Natiq Cavadov
Natiq Hacı oğlu Cavadov (8 mart 1955, Əliağalı, Ağdam rayonu) — Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktoru, texnika elmləri doktoru, professor, Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şuranın üzvü.
Natiq Cavadov | |
---|---|
Natiq Hacı oğlu Cavadov | |
Doğum tarixi | 8 mart 1955 (69 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | |
İş yeri | Milli Aerokosmik Agentliyinin baş direktoru |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Natiq Cavadov 8 mart 1955-ci ildə Ağdam rayonunun Əliağalı kəndində anadan olmuşdur.
1971-ci ildə Bakı şəhərindəki 132 nömrəli orta məktəbi bitirmiş, elə həmin il Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş və 1979-cu ildə oranı bitirmişdir.
1975-1977-ci illərdə hərbi xidmətdə olmuşdur.
1978-2003-cü illərdə Azərbaycan Milli Aerokosmik Agentliyində texnik, böyük texnik, mühəndis, böyük mühəndis, aparıcı mühəndis, partiya komitəsinin katibi, daha sonra Ağdam Mexaniki və Bakı şəhərindəki Kosmik Cihazqayırma zavodlarının direktoru işləmişdir. 2003-cü ildən 2019-cu ilədək Azərbaycan Respublikası "Sənayeavtomatika" İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışmışdır.
2019-cu ildən etibarən Azərbaycan Milli Aerokosmik Agentliyinin Baş direktorudur.
18 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Elmi fəaliyyəti
Natiq Cavadov 1997-ci ildə texnika elmləri namizədi, 2007-ci ildə texnika elmləri doktoru elmi adlarını almışdır. 2008-ci ildən Azərbaycan Texniki Universitetinin professoru, həmçinin Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının akademikidir. 2003-cü ildən Beynəlxalq Mühəndislik Akademiyasının, 2006-cı ildən isə Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvüdür.
2009-cu ildən "Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri" elmi-texniki jurnalının, 2011-ci ildən isə Moskvada nəşr edilən "Neft sənayesində avtomatlaşdırma, telemexanika və rabitə" elmi-texniki jurnalının redaksiya heyətinin üzvüdür. 2011-ci ildə Azərbaycan Mühəndislik Akademiyasının Nəzarət Təftiş Komissiyasının sədri seçilmişdir. 2011-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının "Mühəndislik şöhrəti" medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının texnika elmləri üzrə Ekspert Şurasının sədridir.
200-dən artıq elmi məqalənin, o cümlədən 5 monoqrafiya, 1 dərslik, 5 müəlliflik şəhadətnaməsinin müəllifidir. 90-dan çox elmi məqaləsi xarici ölkələrdə - İspaniya, Yunanıstan, İran, Türkiyə, Rumıniya, Rusiya, Belarus, Ukrayna, Avstriya və Latviyada çap edilmişdir.