Niyazi Rəsulzadə
Niyazi Şahid oğlu Rəsulzadə (9 yanvar 1948 – 11 dekabr 2020) — azərbaycanlı alim, kimya elmləri doktoru, professor. AMEA Polimer Materialları İnstitutunun "Makromonomer əsaslı polimer materiallar" laboratoriyasının müdiri
Niyazi Şahid oğlu Rəsulzadə | |
---|---|
Doğum tarixi | 9 yanvar 1948 |
Vəfat tarixi | 11 dekabr 2020 (72 yaşında) |
Vətəndaşlığı | SSRİ, Azərbaycan |
Elm sahəsi | kimya |
Elmi adı | |
İş yeri | |
Mükafatları |
Həyatı
Niyazi Şahid oğlu Rəsulzad 1948-ci il yanvarın 9-da Şuşa rayonunda anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1970-ci ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirmiş və təyinat üzrə həmin Universitetdə kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. 1971-ci ildə Azərbaycan Politexnik İnistutunda (indiki Azərbaycan Texniki Universiteti) aspiranturaya daxil olaraq, 1973-cü ildə oranı bitirmiş və 1974-cü ildə "Tsikloheksilvinilketonun homo- və sopolimerləşməsi sahəsində tədqiqatlar" mövzusunda elmlər namizədi dissertasiya işini müdafiə etmişdir. 1985-ci ildə "Tsikloheksil sırası vinilketonlarının oliqomerləri və sopolimerlərinin sintezi, çevrilmələri və xassələri" mövzusunda 2304.01 — Makromolekullar kimyası və 2304.01-Neft kimyası ixtisasları üzrə kimya elmləri doktoru elmi dərəcəsi almışdır. 1986-cı ildə isə Üzvi və fiziki kimya kafedrası üzrə professor elmi adını almışdır.
N. Ş. Rəsulzadə 1981–1990-cı illərdə Azərbaycan Texnologiya İnstitutunda Kimya kafedrasının müdiri olmaqla yanaşı "Funksional polimerlər" elmi-tədqiqat laboratoriyasının müdiri, 1990–1993-cü illərdə Gəncə Dövlət Pedaqoji İnstitutunun rektoru vəzifələrində fəaliyyət göstərmişdir. O, 1995–2004-cü illər arasında Türkiyə Cümhuriyyətinin Ankara şəhərində professor olaraq fəaliyyət göstərməklə yanaşı bir sıra strateji əhəmiyyətli layihələrin rəhbəri və icraçısı olmuşdur. Professor N. Ş. Rəsulzadə 2011-ci ildən Sumqayıt Dövlət Universitetində "Tətbiqi kimya" elmi-tədqiqat laboratoriyasının müdiri olmuş, 2014-cü ildən isə AMEA Polimer Materialları İnstitutunda laboratoriya müdiri vəzifəsində işləyir. N. Ş. Rəsulzadə "Yüksək molekullu birləşmələr" və "Neft kimyası" sahəsində ixtisaslaşmışdır. Onun elmi yaradıcılığında viniltsik-loheksilketon və onun törəmələri əsasında işıq, elektron və rentgen süalarına qarşı həssas bir sıra homo- və birgəpolimerlər sintez olunmuş və hal-hazırda fotolitoqrafiyada, xüsusilə mikroelektronikada submikron ölçülü mikrosxemlərin hazırlanmasında geniş istifadə olunur. Tsikloheksil sırası vinil ketonların radikal oliqomerləşməsi və digər reaksiyalarının qanunauyğunluqları öyrənilmiş və ilk dəfə olaraq vinilketon monomerlərində ketoenol tautomerliyinin radikal birgəpolimerləşmə reaksiyalarında rolu müəyyən edilmişdir. Fiziki-kimyəvi analiz üsulları ilə müəyyən edilmişdir ki, vinil keton molekullarında enol tautomerinin yaranma ehtimalı molekuldakı alkil (tsikloalkil) qrupunun təbiətindən asilıdır. Enollaşma qabiliyyətinin yüksək olması monomerin elektrodonorluq xassələrinin güclənməsinə səbəb olur ki, bunun da nəticəsində elektroakseptor monomerlərlə, məsələn, malein turşusu və onun törəmələri ilə donor-akseptor tipli kompleks əmələ gətirir. Yükün ötürülməsilə yaranan bu komplekslər özlərini aktiv monomerlər kimi apararaq növbəli quruluşlu birgəpolimerlərin yaranmasına səbəb olur. Ilk dəfə olaraq N. Ş. Rəsulzadə tərəfindən vinilketonların birgəpolimerləşməsi, alınan homo- və birgəpolimerlərin kimyəvi və foto-kimyəvi cevrilmələri reaksiyalarında ketoenol tautomerliyinin rolu müəyyən edilmişdir. Onun təklif etdiyi nəzəriyyə dünyanın bir çox ölkələrində müzakirə olunaraq qəbul edilmiş və bir çox Universitetlərdə, həmçinin Moskva Dövlət Universitetində xüsusi kurslarda tədris olunur. N. Ş. Rəsulzadənin son illərdə xüsusi təyinatlı motor yağlarının alınması sahəsində apardığı elmi-tədqiqiat işləri bir çox ölkələrdə (ABŞ, Türkiyə, Belarusiya, BƏƏ) maraqla qarşılanmış və birgə tədqiqatların aparılması üçün onlardan təkliflər alınmışdır.
Mükafatlar
N. Ş. Rəsulzadənin kimya elmi sahəsindəki xidmətləri nəzərə alınaraq 1992-ci ildə ona dövlətimiz tərəfindən "Əməkdar elm xadimi" fəxri adı verilmişir.