Nardaran hadisələri (2015)
Nardaran hadisələri — 26 noyabr 2015-ci ildə Bakının Nardaran qəsəbəsində baş vermiş, 7 nəfərin ölümü, 4 nəfərin[4] yaralanması və 14[2][5] nəfərin həbs olunması ilə nəticələnən qarşıdurma.
Nardaran hadisələri | |||
---|---|---|---|
Tarix | 26 noyabr 2015 — dekabr 2015 | ||
Yeri | Azərbaycan, Bakı, Sabunçu rayonu, Nardaran | ||
Səbəbi | Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməliyyat keçirməsi | ||
Nəticəsi |
26 noyabr: 14 nəfərin həbsi, qəsəbədə etirazlar; 1 dekabr: Nardaranda keçirilən əməliyyat nəticəsində qəsəbədə dini şüar və bayraqların götürülməsi, 19 nəfərin saxlanılması.[1] |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
Həlak olanlardan 2-si Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları, digər 5 nəfər isə qəsəbə sakinləri olmuşdur (onlardan biri daha sonra xəstəxanada keçinib). Hadisədən sonra Nardaranlılar qəsəbədə etiraz aksiyası keçirib, barrikadalar qurub və yaşayış məntəqəsinə giriş-çıxışı bağlayıblar. Hər iki tərəf insidentə görə bir-birini günahlandırır.
Hadisədən 3 gün sonra Nardaran Ağsaqqallar Şurası İmam Hüseyn meydanının boşaldılması və barrikadaların sökülməsi haqqında qərar qəbul edib. Bundan sonra 1–2 dekabr 2015-cil tarixlərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu Nardaranda birgə əməliyyat keçirib, qəsəbənin küçə və meydanlarından dini simvollar o cümlədən bayraq, şüar və yazılar götürülüb, qəsəbədə bəzi evlərdən silah-sursatın aşkar olunaraq götürüldüyü və daha 19 nəfərin həbs olunduğu iddia olunub.[1]
Hadisədən əvvəlki vəziyyət
Nardaran ölkənin paytaxtı, Bakı şəhərindən 40 km uzaqlıqda yerləşən, kasıbçılıq və işsizlik kimi problemləri olan qəsəbədir.[6] O, 1991-ci ildən bəri dindarlığı ilə digər Bakı kəndlərindən seçilir. Beləki, Azərbaycan İslam Partiyası və s. kimi islamçı təşkilatlar məhz bu qəsəbədə yaranmışdır.
Qəsəbə sakinləri 2000, 2002 və 2006-cı illərdə kütləvi etiraz aksiyaları keçirmişdir. 2002-ci ilin iyun ayında keçirilmiş etiraz aksiyasında həm polis əməkdaşları, həm də qəsəbə sakinlərinin ölümü ilə nəticələnən böyük qarşıdurma yaranmışdır. Həmin hadisədən sonra polis və hüquq mühafizə orqanları Nardarana elə də güclü müdaxilə edə bilməmişdir. Daxili İşlər Naziri Ramil Usubovun bildirdiyinə görə hadisələrə qədər Nardaranda polislə 23 dəfə qarşıdurma qeydə alınıb[7].
Sonrakı illərdə islamçı idealogiyaya sahib Hacı Mövsüm Səmədov, Hacı Abgül Süleymanov, Hacı Tale Bağırzadə və digərlərinin həbsindən sonra qəsəbədə vəziyyət getdikcə gərginləşmişdir. Ən son qarşıdurma 6 noyabr 2015-ci ildə Bakıxanov qəsəbəsində Müsəlman Birliyi Hərəkatının idarə heyətinin sədri Elçin Qasımlının həbsindən sonra yaranmışdır.
Hadislərdən qabaq Nardaran Bakıda yeganə yaşayış məntəqəsi idi ki, burada divarları əksəriyyəti ərəb əlifbası ilə yazılmış dinə-ibadətə çağırışlar bəzəyirdi. Divarlarda "Hər gün Aşura, hər yer Kərbəla", "Ya Hüseyn", "Qadınların ən qiymətli zinəti hicabdır" kimi şüarlara rast gəlmək olardı. Sakinlərdən birinin sözlərinə görə, burada qızlar 1-ci sinifdən başlayaraq, çoxu könüllü, hicab bağlayır. Digər sakin qəsəbədə qızların adətən 5–6-cı sinifdən sonra oxumadıqlarını, valideynlərin qızları məktəbdən tez çıxardıqlarını deyib, yuxarı siniflərdə də oxuyan oğlanların biliyk səviyyəsinin aşağı olduğunu bildirib[8].
