Nargin adası həbs düşərgəsi

Nargin adasında türk məhkumları üçün düşərgə (rus. Лагерь для турецких военнопленных на острове Нарген) — Rusiya imperiyasının Nargin adasında (indiki Böyük Zirə) qurduğu həbs düşərgəsi.

Nargin adası həbs düşərgəsi
Hərbi əsirlər üçün həbs düşərgəsi
Nargin adası həbs düşərgəsində əsirlər
İdarə edənQafqaz hərbi dairəsi
Komendantpolkovnik A. V. Poltaratskiy (22 fevral — 13 avqust 1915)
poruçik Velikoseliskiy (13 avqust — 24 avqust 1915)
podpolovnik Mikayıl Xəlilov (24 avqust — oktyabr 1915), kapitan Zilov (1915-ci ilin oktyabr ayından)
Fəaliyyət dövrü1915-ci il mart — 1918-ci il oktyabr

Tarixi

Nargin adasında türk məhkumları üçün baraklar

1914-cü ilin dekabrından başlayaraq Qafqaz cəbhəsində Rusiya ilə döyüşən türk ordusunun əsir alınan əsgər və zabitləri olduqca ağır şəraitdə yaşamaq uğrunda mübarizə aparmalı oldular. Əsir alınanları Rusiyanın müxtəlif həbs düşərgələrinə aparmaqla yanaşı, mülki türk vətəndaşlarını Bakının müsəlman əhalisinin gözü qarşısında nümayişkaranə şəkildə Xəzər dənizindəki Nargin adası (indiki Böyük Zirə) adasına daşıyırdılar. Nargində tək hərbi əsirlər deyil, Şərqi Anadolunun rus işğalına məruz qalmış Qars, Ərzurum, Ərdəhan bölgələrində yaşayan mülki əhali də yerləşdirildi.[1] Onların arasında qocalar, qadın və uşaqlar da vardı. Hərbi düşərgədə almanlardan, avstriyalılardan, bolqarlardan olan çeşidli millətlərin nümayəndələri ilə yanaşı, 10 minə yaxın türk vətəndaşı da öz talelərini yaşayırdı.[1] İçərilərində qoca, qadın, uşaq olan türk əsirlərinin şəhər əhalisinin gözü qarşısında keçidini təşkil edən çar Rusiyası çinovniklərinin hərəkətləri milli düşüncəli ziyalıların, ruhanilərin, sahibkarların çox ciddi narazılığına səbəb olurdu.[1]

Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin ən vacib məramlarından biri də Nargin adasında məhkumluq həyatı yaşayan türk əsgər və zabitlərini qaçırıb, onları müxtəlif bölgələrdə təhlükəsiz şəraitdə yerləşdirməkdən ibarət idi. Nargin adasından qaçırılan əsirlərin bir çoxu Osmanlı ordusunda mühüm hərbi işləri həyata keçirdiklərindən, onların döyüş təcrübəsindən yararlanmaq, erməni-rus birləşmələrinə qarşı müqavimət təşkil etmək də planlara daxil idi.[1]

Vaxtilə azərbaycanlılar tərəfindən Nargindən və Rusiyanın başqa həbs düşərgələrindən qurtardıqları əsir türklər də Qafqaz İslam Ordusu tərkibində döyüşlərdə iştirak etdilər. Nargin adasında türk əsirləri, onların ağır vəziyyəti barəsində ilk dəfə Azərbaycan mətbuatında jurnalist Şirməmməd Hüseynov Nəriman Nərimanovun "Hümmət" qəzetində dərc etdirdiyi "Nargin cəzirəsi" məqaləsini çap edərək toxunub.[1]

Durdu Mehmet Burakın "Kostamonu" dərgisində çap etdirdiyi "Kostamonu millət vəkili Xalit bəyin Rusiya və digər ölkələrdə qalan türk əsirləri ilə əlaqəli çalışması" məqaləsində Nargin adasındakı əsirlərin sayı, vəziyyəti və onların bir qisminin azərbaycanlılar tərəfindən qaçırılması yazıya alınıb.[1]

