Neogen
Neogen dövrü — Kaynozoy erasının əvvəlindən etibarən ikinci geoloji dövr. Davametmə müddəti təqribən 23 milyon ildir.
Bölgüləri
- Miosen
- Piasenziya
- Zanklin
- Pliosen
- Messin
- Torton
- Serravalli
- Langi
- Burdiqal
- Aquitan
Geologiya
Neogen dövrü Alp qırışıqlıq sisteminin formalaşmasının sonu və müasir vəziyyətə yaxın oroqrafiyanın tədricən yaranması dövrüdür. Bu dövrdə ən yüksək dağ silsilələri-Alplar, Balkanlar, Atlas, Apennin, Kiçik Asiya, Krım, Qafqaz, Himalayların formalaşması başa çatır. Eyni zamanda, iri qırışıqlıq vilayətləri Sakit okeanın kənarlarında - Anadır, Kamçatka, Saxalin, Yaponiya, Filippin və Yeni Qvineyada, Kordilyerlərin və And dağlarının sahilyanı hissələrində yaranmışdır. İntensiv dağəmələgəlmə prosesi güclü vulkanik fəaliyyət ilə müşayiət olunmuşdur. Şaquli ehtizazi hərəkətlər nəticəsində bir çox hövzələrin ölçüləri və forması get-gedə dəyişilmiş, onların okeandan təcrid olunması intensivləşmişdir.
Flora və fauna
Neogen dövrü sonunda dağlıq rayonlarda buzlaşmaya səbəb olmuş soyuqlaşma baş vermişdir. Yerüstü fauna və floranın inkişafında böyük dəyişikliklər olmuşdur. Hazırda mövcud olan məməlilərin fəsilələri və bir sıra cinsləri: ayılar, kaftarlar, itlər, mastodontlar, nəhəng pələnglər, gərgədanlar, marallar, kəllər, hipparionlar, gəmiricilər, meymunlar, o cümlədən insanabənzər meymunlar meydana gəlmişdir. Üst Miosendə Avrasiya və Şimal Amerika arasında əlaqə yaranmış, bir vilayətdən digərinə faunanın miqrasiyası baş vermişdir. Cənub Amerikada məməlilər faunası Neogenin sonunda nəsli kəsilmiş natamamdişlilər və dırnaqlılarla, yastıburun meymunlarla və kisəlilərlə təmsil olunmuşdur. Pliosendə Şimal Amerikadan Cənub Amerikaya faunanın miqrasiyası baş vermişdir. Avstraliya, Paleogendə olduğu kimi, Neogen ərzində də ancaq ibtidai məməlilərin (kisəlilərin) təcrid edilmiş inkişaf sahəsi olaraq qalırdı. Neogen dənizlərində, nummulitlər istisna olunmaqla, Paleogen qrupları yaşayırdı. Neogen dövrünün bitkiləri, bəzi Paleogen nümayəndələri istisna olmaqla, demək olar ki, tərkibcə müasir bitkilərdən ibarətdir. Mötədil qurşaqlarda tropik və subtropik bitkilər yarpaqlı flora ilə əvəz edilir; çöl və meşə-çöl sahələri əmələ gəlir. Bu zaman yarpaqlı floranın cənuba doğru irəliləməsi davam edirdi. Neogenin sonunda tayqa və tundra bitkiləri meydana gəlir, qitələrin şimal hissəsi iynəyarpaqlı meşələrlə örtülür.
Mənbə
- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.