Hadisənin baş verməsi
Atışmada hər iki tərəf bir-birini günahlandırır və hadisəni öz baxış açısından qiymətləndirir.
Rəsmi məlumat
Azərbaycan Respublikası Daxili işlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu hadisənin "respublikada ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsi" kimi qiymətləndirmişdir. Hər iki qurumun verdiyi rəsmi məlumata görə, həbs edilən şəxslər Taleh Bağırov, Elman Ağayev, Zülfüqar Mikayılov və Əbülfəz Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə "Müsəlman birliyi" adlı hərəkat yaratmışlar, Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplamış, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil etmişlər. Həmçinin, Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə etmiş, bununla bağlı tərəfdarlarına göstərişlər vermiş və əhaliyə çağırış vərəqələri paylayıblar. Dövlət qurumlarının iddialarına görə, silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilib[2].
Hər iki qurumun rəsmi məlumatına görə, həmin şəxslərin tutulması məqsədilə, 2015-ci il noyabrın 26-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılmış, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü öldürülüb (daha bir nəfər hadisədən sonra Sabunçu Rayon 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib)[9]. Daha bir neçə nəfər yaralanıb. Toqquşma nəticəsində iki polis əməkdaşı — polis serjantı Vüqar Əyyub oğlu Nəsibov və polis serjantı İsmayıl Rəsul oğlu Tağıyev öldürülüb. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülmüşdür. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib[2]. Polislə atışma zamanı ölənlərdən biri Gəncə, biri Masallı, digər 3 nəfər isə Nardaran sakinidir[10].
Ertəsi gün həlak olan polislərin dəfn mərasimi keçirilib. Vüqar Nəsibov və İsmayıl Tağıyev II Fəxri Xiyabanda dəfn olunub. Dəfn mərasimində daxili işlər naziri Ramil Usubov, milli təhlükəsizlik nazirinin müavini Mədət Quliyev, baş prokuror Zakir Qaralov, müdafiə naziri Zakir Həsənov, Yol Polisinin rəisi Ramiz Zeynalov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov və DİN Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev, eləcə də bir çox dövlət rəsmiləri iştirak ediblər. Dəfn zamanı dövlət himni çalınıb[11] və yaylım atəşi açılıb[12]. Hər iki polis işçisi ölmündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə Azərbaycan Bayrağı ordeni[13] və "İgidliyə görə" medalı[12][14] ilə təltif ediliblər.
Nardaran sakinlərinin məlumatı
Kənd cavanlarının bir qismi hakimiyyət kanallarının hadisə ilə bağlı doğru məlumat vermədiklərini bildiriblər və bu səbəbdən ATV, İTV kanallarının çəkilişinə mane olub, əməkdaşlarına xəsarət yetiriblər[3].
Əməliyyat kənd sakini Əbülfəz Bünyatovun evində baş verib. Bünyatovun həyat yoldaşının sözlərinə görə Məhərrəmliyin 40 mərasiminə hazırlıq zamanı evdə ehsan verilirmiş. Bu məqsədlə Hacı Tale Bağırzadə də qonaq kimi dəvət olunmuşdu. Bünyatovanın sözlərinə görə, namaz vaxtı qəflətən Çevik Polis Alayının əməkdaşları və maskalılar evə basqın ediblər, səs bombasından, güllədən istifadə etdilər[3]. Nardaran sakinlərinin sözlərinə görə Taleh Bağırov 20 gündür ki qəsəbədə idi və polisin qəsəbəyə gəlməsinə səbəb Taleh Bağırovun namaz zamanı çıxışı olub[15]. Həmin günü o evdə 20 nəfərə yaxın adamın olduğu da bildirilib[15].
