Nazim Səmədov
Nazim Adil oğlu Səmədov (2 avqust 1977, Bakı) — Azərbaycan Respublikası Vergilər Nazirliyinin aparat rəhbəri, Mədəniyyət və turizm nazirinin müavini (2011–2018).[1]
Nazim Səmədov | |
---|---|
1 noyabr 2011 – 15 may 2018 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Uşaqları | 2 qızı, 1 oğlu var |
Həyatı
Nazim Səmədov 2 avqust 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunun fransız dili fakültəsinin bakalavr pilləsini, 2000 və 2001-ci illərdə Fransanın Strasburq II Universitetinin və Azərbaycan Dillər Universitetinin magistratura pilləsini və 2006-cı ildə Qərb Universitetinin beynəlxalq hüquq üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2001-ci ildə doktoranturaya qəbul edilmiş və 2007-ci ildə Strasburq II Universitetində elmi işini müdafiə edib fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
1999–2001-ci və 2004-cü illərdə Fransız Elmləri Beynəlxalq İnstitutunda, Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğunda və France İnternationale Radiosunda təcrübə keçmişdir. 2000–2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində fransız dili müəllimi işləmişdir.
2004–2006-cı illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin böyük məsləhətçisi və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini vəzifəsində işləmişdir. 2006–2011-ci illərdə yeni yaradılmış Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsi sektorunun müdiri, daha sonra isə şöbə müdiri vəzifəsində işləmişdir.
2009–2011-ci illərdə Azərbaycan Respublikası Hökuməti və Kuba Respublikası Hökuməti arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın katibi olmuşdur.
Azərbaycan Respublikası ilə Litva Respublikası, Bolqarıstan Respublikası, Moldova Respublikası, Rumıniya, Monteneqro və Koreya Respublikası[2] arasında hökumətlərarası komissiyalarının üzvüdür. GUAM ölkələrinin mədəniyyət və turizm üzrə işçi qrupunun koordinatorudur (2013–2015).
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvüdür (2013–2016, 2018-ci ildən indiyədək)[3].
Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olmasına hazırlıq işləri üzrə Komissiyasının üzvüdür (09 mart 2017-ci il tarixindən).
BMT-nin Dünya Turizm Təşkilatının Turizm Etikası üzrə Konvensiyanın hazırlanması ilə bağlı 25 aprel 2016-cı il tarixində yaradılmış Beynəlxalq İşçi qrupunun, daha sonra isə Ad Hok Komitənin sədri vəzifəsinə seçilmişdir. 2017-ci ilin sentyabr ayında BMT-nin Dünya Turizm Təşkilatının Baş Assambleyası tərəfindən təsdiq edilmiş Turizm Etikası üzrə Konvensiya təşkilatın ilk hökumətlərarası saziş olmuşdur[4].
2017-ci ilin yanvar ayından Azərbaycan Respublikası Turizm Şurasının Katibliyinin rəhbəri təyin edilmişdir.
2018-ci ilin fevral ayından Milli Turizm Təbliğat Bürosunun Müşahidə Şurasının sədri.
2011–2018-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavinidir.
2018–2022-ci illərdə Azərbaycan Respublikasının Vergilər Nazirliyində (daha sonra Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində) Aparat rəhbəridir.
2022-ci ilin fevral ayından indiyədək Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müşaviridir.
Ailəlidir, iki qızı və bir oğlu var.
İstinadlar
- "Arxivlənmiş surət". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-10.
- "Arxivlənmiş surət". 2017-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-11.
- "Arxivlənmiş surət". 2018-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-04.
- "Arxivlənmiş surət". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-11.