Nazim İmanov
Nazim Müzəffər oğlu İmanov və ya Nazim Müzəffərli (11 iyun 1955, Bakı) — AMEA İqtisadiyyat İnstitutunun direktoru, Azərbaycan Milli Məclisinin I çağırış üzvü, Azərbaycan Milli İstiqlal Partiyasının sabiq sədr müavini, iqtisad elmləri doktoru,[1] professor.
Nazim İmanov | |
---|---|
Azərbaycan Milli İstiqlal Partiyasının sədr müavini | |
4 iyul 1992 – fevral 2004 | |
Əvvəlki | vəzifə təsis olundu |
24 noyabr 1995 – 12 noyabr 2000 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 iyun 1955 (68 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | alim |
Həyat yoldaşı | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | iqtisadiyyat |
Elmi adı | |
|
|
Təltifləri |
Həyatı
Nazim İmanov 1955-ci il iyun ayının 11-də Bakı şəhərində anadan olmuşdur. 1977-ci ildə indiki Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1983-cü ildə AMEA İqtisadiyyat İnstitutunda namizədlik, 1990-cı ildə Moskva şəhərində İctimai Elmlər Akademiyasında doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1992-ci ildən professordur. 1994-cü ildən Beynəlxalq Eko-Enerji Akademiyasının həqiqi üzvüdür. 2016-cı ildən "Elm və ali təhsil sahəsində Beynəlxalq Konsultativ Komitə"nin (ÇXR) baş məsləhətçisidir.
Nazim İmanov 1977–179-cu ilərdən Azərbaycan Dövlət Plan Komitəsi nəzdindəki İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, 1982–1986-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, 1986–1991-ci illərdə Bakı Ali Partiya Məktəbində baş müəllim, dosent, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda professor olaraq çalışmışdır.
Nazim İmanov 1991–1995-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda elmi işlər üzrə prorektor vəzifəsində də çalışmışdır.
Həmçinin Naim İmanov 2003–2005-ci illərdə Avropa İttifaqının eksperti, 2005–2015-ci illərdə "Qafqaz və Qloballaşma" elmi məcmuəsinin baş redaktoru, 2007–2014-cü illərdə isə Azərbaycan Banklar Assosiasiyasında müşavir kimi fəaliyyət göstərmişdir.
Siyasi fəaliyyəti
1991-ci il tarixində Azərbaycan Xalq Cəbhəsi daxilində fikir ayrılıqları yaşanmış və bir qrup şəxs Etibar Məmmədov ətrafında birləşmişdir. Etibar Məmmədov və onu dəstəkləyən bir qrup şəxs yeni siyasi partiya — Azərbaycan Milli İstiqlal Partiyasının Təşkilat Komitəsini yaratmışdır. Bu barədə 15 oktyabr 1991-ci il tarixində Azərbaycan Televiziyası ekranlarından Təşkilat Komitəsinin Bəyənnaması elan olunmuşdur. Növbəti gün isə Etibar Məmmədovun çap etdirdiyi "Millət" qəzetinin sınaq nəşrində məlumat dərc olunmuşdur. Təşkilat Komitəsinə Etibar Məmmədov, Şadman Hüseyn, Nazim İmanov, Vilayət Quliyev, Eldar Salayev, şair Məmməd Araz kimi şəxslər də olmuşdur.[2]
Azərbaycan Milli İstiqlal Partiyası Təşkilat Komitəsi 3 iyul 1992-ci il tarixinə qurultay çağırmışdır. 3 iyul 1992-ci il tarixində Bakıda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında partiyanın Təsis Qurultayı keçirilmişdir.[2] Qurultay iştirakçılarının təklifi ilə sədrliyə Etibar Məmmədov namizəd olmuşdur. Qurultay iştirakçıları arasından Şadman Hüseyn və Nazim İmanovun namizədliyi də təklif olunmuşdur, lakin Nazim İmanov çıxış edərək özünün və Şadman Hüseynin namizədliyini geri götürdüyünü və Etibar Məmmədovun namizədliyini dəstəklədiklərini elan etmişdir.[3] Tək namizəd olaraq seçkiyə qatılan Etibar Məmmədov sədr müavini olaraq Nazim İmanovun adını açıqlamışdır. Qurultay iştirakçıları Şadman Hüseynin də sədr müavinliyə namizədliyini istəsə də, o Gəncədə yaşadığı üçün və Milli Məclisin üzvü olduğu üçün namizəd olmamışdır.[4]
