Nikolae Çauşesku
Nikolae Çauşesku (rum. Nicolae Ceauşescu; 26 yanvar 1918[1][2][…] – 25 dekabr 1989[2][3][…], Tırqovişte[d]) — rumın siyasətçi və dövlət xadimi, 1965-ci ildən Rumıniya Kommunist Partiyası MK-nın baş katibi, 1974–1989-cu illərdə Rumıniya Sosialist Respublikasının prezidenti.
Nikolae Çauşesku | |
---|---|
rum. Nicolae Ceaușescu | |
Rumıniya Respublikasının prezidenti | |
Səlahiyyət müddəti 22 mart 1965 – 22 dekabr 1989 | |
Əvvəlki | George Georgiu-Dej |
Sonrakı | İon İliyesku |
Rumıniya Kommunist Partiyasının baş katibi | |
Səlahiyyət müddəti 22 mart 1965 – 22 dekabr 1989 | |
Əvvəlki | Çivu Stoica |
Sonrakı | Partiya ləğv edildi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 yanvar 1918[1][2][…] |
Vəfat tarixi | 25 dekabr 1989[2][3][…] (71 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri |
|
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Həyat yoldaşı | |
Hərbi xidmət | |
Mənsubiyyəti | Rumıniya Sosialist Respublikası |
Qoşun növü | Rumıniya Quru Qoşunları[d] |
Rütbəsi | general-mayor[6] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət, ordu |
|
|
ceausescu.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Nikolae Çauşesku 26 yanvar 1918-ci ildə Skorniçeşti kəndində kəndli ailəsində dünyaya gəlmişdir. Ailənin 10 uşağından biri idi. Ailəsi kasıb yaşasa da atası ona ibtidai təhsil verə bilmişdir. 11 yaşı olarkən Buxarestə köçmüş, çəkməçi yanında çəkməçiliyi öyrənməyə başlamışdır. 15 yaşında kiçik çəkməçi dükanında işləməyə başlamışdır. 1932-ci ildə gizli fəaliyyət göstərən kommunist gənclər hərəkatına qoşulub, 1936-cı ildə isə Kommunist Partiyasına üzv olub. Kommunistlərin mitinqlərində iştiraka və təbliğata görə həbs edilən gələcək diktator iki il türmə həyatı yaşayıb.
Siyasi məhbus təcrübəsi ona ömürlük kommunist və antifaşist təbliğatının fəal iştirakçısı damğasını vurub. Siyasi karyerasında bunun ona böyük köməyi dəyib. Həbsdən çıxandan sonra rumın liderin təşəkkül tapmasında və gələcək nailiyyətlərində əhəmiyyətli rol oynayacaq Yelena Petresku ilə tanış olub və 1946-cı ildə onunla ailə qurub.
1947-ci ildə Rumıniyada kommunistlər hakimiyyətə yiyələnəndən sonra Çauşeskunun karyerasında sürətli yuksəliş dövrü başlayır. O, əvvəl kənd təsərrüfatı naziri, ardınca isə silahlı qüvvələr nazirinin müavini vəzifəsində çalışıb. 1952-ci ildə Mərkəzi Komitəyə, iki ildən sonra isə Rumıniya Kommunist Partiyasının Siyasi Bürosuna üzv olur. 1965-ci ilin mart ayında, baş katib Georgiu-Dejanın ölümündən sonra Çauşesku Rumıniya Kommunist Partiyasının birinci katibi olur. 1974-cü ildə konstitusiyanı dəyişmək qərarına gəlir və ölkədə prezident vəzifəsini tətbiq edir.
Tarixçilərin qənaətincə, o, bu addımı 1971-ci ildə Asiya səfərindən sonra atmaq qərarına gəlib. Səfər zamanı Çauşeskunu regionun kommunist ölkələrində – Çin, Şimali Vyetnam və Şimali Koreyadakı sərt dövlət modelləri heyrətə gətirib. Rumın liderinin təyin etdiyi seçkilərdə şübhəsiz ki, özü də qalib gəldi. Bundan sonra isə – ömürlük hakimiyyətdə qalacağını bəyan etdi.
Çauşesku digər birinci katiblərin atmadığı addımı da atdı. O, ailəsinin əlində böyük hakimiyyət cəmləşdirdi. Həyat yoldaşı və sadiq dostu Yelena ölkənin ikinci şəxsi oldu. Ancaq dərhal yox. Yelena Çauşesku əvvəlcə Rumıniya Kommunist Partiyasında bir sıra əhəmiyyətli vəzifə tuturdu. Lakin həyat yoldaşının rəsmi səfərlərində onu müşayiət etmirdi. 1971-ci ildə Çauşeskunun həyat yoldaşı ilə Çinə səfəri hər şeyi dəyişdi. Yelena Mao Tszedunun xanımı Dzyan Tsinin real hakimiyyət sahibi olduğunu gördü.
