Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrı
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı — Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən peşəkar teatr.
Naxçıvan Dövlət Milli Dram Teatrı | |
---|---|
Ümumi məlumatlar | |
Teatrın tipi | Musiqili komediya |
Əsası qoyulub | 1883 |
Heyət | |
Direktor | Rza Xudiyev |
Baş rejissor | Mir Qabil Əkbərov |
Yerləşməsi | |
Ölkə | |
Yerləşir | Naxçıvan Muxtar Respublikası |
Ünvan | Naxçıvan şəhəri, Heydər Əliyev, 26 |
Yaranma tarixi
Eynalıbəy Sultanovun rəhbərliyi ilə mütərəqqi Naxçıvan ziyalılarının yaratdığı "Müsəlman incəsənəti və dram cəmiyyəti" tərəfindən ilk dəfə 1883-cü ildə Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah cadükün" əsəri Hacı Nəcəf Zeynalovun evində tamaşaya qoyuldu. Bu ilk tamaşa ilə Azərbaycan teatrının bir qolu olan Naxçıvan teatrının əsası qoyuldu. Ardınca M. F. Axundzadənin "Molla İbrahimxəlil kimyagər", "Lənkəran xanının vəziri", "Hacı Qara" komediyaları, N. Vəzirovun "Müsibəti-Fəxrəddin", Ə. Haqverdiyevin "Dağılan tifaq", N. Nərimanovun "Nadir şah" və s. əsərləri tamaşaya qoyuldu.
1922-ci ildə teatra Dövlət Dram Teatrı statusu verildi. Teatr həm romantik, həm də realist istiqamətdə inkişaf edirdi. Teatrın repertuarında dünya klassiklərinin əsərləri, həmçinin musiqili əsərlər əhəmiyyətli yer tutur. Bu teatrda istedadlı aktyor və rejissorların bir neçə nəsli yetişmişdir. 1965-ci ildə teatra ədib Cəlil Məmmədquluzadənin adı verilmişdir.
Teatrda yerli müəlliflərin pyeslərinə həmişə diqqət yetirilmişdir. 1929-cu ildə Müzəffər Nəsirlinin "Azadlıq günəşi" pyesinin tamaşaya qoyulması gələcək gənc yerli dramaturqların ərsəyə gəlməsinə xüsusi zəmin yaratdı. Sonrakı illərdə Qurban Qurbanovun "Ayrım", "Xosrov və Şirin", Əbülfəz Abbasquliyevin "Günəş doğur", İslam Səfərlinin "Göz həkimi", "Ana ürəyi", Hüseyn İbrahimovun "Torpaq təslim olur", "İtirilən sağlıq", Əliyar Yusiflinin "Vicdan əzabı", "Səadət naminə", "Gözüm yollarda qaldı", "Siz xoşbəxt yaşayın", Hüseyn Razinin "Günəş", "Odlu diyar", "Arxalı dağlar", "Haray səsi", Kəmalə Ağayevanın "Məhsəti", "İsmət", "Apardı sellər Saranı", Süleyman Rəşidinin "İki ananın bir oğlu", "Mən onu axtarıram", "Canlı heykəl", Həsən Elsevərin "Vüqarlı gözəl", "Alınmaz qala", "Koroğlu nəsli", "Qorxulu oyun", Məmmədli Tarverdiyevin "Kölgəli dağ", "Qəmküsar", Ramiq Muxtarın "Üfüqlər qızaranda", "Əgər sevirsə", "Şəhərli kürəkən", Novruz Nehrəmlinin "Qəmli günlər", Həmid Arzulunun "İnam", "Əlincə qalası", "İtilənən xəncər", "Ərsizlər və arsızlar", "Məhəbbət mərhəmət deyil", Adil Qasımovun "Aylı gecənin qaranlığında", Elman Həbibin "Sahilsiz çaylar", Əliheydər Qəmbərovun "İlan yuvasında fırtına" səhnə əsərləri müxtəlif illərdə tamaşaya qoyulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin "Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi haqqında" 2008-ci il 31 yanvar tarixli Sərəncamına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun "Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi haqqında" 2008-ci il 6 fevral tarixli Sərəncamı ilə teatrın 125 illik yubileyi geniş şəkildə qeyd olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 29 oktyabr tarixli Sərəncamı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına "Aparıcı teatr" statusu verilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 aprel tarixli Qərarı ilə isə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına "Milli" status verilib.
Hazırda bu qədim mədəniyyət ocağı Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı adlanır.