Naxçıvan Kərpic Zavodu
Naxçıvan Kərpic Zavodu - 1925-ci ildə istifadəyə verilmişdir. Bu zavod həmin vaxt ildə 3 milyon ədəd kərpic buraxmaq gücünə malik idi.[1]
Kürə kompleksi
Zavod hər kamerası 9 mindən 12 min ədədə qədər kərpic tutan 16 kameralı Hofman kürəsi ilə təchiz edilmişdir.[2] Naxçıvan Kərpic Zavodunun kürə kompleksi 1911-ci ildə alman mühəndisi Hofmanın lahiyəsi əsasında tikilmişdir. Kürə kompleksi 2 mərtəbədən və hündürlüyü 38 metr, başlanğıc dia metri 3,76 metr, qurtaracaqda isə 2 metr olan ekologiyaya zərər vuracaq his-pas buraxmadan işləyən bir konsvari qüllədən ibarətdir.[3]
Kürə vasitəsilə hər dövretmə ərzində 240 min ədəd keyfiyyətli kərpic istehsal etmək mümkündür.[3] Hofman kürəsində istənilən ölçüdə kərpic bişirmək olar. Hazırda isə burada 20x20x4 sm olan dördkünc kərpic, 20x10x4 sm olan yerli və 25x16x6 sm olan rus kərpic formatlı məmulat istehsal olunur ki, qədim abidələrdə bərpa və yenidənqurma məqsədilə bu kərpiclərdən geniş istifadə olunur.[3]
Binası
Kərpic zavodunun binası öz ilkin quruluşunu saxlamışdır.[3] Planda kəllə divar yarımdairəvi formada həll edilmişdir. Binanın uzunluğu 40 metr, eni isə 12 metrə bərabərdir.[3]
Şimal və cənubdan kəllə divarların ortasından iki giriş qapısı var.[3] Yan tərəflərdən eyni məsafədə hündürlüyü 2 metrə, eni isə 1,4 metrə bərabər olan pəncərələr yerləşdirilmişdir.[3] Pəncərələrin yuxarı tərəfi radiusu 0,5 metr olan yarımdairəvi formada həll edilmişdir.[3] Qalınlığı 1,8 metr olan divarlar, xaricdən çiy, daxilən bişmiş kərpicdən inşa edilmişdir.[3] Bu da bina daxilində yüksək temperaturun olmasını təmin edir.[3]
2 nömrəli Naxçıvan Kərpic Zavodu
2 nömrəli Naxçıvan Kərpic Zavodunun inşasına 1930-cu ildə Naxçıvan Xalq Komissarları Sovetinin qərarı ilə inşasına başlanmışdır.[1] Həmin zavod 1931-ci ildə istismara verilmişdir.[1] O həmin vaxt ildə 4,5 milyon kərpic istehsal etmək gücünə malik idi.[1]
İstinadlar
- Sadıqov S. H. Naxçıvan Muxtar Respublikası tarixindən Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. Bakı, 1995, səh. 46 (az.)
- Naxçıvan MDA, f. 2, siy. 2, qov. 36, vərəq 9.
- Naxçıvan abidələri ensiklopediyası Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine. Naxçıvan: 2008, səh.357 (az.)