Naxçıvan tarixi (kitab)

"Naxçıvan tarixi" coxcildliyi- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 06 avqust 2012-ci il tarixli Sərəncamı ilə 2012-2015-ci illər ərzində alim və tədqiqatçılar heyəti tərəfindən yazılmış Naxçıvan tarixinə dair ümumiləşdirici əsər.

"Naxçıvan tarixi" coxcildliyi
Naxçıvan tarixi.
Kitabın üzü
Janr Ümumiləşdirilmiş əsər
Orijinalın dili Azərbaycanca
Ölkələr Azərbaycan Azərbaycan
Orijinalın nəşr ili 2013 - 2015
Cild 3
Səhifə 452
528
560
ISBN ISBN 978-9952-8237-6-9

Ümumiləşdirici əsərin yazılması ideyası

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra tariximizin öyrənilmə­miş bir sıra sahələrinə diqqət artırılmış, həmin istiqamətdə tədqiqatlar aparılmağa başlanılmışdır. Naxçıvan tarixi ilə bağlı da araşdırmalara başlanılmışdır. 1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan” Beynəlxalq Simpoziumundan sonra bu sahəyə diqqət xeyli artırılmışdır. Nəticədə, Naxçıvan tarixi ilə bağlı maraqlı tədqiqatlar aparılmış, onlarla kitab və monoqrafiyalar, yüzlərlə məqalələr yazılmışdır. Bütün bunlar imkan vermişdir ki, “Naxçıvan tarixi” kimi fundamental və Naxçıvan diyarının bütün dövrlərini əhatə edə bilən çoxcildli kitab yazılsın.[1] Bu mənada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun "Naxçıvan tarixi" çoxcildliyinin hazırlanması və nəşr olunması barədə" 06 avqust 2012-ci il tarixli Sərəncamını uzun illər ərzində bu istiqamətə göstərilmiş dövlət qayğısının real nəticələrinin qiymətləndirilməsi mərhələsi olmuşdur.[2]

“Naxçıvan tarixi” çoxcildliyinin yazılması üçün ilk növbədə, üç cild olacaq “Naxçıvan tarixi”nin hər bir cildini əhatə edəcək dövr müəyyənləşdirilmiş, plan-prospekt tərtib edilmiş, hər cildin müəllifləri seçilmişdir.

2013-cü il yanvarın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması sahəsində görülən işlər və qarşıda duran vəzifələr mövzusunda müşavirə keçirilmişdir. Müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri mövcud vəziyyəti dinləmiş, tövsiyə və tapşırıqlarını vermişdir.[1]

"Naxçıvan tarixi"nin I cildi

"Naxçıvan tarixi" çoxcildliyinin I cildində arxeoloji mənbələr və yazılı abidələr əsasında Naxçıvan ərazisində ibtidai insan cəmiyyətinin mərhələləri, ilkin sinifli cəmiyyətin meydana gəlməsi, Naxçıvanın sosial-iqtisadi həyatı, mədəniyyəti, etnik təkibi və s. məsələlər geniş şərh olunmuşdur. Həmçinin kitabda Naxçıvanın orta əsrlər tarixinin XVIII əsrin 40-ci illərinədək olan dövrü tədqiq edilmişdir. 452 səhifədən ibarət olan I cild 2013-cü ildə Naxçıvanda "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyində nəşr edilmişdir.[3] Bu cild Naxçıvanın ən qədim zamanlardan başlayaraq XVIII əsrin 40-cı illərinədək olan böyük bir dövrünü əhatə edir. 7 fəsildən ibarət olan kitabda 500-dən çox mənbə və ədəbiyyatdan istifadə edilib, Naxçıvanın bu dövrə aid tarixi-siyasi xronologiyası yaradılıb. Kitabda 20-yə yaxın xəritə, arxeoloji tədqiqatlar zamanı aşkar olunmuş 100-ə yaxın maddi-mədəniyyət nümunələrinin, 60-dan çox kitabə və tarixi abidənin fotoşəkli yerləşdirilib.[4]

"Naxçıvan tarixi"-nin II cildi

"Naxçıvan tarixi" çoxcildliyinin II cildi XVIII əsrin ortalarından başlayaraq XX əsrin 30-cu illərinin sonunadək olan iki əsrlik bir dövrü əhatə edir. Kitabda Naxçıvan xanlığının əmələ gəlməsi, onun xarici dövlətlər və qonşu xanlıqlarla münasibəti, çar Rusiyasının Naxçıvan xanlığını ilhaq etməsi, Naxçıvanın sosial-iqtisadi, ictimai-siyasi həyatı və mədəniyyət tarixi qeyd olunmuşdur. 528 səhifədən ibarət olan II cild Naxçıvanda "Əcəmi" Nəşriyyat Poliqrafiya birliyində 2014-cü ildə nəşr edilmişdir.[5]

