Nar bayramı

Nar bayramıAzərbaycan ərazisində, əsasən də Göyçay rayonunda, nar yığımı vaxtı keçirilən bayram şənliyi. Nar Bayramı hər ilin oktyabr və noyabr aylarında Azərbaycanın Göyçay rayonunda nar və ondan ənənəvi istifadə üsullarını və onun simvolik mənasını qeyd etmək məqsədilə təşkil edilən festivaldır.

Nar bayramı
Ölkə
Qeyd olunmağa başlayıb 3 noyabr 2006
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Göyçay, 2011-ci il. Nar bayramında hazırlanmış stendlərdən biri

Tarixi

"Nar bayramı" ilk dəfə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Göyçay rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 3 noyabr 2006-cı ildə keçirilmişdir.[1]

Tədbirdə bir sıra xarici ölkə səfirləri, habelə respublikadan kənarda yaşayan göyçaylı iş adamları da iştirak edirdilər. Tədbir iştirakçıları şəhərin mərkəzi meydanında nar məhsullarından hazırlanmış şirələrə qonaq edildilər.

"Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti" 2020-ci ilin dekabrın 16-da UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 15-ci iclası zamanı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

Bayram haqqında

Bayram Azərbaycanın nar paytaxtı olan Göyçayda keçirilir, burada 4 min hektar sahədə nar yetişən bağlar salınıb.

Nar bayramında Göyçay rayonun ayrı-ayrı kəndlərində yetişən nar növləri və onlardan hazırlanmış məhsullar rayon mərkəzinə gətirilir və şəhər meydanında təşkil olunmuş sərgidə nümayiş etdirilir. Şəhər mərkəzində gənc idmançıların çıxışları və konsert proqramlarına tamaşa edilir.

Nar bayramı festivalının proqramına nar yarmarkası, ondan hazırlanan şirə, Azərbaycan mətbəxinin təamlarının dequstasiyası, folklor, rəqs, mahnı qruplarının və idmançıların çıxışı, eləçə də müxtəlif müsabiqələr daxildir.

Bayramların keçirilməsində əsas məqsəd regionların təbliği, mədəni və iqtisadi potensialın nümayişi və turizmin inkişaf etdirilməsindən ibarətdir.

Nar mədəniyyəti

Nar mədəniyyəti meyvənin becərilməsi ilə bağlı təcrübələr, biliklər, adət-ənənələr və bacarıqlar məcmusudur ki, bunlardan təkcə bir sıra kulinariya kontekstlərində deyil, həm də sənətkarlıqda, dekorativ sənətdə, miflərdə, nağıllarda və digər yaradıcılıq sahələrində istifadə olunur. Nar yerli kənd təsərrüfatı ilə, fermerlər və kənd icmalarında meyvə yetişdirən və toplayan şəxslərlə əlaqələndirilir. Bu şəxslər ətraf mühitin xüsusiyyətləri və məhsul yığımı texnikası haqqında anlayışa malikdirlər. Sözügedən meyvə ənənəvi yeməklərdə istifadəsindən tutmuş şeirdə sitat gətirilməsinə qədər bir sıra mədəni və sosial funksiyaları əhatə edir. Rəmzi olaraq, nar uzunmüddətli məhsuldarlıq, bolluqla əlaqələndirilir və enerji daşıyıcısı hesab olunur. Keçmişdə, Azərbaycanın yerli əfsanələrində nara məhəbbət və ehtiras simvolu, dindarlar isə əbədiyyət simvolu kimi baxırdılar. Nar Bayramının hər il qeyd edilməsi çoxəsrlik ənənələrin qürurunu nümayiş etdirir. Nar Bayramı şənliyə gələn qonaqlar arasında aktiv mübadilə və ünsiyyəti təşviq edir.

Göyçay narları

Azərbaycan tarixi uzaq əsrlərə gedib çıxan narın yetişdirilməsi mədəniyyəti ilə qırılmaz surətdə bağlıdır. Narlar tarixən Azərbaycanın demək olar ki, bütün regionlarında yetişdirilir. Lakin quru subtropik zonada yerləşən Şirvan ən yaxşı nar sortlarının yetişdirilməsi mərkəzi kimi qəbul edilmişdir. Şirə istehsalı üçün əsas etibarilə Göyçay rayonunda yetişən narlardan istifadə olunur.

Məhz Göyçay narı dünyada tanınaraq, "əsl Azərbaycan narları" üçün sinonimə çevrilmişlər. Qöyçay narlarının əla dadı və dəyişməz keyfiyyətinin sirri dünyanın heç bir yerində rast gəlinməyən unikal mikroiqlimin mövcudluğu və rayonun torpaq tərkibidir.[2]

Şəkillər

Həmçinin bax

İstinadlar

  1. "Nar bayramı" keçirildi Arxivləşdirilib 2013-11-05 at the Wayback Machine. goychay.az (az.)
  2. "Göyçay narları". 2010-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-31.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.