Nisə Bəyim
Nisə Bəyim (azərb. Rəhimova Nisəbəyim İsmayıl qızı; 6 mart 1955, Sabirabad, Azərbaycan SSR) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998).
Nisə Bəyim | |
---|---|
azərb. Rəhimova Nisəbəyim İsmayıl qızı | |
Təxəllüsü | Nisə Bəyim |
Doğum tarixi | |
Doğum yeri | Sabirabad, Azərbaycan SSR |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Sabirabad, Azərbaycan Respublikası |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Rəhimov İsmayıl Cabbar oğlu |
Anası | Məlikova Məryəm Əlabbas qızı |
Fəaliyyəti | yazıçı, şair |
Fəaliyyət illəri | 1988-2020 |
Əsərlərinin dili | Azərbaycan türkcəsi |
Janrlar | poeziya, nəsr |
nisebeyim.com |
Həyatı
Rəhimova Nisəbəyim İsmayıl qızı 6 mart 1955-ci il tarixində Sabirabad şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Rəhimov İsmayıl Cabbar oğlu Şamaxı şəhərindən, anası Məlikova Məryəm Əlabbas qızı Zərdab rayonunun Əlvənd kəndindəndir.
1961-ci ildə Sabirabad şəhərində M. Müşfiq adına 4 saylı orta məktəbə daxil olmuş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə ilə bitirərək, Sabirabad şəhər M. Müşfiq adına 4 saylı orta məktəbində əmək fəaliyyətinə başlamış və hal-hazırda həmin məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışır.
1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2020-ci ilin noyabr ayının 26-da vəfat etmişdir.
Yaradıcılığı
Yaradıcılığa tələbəlik illərindən başlasa da, Azərbaycan mətbuatında 1988-ci ildən çap olunur. İlk dəfə "Vətən mənəm" adlı şeiri 1988-ci ildə "Azərbaycan müəllimi" qəzetində çap olunur. Bu vaxtdan etibarən onun yazıları "Azərbaycan", "Ulduz", "Gənclik", "Azərbaycan qadını", "Pəncərə" və digər dərgilərində, müxtəlif qəzetlərdə, Tehranda nəşr olunan "Yol" jurnalında, "Yaşıl budaqlar", "Vətən sevgisi", "Min beş yüz ilin oğuz şeiri", "Poeziya günü", "Aran" toplu və almanaxlarında dərc olunmuşdur.
"Arazım, Xan Arazım", "İlahi vaxt", "Əbədiyyət", "Himn", "Ürək simfoniyası" poemaları Azərbaycan dövlət radiosunda radio-tamaşa kimi hazırlanaraq efirdə səsləndirilmişdir.
Müxtəlif mövzularda 12 poeması vardır. Poemaların adları: "Əbədiyyət", "Arazım, Xan Arazım", "Himn", "İlahi Vaxt", "Ulduz səsləri", "Göy, Dəniz, Göyqurşağı", "İlğım", "Suqovşan", "Toy", "Söz haqqında söz", "Böyük Adam", "Ürək simfoniyası".
Ədəbi mühitdə poeziya nümunələri ilə bərabər, "Dəniz yuxusu", "Günəş ovu", "Doğmalıq" hekayələri, "İtirilmişlərdən biri", "Bütün həqiqətlər sözlərdədir", "Poeziya haqqında", "Sorun ki, bu nə sevdadır", "Ey Yazıq, sənə zülm eləmişlər", "Bütün həqiqətlər məndədir…", "Klassik notlar", "Aran uşağı haqqında hekayət", "Bağlı vaxt" esse və publisist məqalələri də maraqla qarşılanmışdır.
***
Bəyim, dəli sevdalarla
Tuş olmamaq yaxşımıdır?
Bu dünyada daş olmaqdan
Daş olmamaq yaxşımıdır?
Arzulara könül verib,
Göy üzündə halay vurub,
Varıb, ənginliyə varıb
Quş olmamaq yaxşımıdır?
Dünyaya sirdaş olmağa,
Yağışlara qoşulmağa,
Dərddən-dərdə boşalmağa
Yaş olmamaq yaxşımıdır?
Kitabları
"Vətəndən Vətənə durnalar uçur" ilk şeirlər kitabı 1990-cı ildə "Gənclik" nəşriyyatında çapa hazırlansa da, ölkədə baş verən ictimai-siyasi böhran nəticəsində işıq üzü görmür. İndiyə kimi onun aşağıdakı kitabları nəşr olunmuşdur:
- "Yerə, Göyə, Tanrıya". Bakı, Şirvannəşr, 1997-ci il, 158 səh, tiraj 1000.
- "İlahi Vaxt". Bakı, Şirvannəşr, 2000-ci il, 110 səh, tiraj 300.
- "Ulduz səsləri". Bakı, Şirvannəşr, 2001-ci il 98 səh, tiraj 300.
- "Ayla, Günlə bərabər". Bakı, Şirvannəşr, 2002-ci il, 120 səh, tiraj 300.
- "Mənə dünyanı sorma". Bakı, Şirvannəşr, 2004-cü il, 132 səh, tiraj 300.
- "Günəşdən yağan yağışlar". Bakı, Şirvannəşr, 2006-cı il, 148 səh, tiraj300.
- "Yeddinci kitab". Bakı, Şirvannəşr, 2007-ci il, 130 səh, tiraj 300.
- "Taleyin böyüklük töhvəsi". Bakı, CVS, Polioqrafik, 2008-ci il, 188 səh, tiraj 400.
- "Ürək simfoniyası". Bakı, Şirvannəşr, 2009-cu il, 140 səh, tiraj 300.
- "Fraqmentlər". Bakı, Şirvannəşr, 2010, tiraj 500.
Mükafatları
Uğurlu poeziya nümunələrinə görə "İsa İsmayılzadə adına" (2000-ci il) və "Nigar Rəfibəyli adına"(2006) Azərbaycan Yazıçılar Birliyinin mükafatına layiq görülmüşdür. 2008-ci ildə Azərbaycan Yazıçılar Birliyinin bir illik (hər ay 300 manat olmaqla) pul mükafatını almışdır. Prezident təqaüdçüsüdür. Hal-hazırda ədəbi yaradıcılığını davam etdirir.
Xarici keçidlər
- www.nisebeyim.com Arxivləşdirilib 2011-01-19 at the Wayback Machine