Naxçıvan Dövlət Tarix Muzeyi

Naxçıvan Dövlət Tarix MuzeyiNaxçıvan Muxtar Respublikası ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış maddi mədəniyyət, tətbiqi sənət nümunələri, qədim numizmatika materialları, həmçinin milli geyimlər, bədii tikmə nümunələri və xalça məmulatları, qiymətli metallardan hazırlanmış zinət, məişət əşyaları, rəssamlıq əsərləri və s. saxlanılan və nümayiş etdirilən muzey. Həmçinin muzeydə elmi-tədqiqat işləri aparılır, stasionar və səyyar sərgilər təşkil olunur, görüşlər, anım mərasimləri, elmi-nəzəri və tecrübi konfranslar, dəyirmi masa və s. maarifləndirici tədbirlər həyata keçirilir.[1]

Naxçıvan Dövlət Tarix Muzeyi
Əsası qoyulub 1924
Mövzu tarix
arxeоlоgiya
etnоqrafiya
Ölkə
Yerləşir Azərbaycan, Naxçıvan
Kolleksiyası 48 000 obyekt
Direktor Nizami Rəhimov
Muzeyə yetişmək Naxçıvan (şəhər)
Telefon +994 (36) 545-01-36, +994 (36) 545-01-39
39°12′ şm. e. 45°24′ ş. u.

Tarixi

Naxçıvan Dövlət Tarix Muzeyi 1924-cü ildə təşkil olunmuşdur. Muzeyə 1968-ci ildə dövlət statusu verilmişdir.

Naxçıvan Dövlət Tarix Muzeyinin uğurlu fəaliyyəti 1969-cu ildən sonrakı dövrə təsadüf edir. Dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra (1969-cu il) muzeylərin inkişafı və onların nüfuzunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq Azərbaycan muzeyləri, o cümlədən Naxçıvan Dövlət Tarix Muzeyi nəinki mədəni xidmət ocaqları, həm də elmi-tədqiqat bazaları kimi fəaliyyət göstərməyə başlayır, onların əlaqələri genişləndirilir. Həmin dövrdən etibarən Naxçıvan Dövlət Tarix Muzeyinin də fəaliyyətində bir çox yaddaqalan hadisələr və əlamətdar günlər baş verir. Bunlardan biri 1969-cu ilin oktyabr ayında Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən tariximizin elmi əsaslarla yenidən öyrənilməsi və tədqiq edilməsi ilə bağlı Naxçıvana ezam olunmuş elmi ekspedisiyanın Naxçıvan Dövlət Tarix Muzeyində keçirdiyi elmi-nəzəri konfransdır. Həmin konfransda Naxçıvanın tarixi ilə bağlı maraqlı elmi məruzələr dinlənilmiş və müzakirələr keçirilmişdir. [2]

Ekspozisiya

Naxçıvanın zəngin, qədim tarixi ilə bağlı 48 mindən çox eksponat Naxçıvan Dövlət Tarix Muzeyində qorunub saxlanılır.

Ekspozisiya, əsasən, 4 – qədim, orta əsrlər, müasir dövr və yeni dövrü əhatə edir. Muzey 10 şöbədən ibarətdir. Burada müxtəlif çeşidli əmək alətləri, Paleolit və Neolit dövrlərinin əşyaları, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, Naxçıvan Muxtar Respublikası ərazisində aşkar olunan mis və gümüş pullar, orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə xatın, Yusif Küseyir oğlu türbələrinə və başqa memarlıq abidələrinə dair şəkilli materiallar, dekorativ tətbiqi sənətə aid xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri, xalq ustalarının gözəl əl işləri sərgilənir.[3]

İstinadlar

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.