir. Müasir dilçiliyin banisi, məşhur İsveçrə dilçisi Ferdinand de Sössürün "Ümumi dilçilik kursu" N. Cəfərov tərəfindən Azərbaycan dilinə tərcümə edilib nəşr olunur(2003,2018). Bir sıra dilçilik klassiklərinin, eləcə də ümumi dilçiyin banisi Vilhelm fon Humboldtun irsinin müəyyən hissəsi N. Cəfərov tərəfindən Azərbaycan dilinə tərcümə edilib nəşr edilir (Vilhelm fon Humboldt :məqalələr və fraqmentlər, 2019).
Nizami Cəfərovun müxtəlif illərdə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Aşıq Ələsgər, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Anar, Elçin Əfəndiyev, İsa Muğanna, Nəriman Həsənzadə, Gülhüseyn Hüseynoğlu, Vaqif Səmədoğlu, Zəlimxan Yaqub, Afaq Məsud və başqaları haqqında yazdığı çoxsaylı kitablar və məqalələr yüksək səviyyəli professional ədəbiyyatşünaslıq əsərləridir. O, eyni zamanda, orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili ilə yanaşı, ədəbiyyat üzrə də uzunömürlü dərsliklərin müəllifidir. Ədəbiyyatın mahiyyəti — ədəbiyyat tarixinin dövrləşdirilməsi, klassik şeirin poetikası, aşıq poeziyasının inkişafı, ədəbi tənqidin imkanları və iddiaları, "altmışıncıların" ədəbi simaları və problemləri haqqındakı tədqiqatları, yaxud ayrı-ayrı yazıçılarla əlaqədar portret-oçerk səviyyəsində təqdimatları Nizami Cəfərovun ədəbiyyat məsələlərinə, ədəbi prosesə dərindən bələd olduğunu, bir çox hallarda istiqamət verdiyini əyani surətdə göstərir. Nizami Cəfərov Azərbaycan ədəbiyyatşünaslıq elmində "Kitabi-Dədə Qorqud" dastanlarındakı "eposdan kitaba" doğru ədəbi proseslərin əsasında bu möhtəşəm oğuznamədən həm də ortaq ümumtürk və daha çox Azərbaycan yazılı ədəbiyyatının başlanğıc dövrünün ədəbi abidəsi qismində söz açmaq təşəbbüsünü irəli sürmüşdür.
Akademik Nizami Cəfərov ölkəmizdə "Azərbaycanşünaslığın əsasları"nın yaradılmasına öz töhfələrini vermiş mütəfəkkir elm xadimidir. Müxtəlif illərdə çap edilmiş "Azərbaycan mədəniyyəti məsələləri" (2000), "Azərbaycanşünaslığa giriş" (2001), "Azərbaycanlılar: etnokulturoloji birliyin siyasi-kulturoloji əsasları" (2001), "Azərbaycan: Dil, Ədəbiyyat və Mədəniyyət" (2001), "Azərbaycanşünaslıq məsələləri" (2001), "Heydər Əliyev və Azərbaycan" (2004), "Azərbaycanşünaslığın əsasları" (2005; 2013), "Atatürkün Azərbaycan siyasəti" (2008), "Azərbaycan xalqının tarixi və tərcümeyi-halı" (2012) və sair kitabları Azərbaycanşünaslığın ədəbi-mədəni və elmi-nəzəri əsaslarını müəyyən edən və dəyərləndirən əhəmiyyətli tədqiqatlardır. Nizami Cəfərov elmi fikirdə ümumtürk mənşəli Azərbaycançılıq ideologiyasının və nəzəri əsaslara malik Azərbaycanşünaslıq təliminin əsas tədqiqatçılarından biridir.
"METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 14-cü sayından jurnalın "Filologiya və Pedaqogika" üzrə redaksiya heyətinin üzvüdür.[7]
Sayı 500-dən çox olan elmi əsərlərin, o cümlədən monoqrafiyanın müəllifidir.
Rus, ingilis və fars dillərini bilir.
Filmoqrafiya
İstinadlar
- Çex Milli Hakimiyyət Məlumat bazası.
- "AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb". 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
- VƏZİFƏLİ KAFEDRA MÜDİRLƏRİ Arxivləşdirilib 2016-08-26 at the Wayback Machine (az.)
- "Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". https://e-qanun.az (azərb.). 11 fevral 2000. 27 fevral 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2016.
- "N. Q. Cəfərovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-24.
- "İsa Qəmbəri tərk edən tanınmışlar - Araşdırma". 2023-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10.
- ""Metafizika" jurnalının redaksiya heyətinin üzvləri". 2022-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-01.