1972-ci ildə Çauşesku xanımını Mərkəzi Komitəyə üzv, 1980-ci ildə isə baş nazirin birinci müavini vəzifəsinə təyin etdi. Baş nazir vəzifəsi isə prezident postu ilə birləşdirilmişdi. Əxlaq prinsiplərinə riayət etmək həvəskarı olmayan oğlu Nikunu Transilvaniya regionunun mühüm əyaləti olan Sibiunun başçısı təyin etdi.
Çauşesku zamanı "ailə" sözü İtaliya mafiyası haqqındakı filmlərdəki çaları aldı. Bu ölkədə hər şey onun ailəsinə məxsus idi – tarixi dəyərlərdən tutmuş qoruq meşələrindəki marallara qədər.
Həddən artıq ehtiyatlı və vasvası Çauşesku o dövr üçün Avropa liderləri arasında ən böyük mühafizəyə sahib idi. Həmişə də hər hansı xəstəliyə yoluxacağından qorxurdu. Onun şəxsi mühafizəçisi özü ilə spirt flakonu gəzdirir və Çauşesku hər hansı əşya ilə təmasdan sonra əllərini silirdi. Manyakal şübhəçilik, hətta ideologiya baxımından dost olduğu SSRİ-yə səfər zamanı da özünü göstərirdi.
Ancaq Çauşeskunu Moskva xəttinin sadiq tərəfdarı adlandırmaq olmaz. Rumın liderin SSRİ ilə ilk ziddiyyəti 1968-ci ildə ortaya çıxdı. O zaman Çauşesku Varşava müqaviləsi qoşunlarının Çexoslovakiyaya soxulmasına qarşı çıxdı. 1984-cü ildə isə Rumıniya Los-Anceles olimpiadasını boykot etməyən yeganə sosialist ölkəsi oldu. Bəzi digər məsələlərdə də Çauşesku müstəqil kurs yürüdürdü. Bu, əslində onun vətənində nüfuzunu artırdı. Ancaq bununla yanaşı, həmin siyasət SSRİ-dən gələn maddi yardımın qarşısını kəsdi.
Eyni zamanda sosialist Çauşesku həya etmədən Qərb liderləri ilə də dostlaşırdı. Rumıniyaya pul lazım olanda Kennedi və kraliça II Yelizaveta ilə görüşüb onlardan maddi yardım istəyirdi.
Çauşesku özü dəbdəbə içində yaşayır, qiyməti 100 min dollar olan bahalı maşınlarda gəzirdi. Özü və ailəsi üçün tikdirdiyi çoxsaylı iqamətgahların yemək otaqlarında qablar bahalı metallardan, büllur tualetlərində unitazlar isə mərmərdən idi. Rəhbərin həyatının təminatı üçün yol verilən israfçılıq ölkə büdcəsinin böyük hissəsinin xərclənməsinə səbəb olurdu. Bu da nəticədə xarici borcun artmasına gətirib çıxardı. 70-ci illərin sonuna borc 13 milyard dollara çatdı. Rumıniya isə iqtisadi iflas ərəfəsində idi. Bundan sonra Çauşesku konstitusiyada gələcəkdə xaricdən borc alınmasını yasaqlayan dəyişikliyin edilməsi məqsədi ilə referendum keçirdi. Rumınların demək olar ki, hamısı buna tərəfdar çıxdı. 1980-ci ildən xarici borcların ödənməsi ölkənin əsas prioritetinə çevrildi.
Çauşesku onun hakimiyyəti dövründə yaranan borcları ödəmək üçün istehsal edilən məhsulların böyük hissəsini ixraca göndərdi. Bu da ölkə daxilində məhsul qıtlığı yaratdı. O vaxtdan yanacaq və ərzaq çatışmazlığı rumınların gündəlik həyatının tərkib hissəsinə çevrildi. Ancaq bununla yanaşı, ədalətlə qeyd etmək lazımdır ki, 1989-cu ilin yayında, Çauşesku devrilməmişdən bir neçə ay əvvəl Rumıniya bütün xarici borclarını ödədi. Ancaq qıtlıqla yanaşı, kütləvi ixracın da qarşısı alınmadı.
