Naram-Sin Akkadlı
Naram-Sin Akkadlı (akkadca Nāram-Sîn "tanrı Sinin sevimlisi") — e. ə. 2237–2200 Akkad çarı, çar Maniştunun oğlu.
Çar Sarqondan sonra Akkad dövləri zəifləmiş, parçalanma meylləri artmışdır. Atası Maniştunun ölümündən sonra hakimiyyətə gələn Naram-Sin Akkadı yenidən qüdrətli ölkəyə çevirə bilmişdir. O ilk hökmdar idi ki, "Akkadın tanrısı" şərəfinə nail olmuşdu.
O, işğalçılıq siyasətini davam etdirməyə başladı, Akkadın siyasi təsir dairəsindən çıxmış bir sıra ölkələri yenidən özünə tabe etdi. O, Subartunu və qərbdə "Sidr meşələrinə" qədərki ərazini zəbt etdi və onlardan xərac aldı.
Naram-Sin Dəclə çayının şərqində yerləşən Arman vilayətini, Fərat çayının qərbindəki Elba və Aman (şimali Suriya) ölkələrini Akkad siyasi təsir dairəsinə saldı. "yuxarı dənizə" (Urmiyyə gölü) kimi ərazi tutuldu.
İkiçayarasınnın şimal-şərqində (ind. Şimali İraq və Cənubi Azərbaycan) yaşayan lullubi və kuti (quti) tayfalarının siyasi fəallığı Naram-Sinin dövründə daha da artdı. Lullubi hökmdarı Satuni Naram-Sinə qarşı ittifaq təşkil etdi. Naram-Sin "Qələbə sütunu" adlanan abidəsində bu birləşməni məğlubiyyətə uğratması barədə məlumat vermişdir. E. ə. XII əsrdə Elam hökmdarı Şutruk-Nahhunti bu abidəni qənimət kimi Suz şəhərinə aparmışdı: abidə qazıntılar zamanı oradan tapılmışdı. Abidə üzərində Naram-Sin və onun ordusunun dağlara qalxması, müttəfiq hökmdarlardan birinin yaralanması, o birisinin isə aman diləməsi təsvir olunmuşdur. Bu daş abidə incəsənət əsəri hesab olunur.
Hakimiyyətinin son illərində Naram-Sin uğursuz müharibələr aprmalı olmuşdur. Epik əsərlərin birində Naram-Sinin Şumer dini mərkəzi Nippur şəhərinə qarşı yürüşü şərh edilmişdir. Yürüşün səbəbi aydın deyildir. Ola bilsin ki, Nippur din kahinləri Naram-Sinin şəxsiyyətinin ilahiləşdirilməsini rədd edirdilər.
Naram-Sinin Nippura hücumu uğurla nəticələnmədi. Kutilər şəhər sakinlərinin köməyinə gəlmişdilər. Kuti hökmdarı Enridavazir, ola bilsin ki, Kuti dəstələrinin başında dururdu. Onun yazılı abidəsi Nippurda aşkar edilmişdir. Naram-Sinin hakimiyyəti illərində kutilər Akkad dövlətini tez-tez narahat edirdilər. Kutilərlə mübarizədə olan Elam hökmdarı Kutik-İnşuşinak (e. ə. 2240–2220-ci illər) yardım göstərirdi. Elam bu dövrdə Akkadla müqavilə ilə bağlı idi. Elam ilə Akkad arasında beynəlxalq müqavilədə Elam hökmdarı adından qeyd edimişdi: Naram-Sinin düşməni mənim düşmənimdir, Naram-Suenin dostu mənim dostumdur.
Müqaviləyə uyğun olaraq Kutik-İnşuşinak Zarqoş dağları ölkələrinə hərbi yürüş təşkil etmişdi. 70-ə qədər xırda ölkələri, o cümlədən Kutiumu (kutilərin ölkəsini) zəbt etmişdi. Bu müvəqqəti qələbə kutilərin İkiçayarasına axınının qarşısını ala bilmədi. Naram-Sinin varisi Şarkalişarrinin (e. ə. 2200–2175-ci illər) hakimiyyəti dövründə qərbdən sami tayfaları, şərqdən elamlılar, şimal-şərqdən kuti tayfaları Akkad dövlətini narahat edirdilər. Kutilərin müdaxiləsi daha böyük təhlükə yaradırdı. Kutilərin hərəkəti çöl əkin işlərinin pozulmasına səbəb olurdu və mal-qaranın şəhərlərə gətirilməsinə əngəl törədirdi. Şarkalişarri kutilərin təzyiqini ləğv etmək məqsədilə onlara qarşı yürüş təşkil etdi. Bu zaman kutilərin hökmdarı Sarlaq (e. ə. 2191–2185-ci illər) idi. Kutilər ilə döyüş İkiçayarasının ərazisində baş verdi, Sarlaq məğlubiyyətə uğradı və əsir düşdü. Ehtimal ki, bu döyüş Akkad hökmdarı Şarkalişarrinin hakimiyyətinin sonunda, təxminən 2185-ci ildə baş vermişdi. Lakin bu qələbə Akkad dövlətinin dağılmasının qarşısını ala bilmədi. Kutilərin İkiçayarasına müdaxiləsi və lullubilərin iştirakı ilə təşkil olunmuş ittifaqların təzyiqi altında Akkad dövləti tədricən zəifləmiş və tənəzzülə uğramışdı.
Ədəbiyyat
- Yusif Yusifov, "Qədim Şərq Tarixi", B., 1993
- Mehdixan Yerevanski, "Qədim Dünya tarixi"
- Tofiq Mustafazadə, "Ümumi tarix" (dörd cilddə, I cild) B.,1995
- "Azərbaycan Sovet Ensiklopediyası" (II cild) B., 1981
- Mürşüd Behbudov, "Ümumi Tarix", B., 2006