Qurultayın ikinci günündə rəhbər orqanlara və sədrliyə seçkilər keçirilmişdir. Qurultaya nümayəndə seçilən 503 nəfərdən qurultayda 486-sı iştirak etmişdir. Onlardan 421 nəfəri seçkilərdə iştirak etmiş, tək namizəd olan Etibar Məmmədov lehinə 419 səs, əleyhinə isə 3 səs verilmişdir. Sədr müavinliyinə namizəd Nazim İmanovun lehinə 416 səs, əleyhinə isə 5 səs verilmişdir. Beləliklə Etibar Məmmədov Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Nazim İmanov isə sədrinin müavini seçilmişdir.[5]
Azərbaycan Milli İstiqlal Partiyası 1995-ci il parlament seçkilərində həm çoxmandatlı, həm təkmandatlı seçki dairələri üzrə seçkilərə qatılmışdır. Partiyanın proporsional seçki üzrə vahid namizəd siyahısında 1-ci sırada sədr Etibar Məmmədov, ikinci sırada sədr müavini Nazim İmanov, 3-cü sırada Şadman Hüseyn, 6-cı sırada Firudin Cəlilovun adı yazılmışdı.[6] Proporsional seçkiləri qatılmış 8 partiyadan biri olan[7] Azərbaycan Milli İstiqlal Partiyası bu seçkilərdə 331865 səs (9.3%) səs toplayaraq proporsional seçkiləri Yeni Azərbaycan Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının ardınca 3-cü sırada tamamlamışdır. Beləliklə, partiya 25 çoxmandatlı seçki dairəsi üzrə 3 mandat qazanmışdır, seçilən deputatlar siyahıya liderlik edən 3 şəxs — Etibar Məmmədov, Nazim İmanov və Şadman Hüseyn olmuşdur.[8]
Azərbaycan Milli İstiqlal Partiyası 2000-ci il parlament seçkilərində həm çoxmandatlı, həm təkmandatlı seçki dairələri üzrə seçkilərə qatılmışdır. Partiyanın proporsional seçki üzrə vahid namizəd siyahısında 1-ci sırada sədr Etibar Məmmədov, ikinci sırada sədr müavini Vaqif Musayev, üçüncü sırada Nazim İmanov, 4-cü sırada Şadman Hüseynin adı yer almışdır. Vaqif Musayevin adının ikinci sırada, qurucu üzvlər Nazim İmanov və Şadman Hüseyndən əvvəl olması müzakirələrə səbəb olsa da, siyahı dəyişdirilməmişdir. Həmin seçkilərdə bir öncəki seçkilərdə tətbiq olunan 8%-lik seçki həddi, 6%-ə endirilmiş olsa da, Azərbaycan Milli İstiqlal Partiyası proporsional seçki üzrə 112,727 (3.89%) səs alaraq Yeni Azərbaycan Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Kommunist Partiyası və Müsavat Partiyasının ardından 6-cı sırada tamamlamış və seçki həddini keçə bilməmişdir.[9][10]
2003-cü il Prezident seçkilərindəki məğlubiyyətin ardından 2004-cü ildə partiya sədri Etibar Məmmədov sədrlikdən istefa vermişdir.[11] Bu istefanın ardınca partiyanın sədr müavini Nazim İmanovun sədr seçiləcəyi düşünülsə də, o, 2004-cü ilin fevral ayında Siyasi Şura iclasında partiyadan istefa verdiyini açıqlamışdır.[12]
2005-ci il parlament seçkilərində Nazim İmanov bitərəf namizəd olaraq 16 saylı Yasamal ikinci seçki dairəsindən namizədliyini irəli sürərək keçmiş sədri Etibar Məmmədov və Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov ilə rəqib olmuşdur. 2005-ci il parlament seçkilərində məğlub olan Nazim İmanov belə açıqlama vermişdir:[13]
Bir daha qeyd edirəm ki, Nazim İmanov bundan sonra heç bir siyası fəaliyyətlə məşğul olmayacaq. Bu isə o deməkdir ki, hətta müstəqil şəxs kimi də hər hansı siyasi blokda təmsil olunmağım mümkün deyil. |
Elmi fəaliyyəti
Elmlə tələbəlik illərindən Azərbaycan Dövlət İqtisad Universitetinsə Karl Marks adına təqaüdlə oxuduğu vaxtlardan məşğul olur. İlk elmi araşdırması 1976-cı ildə Şərqi Avropa iqtisadçı tələbələrinin VI Beynəlxalq elmi müsabiqəsində (Bratislava ş.) birinci yer tutmuşdur. "Təbiətdən istifadə ilə bağlı iqtisadi münasibətlər" monoqrafiyası 1988-ci ildə Komsomol mükafatına layiq görülmüşdür. 1980-ci illərin sonlarından etibarən Azərbaycanda siyasi müstəqilliyin iqtisadi islahatlarla dəstəklənməsi sahəsində çalışan ilk azərbaycanlı mütəxəssislərdəndir. Onun rəhbərliyi altında bir qrup ekspertin hazırladığı "Azərbaycan Respublikasının bazar iqtisadiyyatına və tam iqtisadi müstəqilliyə keçidi Proqramının Konsepsiyası" 1992-ci ildə H. Z. Tağıyev adına milli mükafatla təltif olunmuşdur.