Özünü atışma şahidi kimi təqdim edən şəxs polislərin kəndə mebel daşıyan yük maşınında daxil olduqlarının və Hacı Tale Bağırzadənin qonaq olduğu evə silahlı hücum təşkil etdiklərini bildiriblər. Onun sözlərinə görə polis avtomat silahlardan istifadə edərək evə daxil olub, Hacı Talehi və 20-yə yaxın adamı da özləri ilə aparıblar[3].
Qadınlardan biri əməliyyat zamanı kənd sakinlərinin silahdan istifadə etmədiklərini və polislərin nardaranlılar tərəfindən öldürülmədiyini deyib[3].
İnsidentdən sonra baş verən hadisələr
Hadisədən sonra Sabunçu rayon Polis İdarəsinin qarşısı polis nəzarəti ilə gücləndirilib. Əlavə olaraq Çevik Polis Alayının əməkdaşları idarənin qarşısına gətirilib. Polis yaxınlıqdakı binalarda yaşayanların eyvana çıxmasına icazə vermir. Polis binasının ətrafındakı avtomobil yolları bağlanıb[16].
Toplanış və etirazlar
Hadisədən sonra qəsəbə sakinləri "İmam Hüseyn" meydanına toplaşıb, qəsəbəyə aparan yollara daş tökərək yolları bağlayıb, qəsəbəyə kənar şəxslər, o cümlədən jurnalistlər buraxmayıblar. Qəsəbənin mərkəzinə keçmək istəyən ATV-nin avtomobili əzilib, əməkdaşı isə döyülüb. Meydanın ətrafına toplaşmış bir qrup şəxs armatur, lom və dəyənəklərlə silahlanıb.[17].
"Azadlıq" radiosunun verdiyi məlumata görə, etirazçılardan bəziləri Molotov kokteyli hazırlayıblar, meydanın mərkəzində qəsəbəyə girən yollara daş, dəmir tökülüb.[17].
Noyabrın 29-da Nardaran Ağsaqqallar Şurasının verdiyi qərardan sonra Nardaran sakinləri tərəfindən "İmam Hüseyn" meydanı boşaldılıb.[9] Dekabrın 1-də insidentdə ölən silahlı dəstə üzvlərinin meyitləri Nardarana gətirilib və qəsəbə qəbiristanlığında dəfn olunublar[10].
Digər bölgələrdə baş verən hadisələr
Bundan əlavə ertəsi gün Gəncə şəhərində də hadisə baş verib. Belə ki, sakinlərdən birinin əl qumbarasını polisə atmağa cəhd edərkən həbs edildiyi, digər şəxsin isə tutulub, üzərindən "TT" markalı tapança, 8 ədəd patron, 1 ədəd patron darağı və 3,215 qram heroin götürüldüyü iddia olunub. ARDİN mətbuat xidmətinin iddiasına görə, tutulan şəxslər "Müsəlman birliyi" adlı hərəkatın üzvlərinə dəstək məqsədi ilə hərəkət ediblər[18]. Noyabrın 30-da Gəncədə "Müsəlman birliyi" hərəkatına dəstək verən 6 nəfər saxlanılmış, yaşadıqları ünvanlara baxış zamanı oradan 1 avtomat, 1 tüfəng, 12 qumbara, çoxlu sayda döyüş sursatı, dini ədəbiyyat və s. aşkar edilib götürüldüyü iddia edilmişdi.[19]. Elə həmin gün Neftçala rayonunda Nardaranda bəzi şəxsləri silahla təmin etməkdə şübhəli bilindiyi iddia olunan iki nəfər saxlanılıb, hər iki şəxsin evində aparılan axtarış nəticəsində bir ədəd odlu silah aşkar olunduğu iddia edilib.[20]
1 dekabr əməliyyatı
2015-ci il dekabr ayının 1-də saat 08.00-da Nardaranda xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Belə ki, hökumətin planına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və polis hissələrinin müəyyən sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olaraq, müəyyən edilmiş yerlərdə postlar qoyub. Xüsusi əməliyyat zonasında Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər və Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərib. Əməliyyatı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev öz nəzarəti altına götürüb[21].
