Naxçıvan maili düzənliyi
Naxçıvan maili düzənliyi — Naxçıvan Muxtar Respublikasının ən böyük düzənliklərindən biri olub, Arazboyu maili düzənliyin böyük bir hissəsini təşkil edir. O, qərbdən Cəhri-Duzdağ tirəsi, cənub-qərbdən Araz çayı, cənub-şərqdən Nehrəm-Ərəzin yüksəkliyi, şimali-şərqdən Sirab, Nəhəcir, Xaçaparaq xətti üzrə Sarıdağ-Nəhəcir və Qırxlar dağının ətəkləri ilə əhatə olunmuşdur. Bu düz Naxçıvançay və onun aşağı axınındakı qolları bir sıra təpəliklər, yarğanlar və dərələrlə parçalamışdır. Naxçıvan maili düzənliyi əsasən Naxçıvançayın və onun qollarının gətirmə konusu çöküntülərindən əmələ gəlmişdir. Naxçıvan düzənliyinin mütləq hündürlüyü 760 m-dən 1100 m-ə qədər olub, sahəsi 320 km2–dən artıqdır. Bu düz başlıca kənd təsərrüfatı zonası olmaqla, qədim suvarma əkinçiliyinin inkişaf etdiyi ərazilərə aiddir. O, Babək rayonu ərazisinin əsas hissəsini təşkil edir.[1]
Haqqında
Naxçıvan düzü Naxçıvançayın gətirmə konusunun geniş bir hissəsini əhatə edir. Ərazidə qədimdən suvarılan və orta dərəcədə yuyulmuş gillicəli torpaqlar yayılmışdır. Tamamilə əkin yerinə çevrilmiş bu sahənin təbii bitkiləri yovşanlardan, taxılkimilərdən, qismən şoranlardan və efemerlərdən ibarətdir. Naxçıvan düzünün mütləq yüksəkliyi 760 metrlə 1100 metr arasında dəyişir. Onun ümumi sahəsi 32 min hektardan artıq olub, Muxtar respublikanın başlıca kənd təsərrüfatı rayonudur. İranla olan qarşılıqlı müqavilə əsasında sərhəd çayı Araz üzərində 1,5 milyard kub metr su tutumuna malik "Naxçıvan" dəryaçası tikilmişdir. Bu kompleks tikinti nəticəsində Naxçıvan düzünün landşaftı xeyli dəyişmiş, ətraf sahələrin su təchizatı yaxşılaşmış, balıqçılıq təsərrüfatı inkişaf etdirilmişdir. Bənd üzərində tikilmiş hər birinin gücü 22 min kvat. olan iki elektrik stansiyası hər iki ölkəyə enerji verməkdədir. Görülən suvarma tədbirlərinə baxmayaraq, Naxçıvan düzündəki kəndlərin kəhrizləri də öz əhəmiyyətini saxlayır. Buradakı 47 kəhrizin suyundan məişətdə və suvarmada istifadə olunur. Kəndlərdə 22 subartezian quyusu qazılıb istifadəyə verilmişdir.
Naxçıvan maili düzənliyinin hidrogeologiyası
Düzənliyin şimal sərhəddi Xalxal meşəsi yaxınlığından keçərək, Dərələyəz və Zəngəzur dağlarının cənub yamacları ilə hüdudlanmışdır. Naxçıvançayın kiçik qollarının qobuları ilə və dayaz yarğanlarla mürəkkəbləşmişdir. Bunlardan əlavə, Naxçıvançayın aydın seçilən terrasları düzənliyin qərb və şərq kənarlarına doğru ucalan pillələr yaratmışdır. Belə terrasların sayı 4-ə çatıb, Naxçıvançayın müasir yatağından 2, 10, 13-50 və 70 m hündürlükdə yerləşmişdir. Düzənliyin əsas hissəsini allüvial-prolüvial çöküntülər təşkil edir. Dördüncü dövr çöküntülərinin qalınlığı düzənliyin dağətəyi hissəsindən Arazın kənarına doğru 10–15 m –dən 35 m-dək artır. Naxçıvan şəhəri ərazisində çöküntülərin qalınlığı 5,8 m-dən 46 m-dək dəyişir. Düzənliyin Arazkənarı hissəsində sulu çöküntülərin eni 6 km –ədək yaxın bir zolaq şəklində Araz çayı boyunca uzanmışdır. Sulu zolaq düzənliyin şimal-qərb və cənub-şərq hissələrində ensizləşir. Çöküntülərlə müncər olan qrunt sularının yatım dərinliyi şimaldan dağətəyi hissədən cənuba, Araz çayına doğru və düzənliyin kənarlarından mərkəz hissəyə, Naxçıvana doğru azalır. Düzənlik ərazisində qrunt sularının yatım dərinliyi 2,0–30 m arasında tərəddüd edir. Çöküntülərin süzülmə əmsalı onların litoloji tərkibindən asılı olaraq 1,5 m/sut. arasında tərəddüd edir. Qrunt sularının minerallaşması 1 q/l-ə qədərdir. Suların codluğu 4-9 mq/ekv, temperaturu 11-14°Cdir. Yeraltı axımın mailliyi 0,0025-0,0057 –dir. Sukeçiricilik əmsalı 3–145 m2/sut. arasında dəyişir. Suların kimyəvi tərkibi hidrokarbonatlı – kalsiumlu–maqneziumlu və hidrokarbonatlı–sulfatlı maqneziumlu-natriumludur. Düzənliyin şimal-qərb, Arazkənarı hissəsində qrunt suları əsasən Araz çayı vasitəsilə, qismən də buxarlanma yolu ilə sərf olunur. Həmçinin Naxçıvançayın gətirmə konusu hüdudlarında 20-dən artıq kəhriz və Cəhriçayın məcrasının suları hesabına qidalanan bir çox kəhrizlər mövcuddur ki, onlar da əhalinin su ilə təminatında mühüm rola malikdirlər.
İstinadlar
- Feyruz Bağırov. Naxçıvanın təbii sərvətləri. Naxçıvan - 2008. səh.12