Nazim Rzayev

Nazim Əsədulla oğlu Rzayev (14 fevral 1925, Bakı2 may 2006, Əskişəhər) — Azərbaycan dirijoru, Azərbaycan televiziyası və radiosunun kamera orkestrinin rəhbəri, Azərbaycan SSR xalq artisti (1977), SSRİ (1980) və Azərbaycan (1974) Dövlət mükafatları laureatı, professor (1985).

Nazim Rzayev
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (81 yaşında)
Vəfat yeri Əskişəhər, Türkiyə
Musiqiçi məlumatları
Fəaliyyəti dirijor, konsertmeyster, pedaqoq
Janr klassik musiqi
Musiqi aləti skripka
Təhsili Moskva Dövlət Konservatoriyası (1951)
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı  — 1977 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1958 SSRİ Dövlət mükafatı  — 1980 Azərbaycan SSR Dövlət mükafatı  — 1974
"Şərəf nişanı" ordeni  — 1959

Həyat və yaradıcılığı

Nazim Rzayev 14 fevral 1925-ci ildə Bakıda anadan olmuşdur.[1] 1951-ci ildə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasını skripka üzrə (professor Marina Kozolunovanın sinfi) bitirmişdir. Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında orkestrin konsertmeysteri və Azərbaycan Dövlət Konservatoriyasında kamera sinfi üzrə müəllim vəzifəsində işləmişdir. 1958-ci ildə ifaçılıqdan dirijorluğa keçmişdir. Bir il sonra Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün hazırlanmasında fəal iştirak etmişdir.[2]

Nazim Rzayev 1961–1963-cü illərdə SSRİ xalq artisti Aleksandr Melik-Paşayevin rəhbərliyi ilə Moskvanın Böyük Teatrında dirijorluq təcrübəsi keçmişdir. Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Konservatoriyasının opera studiyasına rəhbərlik etmişdir. Onun rəhbərliyi ilə studiyada Çimarozanın "Gizli nikah", Üzeyir Hacıbəyovun "Koroğlu" və Fikrət Əmirovun "Sevil" operaları tamaşaya qoyulmuşdur. Nazim Rzayev Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin fəaliyyətində də yaxından iştirak etmişdir. Onun dirijorluğu ilə Bethoven, Çaykovski, Brams, R. Ştraus, Qara Qarayev, Fikrət Əmirov və başqa bəstəkarların əsərləri ifa olunmuşdur.[2]

Nazim Rzayev 1964-cü ildə Azərbaycan televiziyası və radiosunun kamera orkestrinin bədii rəhbəri və baş dirijoru işləməyə başlamışdır.[1] Onun rəhbərlik etdiyi bu orkestrin Üzeyir Hacıbəyovun "Sənsiz" romansı, Qara Qarayevin "Yeddi gözəl" baletində Aişənin rəqsi və "İldırımlı yollarla" baletindən qızlar rəqsini ifa etmişdir. Sonralar dirijorun repertuarında Qara Qarayevin Üçüncü simfoniyası və Klassik süitası, Fikrət Əmirovun "Nizami" simfoniyası, "Gülüstan-Bayatı-Şiraz" muğamı və "Min bir gecə" baleti mühüm yer tutmuşdur.[2]

Nazim Rzayev rəhbərlik etdiyi kamera orkestri ilə SSRİ-nin bir sıra şəhərlərində, xarici ölkələrdə qastrolda olmuşdur.[1] O, 1984–1985-ci illər teatr mövsümündə Ankara Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasının quruluşçu dirijoru olmuşdur. Fəaliyyətinin sonrakı illərində isə Türkiyədə işləmişdir.[3]

Dirijor pedaqoji fəaliyyətlə də məşğul olmuş, 1952-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdir.[4] 1968-ci ildə dosent,[1] 1985-ci ildə professor adlarını almışdır.[5]

Nazim Rzayev 2 may 2006-cı ildə Əskişəhərdə vəfat etmişdir.[5][6]

Təltif və mükafatları

Filmoqrafiya

Dirijoru olduğu filmlər

İstinadlar

  1. РЗАЈЕВ Назим Әсәдулла оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: ПрадоСпринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 145.
  2. Тофиг Бакыханов. Јүксәк сәвијјәли мусигичи // Коммунист. № 138 (19709). 16 ијун 1985-ҹи ил. С. 3.
  3. Рзајев Назим Әсәдулла оғлу // Үзејир Һаҹыбәјов енсиклопедијасы. Бакы: «Азәрбајҹан» нәшријјаты. Елми-редаксија шурасынын сәдри: Н. С. Ибраһимов. 1996. сәһ. 154.
  4. РЗА́ЕВ Назим Асадулла оглы // Музыкальный энциклопедический словарь. Москва: Советская энциклопедия. Гл. ред. Г. В. Келдыш. 1990. ст. 460. ISBN 5-85270-033-9. 150 000 экз.
  5. RZAYEV Nazim Əsədulla oğlu // Üzeyir Hacıbəyov ensiklopediyası. Bakı: Şərq-Qərb. 2007. səh. 182. ISBN 978-9952-34-075-4.
  6. "Tanınmış Azərbaycan dirijoru Nazim Rzayev Türkiyədə dünyasını dəyişib". trend.az. 2 may 2006. 27 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2020.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.