Hazırda iqtisadi nəzəriyyə üzrə ölkəmizdə və xaricdə tanınmış alimdir. 7 monoqrafiyası, 100-dən çox elmi məqaləsi dərc olunmuşdur. "İqtisadi etüdlər" (Bakı, 1999, Azərbaycan və rus dillərində) kitabının, "Azərbaycanın post-konflikt ərazilərinin bərpası" (Bakı, 2010, Azərbaycan, ingilis və rus dillərində), "Azərbaycanın reytinqi — beynəlxalq müqayisəli tədqiqatlarda" (Bakı, 2006, rus dilində), "İqtisadiyyatın sosialyönlüyü sağçı və solçu sistemlərdə" (Bakı, 2014, Azərbaycan və rus dillərində) monoqrafiyalarının müəllifidir.
"Azərbaycanın post-konflikt ərazilərinin bərpası" kitabının Böyük Britaniya Parlamentinin Lordlar Palatasında, Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunda, Avropa Parlamentində, Rusiya Dövlət Humanitar Universitetində və Karnegi İnstitutunun Rusiya nümayəndəliyində təqdimatı keçirilmişdir.
"İqtisadiyyatın sosialyönlüyü sağçı və solçu sistemlərdə" monoqrafiyasında[14] dövlətin iqtisadiyyatı tənzimlənmə səviyyəsinin yeni ölçülmə metodologiyası işlənib hazırlanmış və onun əsasında müxtəlif ölkələrdə iqtisadiyyatın liberallıq səviyyəsini müqayisəli şəkildə qiymətləndirmək mümkün olmuşdur. Həmin metodologiyadan, o cümlədən müəllifin təklif etdiyi kompozit indeksdən İ qtisadiyyatın Solluğu (Sağlığı) İndeksindən istifadə etməklə, AMEA İqtisadiyyat İnstitutu 2015-ci ildən başlayaraq "Dövlətin iqtisadiyyatı tənzimləməsi səviyyəsinin qiymətləndirilməsi" adlı illik hesabatlar hazırlayır və dərc edir. Bu tədqiqatlar təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də (ÇXR, Polşa, Böyük Britaniya, Türkiyə, Gürcüstan, Rusiya və s.) elmi ictimaiyyətin geniş marağını cəlb etməkdədir. N. İmanovun metodologiyası əsasında ayrı-ayrı alimlər tərəfindən iqtisadiyyatın müxtəlif problemləri üzrə onlarla məqalə dərc edilmişdir. Hazırda İqtisadiyyat İnstitutunda bu istiqamətdə bir neçə doktorluq və 10-dan artıq fəlsəfə doktorluğu dissertasiyaları yazılmaqdadır.
Son illər ərzində bir sıra nüfuzlu xarici kitab və jurnallarda, o cümlədən Stokholmda (İsveç) ingilis və rus dillərində nəşr olunan və baş redaktoru olduğu "Qafqaz və Qloballaşma" elmi məcmuəsində 20-yə yaxın məqalə dərc etdirmişdir. Hazırda AMEA İqtisadiyyat İnstitutunun dərc etdiyi "Elmi əsərlər" jurnalının baş redaktoru, "AMEA-nın xəbərləri (İqtisadiyyat seriyası)" və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nəşr etdiyi "Statistika xəbərləri" jurnallarının redaksiya heyətlərinin üzvüdür.
