Narkomaniya

Narkomaniya (yun. νάρκη /narkē/ – yuxνία}} /mania/ – cəzb etmə, ağılsızlıq) — narkotik vasitələrdən istifadə etdikdə yaranan xroniki xəstəlik.

Narkotik maddələr

Mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrə narkotik maddələr deyilir. Narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir: narkodilerlər (narkotikləri satan insanlar) həmişə yeni alıcı axtarışında olur. Onlar maddi imkanı aşağı olan gəncləri tapdıqları kimi asanlıqla maddi imkanı çox yaxşı olan gəncləri də tora sala bilirlər. Abstinensiya halı çox əziyyətli olduğuna görə narkotikdən istifadə edən gənc yeni doza əldə etmək üçün əlindən gələni edir. Narkotikdən istifadə edənlərin əksəriyyəti gənc ikən ölür – onlar cinsi yolla yoluxan infeksiyalara, o cümlədən HİV-lə və ya hepatit C-yə yoluxur, bəziləri isə uzun müddət müalicə alaraq ailəsi və cəmiyyət üçün bir yükə çevrilir.

Opiatlar (Morfin və Heroin) — Tiryək Laləsindən Alınan Narkotiklər

Morfindən təbabətdə çox güclü ağrıkəsici kimi istifadə edilir. Heroin isə sintetik üsulla morfindən alınır. Heroin təsirinə və asılılıq yaratma qüvvəsinə görə ən güclü narkotik vasitə hesab edilir. Opiatları həm tütünə qarışdırıb çəkmə, həm qoxulama, həm də vena daxilinə yeritməklə qəbul edirlər. Əksər hallarda ilk əvvəl bütün ağrılar yox olur, yuxulu durum başlayır, əfval dəyişir. Sonradan ətraflar ağırlaşır, ağızda quruluq yaranır, bütün orqanizmə sanki istilik yayılır. Daha sonra isə ürəkbulanma və qusma başlayır. Abstinensiya zamanı əzələlərdə ağrılar, gözlərin yaşarması, burundan ifrazat, tərləmə, ishal, arasıkəsilməyən əsnəmə, hərarət və yuxusuzluq və ən əsası, nəyin bahasına olursa olsun, yenidən opiat qəbul etmək istəyi olur. Tiryəkdən istifadə edən şəxslər adətən tənəffüsün dayanmasından dünyasını dəyişirlər.

Amfetaminlər

Amfetaminlər psixiatriyada geniş istifadə edilir. Məsələn, ekstazi — qeyri-rəsmi şəkildə istehsal edilən amfetamindir. Daxilə həblər şəklində qəbul edilir. Qəbuldan sonra insanda ruh yüksəkliyi, oyanıqlıq, fiziki qüvvənin artması müşahidə olunur. Ekstazi həblərini qeyri-qanuni olaraq diskotekalarda satırlar — bir həb ekstazi 6–8 saat müddətində rəqs etməyə imkan verir. Abstinensiya başladıqda isə narahatlıq və həyəcan, əfvalın pozulması, aqressiya, fikirlərin qarışması və sayıqlamalar olur.

Hallusinogenlər

LSD — ən çox tanınan hallüsinogendir. Adından bilindiyi kimi preparat hallüsinasiyalar (qarabasmalar) yaradır. Preparat şəklində LSD ilk dəfə psixiatriyada istifadə etmək üçün işlənilmişdir. LSD və digər hallüsinogenlər müvəqqəti olaraq şüuru dəyişməyə qadir preparatlar olduğuna görə onlardan alkoqolizmi müalicə etmək üçün istifadə edirdilər. Preparatı qəbul etdikdən bir neçə dəqiqə sonra ətraf başqa cür qəbul edilir, təfəkkür prosesləri dəyişir və uyğun olaraq davranış dəyişir. LSD-dən də ekstazidən olduğu kimi rəqs yığıncaqlarında istifadə edirdilər.

Kokain

Cənubi Amerikada yetişən Eritroksilon Koka adlanan kolun yarpaqlarından alınır. İlk əvvəl ondan da yalnız təbabətdə ağrıkəsici və damardaraldıcı kimi istifadə edirdilər. Kokaini burundan, venadaxili və dərialtı inyeksiyalar şəklində daxil edirlər. Orqanizmə daxil olduqdan 1 saat sonra onun təsiri azalır və tükənir, lakin bu müddətdə qəbul edən insanda bir çox hallar baş verir: əfval ruhiyyə çox yüksəlir, özünə inam və özünüqiymətləndirmə artır, əqli və fiziki göstəricilər yüksəlir, cinsi fəallıq yüksəlir. Bir saatdan sonra isə əksinə, əfval korlanır, özünütənqid daha da pozulur, seksual aqressiya halları baş verir. Abstinensiya dövründə qüvvədən düşmə, depressiya, yuxusuzluq və ya əksinə, yuxululuq, davranış dəyişiklikləri baş verir. Kokain digər narkotiklərə nisbətən daha bahalı olur.