"Naxçıvan tarixi"nin III cildi

"Naxçıvan tarixi" çoxcildliyinin III cildi Naxçıvanın 1941-ci ilin iyun ayından 2015-ci ilədək olan mürəkkəb, ziddiyyətli, lakin əhəmiyyətli tarixi dövrünü əhatə edir. Həmçinin ötən əsrin 80-cı illərinin sonlarında başlanan milli oyanış, demokratik hərəkat, erməni təcavüzü, ulu öndər Heydər Əliyevin Naxçıvana qayıdışı, Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi, Naxçıvanın blokadadan çıxarılması və müstəqilliyin möhkəmləndirilməsi kimi məsələlərdən bəhs olunur. 560 səhifədən ibarət olan III cild 2015-ci ildə Naxçıvanda "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyində nəşr edilmişdir.[6]

Əsər haqqında fikirlər

  • "Azərbaycançılıq ideologiyasının əsas istiqamətlərini əks etdirən çoxcildlik Naxçıvanın tarixi barədə ilk ümumiləşdirilmiş elmi əsər kimi mühüm əhəmiyyətə malikdir. "Naxçıvan tarixi” çoxcildliyində tarixə hərtərəfli baxış prinsipi ortaya qoyulmuş, ən qədim dövrlərdən günümüzədək Naxçıvanda elmin, mədəniyyətin, ədəbiyyatın, sənətkarlığın, eləcə də mətbuatın inkişafı tariximizin ayrılmaz tərkib hissəsi kimi araşdırılmışdır". (İsa Həbibbəyli -AMEA-nın vitse-prezidenti, akademik)[7]
  • Ümumiyyətlə, elmi-nəzəri səviyyəsinə və yeniliklərinə, zəngin tarixşünaslıq bazasına, xüsusən də aydın azərbaycançılıq mövqeyinə, müasir dövrdə siyasi-ideoloji əhəmiyyətinə görə “Naxçıvan tarixi” 3 cildlik monoqrafik tədqiqatı ictimai və humanitar elmlər sahəsində son illərin ən mühüm elmi nailiyyətlərindən biridir. (Nərgiz Axundova - Azərbaycan Milli Elmlər Akademiyası İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü)
  • Naxçıvan tarixinin ən mürəkkəb və çətin məsələlərinin tədqiqi yüksək peşəkarlıqla aparılmış, sadə və anlaşıqlı bir dildə, dərin məntiqlə şərh edilmişdir. Əsər yazılarkən dünya tarix elmində qəbul edilmiş ümumi metodoloji prinsiplər gözlənilmişdir. Müəlliflər məqsədlərinə nail olmuş, Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvanın qədim və zəngin tarixinin mükəmməl tədqiqini yaza bilmişlər. Bu əsər Naxçıvan tarixinin indiyədək tədqiq edilməyən müxtəlif qatlarını araşdırmaq üçün yeni istiqamətlər açır. Hesab edirəm ki, Azərbaycan tarixşünaslığına ciddi bir töhfə olan, hazırda iki cildi işıq üzü görən “Naxçıvan tarixi” əsərinin rus və ingilis dillərinə tərcümə edilməsi faydalı olardı. (Musa Qasımlı - Milli Məclisin deputatı, professor)[8]

İstinadlar

  1. Akademik İsmayıl Hacıyev: “Naxçıvan tarixi” çoxcildliyi Naxçıvanşünaslığa layiqli töhfə olacaq "Şərq qapısı" qəzeti 25.09.2013-cü il (müsahibəni apardı: E.Kəlbizadə)
  2. "Kəlbizadə E. Naxçıvanın fundamental tarixinin yazılmasının ikinci mərhələsi uğurla yekunlaşıb // 525-ci qəzet, 25.06.2015-ci il". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-12.
  3. "Naxçıvan tarixi. Üç cilddə, I cild.- Naxçıvan:"Əcəmi", 2013, 452 səh" (PDF). 2018-09-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-12.
  4. "Hüseynzadə F. "Naxçıvan tarixi" çoxcildliyinin birinci cildinin təqdimat mərasimi keçirilib. Palitra.-2014.-27 fevral.-S.11". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-12.
  5. "Naxçıvan tarixi. Üç cilddə, II cild.- Naxçıvan:"Əcəmi", 2014, 528 səh". 2019-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-12.
  6. "Naxçıvan tarixi. Üç cilddə, III cild.- Naxçıvan:"Əcəmi", 2015, 560 səh". 2019-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-12.
  7. "YANVARIN 26-DA NAXÇIVAN ŞƏHƏRINDƏKI HEYDƏR ƏLIYEV MUZEYINDƏ "NAXÇIVAN TARIXI" ÇOXCILDLIYININ TƏQDIMAT MƏRASIMI KEÇIRILMIŞDIR". 2017-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-12.
  8. Musa QASIMLI: Böyük zəhmətin uğurlu nəticəsi: “Naxçıvan tarixi”
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.