Əməliyyat nəticəsində qəsəbənin küçə və meydanlarından dini simvollar götürülüb, mərkəzi küçələrdəki şüarlar, digər elementlər, kənd sakinləri tərəfindən asılan dini bayraqlar[22] götürülüb, barrikadaların qalıqları təmizlənib[23]. Dini bayraqlar Azərbaycan bayraqları ilə əvəz olunub[24]. Saxlanılanlar olub, bəzi evlərdən silah-sursatın aşkar olunaraq götürüldüyü iddia olunub.[23]. Nardaran qəsəbəsinin Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun sözlərinə görə 19 nəfər saxlanılıb. Natiq Kərimov evində silah saxlayan şəxslər varsa onları silahları təhvil verməyə çağırıb[25].
Daxili İşlər Naziri Ramil Usubovun sözlərinə görə, silahı könüllü təhvil verən şəxslər barəsində cinayət işi başlanılmayacaq. Nazir iddia edib ki, 2 gün keçirilən əməliyyat nəticəsində qəsəbədə 6 avtomat silah, çoxlu sayda tapança, partlayıcı maddələr, partlayıcı qurğular götürülüb[7].
Münasibət
Ekspertlərin fikiri
Politoloq Elçin Mirzəbəyli Nardaranda baş verən hadisələrə münasibət bildirərkən deyib ki, həmin hadısəni törədən radikalların başlıca məqsədi təhdidlə, zorakı yollarla əhalinin kütləvi şəkildə hakimiyyətə qarşı radikal çıxışlarını təşkil etmək, Şərqdə baş verən qanlı ssenariləri Azərbaycanda təkrarlamaq və ölkəni Liviyaya, Suriyaya çevirməkdir[26].
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Nardaranda baş verən hadisələrdə İranın izi var, və qəsəbədə təxribat törədən şəxslər İranın agentləridirlər[27].
Politoloq Vasif Əfəndiyevin sözlərinə görə Nardaranda polisin həyata keçirdiyi əməliyyat zamanı terrorçuların məhv edilməsi və həbsi əməliyyatı Taleh Bağırzadənin və digərlərinin kimliyini ictimaiyyətə göstərmək üçün vacib idi[28].
Politoloq Ramiz Alıyevin fikirinə görə Nardaranda baş verən hadisələr "nəinki islamı, heç Nardaranda yaşayan əhalini belə təmsil edə bilməz". O qeyd edib ki, "Nardarana aidiyyəti olmayan bir qrup şəxs öz mənafeyi və xarici himayədarların tapşırıqları əsasında həm Azərbaycan xalqına, həm də dövlətçiliyə və qanunlarımıza qarşı çıxış ediblər"[29].
Rəsmilər
- Qafqaz Müsəlmanları İdarəsi "Baş verən hadisəni dinlə bağlamaq cəhdlərini birmənalı olaraq rədd edir, bunu xaricdən və daxildən siyasi məqsədlərlə yönləndirilən, cəmiyyətdə nifaq salmaq, zorla hakimiyyəti dəyişdirmək cəhdi kimi qiymətləndiririk. Bu hadisənin baş verdiyi Nardaran qəsəbəsində yerli camaatın tanımadığı, özünü dindar adlandıran bir qrup təxribatçının inanclı, mömin kənd sakinlərinə heç bir aidiyyatı yoxdur. Əminik ki, Nardaran əhalisi baş verənlərin əleyhinədir. Tale Bağırzadə və onun himayədarları tərəfindən yaradılmış "Müsəlman birliyi" adlı qondarma qrupun dindarlara heç bir aidiyyatı yoxdur, o, QMİ tərəfindən dini qurum kimi tanınmır, heç bir dini təbliğat aparmaq səlahiyyətinə malik deyil. Dini mərkəz olaraq, Azərbaycan müsəlmanları adından hüquq-mühafizə və xüsusi xidmət orqanlarından tələb edirik ki, İslam dininin humanist dəyərlərinə zidd olaraq həyata keçirilən terror aktının kimliyindən asılı olmayaraq törədənlərin dövlətçiliyimizə təhlükə yaradan əməllərinə hüquqi qiymət versin." Həmçinin Qafqaz Müsəlmanları İdarəsinin başçısı Şeyxülislam Hacı Allahşükür Paşazadə əməliyyat nəticəsində həlak olmuş polisləri "şəhidlik" statusu ilə təltif edib.
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı hadisəyə "Nardaranda törədilmiş hadisələrə görə din pərdəsinə bürünmüş, din adı altında radikal hərəkətlərə yol verənlər günahkardırlar" deyə qiymət verib.
- Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nardaran hadisələrini terror aktı adlandıraraq Azərbaycana başsağlığı verib və deyib: "Biz Azərbaycana bu məsələdə də dəstək göstərəcəyik. Təəssüf ki, Türkiyənin belə bir təcrübəsi var. Ümid edirik ki, Türkiyə və Azərbaycanda bir də terror olmayacaq" deyə fikir bildirib[30].
- Millət vəkili Zahid Oruc Nardarandakı hadisələrə münasibət bildirərkən deyib ki, "Azərbaycanda hər kəs bilməlidir ki, şəhid olmaq istəyirlərsə, Qarabağ torpaqlarını şəhidlik məkanı kimi seçə bilərlər". Deputatın sözlərinə görə, "Silah əldə edənlər dindar ola bilməz", cinayətkarların dini siyasətə gətirmək istəklərini isə Oruc "yolverilməz" adlandırıb[31].
- İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Azərbaycanda xeyli ekspertin İranı radikal islamçı qruplaşmalara dəstək verməkdə günahlandırılmasına toxunaraq, bildirib ki, İranın Nardaran hadisələrinə heç bir aidiyyəti, heç bir bağlılığı yoxdur[32].
- İranın parlament sədri Əli Laricani Nardaranda baş verən hadisələrə münasibət bildirərkən onları Azərbaycanın daxili işi adlandırıb, və bəzi media orqanlarını bu məsələdə iki ölkə arasında gərginlik yaratmaq istəməkdə günahlandırıb[33].
Azərbaycan əhalisinin bir hissəsinin hadisələrə münasibəti
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının sözlərinə görə, "Nardaranda əhalinin mütləq əksəriyyəti baş verənlərə görə hadisəni törədənləri, Nardarana kənardan gəlib hakimiyyətlə, dövlət qurumları ilə qarşıdurma yaradanları qətiyyətlə pisləyir"[34].
28 noyabr tarixində Azərbaycanın cənub bölgəsində yaşayan dindarlar Nardaran qəsəbəsində baş vermis hadisələrlə bağlı bəyanat imzalayıblar. Bəyanatda dindarlar özünü "Müsəlman Birliyi Hərəkatı" adlandıran qondarma qurumun ölkənin ictimai-siyasi sabitliyinə, tolerantlıq mühitinə, dövlət-din münasibətlərinə, hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətini din pərdəsi altında həyata keçirmək cəhdlərini qətiyyətlə qınadıqlarını deyiblər. Bəyanatı onlarla dindar imzalayıb[35].
Nardaranda baş vermiş hadisə Füzuli rayonunda da etirazla qarşılanıb, rayonun ictimaiyyəti bu hadisə ilə bağlı 30 noyabr tarixində bəyanat qəbul edib. Bəyanatda Azərbaycandakı ictimai-siyasi sabitliyi, iqtisadi inkişafı, ən əsası xalqla dövlətin birliyini istəməyən xarici qüvvələrin təsirinə düşərək hərəkət edən ekstremist Taleh Bağırzadə və ətrafındakıların respublikada çaşqınlıq, xaos yaratmaq cəhdləri qətiyyətlə pislənilib[36].
Həmin gün Masallı rayonunun ictimaiyyət nümayəndələri də Nardarana baş vermiş hadisələrlə bağlı müraciət qəbul ediblər. Müraciyətdə özünü "Müsəlman Birliyi Hərəkatı" adlandıran qurumun əməllərinin cəmiyyətdə qəzəblə qarşılandığı, rayonun ictimaiyyəti tərəfindən hiddətə səbəb olduğu deyilib və xəyanətkarlıq olduğu bildirilib[37].
Nardaran hadisələri İran mətbuatında
İranın bəzi mətbuat orqanları Nardaran hadisələrini geniş işıqlandırıb. Həm rəsmi, həm də özəl xəbər saytları Nardaran hadisələrini şiələrə qarşı "səlib yürüşü" kimi təqdim edib[38], dünyasını dəyişmiş kənd sakinlərini şəhid kimi, Taleh Bağırzadəni isə "qəhrəman" kimi təqdim ediblər[39].