Çətənə (Kannabis, Konoplya, Həşiş, Marixuana)

Bu bitkidən alınan preparatların əslində çox yaxşı təsirləri vardır — bəd xassəli şişləri dağıdır, mikrobları məhv edir, göz daxili təzyiqi azaldır, ürəkbulanmanın qarşısını alır, ağrıları kəsir, qıcolmaların qarşısını alır. Eyni zamanda ağciyər xərçəngi riskini xeyli artırır . Çətənədən hazırlanan maddələri həm qida ilə, həm də tütünə qarışdırıb çəkirlər. Xoş əfvaldan başqa çətənə yuxulu vəziyyət də yaradır. Abstinensiya dövründə isə ("lomkalar" zamanı) yuxu pozğunluğu, ətrafların əsməsi və tərləmə qeydə alınır. Hind çətənəsindən hazırlanan narkotik maddələr digər qrupdan olan maddələrə nisbətən daha az asılılıq yaradır, onları qəbul edən insanlar uzun müddət digər narkotik istifadə edənlərdən seçilir — onlarda şüuri və davranış pozğunluqları gec qeydə alınır, lakin uzun müddət çətənədən istifadə edən insanlarda (daima narkotik istifadə edənlərdə) nəyi isə etmək həvəsi ölür (amotivasiya inkişaf edir), onlar oxumur, işləmək istəmir, həyatda heç bir məqsədə xidmət etmirlər. Getdikcə bu insanlarda debilizm inkişaf edir. Çox hallarda gözlərin konyuktivasında qansızmalar olur — bu əlamətə görə onların məhz çətənədən istifadə etməsi bəlli olur. [1] [2]

Fiziki təsirləri

  • Beyin və Mərkəzi Sinir sistemində:

Dəlilik, erkən ağlını itirmə , şüur ​​itgisi, yuxusuzluq, iflic, sayıqlama (sayıqlama , lağlağılıq, ağıl xarici davranışlar) hallüsinasya, (qorxu, xəyal görmə, eşitmə vs.) zəka və yaddaş pozğunluqları.

  • Həzm sistemində:

Ürəkbulanma, qusma, qarın ağrıları, qəbizlik, ishal, mədə və bağırsaq pozğunluqları, qanama və yaraları, gastrit, xora və s.

  • Qaraciyərdə:

Bu ​​zəhərin orqanizmdən atılmasında ən ağır vəzifə bu orqanlara düşməkdə olub, qaraciyər və böyrəklərdə böyük qəza və tıxanmalara, qaraciyərdə çatışmazlıq, yağlanma , sərtləşmə (sirroz) problemini yaradır.

  • Böyrəklərdə:

Albumin, qan və sidik çoxalması, tıxanmalar, çox ağır böyrək xəstəlikləri.

  • Gözlərdə:

İşıq və məsafədə uyğunlaşmazlıq, çəplik, gecə korluğu, göz bəbəyi böyüməsi və ya kiçilməsi, göz iflici.

  • Tənəffüs Sistemində:

Nəfəs darlığı, öskürək, boğulma hissi, tənəffüs iflici

  • Qanda:

Qansızlıq, qan zəhərlənmələri, qan hüceyrələrində şəkil və miqdar dəyişiklikləri, qanın laxtalanması və qanqren[3]

Narkomaniyanın fəsadları

Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata siyasi proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir.

Narkomaniya orqanizmin zəifləməsinə bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların qaraciyər və böyrəyin zəhərlənməsinə gətirib çıxarır. Narkomanlar içərisində ən geniş yayılmış xəstəlik hepatitdir. Ən qorxulu xəstəliklər orqanizmə qan vasitəsilə daxil olur və vena vasitəsilə qəbul olunan narkotiklərdən istifadə edən narkomanlar qan ilə tez-tez rastlaşırlar. Rəsmi statistikaya görə son beş ildə Azərbaycanda narkomanların sayı 10 dəfə artıb. Son məlumatlara əsasən respublikada narkomanların rəsmi sayı 31 mindən nəfərdən artıqdır. Azərbaycanda daha geniş istifadə olunan narkotiklər tiryək, heroin, çətənə, həşiş, ekstazi, kokain. və LSD-dir.

Dünyada 2 milyon narkoman var ki, onların 40–45% qadın və uşaqlardır.

Azərbaycan Respublikası mühüm tranzit məntəqəsidir, xüsusən Əfqanıstandan Rusiya və Avropaya heroin nəqlində Azərbaycan Respublikasında Narkotilk maddələrin daxili istehlakı artmaqda davam edir. Heroin istifadəçilərinin əksəriyyəti 64,6% iri şəhərlərdə Bakı, Sumqayıt, Gəncə, və Lənkəranda cəmlənib.

Narkomanlıq cəmiyyətin özəyi olan ailəni dağıdır qeyri stabil şəraitin yaranmasına səbəb olur Narkomaniya təhlükəsinə qarşı mübarizəni gücləndirmək məqsədilə Azərbaycan Respublikasının prezidenti 26 avqust 1996-cı ildə "Narkomaniya və narkotika dövriyyəsinə qarşı tədbirlər haqqında" fərman verilmişdir. 1999-cu ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Narkotik vasitələr psixotron maddələrin qanunsuz dövriyyəsi haqqında" qanun qəbul etmişdir.

Həmçinin bax

İstinadlar

  1. "Arxivlənmiş surət". 2018-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-10.
  2. "Arxivlənmiş surət". 2014-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-10.
  3. "Arxivlənmiş surət". 2014-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-10.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.