Nicat Cəmiyyəti

Nicat CəmiyyətiBakı qubernatorunun 1906-cı il avqustun 22-də təsdiq etdiyi nizamnamə əsasında fəaliyyətə başlamış xeyriyyə cəmiyyəti. Təşkilatın özü isə mart ayının 9-u yaradılmışdı.[1] Bu ad təşkilata İmran Qasımov tərəfindən uyğun görülmüşdür.[2]

Nicat xeyriyyə Cəmiyyəti
Növü Xeyriyyə-Maarif cəmiyyəti
Fəaliyyəti Teatral, Ədəbi, Pedaqoji
Yaranma tarixi 8 mart 1906
Qeydiyyat tarixi 22 avqust 1906
Ləğvolma tarixi 1917
Rəsmi dili Azərbaycan dili, Rus dili
Mərkəzi Nikolayevskaya küçəsi, 16.
Sədr Məmmədəli bəy Səlimbəyov (1906-1907)
Həsən bəy Ağayev (9 mart - 12 noyabr 1907)
Məhəmməd Əmin Rəsulzadə (12 noyabr 1907-17 dekabr 1913)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cəmiyyətin fəaliyyəti

Cəmiyyətin nizamnaməsindən məlum olur ki, cəmiyyətin əsas məqsədi müsəlman əhali arasında maarifçilik işinin yayılması, ali, orta və ibtidai təhsil müsissələrində oxuyan müsəlmanlara yardım göstərilməsi, ana dili və ədəbiyyatın inkişafı idi. Bu məqsədlə cəmiyyət müxtəlif kitablar və dərsliklər nəşr edirdi. Cəmiyyətin kitabxanası və digər müsəlman quberniyalarında şöbələri fəaliyyət göstərirdi.

1913-cü ildə Nicat cəmiyyəti tərəfindən Mirzə Muxtarın səhnə fəaliyyətinin 40 illiyi münasibətilə yubiley gecəsi keçirilmiş[3], yubilyarın da iştirakı ilə Üzeyir Hacıbəyovun "Rüstəm və Söhrab", "Leyli və "Məcnun" operalarından səhnələr göstərilmişdir.[4]

Təhsil

Bakı, Gəncə, Şamaxı, Şəki, Quba, Lənkəran və s. yerlərdə açdığı bölmələri də yerlərdə maarifçilik fəaliyyətləri göstərən cəmiyyətin təşəbbüsü ilə 1906-1910-cu illərdə Gəncədə Mədrəseyi-ruhani, Şamaxıda Üxüvvət, Ağdaşda Darülfənn, Şəkidə Həqiqətüs-Sibyan, Lənkəranda Behcət adlı məktəblər açılmışdı.[1] Cəmiyyət müsəlmanlar arasında savadsızlığın ləğvi məqsədilə böyüklər üçün axşam kursları təşkil edir və onların fəaliyyətini maliyyələşdirirdi. 1907-ci ildə yeni axşam kursları açmış cəmiyyətin həmin kurslarından iki il sonra istifadə edən dinləyicilərin sayı 280-ə çatmışdı. 1910–1911-ci və 1911–1912-ci tədris illərində isə kursdan istifadə edən dinləyicilərin sayı müvafiq olaraq 240 və 115 nəfər idi.

Müəllimlər qurultayı

1906-cı ilin 15–28 avqust tarixləri arasında Bakı şəhərində Azərbaycan müəllimlərinin ilk qurultayı "Nicat" Cəmiyyəti tərəfindən keçirilmişdi. Azərbaycan dili proqramının təsdiqi, ana dilinin azərbaycanlılar üçün əsas fənn hesab edilməsi və tədris planlarında ana dilinə ayrılmış saatların artırılması, müsəlman əhalisinin sıx yaşadığı yerlərdə inspektorlardan birinin müsəlman olması, ana dilindən dərs deyən müəllimlərin statusunun, məktəblərə daxil olan müsəlman uşaqlarının sayının iki dəfə artırılması, şəhər və kənd məktəblərində sənət verən şöbələrin, hər bir şəhərdə qız rus-tatar məktəbinin açılması, Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müsəlman mərkəzlərindən birinə keçirilərək müəllimlər seminariyasına çevrilməsi və orada Azərbaycan dilinin əsas fənn kimi tədris edilməsi, müsəlman müəllimləri üçün pedaqoji kursların təşkil edilməsi tələbləri olmuşdu.

Leyli və Məcnun operası

"Leyli və Məcnun" operasının ilk tamaşasını "Nicat" Maarif Cəmiyyətinin dram heyəti hazırlayıb. Bu həmin cəmiyyət üçün şərəfli bir iş idi. Belə ki, Azərbaycanda və ümumiyyətlə, bütün Yaxın və Orta Şərq aləmində ilk operanı tamaşaya qoymaq məhz "Nicat" Maarif Cəmiyyətinə nəsib olur. "Leyli və Məcnun" operasının ilk tamaşası haqqında dövrünün mətbuat səhifələrində bir çox yazılar dərc edilir. "İrşad" qəzeti oxucularını tamaşaya cəlb etmək məqsədilə 1908-ci il 10 yanvar tarixli sayında aşağıdakı elanı dərc edir: "Müsəlman dilində əvvəlinci dəfə opera şənbə günü yanvar ayının 12-də Hacı Zeynalabdin Tağıyevin teatrosunda "Nicat" cəmiyyətinin dram heyəti tərəfindən mövqe tamaşaya qoyulacaq: "Leyli və Məcnun". Opera 5 məclisdə və 5 təsvirdə".