Məhbusların qohumları Nargin həbsxanasındakı dözülməz şəraitlə bağlı Hacı Zeynalabdin Tağıyevə müraciət etmiş, tədbir görülməsini ondan xahiş etmişdilər. Hacı Zeynalabdin yenicə tikdirib başa çatdırdığı dəyirman binasının içərisində düzəliş etdirərək 1910-cu ildə buranın həbsxana olmasını çar üsul-idarəsinin yerli təmsilçilərindən xahiş etmiş və bu təklif qəbul edilmişdi.[2]

Türkiyə tarixçisi Ramazan Balıcın Birinci dünya müharibəsinin ilk illərində apardığı araşdırmalara görə, 1915-ci ilin başlanğıcından, Nargin adasına 10 min əsir gətirilmiş, onlar heç bir yaşayış şəraiti olmayan 40 baraka yerləşdirilmişdi. Hər barakda 125 nəfər öz çətin məhkumluq həyatını yaşamışdır. Zaman-zaman sayları 10 mindən az olmayan bu əsirlər baxımsızlıq, tibbi ləvazimatın olmaması, heç bir gigiyenik qaydalara əməl olunmamasının nəticəsində xəstələnir, dünyasını dəyişirdi. Cansız və zəif olan əsirlərin üzərində bitlər gəzirdi. Əsirlərə verilən ot döşəkçələr çoxdan parçalandığından, quru taxta üzərində yatmalı olurdular.[1] Əsirlərin ən çox ehtiyac duyduqları bir içim su idi. Bəzən əsirlərə 6 gün su verilmirdi, mühafizəçilər şəhərdən qayıq və gəmilərlə göndərilən suyu özləri istifadə edir, əgər qalardısa əsirlərə paylayırdılar. Adada 400 nəfərlik xəstəxana vardısa, sadəcə bunun adı xəstəxana idi, 5 həkim çalışmasına baxmayaraq dərmanın, tibbi ləvazimatın olmaması ucbatından onlar xəstələrə baxmır, öz iş- gücü ilə məşğul olurdular.[1]

Həbsxananın ətrafında çox qorxunc iy dolaşırdı. Bu, ölüm qoxusu idi. Ölülər islam qayda-qanununa uyğun olmadığı bir şəkildə dəniz kənarında əsirlərin özləri tərəfindən qazılan quyulara, üst-üstə atılırdı. Yuyunma imkanı olmayan əsirlər arasında xolera, tif xəstəliyi baş qaldırmışdı.[1] Qış aylarında əsirlər ölüm həyatı yaşayır, baraklar qızdırılmadığından 45 dərəcə şaxtada donaraq həyata son verirdilər. Əsirlərə gün ərzində içərisində yağ və ot olmayan, qaynar sudan ibarət olan şorba və 100 qram qara çörək verilirdi.[1] Çox keçmədi ki, çörək norması yarıbayarı azaldıldı. Yuyulma və dərmanlama bəhanəsi ilə əsirlərin geyimləri bəzən əllərindən alınır, əvəzinə köhnə, dağılmış kətandan paltarlar verilirdi.[1]

1915-ci ildən ta 1917-ci ilin əvvəllərinədək məhkumların vəziyyəti bu cür davam etdi. Çar Rusiyasının devrilməsi, müvəqqəti hökumətin qurulması və hakimiyyət boşluğunun yaranmasından sonra həbsxana daha dəhşətli vəziyyətə düşmüş, baxımsız qalmış, ərzaq təchizatında ciddi problemlər ortaya çıxmışdı. 1917-ci ilin fevral ayının 25-də düşərgənin türk və alman əsirləri Rus Qafqaz Ordusu komandanı Oçilidzeyə məktub göndərərək həbsxanada da vəziyyətin dözülməz olduğunu bildirərək tədbir görülməsini xahiş etdilər, təəssüf ki, edilən bu müraciətin heç bir müsbət nəticəsi olmadı.[1]

Həbs düşərgəsində əsirlərin vəziyyətinin dözülməz olduğu haqda ilk dəfə rəsmi şəkildə Azərbaycanın böyük dövlət və ictimai xadimi Nəriman Nərimanov "Hümmət" qəzetinin 28 noyabr 1917-ci il sayında "Göz yaşı tökdürən Cəzirə" məqaləsi ilə çıxış etmişdir.[1]

İstinadlar

  1. Aşırlı A. Nargin adasında türk əsirləri (PDF). Bakı: "Elm və təhsil". 2011. ISBN 4702000000.
  2. Qılman İlkin. "Türk ordusu Bakıda". səh. 13
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.