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, Nardaran hadisəsindən sonra İranın planları iflasa uğrasa da, İran bu adamları müdafiə etməklə işarə verir ki, onların arxalarından geri çəkilməyib[39].
Politoloq Ərəstun Oruclunun dediyinə görə, İran özünü dünyada şiələrin himayədarı kimi təqdim edərək, hesab edir ki, Nardaranda baş verənlərə dini don geyindirmək lazımdır. Oruclunun sözlərinə görə, İran mətbuatı Nardaranda yaşayanların "təzyiqlərə məruz qaldığı" görüntüsünü yaratmağa çalışır[39].
Nəticə
Nardaran hadisələrinin nəticəsi olaraq Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Dini ekstremizmə qarşı mübarizə haqqında", "Dini etiqad azadlığı haqqında" və "Polis haqqında" qanunlar qəbul edilib.[40]
Birinci qanun layihəsinə əsasən, dini ekstremist fəaliyyətlə məşğul olan hüquqi şəxslərin qeydiyyatı ləğv ediləcək.[40]
Birinci qanuna görə, Azərbaycan vətəndaşının terror fəaliyyətində iştirakı, Azərbaycan Konstitusiya quruluşunun zorla dəyişdirilməsi hərəkətlərinin həyata keçirilməsi, vətəndaşın dini ekstremist fəaliyyət və ya dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak etməsi və ya həmin fəaliyyətə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə silahlı qrup yaratması Azərbaycan vətəndaşlığının itirilməsi ilə nəticələnəcək.[40]
Həmçinin Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına yol verilir. Dini ekstremizmə qarşı mübarizədə iştirak edən şəxs dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı vurulmuş ziyana görə məsuliyyət daşımır.[40]
"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi də qəbul edilib.[40]
Layihəyə əsasən islam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına islam dininə aid ayin və mərasimlər aparması qadağandır.[40]
Eyni zamanda ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların nümayiş etdirilməsi qadağandır. Şəxsin üstündə gəzdirdiyi dini atributlar istisnadır.[40]
"Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər", layihədə bildirilir.[40]
"Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklə əlaqədar Cinayət Məcəlləsinə də müvafiq əlavə edilib. İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil alan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılmasına görə 1000 manatdan 5 min manata qədər cərimə və ya 1 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.
Qəbul edilən digər layihə "Polis haqqında" qanunda dəyişiklik edilməsi barədədir. Qanun layihəsinə əsasən, Azərbaycanda terrorçuluqla mübarizə sahəsində polisə yeni səlahiyyət verilir.[40]
Bu qanunla, terrorçuluq və ya dini ekstremizm, yaxud dövlət Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda polis tərəfindən fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah tətbiq ediləcək.[40]
Qeydlər
- Ölənlərdən biri xəstəxanada keçinib.
İstinadlar
- "Nardaranda 32 nəfər həbs edilib - Ramil Usubov" ( (az.)). islamazeri.az. 2015-12-03. 2015-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-06.
- "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğunun məlumatı". 2015-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-11.
- "Nardaranda qanlı polis əməliyyatı: 2 polis, 4 sakin öldürüldü". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-01.
- "Nardaranda yaralananların adları" ( (az.)). islamazeri.az. 2015-12-04. 2015-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-06.
- "Nardaran hadisələrinə görə saxlanılan 14 nəfərin hamısı barəsində həbs qətimkan tədbiri seçilib". 2015-12-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
- Mamedov, Eldar. "Azerbaijan: Examining the Source of Discontent in Nardaran". December 8, 2015. January 12, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 19, 2018.
- Ramil Usubov Nardaran hadisələrinə görə tutulanların sayını açıqladı
- "Fərqli məkan – Nardaran". 2015-07-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
- "Nardaran Ağsaqqallar Şurasının sədri kərbəlayi Natiq Kərimov: Nardaran sakinləri məsələnin dinc yolla həll edilməsinə tərəfdardırlar". 2016-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30.
- "Nardaranda atışmada ölənlər dəfn edildi". 2015-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-01.
- "Nardaranda atışma zamanı şəhid olmuş polislərin dəfni" ( (az.)). YouTube. 2015-11-27. İstifadə tarixi: 2015-12-01.
- "Nardaranda ölən polislər dəfn edildi". 2016-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30.
- "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-28.