Qadın şöbəsi

Cəmiyyətin 14 qadın üzvü (Hənifə Məlikova, Rübabə Qasımova, Xədicə Əlibəyova, Əminə Əfəndiyeva, Şərqiyyə Axundova, Səkinə Axundova, Səbirə Əbdülrəhmanova, Sara Vəzirova, Əminə Tanrıquliyeva, Xurşud Vəzirova, Səltənət Əmircanova, Rəhilə Hacıbababəyova, Qəribsultan Xanlarova və Ayşə Hacıqasımova) tərəfindən 26 oktyabr 1908-ci ildə Rübabə Qasımovanın mənzilində toplanaraq "Nicat" Maarif Cəmiyyətinin qadın şöbəsini açmaq barədə qərar qəbul edilmişdi. Şöbə öz qarşısına təhsil almaq istəyən müsəlman qızlara kömək etmək məqsədini qoymuşdu. Bu cəmiyyətin üzvü Xədicə Əlibəyova 1911-ci ildə “Işıq” adlı ilk qadın mətbuatının yaradıcılarından biri və redaktoru oldu. O, Azərbaycan qadınlarının həyatında, qadın xeyriyyə cəmiyyətlərinin işində yaxından iştirak edirdi. "İşıq"ın ilk sayı 1911-ci il yanvarın 22-də çıxmış, nəşri 1912-ci ilin sonunadək davam etmiş, bu müddətdə onun 68 nömrəsi buraxılmışdır. Qəzetin bu kimi bölmələri vardı: Təlimi-nisvan (Qadınların təlimi), Vəzayefe-beytiyyə (Məişət məsələləri), Hüquqi-müslümə (Müsəlman qadının hüququ) və ya Bacılarıma bir neçə söz, Təbabətə dair, Ədəbiyyat, Evdarlıq, Xəbərlər, Elanlar.

Pedaqoq Nabat Nərimanova, həkim Əminə Batrişina, Çayqıraqlı Həyat xanım, Həlimə Axundova, Xuraman Rəhimbəyzadə, Asya Axundova, Maral Nəbizadə və başqaları qəzetə tez-tez məqalələr, şeirlər göndərir, qadınların acınacaqlı həyatından söz açırdılar.[5]

Cəmiyyətin sədrləri

Cəmiyyətin sədrliyi vəzifəsinə seçki ilə təyin olunurdu. Lakin İsa bəy Aşurbəyov de-fakto sədr kimi qəbul olunurdu, dövrün müxtəlif mətbuat xəbərlərində İsa bəy Aşurbəyov vəzifədə olmasa belə sədr kimi adı çəkilirdi.[6][7][8]

"Nicat" Cəmiyyətinin təşkilaçılığı ilə çağrılmış Azərbaycan müəllimlərinin II qurultayı, Bakı, 25 avqust 1907-ci il.
Birinci sırada, soldan: 1-ci Əbdürrəhim bəy Haqverdiyev, 2-ci Mirzə Ələkbər Sabir, 3-cü İsmayıl bəy Hüseynzadə;
İkinci sırada, soldan: 2-ci Əliağa Həsənov, 4-cü Mahmud bəy Mahmudbəyov, 5-ci Məmmədəli bəy Səlimbəyov, 6-cı Həsən bəy Ağayev, 7-ci Əli bəy Hüseynzadə;
Aşağı sırada, soldan: 2-ci Əlisgəndər Cəfərzadə, 3-cü Fərhad Ağazadə, 4-cü Üzeyir bəy Hacıbəyov, 5-ci Süleyman Sani Axundov, 7-ci Abdulla Şaiq, 8-ci Əlicabbar Orucəliyev, 9-cu Abdulla bəy Divanbəyoğlu;
Öndə, soldan: Məhəmməd Əmin RəsulzadəƏsədulla Axundov

Mətbuat

Cəmiyyətin rəsmi yayım orqanı eyniadlı "Nicat" qəzeti idi.[10] 1910-cu ilin sentyabrında İsa bəy Aşurbəyov, knyaz Murtuza bəy Palavandov, Əliheydər Babayev, Mehdi bəy Hacıbababəyov, Mirzə Məmməd Əliyev, Bakı qradonaçalniki Pyotr İvanoviç Martınova qəzet çıxarmaq üçün ərizə yazmış, qəzet üçün abunə haqqını 3 rubl təyin etmişdilər. 16 sentyabrda Martınov tərəfindən qəzetin yayımına icazə verilmiş, qəzetin ilk sayı isə 14 noyabr 1910-cu ildə yayımlanmışdı.[11] Qəzet Bakıda "Kaspi" mətbəəsində nəşr olunmuşdur.[10]

Həmçinin bax

İstinadlar

  1. Məmmədəli Babaşlı, XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCANDA MİLLİ OYANIŞ VƏ MAARİFÇİLİK HƏRƏKATI Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine - Qafqaz Universiteti jurnalı, 12-ci say
  2. "Nəsiman Yaqublu - Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və fəaliyyəti". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  3. Sarabski, Hüseynqulu. Köhnə Bakı (az.). Bakı: Qanun nəşriyyatı. 2019. 57.
  4. Mirzə Muxtar // Üzeyir Hacıbəyov ensiklopediyası. Bakı: Şərq-Qərb. 2007. səh. 150. ISBN 978-9952-34-075-4.
  5. "Amaliya Qasımova, Ayna qəzeti, 2011, 29 yanvar. səh 19". 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  6. Bakı qəzeti, 26 aprel 1909 sayı
  7. Azərbaycan Respublikası arxivi, fond 46, inventar 2, iş 467, vərəq 1
  8. Azərbaycan Respublikası arxivi, fond 312, inventar 1, iş 7, vərəq 20-21
  9. Bakı qəzeti, 20 may 1915-ci il sayı.
  10. H. Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. - səh. 261-262.
  11. Azərbaycan Respublikası arxivi, fond 389, inventar 7, iş 17, vərəq 127
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.