Nitrobirləşmələr

Nitrobirləşmələr — molekulunda karbon atomu ilə birləşmiş bir və ya bir neçə nitro qrupu — NO2 olan üzvi birləşmələr. Mono-, di-, tri- nə polinitrobirləşmələr var.

Qrupları

Nitrobirləşmələr bir neçə qrupa ayrılır:

  • alifatik nitrobirləşmələr (məsələn, nitroparafinlər, nitroolefinlər),
  • aromatik nitrobirləşmələr (məsələn, nitroanilinlər, nitrobenzol, nitrotoluol, nitrol naftalinlər),
  • alifatik aromatik nitrobirləşmələr (məsələn, fenilnitrometan, nitrostirol) və. s.

Aromatik nitrobirləşmələr sarımtıl maye və ya kristal maddədir, üzvi həlledicilərdə yaxşı, suda pis həll olur. Aromatik polinitrobirləşmələr partlayıcı maddə kimi işlədilir (məsələn, trinitrotoluol). Onların nitroqrupu reduksiya edildikdə boya maddələri istehsalında aralıq məhsul olan aminlər alınır. Sadə mononitroparafinlər xüsusi iyi olan rəngsiz mayedir. Nitroparafinlər asan reduksiya olunaraq hidroksilamin və aminlər əmələ gətirir, onlara qatı turşularla təsir etdikdə karbon turşularına çevrilir, aldehidketonlarla asan kondensasiya olunaraq nitrospirtlər əmələ gətirir, onların da dehidratasiyasından nitroolefinlər alınır. Bəzi nitrobirləşmələr zəhərlidir.

Alınması

Konovalova görə alkanlar 110....150oC-də duru nitratturşusu ilə nitrolaşırlar. Sənayedə isə nitrolaşmanı 350....500 o C-də buxar fazada aparırlar.

Nitrobirləşmələrin tətbiqi

Nitroalkanlar raket yanacaqlarında komponent (oksidləşdirici), amin, aldehid, karbon turşularının sintezində xammal, polyar həlledici kimi istifadə edilir və s.

Nitrobenzoldan əsasən boyaq, vulkanlaşdırma surətləndirici kimi istifadə edilən anilin istehsalında istifadə edilir. trinitrotoluol partlayıcıdır. Nitrobirləşmələrdən ətirli və dərman maddələri, insektisidlər istehsalında və s. istifadə edirlər.

Mənbə

  • S.F.Qarayev, U.B.İmaşev, G.M.Talıbov "Üzvi kimya", Bakı-2003.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.