Kitabları
- Sabah yağış nə rəngdə yağacaq? (Təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsinin sosial və iqtisadi məsələləri), Bakı, "Gənclik", 1983. – 140 s (R. M. İmanovla)
- Экономические отношения в социалистическом природопользовании, Баку, "АзГосИздат", 1987. – 182 стр. (Bu kitaba görə 1988-ci ildə "Azərbaycan komsomolu mükafatı" laureatı olmuşdur)
- İqtisadi etüdlər, Bakı, "Şuşa", 1996. – 240 s.
- Экономические этюды, Баку, "Шуша", 1996
- Рейтинг Азербайджана (в международных сравнительных исследованиях), Баку, "Кавказ", 2006. – 495 стр.
- İqtisadiyyat və siyasət, Bakı, "İnam", 1999. – 50 s.
- Azərbaycan post-konfilikt ərazilərinin bərpası: konseptual əsaslar, Bakı, "Qafqaz", 2010. – 270 s. (E. M. İsmayılovla)
- Basic Principles for the Rehabilitation of Azerbaijan’s Post-Conflict Territories Stockholm, CA&CC Press, 2010. – 221 p. (Təqdimatları və müzakirələri: Böyük Britaniya Parlamentinin Lordlar Palatası (London, Birləşmiş Krallıq), Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutu (Vaşinqton, ABŞ), Avropa Parlamenti (Brüssel, Belçika), Rusiya Dövlət Humanitar Universiteti (Moskva, RF), Karnegi İnstitutunun Rusiya nümayəndəliyi (Moskva, RF). Təqdimat və müzakirələrdə parlament üzvləri, yüksək rütbəli dövlət qulluqçuları, səfirlər, elmi mərkəzlərin, QHT-lərin, işgüzar dairələrin nümayəndələri, jurnalistlər iştirak etmişlər)
- Концептуальные основы восстановления постконфликтных территорий Азербайджана: Баку, "Кавказ", 2010. – 248 стр.
- İqtisadiyyatın sosialyönlüyü – sağçı və solçu sistemlərdə, Bakı, "Şərq-Qərb", 2014. – 270 s.(Bu kitabın ideyaları əsasında AMEA İqtisadiyyat İnstitutu hər il "Dövlətin iqtisadiyyatı tənzimləməsi səviyyəsinin qiymətləndirilməsi" adlı hesabatlar hazırlayır və dərc edir. Kitabda təqdim edilmiş metodologiya əsasında hazırda bir neçə doktorluq və 10-dan artıq fəlsəfə doktorluğu dissertasiyaları yazılmaqdadır.)
İstinadlar
- "AMEA İqtisadiyyat İnstitutunun elmlər doktorları". 2018-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-21.
- "AMİP-in 28 yaşı tamam oldu". 2022-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-28.
- Əli Orucov. "Azərbaycan Milli İstiqlal Partiyasının Təsis Qurultayı 2.1". Əli Orucov ( (az.)). 14.11.2014. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.05.2022.
- Əli Orucov. "Azərbaycan Milli İstiqlal Partiyasının Təsis Qurultayı 2.2". Əli Orucov ( (az.)). 26.11.2014. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.05.2022.
- Əli Orucov. "[[Azərbaycan Milli İstiqlal Partiyası]]nın Təsis Qurultayı 2.3". Əli Orucov ( (az.)). 28.11.2014. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.05.2022.
- "Firudin Cəlilov və AMİP arasında mübahisə". 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-29.
- "Proporsional seçkilərə qatılmış partiyalar". 2004-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-29.
- "Azərbaycanda parlament seçkiləri - daha bir itirilmiş şans". 2021-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "2000-ci il parlament seçkilərinin nəticəsi". 2011-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
- "2000-2001-ci illər parlament seçkiləri haqqında yekun hesabat" (PDF). 2021-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-30.
- "AMİP-də istefa". 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Nazim İmanovun siyasi fəaliyyəti". 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
- "Arxivlənmiş surət". 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-21.
- "N.Müzəffərli. İqtisadiyyatın sosialyönlüyü sağçı və solçu sistemlərdə" (PDF). 2016-04-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-08-21.