Nival subnival landşaft
Nival subnival landşaft — Bu landşaft tipi Böyük Qafqazın cənub yamacında 3200-4400 m-lik mütləq yüksəklik diapazonunda olan uca dağların suayrıcı xətti boyu dar zolaq şəklində uzanan əraziləri əhatə edir.
Ərazisi
Əsasən mütləq yüksəkliyi 3500 m-dən çox olan Bazardüzü (4466 m), Tufandağ (4106), Çorundağ (4079 m), Məlkəmud (3879 m), Quton (3608 m), Çuxadurmaz (3572 m) kimi dağ zirvələrində formalaşan bu landşaft kompleksinin ümumi sahəsi 390 kvadrat kilometr olub,Azərbaycan daxilində Böyük Qafqazın cənub yamacının 11,1%-ni təşkil edir.
Relyefin böyük nisbi və mütləq yüksəkliyi və sərt iqlim şəraiti nival-subnival qurşaqdakı landşaftların formalaşması və inkişafında əsaslı rol oynayır. Fiziki aşınma, şaxta aşınması,qravitasiya, eroziya-denudasiya, soliflükasiya kimi müxtəlif proseslərin böyük potensial enerji ehtiyatları burada landşaftların daha çox dinamikliyinə şərait yaradır.[1]
Relyefi
Bundan başqa sərt relyefə və davamiyyətli qar örtüyünə malik olan bu landşaftlar bəzi yerlərdə buzlaq sahələrinə çox yaxın olduğundan burada kimyəvi elementlərin hipergen miqrasiyasını öyrənmək hələlik mümkün deyildir.
Lakin əldə etdiyimiz faktiki göstəricilər bu landşaftlarda ekoloji-geokimyəvi şəraitin ümumi cəhətləri haqqında müəyyən təsəvvürlər yaratmağa imkan verir.
Yüksək dağlığın nival-subnival landşaft qurşağı Böyük Qafqazın cənub yamacı ərazisindəki dik və uçurumlu-qayalı dağ yamaclarını, düzəlmə səthlərini, aşınma prosesləri nəticəsində formalaşan ufantı konuslarını və s. bu kimi bir sıra elementar landşaftları əhatə edir. Dağ yamaclarında tez-tez ufantı konuslarına, uçqunlara, qaya çıxıntılarına təsadüf edilir.Dik və uçurumlu yüksək dağ yamaclarında yayılmış ufantı konusları, buzlaq və qar örtüyünün yaratdığı relyef formaları (karlar, sirklər, morenlər) və yarğanvari çay dərələri geniş əraziləri əhatə edir. Digər landşaftlardan (alp çəmənliyi və meşə landşaftlarından) fərqli olaraq nival-subnival landşaftlarda dağ süxurlarının maddi tərkibi və geokimyəvi xüsusiyyətləri kimyəvi elementlərin hipergen miqrasiyasına daha çox təsir göstərir. Çünki nival və subnival lanfdşaftlar istisna olmaqla digər landşaftlarda kimyəvi elementlərin paylanmasında, yayılmasında və dövranında başlıca rol canlı aləmin üzərinə düşür.Bundan başqa,bir qayda olaraq kimyəvi elementlərin miqrasiyasının özü dağ süxurlarını maddi tərkibinə əsasən müəyyənləşdirilir.
Odur ki,nival və subnival landşaftların öyrənilməsində süxurlarının geokimyəvi xüsusiyyətlərinin nəzərə alınması xüsusi ilə böyük əhəmiyyət kəsb edir.
Nival və subnival landşaftlarda yayılmış dağ süxurları əsasən aşağı Yuranın gilli və qumlu şistlərindən ibarətdir.Tədqiq olunan landşaftların litoloji əsasını Yura yaşlı gilli şistlər, qumdaşı və əhəngdaşları təşkil edir. Baş Qafqaz silsiləsinin çətin keçilən qayalıq əraziləri və buzlaqların kənar sahələri bu süxurlardan təşkil olunmuşdur. Spektral analizlərin nəticəsi göstərir ki,aşağı Yuranın aalen yaşlı şistləri qurğuşun,mərgümüş,qalay,vanadium və mislə zəngin olub, stronsium,barium,nikel və kobaltdan kasaddır.[1]
İqlimi
Dağ-tundra iqlimi ilə səciyyələnən bu landşaftlarda orta illik temperatur 0 dərəcədən aşağı olur. Yanvar ayının orta aylıq tempraturu-100-140, iyul ayının orta temperaturu isə 5-100 arasında dəyişir. Günəşli saatların orta illik miqdarı 1900-2200-ə, cəm radiasiya 145-160 kkal/sm2-a çatır. Səth örtüyünün illik radiasiya balansı isə digər landşaft tipləri ilə müqayisədə daha az olub 15-25 kkal/sm2 təşkil edir.[1]
Torpaq və bitki örtüyü
Torpaq-bitki örtüyündən məhrum olan nival-subnival landşaftların bioloji məhsuldarlığı digər landşaft qurşaqlarına nisbətən aşağı səviyyədə olması ilə səciyyələnir. Burada yalnız çatlardakı xırda dənəvər süxurları parçalayaraq digər bitkilərin inkişaf etməsi üçün substrat hazırlayan şibyə və mamırlara təsadüf edilir. Nival subnival landşaft kompleksləri özlərinə məxsus xüsusiyyətləri ilə bir-birindən fərqlənən ayrıca geokimyəvi landşaft tipləri olsalar da bu landşaftların geokimyası haqqında kifayət qədər faktiki göstəricilərin olmaması üzündən nival və subnival landşaftların ekoloji-geokimyəvi xüsusiyyətləri ayrı-ayrılıqda deyil,birlikdə öyrənilmişdir.[1]
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Q.İ.Rüstəmov,A.M.Rüstəmova.Böyük Qafqazın cənub yamacı landşaftlarının ekogeokimyəvi xüsusiyyətləri.Bakı.2016.189 səh.