Əmək fəaliyyətinə pinəçi köməkçisi kimi başlayan Nikolay Çauşeskunun hakimiyyət zirvəsinə yüksəlişi Roma imperatorları stilində dəbdəbə ilə davam etdi. Atını senator edən Kaliqulaya tam bənzəmək üçün Çauşesku Korbu adlı sevimli təmtəraqlı itini şan-şöhrətə bürüdü. İtə onu Buxarestdə gəzdirən xüsusi limuzin ayrılmışdı, o, Çauşeskunun çoxsaylı villalarının birində dəbdəbəli otaqda yatırdı. Sevimli itin xidmətində hətta telefon da var idi. Hər gün Londondan it biskvitləri alıb Buxarestə göndərmək isə Rumıniyanın Böyük Britaniyadakı səfirinin xidməti vəzifəsinə daxil idi. Devrilməzdən bir müddət əvvəl Çauşesku sevimli itinə Rumıniya ordusunun polkovniki rütbəsi verdi.
Öz mükafatlarının sayına görə isə Çauşesku Leonid Brejnevlə rəqabətə girə bilərdi. Dəfələrlə Sosialist Əməyi Qəhrəmanı adını alan Çauşesku dost xalqların da bir çox mükafatını əldə etmişdi. Bununla yanaşı, Çauşesku ölkəsinin və xalqının nüfuzu barədə də düşünürdü. Onlarla akademik rumınların romalıların davamçısı olduğunu, rumın dilinin isə latın dilinə ən yaxın dil olduğunu sübut etmək üçün arxivlərdə çalışırdı.Həmin vaxt isə ölkə iqtisadiyyatı uçuruma doğru gedir, bir vaxtlar Avropanın "çörək səbəti" olan Rumıniyada ildə on beş min adam acından ölürdü.
Sosialist düşərgəsində və Şərqi Avropada baş verən dəyişikliklər Rumıniyadan da yan keçmədi. 1989-cu ilin dekabrında ölkədə narazılıqlar baş qaldırdı. Transilvaniyada bu narazılıq daha güclü oldu. Əhalinin böyük hissəsinin onu dəstəkləyəcəyinə ümid edən Çauşesku 1989-cu ilin dekabrın 17-də regionun şəhərlərinin birində, Timişoarada nümayişçilərin güllələnməsinə qərar verdi. Sabahısı gün Rumıniyanın bütün şəhərlərində, ilk növbədə də Buxarestdə minlərlə insan küçələrə axışdı. Bir müddətdən sonra üsyanın qarşısının alınması mümkünsüz oldu. Çauşesku dövrü baş qəhrəman üçün rüsvayçı şəkildə sona çatdı. Diktator xanımı ilə birgə Rumıniya senatının damından qaçdı. Ancaq Tırqovişte şəhərində həbs edildilər.
Dekabrın 25-də rumın hərbçilər prezident və xanımı üzərində məhkəmə prosesi qurdu. Proses televiziya vasitəsilə yayımlanırdı. Cəmi iki saat davam edən məhkəmə prosesində Nikolae və Yelena Çauşeskular soyqırım ittihamıyla ölüm hökmünə məhkum edildilər. Şikayət üçün formal olaraq 10 gün vaxt verilsə də, hökm televiziya translyasiyası başa çatan kimi həyata keçirildi. Güllələnməni həyata keçirmək üçün yüzlərlə könüllü hazır olsa da, yalnız 4 nəfər — bir zabit və üç əsgər seçildi. Keçmiş diktator və xanımının meyiti bir neçə gün stadionda qalandan sonra Buxarestdə dəfn edildi.
Maraqlı faktlar
Xarici səfərlər zamanı Nikolae Çauşeskunun qaldığı otaqda toxuna biləcəyi hər şeyə antiseptiklər vurulurdu. Prezidentin şəxsi kimyaçısı isə portativ laboratoriya ilə onu hər yerə müşayiət edir, yeməklərin tərkibini, bakteriya, zəhər və ya radioaktivliyin olub olmamasını yoxlayırdı.
İstinadlar
- Чаушеску Николае // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Bibliothèque nationale de France Ceauşescu, Nicolae (1918-1989) // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Nikolae Ceauşescu // filmportal.de. 2005.
- https://www.washingtonpost.com/archive/politics/1989/12/26/ceausescu-ruled-with-an-iron-grip/6703726a-bc5f-4565-acd3-45fccd82492d/.
- https://www.capital.ro/adevaruri-nestiute-despre-nicolae-ceausescu-ce-salariu-avea-fost.html.
- https://www.impact.ro/cum-a-devenit-nicolae-ceausescu-general-maior-al-armatei-romane-100085.html.
Xarici keçidlər
- Arxivləşdirilib 2015-04-20 at the Wayback Machine
- Arxivləşdirilib 2013-01-21 at the Wayback Machine