- "Həlak olan polislər "İgidliyə görə" medalı ilə təltif edildilər". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-01.
- "Nardaran toqquşmasında 6 nəfər ölüb". 2018-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-03.
- "Sabunçu Rayon Polis idarəsi önündə polis kardonu". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30.
- "Nardaranda radikallar "Molotov kokteyli" hazırlayır". 2015-11-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30.
- "Gəncədə Nardaran hadisələrinə dəstək verən şəxslər saxlanıldı". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30.
- Nardaranda əməliyyat keçirilir
- "Neftçala rayonunda Nardaran hadisələri ilə əlaqəli 2 nəfər saxlanılıb". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-01.
- "Nardaranda xüsusi əməliyyat başladı". 2015-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-01.
- Nardaranda bayraqlar yığışdırılır
- "Vilayət Eyvazov Nardaran sakinləri ilə profilaktik söhbət aparıb". 2015-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-01.
- Nardaranın mərkəzində Azərbaycan bayrağı asıldı
- "Nardaran ağsaqqalı: "Polis 19 nəfəri həbs edib"". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-01.
- "Elçin Mirzəbəyli: "Nardaran müalicəsinə ciddi ehtiyac duyulan xəstəlik mənbəyidir"". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30.
- ""Nardaran hadisələrində İranın əli var"". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30.
- Politoloq: "Radikal-ekstremist qüvvələr zərərsizləşdirilməlidir"
- "Nardaran camaatı bu cinayətkar qrupu onların adına ləkə gətirdiyi üçün heç zaman bağışlamaz"
- "Mövlud Çavuşoğlu Nardarandakı hadisəni terror kimi qiymətləndirib". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-01.
- "Zahid Oruc: "Silah əldə edənlər dindar ola bilməz"". 2015-12-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30.
- "İran səfiri Nardaran hadisələrinə şərh verdi". 2015-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30.
- Əli Laricani: "Nardaranda baş verənlər Azərbaycanın daxili işidir"
- "Mübariz Qurbanlı: "Nardaranlılar qarşıdurma yaradanları qətiyyətlə pisləyir"". 2015-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-01.
- Cənub bölgəsinin dindarları Nardaran hadisələrini pislədi
- "Füzulililər Nardaranda baş vermiş hadisələri qətiyyətlə pisləyirlər". 2019-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-01.
- "Masallı ictimaiyyətinin Nardaran hadisələri ilə bağlı müraciəti". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-01.
- Nardaran hadisələri İran mətbuatında
- "İran Nardaranda vəziyyəti qızışdırır - Növbəti təxribat". 2015-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-01.
- "Milli Məclis: Dini qanunlara təklif edilən dəyişikliklər qəbul edilib". BBC Azərbaycanca Xidməti. 2015-12-04. 2022-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-23.
Həmçinin bax
Xarici keçidlər
- Nardaran hadisələri terrorçuların Azərbaycanda sabitliyi pozmaq cəhdidir
- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğunun məlumatı
- Mübariz Qurbanlı: "İctimai-siyasi sabitliyə qarşı yönələn hərəkətlər cəzasız qalmayacaq"
- Türkiyə Nardaran hadisələrinə terror dedi
- Nardaranda atışma olub, 4 ölü Arxivləşdirilib 2015-11-27 at the Wayback Machine
- "Nardarana qoşun yeridildi; qəsəbədə xüsusi əməliyyat; yeni həbslər var" ( (az.)). azadliq.info. 2015-12-01. 2015-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-03.
Videorepotrajlar
- islamazeri.az. "Nardaran hadisələri A-dan Z-yə" ( (az.)). YouTube/islamazeri.az. 2015-11-30. İstifadə tarixi: 2015-12-01.
- Meydan TV. "Nardaranda atışma olan evdən reportaj" ( (az.)). YouTube/Meydan TV. 2015-11-30. İstifadə tarixi: 2015-12-01.
- Azadlıq Radiosu TV. "Nardaranda nə baş verir?" ( (az.)). YouTube/Azadlıq Radiosu TV. 2015-11-26. İstifadə tarixi: 2015-12-01. Azadlıqdan izlə
- "Nardaranda ATV əməkdaşlarına hücum" ( (az.)). YouTube. 2015-11-26. İstifadə tarixi: 2015-12-01.